GÜVƏNC YERİMİZ – GƏNCLİYİMİZ!
Hər bir ölkənin, hər bir xalqın etibar etdiyi, söykəndiyi və güvəndiyi qüvvələr var. O qüvvələrdən biri də gənclərdir. Təbii ki, bu gənclərin vətənpərvərlik ruhunda yetişməsi, böyüməsi və inkişaf etməsi üçün həm bağça, həm məktəb, həm də ailə öz borcunu yerinə yetirməlidir. Yəni gəncliyə gedən yol uşaqlıqdan, yeniyetməlikdən başlayır. Bu müddətdə onların təlim-tərbiyəsi, əxlaqı, savadı və eləcə də cəmiyyətə inteqrasiya olunması birmənalı olaraq diqqət mərkəzində saxlanılmalıdır. Əgər adını çəkdiyimiz bu üç tərəfin birində zəiflik olarsa, istər-istəməz həmin gənclərin həyat tərzində və tərbiyəsində müəyyən boşluqlar yaranır. Bu isə o deməkdir ki, həmin gənclər cəmiyyətə və həyata tam, bütöv formada hazırlana bilmir.
Azərbaycan gəncliyi haqqında söhbət düşəndə bir çox insanlar ağızlarını büzürlər. Onlar deyirlər ki, indiki gəncliklə əlli il bundan əvvəlki gəncliyin arasında yerlə-göy qədər fərq var. Bəlkə də bu fərq hiss olunur, amma əsas məsələ ondan ibarətdir ki, hər dövrün gəncliyinin qarşısında çox böyük çətinliklər, problemlər və digər sıxıntılar mövcud olur. Gəncliyi isə bu çətinliklərə, bu problemlərə alışdırmaq, hazırlamaq bayaq dediyimiz kimi, həm bağçanın, həm məktəbin, həm də ailənin vəzifəsidir. Heç kim dünyaya gələndə savadsız, tərbiyəsiz və cahil doğulmur. Onu cahil və savadsız edən pozğun həyat tərzinə yuvarlandıran mövcud cəmiyyətdir. Gərək cəmiyyət sağlam olsun ki, orda yetişən insanlar da normal, əxlaqlı, savadlı və dünyagörüşlü yetişsin.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətə çox yüksək səviyyədə inteqrasiya olunub. Onların həm vətənpərvərlik hissləri, həm dünyagörüşləri, həm də həyata baxışları demək olar ki, çox normaldır. Təbii ki, bu gəncləri də cəmiyyətimizə və həyatımıza hazırlayan və inteqrasiya edən qüvvələr var.
Hər bir gəncin dilini tapmaq, onunla ünsiyyət qurmaq, daha doğrusu, boş damarını tutmaq müəllimlərin və ailənin qarşısında duran prioritet vəzifələrdəndir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru İlqar Hüseynov deyir ki, mən həmişə tələbələrimə güvənmişəm. Ona görə güvənmişəm ki, auditoriyaya girib mühazirə oxuyanda bir tələbənin belə fikrinin başqa yerdə olduğunu görməmişəm. Onların mənim mühazirəmə olan böyük həvəs və diqqəti bir müəllim kimi məni çox ruhlandırıb. Görmüşəm ki, tələbələrim mühazirələrimə sevgi ilə yanaşır, oxuduğum mövzunu sonradan öyrənir və seminarlarda ətraflı şəkildə gəlib danışırlar. O gənclərin hər biri Azərbaycanın və dövlətimizin gələcəyidir desəm, yanılmaram.
