adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Sentyabr 2021 11:49
1609
GÜNDƏM
A- A+

Oxçuçay problemi dünya gündəmində: İtaliya, İordaniya, İsrail, ABŞ və Britaniyadan sonra Moldova mediası...

44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında nəinki tək Azərbaycan xalqına eləcədə dünya xalqlarına qarşı hər zaman terrorçuluq əməlləri həyata keçirən ermənilərin beynəlxalq aləmə qarşı yeni terrorçu hərəkəti faktlarla təsdiqini tapıb. 30 ildir ermənilər tərəfindən qəsdən çirkləndirilən Oxçuçay artıq dünya mediasının gündəminə oturub.


Əvvəlcə qeyd edək ki, ötən gün Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb.

 

 Moldava  mediasında Oxçuçay problemi


Adalet.az xəbər verir ki, Moldovanın aparıcı “Tribuna” xəbər portalı Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə məqalə yayıb. Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, məqalədə qeyd edilir ki, ölkənin sərhəd çaylarının azərbaycanlı ekoloqlar tərəfindən monitorinqi zamanı məlum olub ki, Ermənistandakı bəzi sənaye müəssisələrinin kimyəvi tullantıları, Qacaran və Qafan zavodları tərəfindən ağır metalların, sənaye tullantılarının təmizlənmədən çaya axıdılması çay faunasını, ekosistemi məhv edir və insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.


Bildirilir ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması Azərbaycanın əkin sahələrinin suvarılmasına və içməli su təminatına olduqca mənfi təsir göstərir.
Məqalədə vurğulanır ki, Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında beynəlxalq və yerli laboratoriyalar tərəfindən götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib.
Eyni zamanda, məqalədə çaylarının böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistanın hələ də Transsərhəd Su hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmadığı təəsüflə qeyd olunur, Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsinə dair aidiyyatı qurumların məlumatlandırıldığı və bunun qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edildiyi bildirilir.

 

Oxçuçay dünya mediasında

 

İtaliyada fəaliyyət göstərən “Politicamentecorretto.com” saytında qeyd edilib ki, Azərbaycan tərəfi bu ekoloji cinayətə görə Ermənistandan ciddi şəkildə cavab tələb edib, rəsmi İrəvanın bu ekoloji cinayətini dünya ictimaiyyətinin nəzərinə çatdırıb və Oxçuçay cinayətinə cavabdehlik daşıyanlardan biri olan Cronimet şirkətinə görə Almaniya hökumətinə müraciət edib.

 

Böyük Britaniyanın “Dawn” xəbər portalında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə çayda çirklənmə səviyyəsinin yüksək olduğu, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsinin son dərəcə mənfi təsirlərə səbəb ola biləcəyi bildirilir.

 

Bolqarıstanın aparıcı an “Fokus” və “Cross” xəbər agentlikləri, nüfuzlu “24 Saat” və “Standart” qəzetləri Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə silsilə məqalələr yayıb. Yazılarda Ermənistanın iri mədən müəssisələrinin Oxçuçayın mənbəyində yerləşməsinin onun çirklənməsinin əsas səbəbi olduğu bildirilir. Vurğulanır ki, ağır metalların tullantılarının çaya axıdılması təkcə onun canlı aləmini və ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.

 

İordaniyanın nüfuzlu “Neyruz” və “Əl Ənbat” qəzetlərində Oxçuçaya həsr olunmuş məqalələr dərc edilib. məqalələrdə ölkəmizin Zəngilan rayonu ərazisindən keçən, məişət və kənd təsərrüfatında su mənbəyi kimi istifadə edilən Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkəti tərəfindən törədilən ekoloji cinayət barədə ətraflı məlumat verilib. Dəhşətli ekoterrorun indiyədək davam etdirilməsinə diqqət cəlb olunub.

 

İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Mina sahələrinin xəritələri müqabilində Azərbaycan 15 erməni təxribatçını azad edib” sərlövhəli məqalə dərc olunub. Həmin məqalədə jurnalist Şmuel Dan Elmas qeyd edir ki, Araz çayının sol qolu olan Oxçuçay mənbəyini Zəngəzur sıra dağlarının Qapıcıq dağından (3285 metr) götürür. Məqalə müəllifi qeyd edir ki, Oxçuçayın suyunun rəngi vaxtaşırı dəyişərək gah ağ rəngdə, gah da sarı turşu rəngində olur. Jurnalist məqalənin sonunda yazır: 

“2021-ci ilin mart ayında Oxçuçayın suyunda dəmir, mis, nikel, molibden və digər ağır metalların çox olması nəticəsində alabalıq növünün kütləvi şəkildə qırılması qeydə alınıb”.

 

ABŞ-ın Texas ştatının "https://texas.statenews.net" xəbər portalında Oxçuçayın çirkləndirilməsindən bəhs edən “Greenpeace” və “CRONIMET” ekoloji fəlakətin yaşandığı çaya göz yumur" sərlövhəli məqalə yerləşdirilib.


Bütün yazılarda Ermənistanın iri mədən müəssisələrinin Oxçuçayın mənbəyində yerləşməsinin onun çirklənməsinin əsas səbəbi olduğu bildirilir. Vurğulanır ki, ağır metalların tullantılarının çaya axıdılması təkcə onun canlı aləmini və ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə  təhlükə yaradır.


 Əntiqə Rəşid