adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2026 12:59
49
DÜNYA
A- A+

Payızın qızılı rənglərindən qışın ağ örtüyünə: Türkiyəni qatarla kəşf edin

Möhtəşəm mənzərələr, bir səfər çərçivəsində bir neçə məkanı kəşf etmək imkanı və səyahətə tələsmədən, hər anın zövqünü çıxararaq yanaşmaq istəyənlərin sayı artır. Rahatlığı ekoloji baxımdan daha məsuliyyətli nəqliyyat vasitəsi ilə birləşdirən qatar səyahətləri insanlara gündəlik həyatın sürətindən uzaqlaşmaq, yolboyu dəyişən mənzərələri və yerli həyat tərzini yaxından tanımaq imkanı yaradır. ABTA-nın (Britaniya Səyahət Agentlikləri Assosiasiyası) son araşdırması da bu marağın artdığını təsdiqləyir. Belə ki, 18–24 yaşlı gənclər arasında qatarla səyahət edənlərin payı 2023–2025-ci illər ərzində iki dəfədən çox artaraq 5 faizdən 12 faizə yüksəlib. Eyni zamanda, gənclərin 12 faizi 2026-cı ildə də qatarla səyahət etməyi planlaşdırır.

Mənzərəli dəmir yolu marşrutları, rəngarəng təbiəti, zəngin mədəni irsi və özünəməxsus mətbəxi ilə Türkiyə bu cür kəşflər üçün ideal istiqamətlərdən biridir. Payızın rəngləri və yaxınlaşan qış mövsümü ölkə boyunca qatar səyahətlərinə xüsusi gözəllik qatır, həm gənc səyyahları, həm də dəmir yolu həvəskarlarını daha sakit və zövqlü səyahətə dəvət edir. Məşhur Turistik Şərq Ekspresindən tarixi Karaelmas Ekspresinə qədər uzanan bu marşrutlar qatar səyahətinin nostalji ab-havasını möhtəşəm təbiət mənzərələri, regional təamlar və az tanınan məkanların kəşfi ilə bir araya gətirir.

Şərqə doğru qış nağılı: Turistik Şərq Ekspresi

Türkiyənin ən məşhur və sevilən dəmir yolu marşrutlarından biri olan Turistik Şərq Ekspresi Ankaranın tarixi dəmir yolu vağzalından yola düşərək Kırıkkale, Kayseri, Sivas, Ərzincan və Ərzurumdan keçir, sonda isə Qars şəhərinə çatır. Səyahət boyunca sərnişinləri qarla örtülmüş mənzərələr müşayiət edir. Qatarın yataq vaqonlarında sərnişinlər öz kupelərini bəzəyərək rahat və bayram ab-havalı istirahət məkanına çevirir, yemək vaqonu isə süfrə arxasında söhbət etmək, isti içkilərdən zövq almaq və pəncərədən açılan mənzərələri seyr etmək üçün əlverişli şərait yaradır.

2026–2027-ci il mövsümündə Ankara–Qars istiqamətində qatar reysləri 21 dekabr 2026-cı il – 10 mart 2027-ci il tarixlərində, əks istiqamətdə isə 23 dekabr 2026-cı il – 12 mart 2027-ci il tarixlərində həyata keçiriləcək. Şərq istiqamətindəki səyahət zamanı nəzərdə tutulan dayanacaqlar sərnişinlərə Fərat çayı boyunca yerləşən Ərzincanı kəşf etmək üçün 2,5 saat, cağ kababı ilə məşhur Ərzurum şəhərini gəzmək üçün isə 3,5 saat vaxt verir. Marşrutun son dayanacağı olan mənzərəli Qars şəhərində isə Ani qədim şəhəri, donmuş Çıldır gölü və Sarıqamış Xizək Mərkəzi ziyarətçiləri gözləyir.

