adalet.az header logo
  • Bakı 13°C
26 Noyabr 2021 15:24
2341
ƏDƏBİYYAT
A- A+

 ÖZÜMDƏN MÜSAHİBƏ GÖTÜRMÜŞƏM

Özüm-özümlə apardığım müsahibəni Mərdəkandakı bağ evimin (1994) sakit bir guşəsinə çəkilib, heç kəsin qarışmadığı, lal sakitlikdə elədiyim söhbətimi, dialoqumu, monoloqmu, yoxsa elə-belə dağı arana, aranı dağa aparmaqmı, - özünüz bilərsiniz, necə istəyirsinizsə o cür də müəyyənləşdirin. Mənə elə gəlir ki, normal insan, lovğalıqdan, təkəbbürdən uzaq adam öz-özünü aldatmamalıdı, özü ilə açıq və səmimi danışmalıdı. Ümumiyyətlə, bütün insanların – cavanın da, ahılın da hərdən bir öz aləminə çəkilib öz-özünü sorğu-suala tutması vacibdi. Elədiklərim – yaxşıdımı, pisdimi. Gərək filan məsələdə nəfsimi cilovlayaydım, maddi sərvətlər qazandım, şanım-şöhrətim oldu, - amma adamlar arasında, - dost-tanış içində hörmətim, nüfuzum yoxdur.

Mən bu və buna oxşar söhbıtlərə, daha dəqiq desək, özü-özü ilə aparılmış söhbətlərə, dialoqlara rus və Avropa, Yaponiya mətbuatlarında da rast gəlmişəm. Onların məzmunu artıq öləziyən yaddaşımın künc-bucağında ilişib qalıbmı, qalmayıbmı, - vallah, bütün bunları heç mən özüm də yaxşı bilmirəm. Demək istədiyim budur ki, buna oxşar mətbu nümunələrini qəzet və jurnal səhifələrində görmüşəm. Cəsarət edib sizə təqdim etdiyim mövzunun məğzi, qayəsi ondan ibarətdi ki, başqaları ilə müqayisədə bu cür formalı yazılar səmimidi, insan heç yerdə, heç kəsin yanında buna oxşar fikirlər söyləmir. Düşündüklərinin təbiiliyini, bakirəliyini qorumağa çalışır, oxucular, başqa cür düşünənlər belə sirli-soraqlı, ütülənməmiş mülahizələri qəbul etməyə də bilərlər. Bu da təbiidir. Bu başqa məsələdi ki, "Ədalət” qəzetinin həssas oxucularına bu formada, bu tərzdə müraciət etmək hansı zərurətdən yaranıb? Dərin yuxuya getmiş duyğularımı silkələmək üçünmü? Düşüncə tərzinə, həyat baxışına təzədən əl gəzdirmək ehtiyacımı? Yoxsa, hay-haray qoparmaq, yaddan çıxmamaq, unudulmamaq üçünmü?

Fikir və düşüncələrimi basdırığa salmaq istəmirəm. Qısası, özüm-özümə verəcəyim ilk sualımı sizə təqdim edirəm.

- Bu ilin əvvəlində səksən yaşınız (1941, 21 mart) tamam olub. Səssiz-küysüz  keçdi. Nə üçün özünüzü yada salmadınız?

- Adamlar deyəsən bu ad günü məsələsini çox şişirdib, əndazədən çıxarıblar. Mən  doğulduğum,  boya-başa çatdığım yerlərdə belə məsələlərə əhəmiyyət vermirdilər. Ad günü keçirmək, buna hazırlıq görmək heç kəsin planında yoxdu. İyirmi yaşıma kimi kənddə ad günlərinin keçirildiyini görməmişəm. Qadınlar, kişilər yaşayırdılar, oğul-uşaq böyüdürdülər, ev tikirdilər, hirslənirdilər, dalaşırdılar. Amma ad günü deyilən məvhumu heç vaxt keçirmirdilər. Oğlu olub şənlik edilir, qoyun, dana kəsirdilər, toy-bayram başlayırdı. Amma, bu qədər koloritli, şən kənd mərasiminə "ad günü keçiririk” donu geyindirmirdilər. Şənliklər sadə, dəbdəbəsiz keçirilib. Oğlanınmı, qızınmı dünyaya təbii gəlişi, təbii də qarşılanırdı.

Allah rəhmət eləsin, kənd sovetliyində Tutu Mehdiyeva adlı bir qadın vardı. Hündür, cüssəli. Üstündən neçə vaxt keçəndən sonra Tutu Mehdiyevaya bildirilirdi ki, bəs filankəsin oğlu və ya qızı olub. Tutu Mehdiyeva yeni doğulan uşaqların valideynlərinin rəyini, arzusunu soruşmadan onlara istədiyi adı, soyadı qoyurdu. Tutu xanımın qoyduğu ad, uşağın doğum tarixi eynilə də doğum haqda şəhadətnaməyə köçürülürdü. Rəhmətliyin oğlu, kim idi bu mətləblərin dərinliyinə gedən. "Oğlun, qızın doğulub, Allah xoşbəxt etsin” – deyirdilər. Kim idi Yuxarı Veysəllidən, ya da Aşağı Veysəllidən 18-20 kilometr yolu qət edən. Yollar palçıq, qar, nəqliyyat da yoxdu. Tutunun Veysəlli uşaqlarına qoyduğu ad və soyadı heç nə dəyişilmədən, elə olduğu kimi də qalırdı. Sonralar, lap sonralar kim ki, kənd sovetinin katibi, Tutu Mehdiyevanın qoyduğu ad və soyadla razılaşmırdı, sənədlərini təzədən dəyişirdi.

Tutu Mehdiyevanın ad qoyma, doğum haqda şəhadətnaməni tərtib etmək haqda öz fərdi prinsipi vardı. Hə, Nənəxanımın oğlu bayram axşamı doğulub. İl öz yerində, ay, gün məsələsi bu prinsiplərlə müəyyənləşirdi. Bayram axşamı doğulubsa, deməli mart ayının 20-si, ya da 21. Ayrı söhbət ola bilməzdi.

Qayıdıram yarımçıq qalmış bayaqkı söhbətimin üstünə. Mən ad günü məsələsinə, sonralar, lap sonralar, 70-ci illərdən sonra qoşuldum. Könülsüz, mənim üçün az əhəmiyyəti olan yığıncaq kimi.

Əlbəttə, yazıçılar, böyük şəxsiyyətlər üçün ad, doğum günü məsələsi bəlkə də xüsusi məna daşıyır. Ad günü ərəfəsində bu qəbil insanların yaradıcılıqlarına, olub-keçdikləri, həyat yoluna yenidən, təzə gözlə baxırlar, onların yaradıcılıqları təkrar-təkrar təhlil edilir.

- Sizə Qarabağ müharibəsinə (1993-1999) könüllü getməyinizlə bağlı tez-tez suallar verirlər.

- Bəli. O zamanlar Yazıçılar İttifaqında (1976-1993) çalışırdım, "Ulduz” jurnalında. Artıq Qarabağda da müharibə başlamışdı. Əsəbdən, dağların o üzündə narahat, səksəkəli günlər keçirən el-obamın halından, səmimi deyirəm, gecələr yata bilmirdim. Atam, Səməd dayım da vaxtilə Böyük Vətən müharibəsinə gediblər və geri qayıtmamışlar. Uşaqlığımdan, lap yetkin çağlarıma qədər mən evimizdə müharibə ab-havasını yaşamışdım. Müharibənin bizim ailəmizə hansı bəlalar gətirdiyini hiss etmişəm. Cavan yaşından həyat yoldaşını itirən anamın əzablarını müşahidə etmişəm.

Məsələ burasında idi ki, mən münaqişə bölgəsinə yollananda dörd azyaşlı uşaqların atasıydım. Hər halda "hə” ilə "yox” arasında qalmışdım. Nə isə, bütün məhrumiyyətlərə, götür-qoylara baxmayaraq, o zamanlar təzə nəşrə başlamış "Azərbaycan ordusu” qəzetinin döyüş bölgələri üzrə xüsusi müxbiri statusunda Qarabağa (1993, may) yollandım. Nə isə... hər bir kişinin həyatında belə məqamlar olur: qəti qərara gəlməlisən.

