25 Oktyabr 2025 11:45
99
SİYASƏT

“Ədalətdən danışan dünyanın bir çox ölkələri buna göz yumsa da...”

“25 Oktyabr – Qubadlı şəhəri günüdür. Bu günə necə gəlinib? Bilməkdən ötrü tarixə nəzər yetirmək faydalıdır. Əhalisi təxminən 38 min nəfər, ərazisi  802 kvadrat kilometr, qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə sərhəddə yerləşən, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə qonşu,  əhalisinin əsasən əkinçilik və heyvandarlıqla məşğul olduğu Qubadlı rayonu 1993-cü il avqustun 31-də təcavüzkar Ermənistan tərəfindən tamamilə işğal edildi. İşğalın ağır nəticələri oldu. Sakinlər məcburi köçkünə çevrildilər, yaşayış məntəqələri və tarix-mədəniyyət abidələri dağıdıldı.  İşğalçılıq siyasətini davam etdirən Ermənistanın rayon ərazisində xaricdən gətirilən erməniləri yerləşdirilməsi beynəlxalq konvensiyaları pozması, cinayətkar hərəkət idi”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib. 

 O bildirib ki, ədalətdən danışan dünyanın bir çox ölkələri buna göz yumsa da, Azərbaycan milləti və dövləti işğalla barışmadı:

“44 günlük Vətən müharibəsindin gedişində, oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Qələbənin Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə əbədiləşdirilməsi – 25 oktyabrın Qubadlı şəhəri günü kimi elan edilməsi əhəmiyyətinin gələcək nəsillərə ötürülməsi və tarixi yaddaş baxımından önəmlidir. Millət tarixini heç bir zaman unutmamalıdır. Qubadlıda uzun illərdən sonra 2020-ci il dekabrın 23-də Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin dövlət bayrağımızı ucaltması qürurverici idi.  Şəhidlərimizin ruhu şad olurdu. Vətən torpağı uğrunda həlak olan şəhidlərimizi Allah rəhmət etsin! Dövlət başçımızın Qubadlıya səfərləri yaşayış məhəlləsinin, şəhərdə inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb, 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, bir neçə kəndin  təməlqoyma, doğma torpaqlarında müasir evlərə və mənzillərə planlı şəkildə qaytarılmış keçmiş məcburi köçkünlərlə  görüşlər və yeni obyektlərin açılması mərasimlərilə yadda qaldı. Quruculuq işləri planlı şəkildə davam etdirilir. Şəhər günümüz mübarək olsun!”.

Vasif ƏLİHÜSEYN