adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Vaqif YUSİFLİ ŞİRXAN ARANLININ " Yurd həsrəti"-ndən yazdı

1216 | 2021-09-21 13:01

O, Ağcabədidə yaşayır, uzun müddət rayon  qəzetinin redaktoru vəzifəsində çalışıb, bir publisist və naşir kimi tanınıb. Rayonun ictimai həyatında, xüsusilə, son otuz ildə fəallığı ilə hamının diqqətini cəlb edib. Onun «Ağcabədi: Ensiklopedik toplu» kitabı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Şirxan Aranlı həm də bədii yaradıcılıqla məşğuldur, onun şeirlər, poemalar, esselər, hekayələr və publisistik yazılardan ibarət  bir neçə kitabı çap olunub. «Ürək sevəndə» romanını müasir gəncliyin problemlərinə həsr edib.

 Şirxan Aranlının  yenicə çapdan çıxan «Yurd həsrəti» romanı ilə tanış oldum. Bu roman Birinci Qarabağ müharibəsinə, bu müharibədə igidlik göstərən qəhrəmanlarımıza və o ağır günlərdə qarabağlıların,  o bölgədə yaşayan insanların həyatına, qarşılaşdıqları məhrumiyyətlərə həsr edilib. Hiss olunur ki, Şirxan Aranlı romanda təsvir etdiyi hadisələri, insanları dərindən müşahidə etmiş, baş verən faciələri  də, müharibənin gedişatını da, ermənilərə qarşı mübarizə aparan igidlərimizin qəhrəmanlığını da izləyə bilmişdir. Müharibədən bəhs edən bir roman üçün bütün bunlar vacib şərtlərdir.

 Şirxan Aranlının «Yurd həsrəti» əsərini hadisələr romanı kimi səciyyələndirmək olar. Belə ki, romanda çoxlu hadisələr təsvir olunur. Lakin istənilən bir romanda insan obrazları, yəni o hadisələrin mərkəzində duran personajlar həlledici rol oynayır. Hadisələr və obrazlar- roman üçün  ən əsası bunlardır. Ancaq bir şərtlə: müəllif gərək hadisələri hərəkətə gətirən obrazları sənətkarlıqla təsvir etdi, hər bir oğrazın mükəmməl səciyyəsinə nail ola.

 Romanda 49 fəsil var. Bu fəsilləri müəllif bir-birilə əlaqələndirə bilmsişdir. Belə ki, düşmən əhatəsində olan Mərdanlı kəndi, bu kəndin qocaları, cavanları (Kərim kişi, Səməd, Cəmil, Mələk xala, Cahangir müəllim..) Kənd əhalisi təşviş içindədir, vəhşi düşmən fürsət tapıb evlərə od vurur, köməksiz insanları yaralayır ya da qətlə yetirirlər.  «Kəndin böyük əksəriyyəti isə Nəbinin qapısına axışdı. Mərdanlı kəndi  bir gündə ikinci övladını  torpağa tapşırmalı oldu. Axşam kəndin kişilərinin bir hissəsi  Nəbinin, bir hissəsi isə Qorxmazın hüzür yerinə toplaşmışdı».

 Amma təkcə kəndlər dağıdılmır, həm də məhəbbətlər, sevgilər , gənclərin könül dünyası alt-üst olur. Mərdanlı kəndinin iki gənci- Qorxmaz və Pərvanə bir-birlərini sevirlər, «günlərin bir xoşbəxt günü Pərvanənin həsrətli barmağına Qorxmazın vüsal üzüyü taxıldı». Və «günlərin  qara bir günündə isə  Pərvanənin sevən-sevilən könül dünyası alt-üst oldu. Həsrətlə yolunu gözlədiyii könül parasının  ağır, əlacsız dərd yüklü tabutu kəndə gətirildi».

  Bundan sonrakı fəsillərdə hadisələr bir neçə məkanda davam edir. Gah hərbi hissədə, , gah Mərdanlıda, gah da qaçqınlıq-köçkünlüklə bağlı başqa məkanda. Bir neçə fəsildən sonra isə romanın əsas qəhrəmanları ilə tanış oluruüq: Mətin, Canpolad, Şahin, Elpolad, Afiq , Cəsur və Cahangir müəlltm. Digər obrazlar da diqqətdən yayınmır, müəllifin epizodik obrazları da yarımçıq təsir bağışlamır, az görünsələr də onlarıfn hər biri yadda qalır.