Geri dönüş səfəri də maraqlı kəşflərlə zəngindir. İliçdə möhtəşəm Qaranlıq Kanyon (Dark Canyon) və Kemaliyenin ənənəvi daş evləri, Divriqidə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, daş üzərində oyma sənətinin nadir nümunəsi sayılan Divriqi Ulu Məscidi və Darüşşifası, Sivasda isə şəhərin tarixi mərkəzi ilə tanış olmaq mümkündür. Səyahət paytaxt Ankarada başa çatır. Frigiyalılardan müasir Türkiyə Respublikasına qədər uzanan zəngin sivilizasiya tarixinin izlərini daşıyan Ankara bu dəmir yolu macərasının son nöqtəsinə çevrilir.
Qərbi Qara dəniz bölgəsinə fərqli səyahət:

Turistik Karaelmas Ekspresi

Türkiyənin şərqindəki qarla örtülmüş mənzərələrdən sonra dəmir yolu macərası qərbə doğru davam edir. Bu dəfə sərnişinləri Qərbi Qara dəniz bölgəsinin payız rəngləri və tarixi şəhərləri Karaelmas Ekspresi ilə tanışlıq gözləyir. 2025-ci ildə turistik marşrut kimi fəaliyyətə başlayan qatar Ankara ilə Zonquldağı birləşdirərək bölgənin təbiətini, mədəni irsini və sənaye tarixini kəşf etmək imkanı yaradır. Marşrut Kalecik, Çankırı, Çerkeş və Yenice kimi mənzərəli məntəqələrdən keçərək Qərbi Qara dənizin İstanbul yaxınlığında yerləşən, zəngin yaşıllıqları və kömür mədənçiliyi tarixi ilə seçilən incisi Zonquldağa çatır.

Oktyabrın 2-dən etibarən yenidən fəaliyyətə başlayan Karaelmas Ekspresi payız mövsümündə nostalji dolu səyahət təklif edir. Ankara–Zonquldağ istiqamətində reyslər noyabrın 13-dək hər cümə günü həyata keçirilir. Marşrut üzrə Yenice şəhərində xüsusi gəzinti dayanacağı da nəzərdə tutulub. Əks istiqamətdə reyslər isə oktyabrın 3-dən noyabrın 14-dək hər şənbə günü təşkil olunur. Bu səfər zamanı sərnişinlər Çankırı və Kalecikin tarixi ab-havası ilə tanış olmaq imkanı əldə edirlər.

Daha qısa müddətli, lakin yerli mədəniyyət və ənənələrlə zəngin dəmir yolu səyahəti axtaranlar üçün Xüsusi Turistik Duz Ekspresi maraqlı seçimdir. Anadolunun mərkəzi Ankara ilə duzun paytaxtı hesab edilən Çankırını birləşdirən bu qatar 2024-cü ildə fəaliyyətə başlayıb. Dörd vaqondan ibarət ekspres 28 noyabr 2026-cı ilədək hər şənbə günü eyni gün ərzində gediş-dönüş səfərləri təklif edir. Yol boyunca açılan dağ mənzərələri və dolanbac çaylar səyahətə xüsusi gözəllik qatır. Canlı musiqi və qatarın qılıncdişli pələng obrazındakı maskotu isə müxtəlif yaş qruplarından olan sərnişinlər üçün səfəri daha əyləncəli edir. Çankırıya çatdıqdan sonra ziyarətçilərin əsas diqqətini füsunkar Yeraltı Duz Mağarası cəlb edir. Bununla yanaşı, Tarixi Camaşırxana Muzeyi, Çankırı Regional Mətbəx və Mədəniyyət Evi, eləcə də Çankırı Muzeyi şəhərin özünəməxsus irsini yaxından tanımaq imkanı yaradır. Bütün bu kəşflərdən sonra sərnişinlər yenidən Ankaraya qayıdırlar.
Bu marşrutlar Türkiyənin zəngin dəmir yolu səyahəti imkanlarının yalnız kiçik bir hissəsini əks etdirir. Qarlarla örtülmüş dağlardan sıx meşəli vadilərə, tarixi şəhərlərdən rəngarəng təbiət mənzərələrinə qədər ölkənin dəmir yolu xətləri Türkiyənin müxtəlif bölgələrini, mədəni irsini və yerli həyat tərzini kəşf etməyə şərait yaradır. Hər dayanacaqda regional mətbəxin ləzzətləri və yerli insanlarla ünsiyyət isə səyahətə əlavə rəng qatır. İstər birgünlük gəzinti, istərsə də Anadolu boyunca daha uzunmüddətli macəra olsun, Türkiyəni qatarla kəşf etmək səfərin özünü də çatacağınız məkan qədər yaddaqalan edir.