- Qarabağ müharibəsinə həsr edilmiş bədii-publisistik kitablarınızın adlarını sadalaya bilərsinizmi?

- "Haran ağrıyır, Vətən”,  "Yaş həddinə görə”, "Mənim müharibəm”, "Salamat görməyimə şadam”.

"Mənim müharibəm” rəhmətlik yazıçı Nadir Ağasıyevin tərcüməsində rus dilində də çap olunub. Adamı ağrıdan odur ki, bu kitabları ailəmin, uşaqlarımın boğazından kəsmişəm, öz vəsaitim hesabına dərc etdirmişəm və əvəzində vəsair sarıdan heç nə də qazanmamışam.

Buna oxşar hallar başqa ölkələrdə də mövcuddur. Amma müharibə gedən ölkələrdə, onların əlaqədar təşkilatları fikirləşirlər, düşünürlər, axırda hamı üçün məqbul forma tapırlar, müəllifə azdan-çoxdan qonorar verirlər.

Vətəndaş vətənin çağırışlarına hay verdiyi kimi, gərək Vətən də jurnalistinmi, yazıçınınmı qeydinə qalsın. Əlbəttə, burada münasibətlər birtərəfli olmamalıdı.

Bir Allah bilir mən oralarda nələr çəkmişəm. Müharibədən qabaqkı sağlamlığımdan əsər-əlamət qalmayıb. Doğmalarıma və ətrafımdakılara qarşı zalımlaşmışam.

Müharibədə gördüklərim bir yana, davadan sonrakı illərdə (1994, 12 may), atəşkəs dövründə gördüklərim, müşahidələrim məni daha çox sarsıdıb. Yerlibazlıq, aparıcı dövlət qurumlarında gülməşəkər bölgələrin sakinlərinin kütləvi şəkildə savadı, qabiliyyəti varmı, yoxmu, - yerləşdirilməsi, vəzifə pillələrində sürətlə irəli çəkilməsi ənənəsi insanın ürəyini bulandırır. Təmənnasız, haysız-küysüz Vətənə xidmət etmək istəyən minlərlə adamların qol-qanadını qırır. Onlar Vətənə xidmət etmək arzusundan məhrum olurlar. Mən Azərbaycanda minlərlə istedadlı, qabiliyyətli adamlar tanıyıram ki, onlar belə ayrı-seçkinin ucbatından Vətəndən neçə illərdi didərgin düşüblər. Belə vətəndaşlarımızın Avropada, Asiyada, uzaqlarda, lap uzaqlarda maddi baxımdan hər şeyləri var, - pulları, mülkləri – amma xoşbəxtlikləri yoxdur. İllərlə valideynlərinin, əzizlərinin üzünü görmürlər. Uzaqlardan Vətənlə danışanda həyəcandan əl telefonlarının naqilləri alışıb yanır. Hıçqırırlar, kövrəlirlər.

Başqa amillərlə yanaşı hər bir insanı yaşadan dil fenomenidir. Şirin, ifadə imkanları zəngin Azərbaycan dili. Bu, hesaba, ölçüyə gəlməyən elə milli sərvətdir ki, azərbaycanlı olan hər bir kəs bunsuz yaşaya bilmir. Vətənində Füzulinin, Sabirin, Haqverdiyevin – bir sözlə, zənginliklər aləmiylə ünsiyyətdə olursan. Bundan məhrum olmaq – susuz balıq kimi bir şeydi. Hətta, hər gün "sabahın xeyir”, "a...z necəsən”, "nə var, nə yox”, "balaların necədi?” kimi sadə, ilk baxışda az əhəmiyyətli ifadə və müraciətləri eşitməyən azərbaycanlı nəyisə itirir. İnsan gərək həmişə koloritli, şirin-şəkər Azərbaycan dilinin zənginliyindən, təravətindən qidalansın. Bunlarla qidalanmasan, kökü aylarla sulanılmayan ağac, bitki quruduğu kimi, vaxtlı-vaxtında dillə ünsiyyətdə olmayanlar da quruyurlar, cılızlaşırlar.

Yenidən qayıdıram bayaqkı mətləbin üstünə. Ərköyün bölgələrin, eyni zümrələrin övladları, atın mıxının yeri tez-tez dəyişildiyi kimi, onlar da yerlərini tez-tez dəyişirlər. Bir təşkilatdan o birinə, bir dövlət qurumundan başqasına. Guya inkişaf edirlər, idarəçilik qabiliyyətinə yiyələnirlər. Təkidlə, neçə illərdi Azərbaycan cəmiyyətində belə bir rəy formalaşdırmağa çalışırlar ki, hər ölkəni, respublikanı inkişafa aparan, xoş günlərə çatdıra biləcək zümrə ancaq və ancaq bunlardı. Deyirlər, siz nə danışırsınız, biz gülməşəkərik, biz qabiliyyətliyik, dövlətin dayaq sütunlarıyıq. Nəticədə minlərlə vətəndaşımız qərib ölkələrin səması altında qocalırlar. Heç onların nə vaxtsa Vətənə, nazlı-qəmzəli Azərbaycana qayıdacaqlarına da ümid yoxdur. Pərakəndə şəkildə bütün dünyaya səpələnmiş azərbaycanlılar milyonlarla yad insanlar içində (bir fərd) itib-batırlar. Müəyyən mənada onlar, necə deyərlər, hələ bir az Vətənə yaxındılar, hələ Vətənin havası burunlarından getməyib. Bəs onlardan törəyənlər, nəvələrimiz necə? İlahi, görəsən bu nəsillər ilkinliklərini, milli mənsubiyyətlərini, bizə xas təravətlərini qoruyub saxlaya biləcəklərmi?

Azərbaycanlıların yaşadıqları ölkələrdə dil və nikah məsələlərində də çoxlu-çoxlu düyünlər, qadağalar mövcuddur. Bir tikə çörək xatirinə, yoxsa məişət və siyasi təqiblərdən qaçan, qərib ölkələrə üz tutanlar, - işləri asan getsin deyə, - qeyri-azərbaycanlılar, qarışıq ailələrlə qohum olurlar. Sabiq Sovet rejimində biz qarışıq ailələrlə nikah quranların acı nəticələrini görmüşük.

Biz azərbaycanlıyıq, biz istiqanlı, mehriban xalqıq. Bütün bu keyfiyyətləri bizim əlimizdən al – oluruq heç nə. Müqəvva, manqurt, hissiz-duyğusuz canlı. Allah bizi belə bəlalardan qorusun.

- Bəs nə təklif edirsən. Bu cür halların qarşısını necə alaq?

- Azərbaycan cəmiyyəti hamı üçün şirnikdirici, cazibədar olmalıdı. Azərbaycan,  Azərbaycan torpaqları bizim and yerimizə çevrilməlidir. Vətəni vətəndaşlarına sevdirən, cəlb edən nədir? Maddi və mənəvi sərvətlərin bərabər bölüşdürülməsi. Bildiyimə görə, bir neçə ölkədə, məsələn, Malayziyada bu sahədə qəribə, alqışlanası addımlar atılıb. Ölkə rəhbərliyi dünyanın dörd bir tərəfinə səpələnmiş, - bir sözlə, xaricdə yaşayan, fəaliyyət göstərən vətəndaşlarına rəsmi qaydada müraciət edib: onları inandırıb ki, yaşadığınız ölkədə hansı vəzifədə, hansı sahədə çalışırsınızsa, nə qədər əmək haqqı alırsınızsa, hansı mala-mülkə sahibsinizsə - eynən də həmin qaydada bütün bunları vətəninizdə sizin üçün təmin edəcəyik. Yaşadığınız ölkələrdə hansı imtiyazlara sahibsinizsə - bütün bunların hamısını vətəninizdə sizə verəcəyik. Təki qayıdın gəlin Vətənə. Vətənin sizə ehtiyacı var. Hər şey qanun çərçivəsində, rəsmi qaydada olsun deyə, dövlət başçısı bu çağırışla bağlı fərman da imzalayıb, fərmana öz imzasını da qoyub.

