adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 13:00
2015
GÜNDƏM
A- A+

"Bakı 4000 raketlə dağıdılacaq" deyənlərin siyasəti niyə dəyişdi?- İrandan gələn təbrik məktubu

Yadınızdadırsa, ötən ay İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqirinin   “Azərbaycana 4000 raket atılacaq və Bakı məhv ediləcək” bu sözləri  böyük hiddətə səbəb olmuşdu.
Müharibə həddinə gələn hər iki qonşu ölkədə böyük gərginlik yaşandı. İran rəsmi Bakının daha təmkinli davranışını özünə sərf etdiyi kimi dəyərləndirərək Azərbaycanla sərhədlərdə suda, quruda, hava hərbi təlimlər keçirərək əzələ nümayişinə başladı. Yeni bir müharibənin kandarından dönüldü desək yanılmarıq.

Qafqaz regionunda böyük güc olduğunu anlayan İran fürsətdən istifadə etməyə öz gücünü Azərbaycanla birgə region ölkələrinə göstərməyə imkan tapdı. Amma hansı təpkilərlə qarşılaşacağını müəyyən edə bilmədi. Gürcüstan, Azərbaycan, Türkiyə, Hindistan eyni vaxtda İranın yük avtomobillərinə, ticarət yüklərinə qoyduğu qadağa İranı tez bir zamanda “havasını aldı”.

Ümumiyyətlə nə region ölkələri, nə də beynəlxalq aləm İranın bu aqressiyasına sakit dayanmadı, hətta İrana qarşı bədbin proqnozlar ard-arda gəldi. İran dünyanın , xüsusən ABŞ-ın məhv etmək istədiyi nöqtə olduğunu , bu hərəkəti ilə ABŞ və diğərlərinə onu vurmağa fürsət verdiyinin fərqində olanda siyasətini o cümlədən münasibətini dəyişmək məcburiyyətində qaldı.   


 Bir neçə dəfə Azərbaycana qarşı xoş gediş etməsinə baxmayaraq, anladı ki, bağışlanmayıb. Odur ki, yeni bir gedişə meydan açdı.

 

Bəli, rəsmi Bakının könlünü almaq istəyən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ölkənin dini liderinin sionizmlə əməkdaşlıqda ittiham etdiyi Azərbaycan Prezidenti İlham Əliyevə Məhəmməd peyğəmbərin mövludu və Vəhdət Həftəsi münasibətilə təbrik məktubu göndərib. 
Adalet.az xəbər verir ki, məlumatı İran səfirliyi yayıb. Məlumata görə, məktubda deyilir:
“Allahın böyük Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü, eləcə də bütün müsəlmanların arzusu və Peyğəmbər ümmətinin hədəfi olan Vəhdət Həftəsi münasibətilə Sizi və ölkənizin xalqını ən səmimi şəkildə təbrik edirəm.
Bu mübarək və məsud günlərdə Allahın Rəsulundan (s) gözəl nümunə götürərək, İslam dininin müştərək dəyərlərinə söykənərək iman qardaşları kimi iradə nümayiş etdirməklə İslamın yüksəlişi və rəhmət Peyğəmbərinin yolunun təbliği ilə bağlı davamlı və güclü əlaqələrimizin yaradılması istiqamətində ciddi addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə izzət və başucalılığı diləyirəm.
Seyid İbrahim Rəisi – İran İslam Respublikasının Prezidenti”.

 


 Belə bir məktubla dost olduğunu göstərmək istəyən İran unudur ki, Bakı  bəlkə də bu  mənasız “hərbə-zorbanı” unudar, amma 30 il Qarabağa silah, sursat, yanacaq, ərzaq daşıyıb, qudurtduğu ermənilərin gülləsindən  qətl edilən Azərbaycanlıları heç vaxt unutmayacaq.
Məzmunca başqa, mənaca “qələt eləmişəm”  etiraf- məktubundan sonra  Azərbaycanda fars molla rejimi ilə əlaqədar olan  saytların da fəaliyyəti həmişəlik dayandırıldı. Bu hərəkət  isə  Azərbaycan xalqının  hirsinin hələ də soyumadığını ortaya qoyur. Həmin saytlar bunlardır: Ahlibeyt.az, Ehlibet.info,  Shia.az, İslaminsesi.org,  azeri.sahartv.ir
Yuxarıda qeyd olunan saytlarladan əlavə Azərbaycanda “Youtube” kanalında yayımlana bilən fars molla rejiminin idiealogiyasını aşılayan iran dini seriallar da bloklanıb.

 İran Azərbaycana qarşı münasibətini səmimi müstəviyə, mehriban  qonşuluq münasibətlərinə çevirərsə, o zaman rəsmi Bakının da münasibəti  səmimi olacaq


 Əntiqə Rəşid