24 Oktyabr 2025 16:41
130
MƏMLƏKƏT

Xəzər sahilinə qonmuş İtaliya: Bakının “Kiçik Venesiya” şəhərciyi

Bakı sakinləri və şəhərin qonaqları buranı yaxşı tanıyırlar.  Dənizkənarı bulvarda, Xəzərin sahilində sehirli bir guşə var: “Kiçik Venesiya”. Qayıqların sakitcə üzməsi, mərmər su kanalları, tağlı körpülər və məşhur Venesiya üslubunda tikililər bu gözəl məkanı Aralıq dənizinin mavi nəfəsinə bağlayır.

“Xəzər Venesiyası” layihəsi ötən əsrin 60-cı illərində Bakı Şəhər İcraiyyə Komitəsinin sədri olmuş Əliş Ləmbəranskiyə məxsusdur. O, İtaliya səfərindən sonra bu şəhərin cazibəsinə valeh olmuş, Bakıya qayıdan kimi öz “Kiçik Venesiya”sını yaratmaq qərarına gəlmişdi. Layihə Dənizkənarı bulvarın mərkəzində reallaşdırılmışdı. Bakının “Kiçik Venesiya”sı o dövr üçün Sovet İttifaqında analoqu olmayan bir mədəniyyət nümunəsi idi. 

Hələ o zamanlardan burada kanallar boyunca gəzinti yerləri salınmış, ağaclar əkilmiş, kafelər və restoranlar açılmışdı. Qonaqlar qayıqlarla gəzintiyə çıxa, tağlı körpülərdə romantik görüşlər keçirə, istədikləri qədər əylənə bilirlər.  

Sovet hökuməti dağıldıqdan sonra “Kiçik Venesiya” tədricən baxımsız vəziyyətə düşdü. Kanallar çirklənmiş, tikililər köhnəlmiş, sökülüb dağılmışdı. 2011-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə kompleksin bərpasına start verildi. Cəmi bir il ərzində yenilənmiş “Kiçik Venesiya” öz gözəlliyini daha böyük və əzəmətli şəkildə qaytardı. Bu qeyri-adi şəhərcik, artıq bulvarımızın ən gözəl yerlərinin birinə çevrilib. “Kiçik Venesiya”nın dolanbac mavi sularında ensiz, uzun - əsil İtaliya qayıqları ilə hər gün gəzintiyə çıxmaq mümkündür.

Körpüaltı kanallarda qayıq gəzintisinin ümumi uzunluğu 1350 metr, suların dərinliyi isə 1,3 metrdir. “Kiçik Venesiya”nın ümumi sahəsi on hektara yaxındır. Rəqəmləri yazmağa başladıqsa, qeyd edək ki, burdakı kanallar 7 min kubmetr təmiz su ilə doldurulub. Son bərpa işləri zamanı ətraf ərazi xüsusi zövqlə abadlaşdırılıb, körpülərin üzü mərmərlə bərpa olunub, buraya aid olan binalar isə tarixi üslubda yenidən restavrə edilib.

Xəzərin mehi, kafe-restoranlarından dalğalanan canlı musiqi sədaları və uzun İtaliya qayıqlarının sakit hərəkəti bu yeri şəhərin ən romantik məkanlarından birinə çevirib. 
 

Murad Köhnəqala