adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2021 09:25
1340
MƏMLƏKƏT
A- A+

DÜNYANIN CƏNNƏTİ KƏLBƏCƏR

10 noyabr 2020-ci il tarixdə Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı və məğlubiyyətini etiraf etdi. Razılaşmaya əsasən erməni hərbi birləşmələri Ağdam, Kəlbəcər və Laçın rayonlarından təyin olunmuş müddətdə öz hərbi birləmələrini çıxardı. Beləliklə üç rayon, o cümlədən Kəlbəcər rayonu 28 illik işğaldan azad edildi.

Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir.İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda 822 saylı Qətnamə qəbul edərək bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb etdi. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi və faktiki olaraq BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi daha üç Qətnamə ilə birlikdə kağız üzərində qaldı.

İşğal müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan aparıcı dövlət başçılarına məsələnin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsini qaldırdı. Əks halda işğal altında qalan torpaqlarımızın hərbi yolla azad ediləcəyi barədə onları xəbərdar etdi. Lakin Ermənistan tərəfi xarici havadarlarına güvənərək bu təklifləri həmişə müxtəif bəhanələrlə qəbul etmədi. ATƏT-in Mins qrupu 28 il ərzində nəinki Ermənistana qarşı hansısa bir tədbir görülməsinə, əksinə sonsuzluğa qədər status-kvonu saxlamağa çalışdı. Ermənistan isə bundan istifadə edərək təxribatlar törətməyə, yeni ərazilər barədə sərsəm bəyənatlar verməkdə davam edirdi.

Lakin Azərbaycan Respublikasının Prezidenti, Hərbi Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti erməni təxribatndan sonra Şanlı Ordumuza “İrəli” əmrini verdi və 44 gün ərzində Ermənistan ordusu darbadağın edilərək işğal altında qalan ərazilərimiz, o cümlədən Kəlbəcər rayonu 147 yaşayış məntəqəsilə birlikdə azad edildi, tarixi ədalət bərpa edildi.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyevin fikri: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı.

İşğaldan azad edilmiş digər rayonlarımızda olduğu kimi artıq Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışıedilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.

Qarabağda quruculuq-bərpa işləri sürətlə davam etdirilir. 30 ilə yaxın bir müddətdə məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızən tezliklə doğma yurd-yuvalarına qaytarılması üçün bütün infrastruktur layihələri həyata keçirilir. O gün uzaqda deyil.

 

Hazırladı: Rüstəm Hacıyev