Azərbaycan cəmiyyətində çoxlu-çoxlu üfürülmüş, şişirdilmiş adamlar var. Bunların hamısını biz tanıyırıq. Məsələnin mahiyyətinə getsək, bu simalar nə istedadlarına, nə də qabiliyyətlərinə görə heç kəsdən artıq deyillər, xüsusi qabiliyyətləri ilə fərqlənmirlər. Tez-tez ekranlarda görünürlər. Ağıllı, müdrik ictimai xadim qiyafəsinə bürünüb, "azərbaycançılıq ideyasını təbliğ etdiklərinə görə” pul qazanırlar, külli miqdarda var-dövlət toplayırlar. Hər şeydən əlavə, bu adamlar klassik yaltaqdılar, işləri dara, düyünə düşəndə də dərhal pullarını, yerlibazlığı dövriyyəyə buraxırlar. Xalqını sevən, onun gələcəyini düşünən adamlar gərək bu ziyanlı axının qabağını alsınlar. Yaltaqlıq, pul hansı mərhələdəsə mütləq dayandırılmalıdır. Bu cür vərdişlər, "xalqa xidmət etmək” prinsipi bizi başqa millətlərin gözündən salır. Yaşlıların bu cür yaramaz hərəkəti sonrakı nəsilləri də korlayır. Onların dəyərləri qiymətləndirmə şkalası aşağı düşür. Onlarda belə bir fikir yaranır ki, inkişaf etmək üçün gərək mütləq pulun ola, yaltaqlıq yolunu tutasan.

Qırx dörd günlük müharibə göstərdi ki, bizə cəsarətli, mərd oğullar lazımdır. Vəzifə pillələrinə yüksəlmək üçün bu oğullar ən yaxşı nümunədi. Mənə elə gəlir ki, bu qırx dörd günlük müharibədə xüsusi fərqlənmiş vətəndaşlarımız dövlət qurumlarında daha çox təmsil olunmalıdırlar.

- Danışdıqlarınız bütün cəmiyyətlərdə mövcuddu.

- Yox, bizdə şəbəkə şəklindədir, ifrat dərəcədədir. Heç nə vaxtsa bu cür eybəcər halların cəmiyyətdə çıx-daş olacağına da ümid yoxdur.

- Deyəsən siz, sözün geniş mənasında, jurnalistikaya, bədii publisistikaya çox bağlı adamsınız. Bəlkə bir az ötüb-keçən illər haqqında danışasınız.

- Bu uzun əhvalatdı. Sovet ordusunda hərbi xidmətimi başa çatdırandan sonra (1961-1964) sənədlərimi ADU-nun jurnalistika fakultəsinə (1965) verdim və qəbul oldum. Qəbul olunduğum barədə elan lövhəsində adımı, soyadımı görəndə həndəvərimdə bir adam tapmadım ki, o məni təbrik etsin. Bu şad xəbəri anam kənddə eşitdi, Əli əmim qoyun kəsdi. Əli əmim, Şəfi dayım yaman el-oba təəssübünü çəkən, qohumcanlıydılar. "Hə qardaşoğlu, üzümüzü ağ eləmisən”, - deyirdi.

Ali məktəbə qəbul olmaq indi adiləşib. İstedadı, qabiliyyəti var, yoxdu – indi hər yetən ali məktəbə üz tutur. Mən cavanların ali məktəblərə qəbul olunmalarının əleyhinə deyiləm. Amma, ucdantutma yox, qabiliyyətli və istedadlı gənclər ali məktəblərə getsələr daha yaxşıdı. Azərbaycan cəmiyyətində en qədər ali təhsilli insanlar, alim və professorlar var. Amma şəxsiyyətlər azdı. Məsələn, şəxsiyyətdi Firəngiz Əlizadə, Cavanşir Quliyev, Qulu Məhərrəmov, Oqtay Mirqasımov, Fazil Nəcəfov, Qurban Qurbanov... ha çalışıram, çoxlarını xatırlayım, ad və souadları yadıma düşmür.

Mətləbdən uzaq düşdüm. Təkrar edirəm, jurnalistikaya, bədii publisistikaya çox bağlıyam. Necə deyərlər, bu sənətin universitetini bitirmişəm. Rus jurnalistikasına, mətbuatına, Avropa və Yaponiya, - bir sözlə, dünya mətbuatına yaxşı bələdəm. Ötən əsrin 60-70-ci illəri, bütün sahələrdə olduğu kimi, jurnalistikada da, ədəbi mühitdə də çalxalanma, oyanış oldu. Mənim mənsub olduğum nəsil, "Literaturnaya qazeta”, "Komsomolskaya pravda”, "Nedeliya”, "Azərbaycan gəncləri”, "Qobustan” incəsənət toplusu, "Ulduz” kimi qəzet və jurnallarda dərc edilən yazıların ab-havasıyla böyüyüb. Adlarını çəkdiyim mətbu orqanlarında çalışan, dərc edilən müəlliflərin adları, təxəllüsləri də yadımdadır. Y.Post, Ç.Boçarov, A.Streliyani, Y.Çerniçenko, V.Peskov. Başqalarını deyə bilmərəm, amma mən Tofiq Abdinin, Faiq Mustafayevin, Emil Ağayevin, Məmməd Orucun, Vidadi Məmmədovun bədii yazılarını həvəslə oxuyurdum. Tofiq Abdinin yazılarındakı ədəbi formalar, qəfil düşüncə tərzi, müasirlik hissini başqalarında görməmişəm.

Y.Pelşşuk, A.Aqranovski, L.Rudenko – adlarını çəkdiyim müəlliflər qələmə aldıqları mövzularda daha genişdi, cazibəlidi və həmişə oxucunu həyəcanlandırırdı, düşündürürdü. Adlarını çəkdiyim yazıçılar mətləblərin dərinliyinə, xırdalıqlarına baş vurub gedirdilər -  oxucular üçün bu yazılarda nə desən vardı – dil gözəlliyi, təhkiyə ustalığı, maraqlı süjet, insanın hiss və duyğularını riqqətə gətirən detallar, epizodlar. Onlar adi şeylərdən yazırdılar. Adi bir əhvalatdanmı, detaldanmı başlayan yazı bəşəri duyğular, min illərdən bəri insanları düşündürən dəyərlərə calanırdı, genişlənirdi. Oxucular müəllifin yaratdığı o sirli-soraqlı, şirin, cəh-cəlallı dünyadan ayrılmaq istəmirdilər.

Ç.Aytmatovun, S.Sərxanlının, İ.İsmayılzadənin, T.Tessin yazıları bədii publisistikamı, nəsrmi, şeir və essemi, oçerk idimi – bilinmirdi. Bu yazılar ədəbi janr çərçivəsinə sığışmırdılar – mətnlər ədəbi çalarlarla, insan talelərinin genişliyiylə zəngindi. Bu müəlliflərin yazıları həm nəsr, həm esse, həm də simfoniya idi. Bədii təfəkkürün çalarları köhlən at kimi baş alıb gedirdi. Oxucu yazıçı istedadına, sözü necə işlətmək qabiliyyətinə, daxili aləminin zənginliyinə heyran qalırdı.

Bəzən indiki nəsillər ötən əsrdə yazılmış ədəbiyyat nümunələrinə qıyqacı baxırlar: o zamanlar yaradılan ədəbiyyat və sənət nümunələrinin içində məhdud, hadisələrin təhrif olunması kimi əlamətlər axtarırlar. Medalın o biri üzü də var: bəlkə də sabiq SSRİ kimi nəhəng qurumun sütunlarının laxlamasında, yeni düşüncə, fikrin bərqərar olmasında yüzlərlə ədəbiyyat və mədəniyyət xadimlərinin – təpədırnaq intellekrualların xidmətləri var. Hər halda belə kövrək mövzulardan danışanda, fikir yürüdəndə gərək məsuliyyət hissini itirməyəsən.

Dövr, cəmiyyət öz yerində. Bir də gərək yazı adamının bəxti gətirə. Bu sarıdan mənim bəxtim gətirib. Rəhmətlik İsrayıl Mustafayevin xeyir-duası ilə İsmayıl Şıxlı məni "Azərbaycan” (1976) ədəbi-bədii jurnalına işə götürdü. İsmayıl Şıxlı, Qabil, İsi Məlikzadə, Sabir Süleymanov – adlarını sadaladığım yazıçılarla bir yerdə işləmək, fəaliyyət göstərmək xoşbəxtlikdi.