  Öncə Mətin obrazı haqqında. Bu, həyati bir obrazdır. O, Sovet Ordusu sıralarında xidmət edir, çox çətinliklə olsa da, rus dilini öyrənir, bir hərbiçi kimi bir çox sınaqlardan keçir. Nəhayət,  Birinci Qarabağ müharibəsi başlananda Azərbaycan ordusunda –Qarabağ döyüşlərində bir zabit kimi iştirak edir, onun simasında biz  vətənpərvər bir hərbçini görürük. Vəziyyət, şərait gərginləşəndə Mətin və Elpolad düşmən əhatəsində də mübarizəni davam etdirirlər. Müəllif təsvir etdiyi hər obrazın daxili aləmini də, keçirdiyi ruhi-psixoloji  həyəcanları da nəzərdən qaçırmır. Bu ondan irəli gəlir ki, Vətən uğrunda mübarizə aparan hər bir gəncin-döyüşçünün təkcə igidliyi deyil, həm də mənəvi-əxlaqi keyfiyyətləri də onu bütöv insan kimi səciyyəsini tamamlayır. Məsələn, Mətin dostu Cəlalın vaxtsız ölümünə göz yaşları tökür, onun vəsiyyətini  oxuyanda sarsılır.

 Romanda daha bir qəhrəman komandir-döyüşçü obrazı ilə qarşılaşırıq. Bu, Canpoladdır.O, döyüşlərin birində ağır yaralanır. Bilir ki, ömrü uzun çəkməyəcək. Qisas hissi ilə yaşayır və məqam gözləyir ki, düşməndən intiqam alsın. Belə bir məqam isə yetişir, düşmənlərin yerləşdiyi hissəyə tək gedir: «Sürünə-sürünə, az qala torpağı yalaya-yalaya erməni kapitan (onu əsir götürmüşdü) Canpoladı  öz postlarının yaxınlığına  gətirib çıxartdı. Canpolad hiss etdi ki erməni kapitanın köməyit olmadan da, artıq özü hərəkət edə bilər, demək, kapitanın da öz payını almaq vaxtı gəlmişdi.». Beləcə, Canpolad əsir götürdüyü erməni kapitanı qətlə yetirir. «Qəfil dəhşətli partlayış erməni kapitanı parça-parça edib ətrafa səpələdi. Ətrafında olan onlarla  əsgər cəsədi də  parçalanmış halda yerə sərildi… Canpolad sağ qalan, ortalıqda gəzişən erməniləri atəşə tutmağa başladı. Qəfil açılan atəş onları lap pis vəziyyətə saldı….Beləcə bir neçə dəqiqə atışma getdi, xeyli erməni öldürüldü» Amma bu  vuruşda Canpolad özü də həlak olur. Köməyə gələn döyüşçülərimiz Canpoladın sağ qalmış əzalarını yığıb ərazidən uzaqlaşırlar. «Yol boyu Canpoladın faciəli  faciəli ölümü, ağlasığmaz qəhrəmanlığı hamını riqqətə gətirirdir»ə…Onun  son məktubda yazdığı sözlərə diqqət yetirin: «Əzabla, sizin əziyyətiniz bahasına yaşadığım mənim üçün tənəli ömürdənsə, şərəfli ölümü hər şeydən üstün tuturam». Doğrudan da, bu ölüm  həyat qədər dəyərlidir…

  Birinci Qarabağ müharibəsi neçə belə igid, cəsur qəhrəmanlar  yetirdi, adı-soyadı məlum olan bu qəhrəmanlar bizə məlumdur, amma bizə məlum olmayanları da var və Ş.Aranlı yaratdığı bədii obrazlarla onları bizə təqdim edir. Əslində,  o  müharibədə –özü də son dərəcə çətin, qüvvələr nisbəti bərabər olmadığı bir şəraitdə qəhrəmanlıq ölümə meydan oxumaq qədər şərəfli idi.  Romanda təsvir olunan Elpolad, Şahin, Afiq, Cəsur real həyatdan bədii əsərə gəlmişlər.  Elpolad  kənddə idman müəllimi işləyib, hərbi sahədə də az-çox səriştəsi vardı.Müharibə başlayanda o, öz cəsarəti, igidliyi ilə kəndin cavanlarını ruhlandırır. Bütün roman boyu biz onu qorxmaz və cəsur bir döyüşçü-komandir kimi görürük.

