Deməli, belə. Bir sayta verdiyim müsahibədə demişdim ki, mənim Ağdamdakı evimi ermənilər 300-500 dollara iranlılara satıblar, onlar da söküb aparıb. Özü də mən bunu indi demirəm, 10-20 il bundan qabaq demişəm. Əlimdə fakt olmasa danışmaram.
Qarabağda işğal olunmuş ərazilərdə 150 000 - dən artıq şəxsi mülkiyyət vardı, təxminən onun yarısı qədər də inzibati binalar: xəstəxanalar, klublar, kino-teatrlar, həkim məntəqələri, kitabxanalar, abidələr, məktəblər və sair və ilaxır vardı.
Mən qayıdıram təkcə Ağdama. Ağdamın şəhər əhalisi təxminən 60 min idi. Bu da 14-15 min mülk deməkdi. Amma Ağdam Qarabağın paytaxtı olduğuna görə mülki evlərdən başqa, 3-4 min də ticarət obyekti vardı. Təkcə bazarda 500-ə yaxın dəmirçixana vardı. Çünki şənbə-bazar bütün Qarabağ Ağdama tökülərdi. Buna görə də az qala Ağdamdakı yaşayış evləri qədər ticari və digər inzibati obyektlər vardı. Kəsəsi, bir rayonda təkcə 47-dən çox tikinti idarəsi vardı. Uzağa getmək lazım deyil, işğala qədərki Ağdamın hansı vəziyyətdə olduğunu çatdırmaq istəyərdim: 10 orta məktəb, 3 kino-teatr (həmin vaxt hər rayonda bir kino-teatr olardı), 3 uşaq musiqi məktəb və Muğam məktəbini də bura əlavə edirəm, 4 texnikum, Dövlət Dram Teatrı, Mədəniyyət evi, şəhərdə 3 mərkəzi kitabxana (mən bura Maarifin və Müəllimlər evinin kitabxanasını daxil eləmirəm), ilk alış-veriş mərkəzi, zavodlar, fabriklər, o zavod-fabriklər ki Azərbaycanın iqtisadiyyatına nə qədər xeyir verirdilər. Hətta Metis-furnitir zavodu SSRİ-yə hərbi sənayedə nələr edirdi, bu ayrıca bir mövzudu. Şəhərdə 2 peşə məktəbi, peşə məktəbinin birində savaş başlayan kimi Hacı Əkbər Rüstəmov şagirdlərindən bir könüllü batalyon yaratmışdı və oğlu Sənan Rüstəmov da döyüşlərdə atasının gözü qabağında yaralananda Hacı Əkbər öz oğlunu yox, şagirdini xilas etmişdi. Oğlu Sənan da Rey Kərimoğlunun qucağında şəhid olmuşdu.
1988-ci ildən 1994-cü il atəşkəsə qədər səngərdə olmuşam, əsgərlərimizin yanında olmuşam, demirəm erməni öldürmüşəm, amma döyüşün içində olmuşam. Qucağımda neçə şəhid dünyasını dəyişib, görmüşəm. Və çalışmışam ki, bunları qələmə alım . «Dolu» romanında bunları yazmışam, necə müvəffəq olmuşam, onu həm romanı oxuyanlar, həm də «Dolu» filminə baxanlar bilir.
İndi bu yazını niyə yazıram? Deməli, saytlardan biri mənim fikrimi manşetə çıxarıb ki, ermənilər Ağdamdakı evimizi iranlılara 300-500 dollara satıblar.
Bu gün İranın şərəfsizlikləri ilə bağlı yazılar gedir mətbuatda. Bunun mənə dəxli yoxdu. Və mən 20 ildən çoxdur ki, bu barədə yazıram və yazacam da. Yəni bugünki məsələlərin mənim yazılarıma dəxli yoxdur. Yəni mən bugünki hadisələrə qoşulub kampaniya xətrinə nəsə yazmıram. Bunu dəfələrlə televizorlarda da demişəm, məqalələrimdə də yazmışam.
İndi baxıram, ilahi, İranın ölkəmizdə nə qədər trolları və tulaları var hamısı mənə söyür. Və «sağ olsun» bunu paylaşan saytlar da qapılarını həmin trolların və tulaların üzünə açıb. Bunlar da mənə söyürlər və kimlərsə bundan ləzzət alır.
Mənim onlara cavab vermək imkanım yoxdur, çünki nə facebookdayam, nə də mənim trol və ya tula tutmağa imkanım yoxdur.
Söyün, dostlar, nə qədər istəyirsiniz. Amma mən elə belə, təkcə cavab verə biləcək gücündəyəm. İranla da heç bir şəxsi problemim yoxdur, varsa ümumi problemdir.
Darıxmayın, trollar və tulalar, yaxın nömrələrimizdə daha ciddi faktlarla sizə cavab verəcəm. Biz susduqca onlar güclənir və çox təəssüf ki, həqiqəti bilənlər trollardan və tulalardan qorxur, onlara cavab verə bilmirlər.
Vaxtilə bizdə Milli Təhlükəsizlik Nazirliyi vardı, mən o vaxt bu nazirliyin adını Milli Təhlükəlilik Nazirliyi yazırdım. Niyə? Əgər Milli Təhlükəsizlik Nazirliyi o vaxt öz vəzifəsini yerinə yetirsəydi İran trol və tulaları bu gün ölkəmizdə at oynatmazdı.
Ardı qalsın sonraya.
P.S. İranın bu trolları və tulaları ziyalılarımıza hücum edirlər ki, sussunlar. Susmayacağıq, trollar və tulalar, nə qədər istəyirsiz bizə söyün, əlimizi dəmirə qoymuşuq.