Yazıçılar Birliyində adama yazı yazmağı öyrətmirdilər. Burada ab-hava, ancaq və ancaq yaxşı yazı yazmaq üstündə köklənmişdi. Yolu ilk dəfə bu ocağa düşən adamlara var-dövlət meyar, dəyər deyildi. Burada əsas meyar yaxşı yazı idi. Birlikdə istedadla, peşəkarcasına yazılmış bir şeir, nəsr, bədii publisistika nümunələri müəllifinə çox hörmət gətirirdi. Üstündən uzun illər (1976-1993) keçməsinə baxmayaraq, AYB-də bu ənənə indinin özündə də qorunub qalmaqdadır.

- Siz fərdi bağçılıq, ağac əkməyə də meyillisiniz. Bu istək, vərdiş sizdə haradan  yaranıb?

- Uşaqlıq və yeniyetməlik çağlarımdan (1941-1961) atamın axar-baxarlı yurdunda kiçik bir sahədə bağ salmışdım. Heyva, tut ağacları, ətri ətrafı başına götürən iydə kolları. İydə kollarını qonşu həyəti ilə öz aramızda elə əkmişdim ki, daha bizə çəpər lazım deyildi. İydə, gül kolları çəpəri əvəz edirdi.

O zamanlar qapı-bacada əkilmiş ağacları sulamaq da çətindi. Qara kəhrizin gur suları biz tərəflərə gəlib çıxanacan tükənirdi. Balaca bağçamı eşşəklə kəhrizdən gətirdiyim su ilə sulayırdım. İri tut ağaclarını, almanı, armudu səhənglə sulamağın nə demək olduğunu nəsəvvür edirsinizmi? Qohum-qonşular mənim bu məşğuliyyətimə gülürdülər.

Amma sonralar (1992-ci il fevralın 21-dən 22-nə keçən gecə) məlum səbəblərə görə bu işimi axıra çatdıra bilmədim. Elə o zamandan da ata yurdunun həsrəti, yarımçıq qalmış bağçam – daş olub asılmışdı ürəyimin başından. Kəndimiz, evimiz, həyətimizlə yanaşı, o yarımçıq qalmış bağçam da tez-tez yuxularıma girirdi. Yuxularımda hələ qol-budağı böyüməmiş ağacları – tutu, əriyi, heyvanı elə hey sulayırdım, diblərini belləyirdim. Necə deyim, ürəyimdə o ağacların nisgili qalmışdı. Elə bil ürəyim boşalmışdı, nə isə çatışmırdı. Sonralar "Abşeron bağları”na həsr edilmiş iri həcmli oçerk yazdım və həmin materialı "Azərbaycan” jurnalında dərc etdirdim. Oçerk üstündə işləməzdən qabaq Abşeron bağları haqda əməlli-başlı tədqiqat işləri apardım. Coratdan tutmuş, Qala kəndinə kimi, Xoşəxunudan başlayıb Pirallahı adasına qədər Abşeron yarımadasını eninə-boyuna dolaşdım. Sözün həqiqi və geniş mənasında Hövsan və Bülbülədə, Mərdəkan və Buzovnada, Fatmai və Bilgəhdə gördüklərim məni heyrətə gətirdi. İlahi, Abşeronun səbrli, zəhmətkeş sakinləri bu qumsal, küləkli yerlərdə nələr yaratmayıblar. Onların əkinçilik mədəniyyəti, bu sahəyə sevgi və məhəbbəti ən xoş sözlərə layiqdi. Abşeronun köhnə kişilərindən, bağbanlarından, Abşeron bağları haqda söylədiklərini indiki nəsillər çətin anlayarlar. Ötən əsrlərdəki Abşeron bağlarının mənzərələri – o sirli-soraqlı, zəngin həyatı çətin də olsa gözlərim qarşısında canlanırdı. Bu yerlərin üzüm bağları, ənciri, badamı, fıstığı, hər il yay gələndə Bakı camaatının bağlara köçmələri, dəvə qutabı, dəvələrin kəsilməzdən qabaq mərasimləri, ağlıma gəlməyən, təsəvvür eləyə bilmədiyim səhnələr, mənzərələr...

Vaxtı ilə atamın yurdunda bağ salmaq istəyim, həvəsim bir az da genişləndi, artdı. Veysəllidən başlayan bağbançılıq estafetini Mərdəkanda da (1994) davam etdirdim. Amma bağ salmaq üçün, ağac becərmək üçün Qarabağ hara, qumlu, küləkli Abşeron hara? Ağac əkmək məsələsində Qarabağla Abşeronun yerlə göy qədər fərqi var. Hər iki mühitə uyğunlaşmaq – mövcud fərqlər arasında uzun-uzadı mülahizə yürütmək – bu uzun və üzücü söhbətdi.

Təvazökarlıqdan uzaq olmaq istəmirəm. Veysəllidən üzü bəri – oğlumun Bakı, Qutqaşenli 99, özümün Bakı şəhəri, Naxçıvani küçəsi 33a ünvanları, həyətlərini götürsək, üstəgəl Mərdəkandakı evimin həyətində ən azı dörd yüz müxtəlif növ ağac əkmişəm. Üstəgəl kollar, çiçəklər. Çiçək və kolların əksəriyyətini səfər etdiyim xarici ölkələrdən – Malayziya və Şotlandiyadan, Rumıniya və Bolqarıstandan gətirmişəm.

- Sizcə, əhalinin, xüsusilə də şəhər camaatının ağaca, gülə-çiçəyə, yaşıllığa münasibətləri necədir?  İndiki dövrdə insanların yaşıllığa, ətraf mühitə münasibəti az əhəmiyyətli məsələ deyil.

- Yaşıllığa, gülə-çiçəyə münasibət məsələsində bakılılar, abşeronlularla və Bakı şəhəri sakinləri arasında böyük fərq var. Bunları bəri başdan ayıraq, fərqləndirək. Qədim bakılıların gülə, çiçəyə, ümumiyyətlə yaşıllığa münasibətləri öz övladlarına, əzizlərinə olan münasibət kimidir. Amma Bakı şəhəri sakinlərinin yaşıllığa, əkin-biçinə münasibətləri geniş mövzudur. Bu proses məlum Şamaxı zəlzələsindən (1902) sonra başlayıb. XIX əsrdən üzü bəri, XX əsrin əvvəlləri - bu sahədə çox iş görülüb. Bu mənada Bakı milyonçuları, Abşeronun zəngin adamları, o dövrün ziyalıları xoş sözə layiqdirlər, minnətdarlıqla xatırlanmalıdılar.

Təəssüf ki, ötən əsrin 90-cı illərindən bu yana Abşeron yarımadasının, Bakı şəhərinin qara günləri başladı. Mənən cılız, vətən və torpaq hisslərindən çox-çox uzaq iş adamları Bakıya, Abşeron landşaftına, sözün həqiqi mənasında, qənim kəsildilər. Tikinti bumu, hündürmərtəbəli ev tikənlər, Mərakeş çəyirtgələri kənd təsərrüfatı məhsullarını, ucu-bucağı görünməyən pambıq sahələrini, taxıl zəmilərini hansı hala salırlarsa – özlərini inşaatçı adlandıran tikinti baronları, yırtıcıları Bakını, Abşeronu da o vəziyyətə saldılar. Belələrinin həyat meyarı – puldu, var-dövlətdi. Canavar xislətli, içlərində yırtıcı həşərat gəzdirən belə adamlarçün tarixi beş min il bundan əvvələ gedib çıxan Bakı şəhəri obyektdi, qazanc mənbəyidi. Belələri üçün Bakı, Gəncə, Şuşa, Ordubad qədim koloritli yaşayış məskənləri yox, soyuq binalardı, buzlaşmış daşdı, qumdu. Adilərdən adi tikililərdi. Vətən, ocaq, Azərbaycan xalqının min illərdən üzü bəri keçib gələn memarlıq, mədəniyyət abidəsi deyil. Bəzən mənə elə gəlir ki, belə yırtıcı, pula, vara-dövlətə həris adamlar Bakıya, Abşerona başqa-başqa planetlərdən gəliblər. Onların tikdikləri binaların divarları soyuqdur, insanın kürəyini qızdırmır. Həmin binalar bizim bilmədiyimiz, anlamadığımız dillərdə danışırlar. Onlar tikdikləri evlərin sütun və dəhlizlərinə, eyvan və həyətlərinə məhəbbət yox, soyuqluq, kin-küdurət hopdurublar. Həmin binalarda yaşayanlar bütün günü üşüyürlər, dalaşırlar, deyinirlər. Belə iş adamları Pirallahıdan tutmuş Ələtə, oradan da Biləcəriyə qədər bir-birinə oxşayan, elə bil illərdi küsülüdülər. Belə binalarda xarakter, obraz axtarmaq havayı söhbətdi. "Qarşımıza nə keçir sökək, dağıdaq, alaq, aldadaq, çoxlu-çoxlu pul qazanaq” – onlar bu prinsiplə yaşayırlar.

