adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2021 13:50
1080
ƏDƏBİYYAT
A- A+

Nizami Gəncəvi poemalarında müharibə mövzusu

Ölməz sənətkar Nizami Gəncəvi yaradıcılığı boyunca fərqli məzmunlu əsərləri ilə seçilən, dünya mədəni irsinə layiqli töhfələr verən və günümüzə qədər şairlərə ilham mənbəyi olan ədəbi simadır. Dərin ictimai məzmuna malik əsrarəngiz əsərlər yazan, bəşəriyyətə daim humanist çağırışlar edən Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan poemalarında müharibə mövzusuna da geniş yer vermişdir. Müharibə haqqında düşüncələrini əsərlərində dolğun ifadə edən dahi mütəfəkkir humanist fikirləri ilə mövzuya münasibətini aydın şəkildə əks etdirmişdir. Şair kiçik ərazi uğrunda əhaliyə zülüm verən, müharibələr aparan hökmdarları hər zaman qınaq obyektinə çevirmişdir. Nizami əsərlərində dünya əhalisinin müharibədən zərər gördüyünü vurğulamış, insanları hər zaman sülhə çağırmışdır. Sülhün təbliği, savaşdan qaçmağın yollarına dair fikirlər şairi daim düşündürmüşdür. Bu tip düşüncələrə onun bütün poemalarında rast gəlmək mümkündür. “Sirlər xəzinəsi”nin ən maraqlı hekayətlərindən olan “Ənuşirəvan və vəzirin dastanı” əsərində ölkəni xarabalığa çevirən, xalqın qəzəbinə səbəb olan feodal müharibələrindən bəhs etmişdir. Şair feodal müharibələrinin törətdiyi dağıntıları və insan faciəsini iki bayquşun söhbəti ilə diqqətə çatdırmışdır.

Şah bu şahsa, gərdiş də bu cür gedərsə yenə,

Yüz min belə xərabə cehiz verərəm sənə.

Qızı üçün başlıq uman quşa, digər quşun hər yerin xaraba olduğunu və cehiz kimi ona daha çox xarabalıq verəcəyini şair bu misralarla, 2 quşun söhbətilə nəzərə çatdırmışdır.

Nizami “Xosrov və Şirin” poemasında məhəbbətin Xosrovu dəyişdirdiyini deyir və onun artıq ədalətsiz müharibələr aparmaq istəmədiyini, ədalətli şah səviyyəsinə qədər yüksəldiyini bildirir. Şair Şirinin diliylə öz fikirlərini bu şəkildə ifadə edir:

Dünyada zülm etmək qoçaqlıq deyil,

Rəiyyət bəsləmək çox yaxşıdır, bil.

Nizami digər poeması olan “Leyli və Məcnun” əsərində müharibə mövzusuna Nofəlin Leylini almaq üçün apardığı mübarizə hissəsində toxunur. Heç bir nəticə verməyən müharibəyə şair məcnunun diliylə öz münasibətini bildirirdi. Hər kəs müharibədə at çaparkən məcnun barışıq deyə dua edirdi:

Açıb öz qəlbində dua yelkəni,

Sülhə çağırırdı müharibəni.

Söz sənətkarı olan şairin bütün poemalarında feodal müharibələrinə tənqidi münasibəti öz əksini tapsa da, sonuncu poeması olan “İskəndərnamə”nin “ Şərəfnamə” hissəsində bu mövzu daha qabarıq şəkildə diqqəti cəlb edir. Şair İskəndərin müharibə aparmaqda məqsədini sadəcə yeni ərazilər ələ keçirmək yox, bununla yanaşı alimlərin hikmətli fikirlərinə yiyələnmək olduğunu vurğulamaqdan çəkinmir. Bu poemada Nizami həm müharibəyə, həm də sülhə olan münasibətilə yanaşı orduda döyüş ruhunun necə yüksəldilməsinə dair fikirlər də irəli sürmüşdür. “Şərəfnamə” də müharibələrdən bəhs edərkən şair ölkəni yararsız hala salan, heç bir fayda verməyən döyüşləri öz qələmi ilə ifşa etməkdən çəkinmirdi.

Dünya bu surişdən dəhşət alaraq,

Nə üçün? - Bir ovuc torpaqçün ancaq!

Söz sənətkarı olan şair poemalarında müharibə haqqında düşüncələrini bu şəkildə ifadə etmişdir. Xalqa əzab verən, öz mənafeyi uğrunda müharibələr aparan qəddar hökmdarları daim qınamış və öz əsərlərində yaratdığı obrazların diliylə insanları hər zaman sülhə çağırmışdır.

Nigar Rövşən qızı Alxasova

AMEA Şəki Regional Elmi Mərkəz