  Əlbəttə, müharibədən, yurd həsrətindən söz açan bir romanda sevgi xətti də nəzərdən qaçmır. Epik lövhələri lirik səhnələr əvəz edir. Qorxmazla Pərvanənin nakam məhəbbəti doğrudan da oxucunu sarsıdır. Amma Mətinlə Nərminin, Şahinlə Zərifin sevgisi müharibə gəncliyinin saf, səmimi duyğularından xəbər verir. Təsəvvür edin, Mətin də, Şahin də öz sevdiklərindən ayrı düşürlər, amma sevdiklərinə sadiqdirlər. Mətinin Nərminə yazdığı məktuba diqqət yetirin: «İndi sənə məktubu rəsmi nişanlanmasaq da, ürək nişanlısı kimi ürəklə yazıram. Və bu gün mənim üçün həmişə də  ömür təqvimimə yazılan əziz gün olacaq. Gün o gün olsun, müharibə qurtarsın. Allah qoysa, toyumuzu da elə həmin gün edərik. Sağlıq olsun, o günün həsrəti ilə görüşənəcən».

 Hər hansı bir romanda  mənfi obrazlar da diqqət mərkəzindədir, çünki bunsuz romanın konflikti, mübarizə aparan qüvvələrirn münasibəti aydınlaşmaz.  «Yurd həsrəti»ndə biz düşmən obrazları ilə qarşılaşmırıq, ancaq bunu müəllifə irad tutmaq olmaz. Çünki əsər boyu mənfur düşmənin törətdiyi vəhşiliklərdən söz açılır. Və əlbəttə, bizim döyüşçülərin düşmənə ağır zərbələr endirməsi və onların miskinliyi, qorxaqlığı da diqqətdən yayınmır.

  Müharibə dövrü Vətənə xəyanət ən böyük cinayət sayılır. Erməni üçün işləmək erməniləşmək deməkdir. Romanda Bəhram Məmişov deyilən bir obraz  təsvir olunur. Sovet dönəmində Bəhram Məmişov Yerevanda iki illik hərbi xidmətdə idi. O, Anuş adlı bir erməni qızıyla «xoş günlər, gecələr» yaşayır və bu da xəyanətin ilk pilləsi olur, belə ki, Anuşun qardaşları –Samvellə Manvel  və «dyadya  Baqdan» onu ələ alırlar. Pulla şirnikləşmə, türklərin əleyhinə təbliğat get-gedə onun ermənilərə xidmət etməsinə gətirib çıxarır. Azərbaycan ordusunda xidmət edəndə də ermənilərin ona ötürülən tapşırıqlarını yerinə yetirir, özü kimi xain xislətli Səlim Səmədovu da ələ alır. Əlbəttə, Bəhram Məmişovu təkcə iradəsiz bir adam hesab etmək olmaz, qorxaq da.. Onun içində xəyanət duyğusu olmasaydı, ermənilərə satılmazdı. Təbii ki, müharibədə belələri də olur. Amma Bəhram Məmişov öz cəzasını alır.

  Romanda nəzərə çarpan bir məziyyəti də qeyd edək. O da bundan ibarətdir ki, əsərdə milli kolorit, xalqın etik-etnoqrafik həyat tərzi, adət-ənənələri də nəzərdən qaçmır. Mərdanlı kəndinin camaatı əsl azərbaycanlı xarakterinə malikdirlər. Hüzr səhnəsində bunu görürük. Kənd camaatı çətin, ən ağır vəziyyətdə də bir-birinə maddi və mənəvi dayaq olurlar. Əsərdə iki obraz var ki, onlar xalq mənəviyyatını, yaşarı ənənələri özlərində əks etdirirlər, biri Cahangir müəllimdir, biri də Gövhər xala.

 Romanın son fəsillərində kahaya sığınmış və ordan xitlas olmaq istəyən mərdanlıların taleyindən söz açılır. Bunlar Afiq, Cəsur, Həsənxan kişi, Gövhər xala və başqalarıdır. Afiqlə Cəsurun səyi ilə kahadakılar bizimkilərə çox çətinliklə olsa da, yetişirlər. Və roman bu yerdə-445-ci səhifədə başa çatır. Amma bu hələ I hissədir, yəqin ki, II hissədə müəllif hadisələrin sonrakı davamını, obrazların sonrakı taleyini də izləyəcək.

 Müəllifə bu yolda uğurlar arzulayaq!

TƏQVİM / ARXİV