Yarım əsrdən artıq (1964) Bakıda yaşayan bir sakin kimi mənə elə gəlir ki, yarımadada baş alıb gedən tikinti bumu – nəhəng karuselə çevrilib, daha onun qabağını almaq, hərəkətini dayandırmaq mümkün deyil. Təəssüf ki, paytaxtımızın memarlıq və tarixi ənənələrini qoruyub saxlamaq istəyənlərin öləziyən səsi əcaib, qarmaqarışıq qaraguh səslər içində itib-batır.

- Bəzən bağ evinizdə həftələrlə, on günlərlə tək qalırsınız, darıxmırsınız? Təklik sizi yormur ki?..

- Tək niyə? Övladlarım, nəvələrim tez-tez gəlib məni yoxlayırlar. Amma, o əlahəzrət sakitlik var ha, o ayrı nemətdi, ayrı aləmdi. Eninə, boyuna düşünürsən: kimin oğlusan, nəslin-nəcabətin. Yəqin bu fikir çoxlarına yaxşı məlumdu: insan tək qalanda öz-özü ilə haqq-hesab çəkir, təbii olur. Danışdıqlarının, düşündüklərinin gözünə diplomatiya, biclik qatmır, hər şey sənə çılpaq şəkildə təqdim edilir. Əslinə qalsa bizim canımıza, beynimizə çoxlu-çoxlu zəhər hopub. Ha çalışırıq, hara gediriksə bu zəhərli maddələrdən xilas ola bilmirik. Tək olanda, xəyallar və düşüncələr aləminə düşəndə bir az durulursan, təmizlənirsən. Bəzən heç bağ evimin geniş həyətində darıxmağa macalım da qalmır. Axı, niyə darıxmalıyam? Bünövrəsini otuz il bundan qabaq öz əlimlə qoyduğum evi hələ də tikirəm, kəm-kəsirlərini düzəldirəm. Vaxtı ilə əkmək üçün dostlarım mənə müxtəlif növ ağac, üzüm tingləri veriblər. İndi onlar əməlli-başlı böyüyüblər, hətta qol-budaqları qonşu həyətlərə də keçib. Vaxtı ilə jurnalist dostum Ziyəddin Sultanovun, Füzuli hərbi ərazi prokuroru işləmiş Fəzail Ağayevin, heykəltəraş Fazil Nəcəfovun, Kamal Rəhmanovun verdikıəri ağaclarla danışıram, zarafatlaşıram. Onların Lənkərandan, Bərdədən, Bilgəhdən, Balakəndən bu ağacları necə gətirdikləri günləri xatırlayıram. Ağaclar bir növ dostlarımın yadigarlarıdı, onlardan mənə qalan təsəllidi. Tut ağacına baxıram – yaraşıqlı, iri cüssəli, boylu-buxunlu Ziyəddini görürəm. Onunla küllü Qarabağda keçirdiyim o xoş günlərimi yadıma salıram. Fəzail Ağayevi, onun fenomenal yaddaşını – o çətin illərdə (1993-1999) Füzulidə, Daşburunda, bütün cəbhə boyu gördüyüm, şəxsən iştirak etdiyim döyüşlər, qələbələr, məğlubiyyətlər, Azərbaycan əsgərinin qorxmazlığı, mərdliyi...

Cənubun bütün gözəlliklərini – portağalın, limonun, narıngisi, feyxoası, və s. – adlarını çəkdiyim, çəkmədiyim subtropik meyvələrin dadını, tamını canına hopduran Kamal Rəhmanov yadıma düşür. Onun cavan və subay oğlunun ucu-bucağı bilinməyən soyuq Rusiyada faciəli şəkildə öldürülməsi yadıma düşəndə sarsılıram. Həmişə də deyərdi: "Nemət, mən dərdli adamam”. Oğlunun ölümündən sonra çox da yaşamadı, övlad dərdinə dözmədi. İndi onun Lənkərandan xüsusi olaraq mənim üçün gətirdiyi heyvanın sapsarı saralmış, günəşin qürub çağı düşdüyü rəngləri xatırladan meyvələrinin ətri ətrafa yayılıb. Bax belə dostlarımı, əzizlərimi xatırlayıram.

Vaxtilə məşhur Amerika yazıçısı E.Hemunquey Kuba adalarına üz tutub. Əsərlərinin çoxunu məhz gözdən-könüldən uzaq, sakit, sahillərini okean suları döyəcləyən bu adada yazıb. Yüngül yay libası, qısaqol gödəkçə ilə bütün günü adanı dolaşırmış. Heç yerə getmədən, elə okean sahillərində balıq tutar, balıq şorbası hazırlayarmış. Bu təklik deyil. Düşündüklərini povest, roman şəklində yazıb oxuculara təqdim etməkdi. Dünyanın bir neçə adlı-sanlı yazıçıları məhz belə sakitlik və təkliyi sayəsində nadir əsərlərini yaradıblar.

Böyük Britaniyanın böyük vətəndaşı – H.Çörçill daha qabağa gedib. O, baş nazir postunu tərk edəndən sonra özünə Londondan xeyli aralı sakit bir vadi alır. Ürəyi istəyən təpələrin birində əyləşib bütün günü uzanıb gedən dərələrə, dağlara tamaşa edirmiş. Şotlandiya viskisi içir, nadir siqarlar çəkirmiş. Vallah, billah, biz bu təklik məsələsini yaman gözümçıxdıya salmışıq. Sən demə, təkliyin və sakitliyin də öz gözəllikləri varmış!

Adamı ağrıdan odur ki, hərdən şəhərə çıxıram: vaxtilə dostlarımla pivə içdiyim köşkə yaxınlaşanda görürəm ki, həmin yerlərdə ya balıq, ya da telefon aparatları alqı-satqı dükanlarıdı. Ünvanlar, küçələr də onun kimi. Şəhəri bütün günü dolaşıram – nə mənim salam verəcəyim, nə də salam alacağım dostlar, tanışlar gözümə dəymir. Hə, deyəsən bu şəhərdə dostlarımın, tanışlarımın sayı yaman azalıb. O haylı-küylü bufeti, qəlyanaltısı olan şəhər – dostlarımın seyrəlməsindən sonra mənə yad görünür. Hiss və duyğularım çarpaz bucaq altında qalır. Çoxdan yaşadığım, ev tikdiyim, oğul-uşaq böyütdüyüm bu şəhərdən, ilahi, çıxım gedimmi? Dostları seyrəlmiş, xatirələri küçə və dalanlarda, skver və meydançalarda itib-batmış bu yerdə necə yaşayım? Qalmışam yollar ayrıcında.

- Bəlkə çıxıb gedəsən Veysəlliyə.

- Ötən əsrin 90-cı illərində ata yurdumda ev tikmək həvəsinə düşmüşdüm. Hətta peşəkar memara tikdirəcəyim evin layihəsini də çəkdirmişdim. O layihəni, işə bir bax, indiyə qədər saxlamışam. Ata yurdundan bir az hündürdə, dağlar və dərələrin fonunda... Ağdam və Füzuli rayon daş karxanalarından yeddi minə yaxın mişar daşı almışdım. İlahi, o yeddi min mişar daşını mən hansı zülümlə, təhlükələrlə Yuxarı Veysəlliyə gətirmişdim. Maliyyə vəsaiti, nəqliyyat problemləri bir tərəfə, yollarda azğınlaşmış ermənilərin daş-qalağına, güllə hədəfinə də tuş gəlirdim. Qarakənddən bir az bəri, Mərziliyə tərəf, Xocavəndin (Martuni) içindən keçəndə dığalar elə hey vurnuxurdular, nə haqdasa fikirləşirdilər. Dəyyuslar adamı ev tikməyə, yurd-yuva düzəltməyə də qoymurdular. Ağdamdan, Füzulidən alıb Veysəlliyə gətirdiyim mişar daşlarının da sir-sifəti alışıb-yanırdı. Daşların tərkibində mərmər elementləri vardı şan dığaları. Qoydular ki...

