adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Noyabr 2021 10:47
267
SİYASƏT
A- A+

Deputat: Kəlbəcər rayonu xarici turistlər üçün ən cəlbedici bölgələrimizdən biri olacaq

Noyabrın 25-də Azərbaycanın ən füsunkar və qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1 ili tamam olur. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (Kevliçer) “çay üstündə qala” deməkdir. Təsadüfi deyil ki, bu yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca qədim süni mağaralar var. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri mövcuddur. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat bildirib ki, 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra rayon talan edilib, dağıdılıb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.

O qeyd edib ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, rəsmi İrəvan digər qətnamələr kimi onu da icra etmədi. “Nəhayət ədalət öz yerini tapdı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

2021-ci il avqustun 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərləri zamanı dövlətimizin başçısı Kəlbəcərdə Azərbaycan bayrağını ucaltdı. Bu gün Kəlbəcər rayonunda sürətli bərpa-quruculuq işləri gedir, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı və birinci xanım 80,7 kilometrlik Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun və onun üzərində Murovdağda inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlini qoyublar. Bu yolla Göygöl və Kəlbəcər rayonları birləşəcək. Bundan başqa, bu yolun üzərində inşa ediləcək və Murovdağ silsiləsinin altından keçəcək tunel ölkəmizdə yol tikintisi sahəsində bir yenilik olacaqdır. Həyata keçirilən bütün bu işlər onu göstərir ki, Kəlbəcər rayonu yaxın illərdə müasir və yeni infrastrukturla təmin olunaraq turistlərin ən çox maraq göstərdikləri məkanlardan birinə çevriləcəkdir”, - deyə deputat vurğulayıb.