Əməkdar artist: “İşsiz olmağımdan həmkarlarımın xəbərləri yoxdur”
“Teatr festivalı teatrın bayramı deməkdir.İnsanların bir neçə ölkələrin tamaşalarını izləmək şansı olur. Arzu edərdim ki, doğma vətənimizdə də belə festivallar tez- tez olsun. Əlbəttə, yaradıcı insan belə tədbirlərdən zövq alır. Ankarada keçirilən 18-ci “Ethos” beynəlxalq teatr festivalına fəxri qonaq kimi dəvət olunmuşdum. Orada ölkəmizi yeganə olaraq mən təmsil edirdim. Həmin festivalda mənə necə böyük dəyər verilidyini gördüm. Bu diqqət bir aktyor kimi məni məmnun etdi. Aktyor dövlətdən dəyər, tamaşaçıdan isə diqqət görəndə özünü xoşbəxt hesab edir. Bu doğrudan da belədir.
Festivalın açılış poqramında Almaniya, Türkiyə ilə yanaşı mənim də səhnə çıxışım oldu. Mən həmin festivalda Əməkdar artist Qurban Məsimovun müəllifi və rejissoru olduğu “Maneə” tamaşası ilə tamaşaçıların qarşısına çıxdım. Orda həmin tamaşanı tamaşaçıların böyük zövqlə izlədiyini əminliklə deyə bilərəm. Tamaşadan sonra mənə festivalın fəxri qonağı mükafatını təqdim etdilər. Mən bu mükafatı təkcə öz adıma deyil, düşünürəm ki, bütün Azərbaycan adına aldım”.
Bu sözləri Adalet.az-a açıqlamasında Əməkdar artist Elman Rəfiyev deyib. Aktyor artıq 2 ildir yaradıcılarından biri olduğu Dövlət Pantomima Teatrından ayrıldığını söyləyib:
“Düşünürəm ki, aktyorun ən çox istirahət etdiyi məkan səhnədir. Razıyam, aktyor orda yorula bilər, tükənə bilər, bəzən usana bilər. Ancaq bütün bu çətinliyin içindən sənətçi özünü yenidən kəşf edir. Təsəvvür edin, ömrünü teatra həsr edən bir adam, öz həmyaşıd həmkarları ilə əl-ələ verib teatr yaradan bir adam indi işsizdir. İllərini bu sənətə həsr etmiş adamın birdən- birə səhnəsiz qalması onun mənəvi faciəsi deməkdir.
Bundan da pis məqam odur ki, digər teatrların Elman Rəfiyevin işsiz qalmasından xəbərləri yoxdur. Hansı həmkarım bu xəbəri eşidirsə, deyir ki, bilməmişik. İndi xəbərimiz olur. Halbuki dəfələrlə mediada bu barədə yazılar dərc olunub. Burdan belə qənaetə gəlmək olar ki, incəsənət adamları da bir kənara çəkilirlər. Artıq onlar da kənarda baş verənlərlə maraqlanmaq istəmirlər.
Bu xəbəri eşidənlərdən yalnız Firudin Məhərrəmov məni Sumqayıt Dövlət Dram Teatrında işləməyə dəvət etdi. Lakin yaşayış yerimlə bağlı həmin teatrın dəvətini qəbul edə bilmədim. Onun bu təklifini yüksək qiymətləndirib, ona təşəkkür etdim.
Mən olduqca işgüzar aktyoram. Sözün əsl mənasında peşəsini sevən sənətçiyəm. Mən özümə dəyər verirəm, çünki kim olduğumun fərqindəyəm. Yaşıdlarım arasında canlı əfsanəyəm. Çünki ömrünün cavan çağında bir dövlət teatrının yaradıcılarından biri olmaq hər aktyorun bacaracağı iş deyil. O teatrda çalışdığım illər ərzində onlarla ölkədə Azərbaycanı təmsil etdim.
Pantomima teatrından ayrılanda təxminən 2-3 saat mənim üçün ağır gəldi. Ondan sonra hər şeyi zamanın axarına buraxdım. Çünki zaman ən gözəl xəlbirdir. Çox insanları və bir çox hadisələri zaman öz ələyindən keçirib.
E.Rəfiyev fəxri adların ləğv olunması ilə bağlı da fikrini bildirib. Aktyorun fikrincə, bu kimi adlar sənətçilərin stimul mənbəyi hesab olunur:
“Əlbəttə, bu zaman ərzində məşğuliyyətsiz qalmadım. Ramiz Həsənoğlu məni AzTv-yə “Fatehlərin divanı” serialına kasting rejissoru kimi dəvət etdi. Ancaq onu deyim ki, insan hardan qazanc əldə edirsə etsin, dövlətdən aldığı aylıq gəlir olmayınca bütün qazandığı maddi vəsaiti yetərsiz hesab edirəm.
Sözsüz ki, bu illər ərzində dövlətdən maddi və mənəvi dəstək görmək mənə bir aktyor kimi stimul verib. Cənab prezident İlham Əliyev məni mənzillə təmin etdi, Respublikanın Əməkdar artisti fəxri adına layiq görüldüm.
Sonra aidiyyatı qurumlar bildirdi ki, “xalq artisti” fəxri adı ləğv olunsun. Bu fəxr adlar sənət adamı üçün böyük stimuldur axı. Bu adların ləğv olunmasının birbaşa əleyhinəyəm. Axı aktyor səhnəni sevir, həyatını mənəvi dəyərlərə bağlayır. Böyük məbləğdə maddiyyat qazana bilmir. Düşünür ki, dövlət də onun qayğısına qalacaq. Düşündüyünü zamanla görməyəndə sarsılır. “Xalq artisti” adına layiq görülmək yaşıdlarım arasında mənim də haqqım idi. Mən bunu qazanacaq qədər əziyyət çəkmişdim. Amma o ad mənə verilmədi.
Xalq artisti Afaq Bəşirqızının ölkə başçısı ilə məlum məşhur çıxışından sonra aktyorların əmək haqqıları qaldırldı. Ancaq bununla yanaşı, hər şeyin qiymətində yüksəliş oldu axı.
Çox inanıram ki, doğma vətənimizdə aktyorlar da rahat şəraitdə yaşayacaqlar. Ömrünü sənətə, səhnəyə, tamaşaçıya həsr edən sənətçilərin ən böyük haqqı budur”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
19 Noyabr 2026 07:37
Van Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
18 Noyabr 2026 11:37
Aktyor: “Elə bilirdim ki, Azərbaycan kinosunun xilası olacam”
18 Noyabr 2026 11:17
Xaliq Tağıyev: “Heç bir qadın atamın şıltaqlığına dözməzdi”
18 Noyabr 2026 10:54


Bakı -°C