Nə isə... Təzəcə quracağım yurdumun solunda – qayalararası uzanıb gedən bir qobu var: qobunun o tayında silsilə qayalıqlar, dağlar karvanı başlayır. Fikrim vardı o tərəfə keçmək üçün qobunun üstündən asma körpü düzəltdirəm. Bu arzumu həyata keçirmək üçün xüsusi körpüsalanlar, montajçılar da axtarıb tapmışdım. Asma körpünün girişi, troslar, tutacaq yerləri – bir sözlə, abidə, estetika.

Hündür, axar-baxarlı yurdumdan ətrafa baxırdım – dünya görünürdü. Xaçpərəst kilsəsi, Hacı Qasım kəhrizi, Uryan və Qaroxon tərəflər, Kirs dağı... Kirsə baxırdım – kiçildilmiş dəvəyə oxşayırdı. Dəvə boynu kimi uzun. Fikrim vardı evimin ətrafında terras üsulu ilə alma-armud, nar bağı salım. Hətta, mal-qara saxlamaq üçün mədəni tövlə tikməyi də planlaşdırmışdım. Bir gecənin içində (1992, fevralın 21-dən 22-nə keçən gecə) ermənilər mənim yurdumla yanaşı yüz on yeddi evlik kəndi – Yuxarı Veysəllini, yeddi yüz əhalisiylə birgə yerindən-yurdundan didərgin saldılar. Və mənim ata yurdumda ev tikmək arzumu da ürəyimdə qoydular.

- Qəribə adamsan. Daha nə istəyirsən. Allah sənin üzünə baxıb ki... Azərbaycan əsgəri, Azərbaycan Ordusu Yuuxarı Veysəllini erməni işğalçılarından (2020, 7 noyabr) azad edib, get kəndə, yarımçıq, dondurulmuş arzularına yenidən qol-qanad ver.

- İlk baxışda hər şey sadə görünür. Yaradan hər bəndəsinə belə bir fürsət vermir. Ancaq bu məsələdə çoxlu-çoxlu əngəllər mövcuddur. Mina məsələsi, böyük qayıdışın təbii problemləri. Bu vaxtacan altmış, yetmiş yaş məsələsini eşitmişdim, bəs bu zəhrimar səksən yaş haradan gəlib çıxdı? Görəsən mən bu yaşın üstündən adlayıb arzularıma çata biləcəyəmmi?

Başqa mətləblərlə yanaşı Veysəlliyə, Qarabağa ayrı bir məqsədlə də qayıtmaq istəyirəm. Bu amalın, bu niyyətin əsas qayəsi, mayası nədir? Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. O illərdən bəhs edən bir neçə bədii-publisistik kitabların müəllifiyəm. Həmin kitabların bir neçəsi qonşu dövlətlərdə, başqa dillərdə çap edilib. Nələri ön plana çəkmək istəyirəm? Həmin əsərlər, müəyyən mənada, Birinci Qarabağ müharibəsində baş verənləri - uğursuzluqlarımız, məğlubiyyətlərimizlə yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığından, Vətən sevgisindən bəhs edir. Hərbi jurnalist kimi rəvayət və şayiələrə söykənməmişəm, gözlərimlə gördüklərimi, ağrı və acılarımı qələmə almışam. Vətən itkisinin, acı məğlubiyyətlərin nə olduğunu – bunların insanı necə sarsıtdığını, onun qürurunun necə qırıldığını görmüşəm. Və yazılarımın, gözümlə gördüklərimin ətinə-canına öz hisslərimi də hopdurmuşam. Belə bir qayda var, deyirlər: müharibədən ya gərək düz, namus, ədalətli yazasan, ya da heç yazmayasan. Qabaqkı yazılarımda hər halda bu prinsipə əməl etməyə çalışmışam. Təvazökarlıqdan uzaq olsun, hətta Azərbaycanın bəzi tədris məktəblərində "Haran ağrıyır, Vətən”, "Mənim müharibəm”, "Yaş həddinə görə” adlı kitablarım əlavə dərs vəsaiti kimi öyrənilir. Mənim təzədən Veysəlliyə qayıtmağımın əsas səbəblərindən biri də odur ki, qaçqınlıq, köçkünçülükdən çox-çox sonra camaatın Qarabağa böyük qayıdışını, köçünü imkanım, istedadım və peşəkarlığım, nəhayət, təcrübəm sayəsində qələmə alım.

Ötən əsrin 88-ci ilindən üzü bəri Qarabağda, Azərbaycanda çox sular axıb, çox şeylər dəyişilib. 88-94-cü illərdə Bakıya, Azərbaycanın müxtəlif bölgələrinə üz tutan qarabağlılarda, qaçqın və məcburi köçkünlərdə bir insan, fərd kimi nələr dəyişilib, nələri itiriblər. İndi Qarabağa, azad edilmiş kəndlərə, şəhərlərə qayıdanlar görəsən həmin insanlardımı? Onların psixologiyası, düşüncə tərzi, dünya baxışları necə? Saatlı və İmişli, Küdrü düzü – qaçqınçılıq, köçkünçülük həyatı onlara necə təsir edib? Bəs minlərlə qarabağlının Vətəni görmək həsrətiylə bu dünyanı tərk etmələri, onların göylərdə dolaşan narahat ruhları necə? Bu otuz il müddətində ölən, dünyasını dəyişən, bütün Azərbaycana səpələnən qəbirləri necə? Bəs bütün bunları necə həll edək? Bu ağrı-acıları, mənəvi və fiziki ağrıları ürəyində gəzdirən bu insanlar yeni yurda, yeni həyata uyğunlaşa biləcəklərmi? Bu prosesdə şəhərsalma, təşkilati məsələlərlə yanaşı, bir də var insana xas amillər – psixologiya, mənəviyyat, özgələşmə, başqalaşma amilləri də... Hə, durub Veysəlliyə, Füzuliyə, Cəbrayıla və Qubadlıya, lap o nazlı-qəmzəli Şuşaya, başı dumanlı Şuşaya da gedə bilərsən və sözsüz, getmək də lazımdır. Bəs sonra?

Azərbaycanın düşünən adamları ermənilərin xalqımıza qarşı etdiklərini – 1905, 1918, 1988-ci illəri – bu illərin olaylarını kifayət qədər qələmə alıblar, yaddaşlara hopdurublar. Əlbəttə, özümlə apardığım bu müsahibədə təzədən Amerika açmaq fikrindən uzağam. Bu və buna oxşar problemləri belə ağır mərhələlərdə Azərbaycan xalqının həyatını qələmə alan bədii və tarixi nümunələr kifayət qədərdi. XIX əsrin axırı, XX əsrin əvvəlləri Həmidə xanımın xatirələri, Ə.Haqverdiyevin, M.Cəlilin, M.S.Ordubsdinin əsərləri, Qarabağnamələr. Hətta, bu mövzulara rəssamlıq, təsviri sənət nümunələrində də geniş yer verilib. Yaxşı ki, bu adamlar doğulub, yaşayıblar və gördüklərini, düşündüklərini yazıblar, onlar günümüzə qədər gəlib çıxıb.

Pafosdan, lovğalıqdan uzaq – Veysəlliyə, Qarabağa, ümumiyyətlə azad edilmiş torpaqlara qayıtmağımla təqribən buna oxşar proseslərin iştirakçısı olmaq istəyirəm. Hələ ki, canım suludu, əlimdə qələm tuta bilirəm.

