adalet.az header logo
  • Bakı 16°C

Aqil ABBAS: BU YOLLAR BİZİ AĞDAMA, ORDAN DA ŞUŞAYA  APARACAQ

AQİL ABBAS
15555 | 2021-10-09 11:00

Yenə Ağdamdaydım. Dördyoldan girdim Ağdama bu dəfə. Təxminən 30-35 kilometr yoldu. Ürəyim dağa döndü. Bərdədən  Ağdama elə bir yol çəkilir ki,belə yolları  Avropada  görmüşəm. Yüzlərlə texnika  çıxır  insanın  qarşısına. Körpülər tikilir, yeraltı  keçidlər  və su qovşaqları  tikilir, həyat  qaynayır. Gözlə görməsəniz inanmazsınız.

Və Bərdədən Ağdama yeni dəmiryol xətti çəkilir. Burda da işlər  o qədər  sürətlə gedir ki, vaxtını  dəqiq deyə bilmərəm, amma yəqin 3-4 aya Ağdam dəmiryolu da hazır  olacaq.

Uzundərədə (Ağdamın giriş hissəsi) köhnə dəmiryol körpüsü də  artıq yenisi  ilə əvəz olunub. Onu da qeyd edim ki, Çinardan başlayaraq ermənilər  bütün  dəmiryol xəttini   söküblər və burda istehkam  yaradıblar.

İlahi, nə gözəl  xoşbəxtlik? Ailəm maşınımda, ləzzətlə Qərvənddən keçməklə  Ağdama  gedirəm.  Və hər tərəfdə də Ağdamın bərpasının necə  qaynadığını görürəm. Hələ ki heç nə  yazmıram. İnşaatçılar mənə bir torba Şelli narı bağışlayırlar. Biri deyir ki, bu nardan bir-ikisini də İlqar Əlfioğluna  verərsən. Deyirəm, baş üstə. İlqar, gəl, redaksiyadan  götür, öz dədənin həyətindən   yığıblar.

Görülən  işlərlə tanış oluram. Allah ömür versin, uzağı  5 ildən sonra Ağdamda həyat başlayacaq.

Xanımıma  deyirəm, növbəti dəfə gələndə  nəvələri də gətirəcəm.

May ayında  xanımımla Ağdamda olanda sevinsə də, bu qədər  sevinməmişdi.

Üzü gülür, ona görə gülür ki, çəkilən  yolları görür, tikilən  binaları  görür, inşaatçıları  görür və  bir də  şəhərə  nəzarət  edən Azərbaycan  polisini  görür və deyir:

- İlham Əliyev burda öz şəhərini  tikəcək. Ağdamı Azərbaycanın ən gözəl şəhərinə  çevirəcək.

İzləyin, növbəti yazılarımız olacaq.  Amma bu yazıların ən gözəlini mən yox, xanımım  yazacaq.  Çünki bu  səfəri  ona həsr etmişdim.

TƏQVİM / ARXİV