Hə, yaxşı qayıtdın Qarabağa, Veysəlliyə? Düşündüklərini həyata keçirmək üçün gərək cibində pulun, şəraitin ola. Bəs harada yaşayacaqsan, məişət problemlərin? Bunları necə həll edəcəksən? Tutaq ki, lap mənə ata yurdunda ev tikib verdilər. Axı, kitab yazmaq üçün mən müxtəlif təşkilatlara, idarə və adamlara müraciət edəcəm. Mənim statusum, lazımi təşkilatlara, idarə və şirkətlərə girib-çıxmaq üçün rəsmi icazəm, sənədim olmalıdır. Qarabağ böyük ərazidi – bəs hərəkət azadlığım, nəqliyyat məsələsi. Bütün bunları necə həll etmək olar? Azərbaycan Yazıçılar Birliyindənmi, ya da qəzet redaksiyalarındanmı, ya da müstəqil, özəl şirkətlərdənmi – mənə vəsiqə, əmək haqqı və başqa imtiyazlar verilməlidir ki, Qarabağda sərbəst fəaliyyət göstərə bilim. Doğrudur, Qarabağı yaxşı tanıyıram. Qohumlarımın, dostlarımın əksəriyyəti o tərəflərdədi. Amma bütün bunlar əsas deyil. Əsas odur ki, bu çətin işi görmək üçün mənim normal şəraitim və statusum olmalıdır.

Mən çölçülüyün, yazıçının bölgələrdə necə işləməyini Birinci Qarabağ (1988-1999) müharibəsi zamanı görmüşəm. Əvvəlcədən imtiyazın, statusun müəyyən edilmədən bu işləri görmək çox çətindi.

Belə bir ifadə var, deyirlər: "Fərman padişahındı, dağlar bizim”. Əlimə fürsət düşmüşkən bəri başdan xoşagəlməz məqamlara da toxunmaq istəyirəm: 88, 93, 99-cu illərdə əvvəlcə mülki, sonralar da hərbi jurnalist kimi Füzuli bölgəsində hara gedirdim – Haramı düzündəmi, Məngələn ata tərəfdəmi, Ərgünəş, Qacar və Hoğa tərəflərəmi – ilk qarşıma çıxan Taryel Qəhrəmanov, Nəbi Muxtarov, Bəylər Hüseynov, Binnət Məmmədov, Çapar Quliyev, Asif Məmmədov, Həmid Məmmədovu – çoxlarının adları yadımdan çıxıb, - görərdim. Doğrudur, adlarını çəkdiyim bu adamların ön cəbhədə, səngərlərdə olmaları onların bir növ vəzifə borcu idi. Bu öz yerində, bunları başa düşmək çətin deyildi. Amma o zamanlar Füzuliyə, cəbhə bölgələrinə işləməyə getməyi çoxlarına təklif edirdilər. Lakin çoxları gərgin bölgələrə vəzifəyə, işləməyə getməkdən boyun qaçırırdılar. İndi, şükür Allaha, Füzulinin, Qarabağın, bir sözlə, o tərəflərin, necə deyərlər, xoş günləridi. İndi oraya getmək istəyənlər az qala növbəyə dayanıblar. İndi bəzənib-düzənib, bahalı kostyum geyən adamlar Qarabağa yollanırlar, o tərəflərin ağsaqqallıq səlahiyyətlərini öz çiyinlərinə götürərək vəzifəli adamların qarşısında əyilirlər, bükülürlər, bülbül kimi cəh-cəh vururlar.

Əlbəttə, belə məsələlərə əhəmiyyət verməmək də olar. Amma, o illərdə, Füzulinin o dar günlərində sinəsini geniş açıb Vətən, Vətən deyən adamlar, nədənsə xatırlanmayanda, yad edilməyəndə istər-istəməz təəssüf hissi keçirirsən. Bütün bunlar ötəri, tez ötüb keçən şeylərdi. Kinolarda deyildiyi kimi, ancaq diqqət, həssaslıq kövrək məsələlərdi. Məncə xoş sözə, xatırlanmaya hamının ehtiyacı var. "İş sosiskada deyil, gərək "vnimatelnıy” olasan”.

- Maraqlıdı, bir vətəndaş kimi, lap əvvəllərdən bu hadisələrin, burulğanların  mərkəzində olmuş yazı-pozu adamı kimi Qarabağa böyük qayıdışı necə təsəvvür edirsiniz?

- Artıq Qarabağa qayıdış başlayıb. Bütövlükdə o böyüklükdə ərazilərə necə qayıtmaq barədə fikir yürütməyə çətinlik çəkirəm. Amma konkret olaraq Veysəlliyə necə qayıdacağımız haqda danışa bilərəm. Bizim orada on yeddi qədim tağbəndimiz, yüz on yeddi evimiz, üç qəbiristanlığımız, iki kəhrizimiz qalıb. Cəh-cəlallı bağlarımız, uca, köklikotulu, mamırlı dağlarımız qalıb. Bu haqda danışmaq çox da çətin deyil. Yəqin ki, bu otuz il müddətində bunların hamısı dağılıb. Amma quru, çılpaq torpaq yəqin ki, xatirələrimizi qoruyub saxlayıb. Kəhrizlər, dağlar da onun kimi. Ermənilər bizim kəndi düz üç dəfə - 1905, 1918, 1992-ci illərdə dağıdıblar, evləri yandırıblar. Və hər dəfə də, çətin olsa da, yenidən geri qayıtmışıq, torpaqlarımıza sahib çıxmışıq. Kəndimizin yaddaşlara hopan min illik obrazına yeni elementlər, çalarlar qatmışıq. Yeni-yeni evlərin, təsərrüfatların sayı da artıb. Təəssüflə onu demək istəyirəm ki, hər dəfə də kəndin əvvəlki yerindən bir az arxaya – nisbətən arana tərəf çəkilmişik. Bu niyə belə olub? Dədə-babalarımız uzaqgörən olmayıblarmı, yoxsa mövcud şərait bunu tələb edib. Yaxşı olardı ki, biz bu dəfə o səhvlərimizi, nöqsanlarımızı təkrarlamayaq. Əvvəllər, 1905, 1918-ci illərdə ağbaşlılar, veysəllilər Qanlı gədiyin ətəklərində məskunlaşıblar. Evlərimiz, təsərrüfatlarımız Sosun, Məşədkəndin, Çartazın həyətləri ilə dodaq-dodağa olublar. Hamılıqla razılığa gələ bilsəydik – yenə də 1905, 1918-ci illərdəki yurd-yuvamıza qayıdardıq. Bu ona görə lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı Veysəllinin neçə-neçə cavanı, sakini – Yavər İsgəndərov, Səməd Abdullayev, Bağır Quliyev, Zakir Tahirovun on yeddi yaşlı oğlu, Valeh Məmmədov, Əhəd İsgəndərov bu kəndin uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar. Belə olsa onların ruhları da şad olar. Hər halda kəndin harada, necə məskunlaşmasını yerli camaatdan, yerli sakinlərdən soruşsalar daha yaxşı olar. Mən külli miqdarda dövlət vəsaitini, kommunikasiya və s. məsələləri də nəzərə almağa hazıram. Bir şərtlə -  kəndin, onun əhalisinin istək və arzuları da mütləq nəzərə alınmalıdır. Ənənəsiz, obrazsız, koloritsiz kənd – küçəyə atılmış ünvansız məktub kimi bir şeydi. Çox da uzaq olmayan bir keçmişdə - sabiq Sovet rejimində biz belə simasız, bir ölçüdə, eyni libaslı yaşayış məskənlərini, şəhərləri çox görmüşük. O dağlar arxasında dünyasını dəyişmiş yüzlərlə veysəllilərin ruhu dolaşır. Biz o ruhlara qoşulmaq istəyirik.

Onsuz da biz neçə illərdi pərən-pərən olmuşuq – yaddaşlarımız təzədən oyanmalıdı, xatirələrimiz yenidən bərpa edilməlidir. Əvvəlki, 1992-ci ilin Veysəllisi olmaq üçün, İlahi, görəsən bizə nə qədər vaxt lazımdır? Görəsən biz qabaqkı psixologiyamıza, tarazlığımıza qayıda biləcəyikmi? Başqa sözlə desək, biz otuz il bundan qabaqkı qiyafəmizə düşə biləcəyikmi? Biz bu neçə illərdə nələri itirmişik, bir növ özgələşmişik, əvvəlki vərdişlərimizdən uzaqlaşmışıq. Görəsən bizim camaata xas mehribançılıq, müqəddəs qonşuluq, qohumluq əlaqələri yad təsirlər nəticəsində zədələnməyib ki... Yeni yurdu, yaşadığın kəndi insan üçün doğmalaşdıran, sevdirən nədir – onun adamları, insanlarıdı. Bu adamlar ölülərini necə dəfn edirlər, toy və şənliklərini necə keçirirlər – bunların hamısı şərtdi, əsasdı.

- Ailənizdə sizdən savayı Veysəlliyə qayıtmaq istəyənlər varmı?

- Var. Qardaşım uşaqlarının geri qayıtmaq fikirləri çox ciddidi.

- Bəs sənin öz övladların?

- O biri övladlarımı deyə bilmərəm, amma inanıram ki, böyük oğlum məni tək qoymayacaq. Ev tikməyimə, yurd salmağıma da əl yetirəcək.

 

***

 

Çoxdan bir kinoya baxmışam. Filmin baş qəhrəmanı təmsil olunduğu ölkədə adlı-sanlı şəxsiyyətdi. Vəzifəsi, var-dövləti, mövqeyi – hamısı yerindədi. Amma doğulub böyüdüyü yerlərdən çoxdan uzaq düşüb. Ölkənin paytaxtında, küçə və meydanları çıl-çıraqlı şəhərdə yaşayır. Ahıl çağında, necə olursa, yenidən doğulduğu, uşaqlıq və gənclik illərinin keçdiyi yerlərə yollanır. Kənddə elə-belə, səbəbsiz, filansız kiçik, sakit bir bufetə baş çəkir. Cavanlar, yaşlılar hərəsi bufetin bir küncünə çəkilib söhbət edirlər, soyuq pivə içirlər. Uzun illərdən sonra yolu bu tərəflərə düşən yolçu ofisianta bir bokal pivə sifariş edir. Başdan-ayağa səmimiyyət və sadəlik təbəssümü sifətində hopmuş cavan tanımadığı adama pivə süzür. Pivə şüşə bokalın başından aşıb-daşır, köpüklənir. Sonra da ahıl kişi ilə cavan oğlan arasında təqribən belə bir dialoq, söhbət gedir.

Gəlmə adam xırıltılı, öləziyən səslə cavana müraciət edir:

- Məni tanıyırsan?

 - Yox.

- Mənim adım Berqmandı, Kare Berqman, buralıyam. Amma çoxdandı bu yerlərdən getmişəm.

Xidmətçi oğlan bu adı eşidən kimi həyəcanlanır, hörmət əlaməti olaraq yad adama qayğı göstərir. Nə deyəcəyini, nə söyləyəcəyini də unudur.

- Cənab, nə danışırsınız, heç bilirsiniz sizi bu yerlərdə necə xatırlayırlar? Bu tərəflərdə sizin haqqınızda rəvayətlər, nağıllar söyləyirlər. Siz ölkədə məşhur adamsınız, adınız, vəzifəniz, şöhrətiniz.

Uzun illərdən sonra yolu bu tərəflərə düşən adam köpüklənən pivə qabının üstündən qəmli baxışları ilə:

- Cavan oğlan, kaş mən heç vaxtilə bu yerlərdən şəhərə getməyəydim. İndi hər şeyim var – xoşbəxtlikdən savayı.  

Əlbəttə, filmdə baş verən əhvalatları, olayları vaxtı ilə Azərbaycanın uzaq-uzaq bölgələrindən Bakıya, paytaxta gələn cavanların taleyinə də şamil etmək olar. Bir qarnı ac, bir qarnı tox tələbəlik illəri, istehsalat, illərlə uzanan ev növbələri, işləmək-çalışmaq – bir də baxıb görürsən ki, altmışı, yetmişi haqlamısan. Hər şeyin var – xüsusi maşının, evin-eşiyin, vəzifən – amma sağlamlığın tükənib, daha yaşamaq həvəsin də qalmayıb. Haraya baxırsan eyni rəng, yeknəsəqlik. Baxıb görürsən ki, qara paltarlı mələk, şəhərin çil-çırağı, bərq vuran küçələri ömrünü qısaldıb. Dağların o üzündən ağ saçlı ananın əlləri sənə tərəf uzanılı qalıb. Uzaqlardan şəhərə gətirdiyin sağlam, bic – bədzadlıqdan uzaq cavanlığından da heç nə qalmayıb. Uzun illərdən sonra doğulduğun yerlərə qayıtmaq – mətləbi hayana fırladırsan-fırlat – ağır addımdı. İçindən təlatümlər qopur, fikirlər burulğanına düşürsən.

 

***

 

"...Biz beş qardaş idik – Valeh, Hidayət, Nizami və Səməd. 1992-ci ildən üzü bəriki həyatı Nizamini yaman sarsıtmışdı. Otuz ildən artıq Beyləqanda, beşinci Şöbə deyilən yerdə ağır, dözülməz məişət şəraitində yaşadı. Amma Nizaminin doğma yerlərdən sonrakı məcburi köçkün həyatı cəhənnəm əzabından savayı bir şey deyildi. Elə hey deyirdi, "kənddə bağım, evim-eşiyim qaldı”. Məhsulları düz noyabr, dekabra qədər dərilən bostanı, qapısının ağzındaca, ikimərtəbəli daş evinin qabağındaca sinkovıy boru ilə dağlardan çəkilib gətirilən bulaq suyu... Hər səhər Beyləqandan Haramı düzünə tərəf addımlayırdı. Özünə nisbətən hündür, axar-baxarlı bir yer seçib Veysəlliyə, dağların o üzündə qalmış dustaq, sakinlərini görmək üçün xiffət çəkən, hay-haray qoparan kəndimizə tərəf boylanırdı. Mən böyük qardaş kimi hərdən onun bu hərəkətlərinə irad tuturdum. "Dözə bilmirəm” – deyirdi. Məcburi köçkünçülük həyatının böyük bir hissəsini nisgil, qəm-kədər içində keçirən qardaşım, nəhayət sağalmaz azara tutuldu və vəfat etdi. Nizaminin ölümündən sonra heç o biri qardaşlarım da çox yaşamadılar. Qardaşlarımın qəbirləri də bütün Azərbaycana səpələnib: Nizami Beyləqanda, Valeh Ağcabədidə, Səməd isə Abşeron çöllərində uyuyur.

Düşmənlər bu otuz il müddətində ata, ana yurdumu dağıtmaqla yanaşı cavan qardaşlarımı da əlimdən aldı.

Qonşuluğu, birgəyaşayış qaydalarını yaxşı başa düşürəm. Xaçpərəst dünyasının təzyiqini, diplomatiyanı da dərk edirəm. Bəs cavan ikən Vətən həsrətiylə dünyalarını dəyişən qardaşlarımı mənə kim qaytaracaq? Bəs onların övladlarının gözlərindəki əbədi qəm-kədəri kim siləcək?

Belə-belə məsələləri bir fərman, əmrlə həll etmək mümkün deyil. Qarabağa qayıdış zamanı belə-belə əngəllər qarşımıza tez-tez çıxacaq. 44 günlük müharibəni qələbə ilə başa vuran millət yəqin ki, belə həssas və mürəkkəb maneələrin də öhdəsindən gələcək. Amma geri qayıtmaq, qaçqın, köçkün insanlarımızın ürəyi para-para, şana-şanadı. Bu yaraların yeri necə sağalacaq?”

- Sizə bir sual vermək istəyirəm. Amma, düzü, çəkinirəm.

- Buyurun.

- Geri qayıtmağınız belə, bu cür ağır düşüncələr, ağrılarla yüklənibsə, təzədən məskunlaşmaq sizə çətin olmayacaq?

- Bilirsiniz, kənddəki evimizin arxasında qayalıqlar var. Geri qayıdanda o qayaların üstündə özümə rahat bir yer tapacam. Yaz yağışı zamanı təpəliklərdən üzü aşağı axıb gedən sellərə, cığırlara baxacam. İnanıram ki, neçə ildən bəri ürəyimdə yığılıb qalmış ağrılarım, acılarım dağ başına qonmuş duman, çən kimi çəkilib gedəcək.

 

Özümlə müsahibəni apardı:

Nemət Veysəlli.