Mənim bir tələbəm vardı, hiss olunurdu ki, kasıb ailədən çıxıb, geyimi-geçimi o qədər də yaxşı deyildi. Bir gün elə oldu ki, onunla bir dost olaraq söhbət elədim. Çünki dərslərini əla oxuyurdu, əxlaqlı idi və nizam-intizama əməl edirdi. Məlum oldu ki, həmin gənc çox erkən yaşlarında ata-anasını itirib, iki bacı və bir qardaşına böyüklük edib, onları böyüdüb, orta məktəbdə oxudub, yedirdib-içirdib və geyindirib. Həmin tələbəm gecələr işləyir, gündüzlər isə dərsə gəlirdi. Bakalavrı da qurtardı, magistraturanı da. Sonra da vəzifə pillələri ilə yüksəldi. İndi çox məsul bir vəzifədə çalışır. Həmişə də mənə böyük hörmətlə yanaşır. Dəfələrlə qəbuluna getmişəm, məni sevgi ilə qarşılayıb, heç bir problemim olmayıb, sadəcə olaraq, görmək istəmişəm ki, həmin adam dəyişib, yoxsa dəyişməyib. Görmüşəm ki, yox, elə həminki sadə, səmimi və vətənpərvər bir gəncdir. Təbii ki, elə belə də olmalı idi. Çünki hər cür çətinliklər, sıxıntılar, çətin həyat tərzi yaşamış insanlar heç vaxt həmin günləri yaddan çıxarmırlar. Sadəcə olaraq, həyatın çətin sınaqları, imtahanları onları bərkə-boşa salır, daha mətin və daha güclü yetişməsinə kömək edir.
Professor bizimlə söhbətində onu da dedi ki, mənim belə tələbələrim çoxdur. Heç yadımdan çıxmaz, İkinci Qarabağ savaşı başlayanda əlliyə yaxın tələbəm könüllü surətdə səfərbərlik idarələrinə müraciət edib döyüşməyə getmək istəyirdilər. Bir neçə nəfəri getdi, amma əksəriyyətini Səfərbərlik idarəsi müharibəyə aparmadı. Universitetimizin bir neçə qəhrəman tələbəsi Qarabağın azad olunması uğrunda döyüşlərdə yeni tarix yazdı. Onların eləsi vardı bizim məzunumuz idi, eləsi də vardı hələ tələbə adını daşıyırdı. Mən bu gün yenə bir alim-ziyalı kimi universitetdə dərs dediyim qızlarımızdan da razıyam. Onlar Vətən üçün, xalq üçün çox gərəkli bir gənclərdirlər. Oxumaqlarına, dünyagörüşlərinə və savadlarına söz ola bilməz. Amma ondan da yuxarıda duran həmin qızlarımızın mətanəti, vətənpərvərliyi və millətsevərliyidir.
Mən bu mövzularda tələbələrimlə söhbət edəndə onların gözlərindəki, ürəyindəki vətənpərvərlik hisslərini, millətsevərliyini görüb çox sevinirəm. Ən azından ona görə ki, gələcəyimiz, daha doğrusu, sabahımız belə gənclərin əlində olacaq. Heç şübhəsiz, biz estafeti onlara verməliyik. Amma estafeti də verəndə gərək elə bir gəncliyə verəsən ki, keçmiş tarixi ənənələrimizi və qəhrəmanlıq salnamələrimizi yaşatmaqla yeni bir tarix, yeni bir epoxa, yeni bir mərhələ yaratsınlar.
Mənim fikrimcə, pis gənc yoxdur, pis tərbiyəçi, pis müəllim, pis ailə ola bilər. Əgər biz hər bir yeniyetmənin, hər bir gəncin üzərində yaxşı işləsək, onlara vətənpərvərlik ideyalarını təbliğ edə bilsək, milli ənənələrə hörməti aşılamağa çalışsaq, Azərbaycançılıq ideyasını o gənclərin təfəkkürünə, ruhuna ötürə bilsək gələcəyimizdən heç bir qorxumuz yoxdur.
Bəzi insanlarınsa «indiki gənclərə bir o qədər də güvənmək olmaz» fikri ilə qətiyyən razılaşa bilmərəm. Düzdür, o uşaqların içində ipə-sapa yatmayan, bəzən əyri yola düşən gənclər də var. Amma onlarla da dil tapıb söhbət etmək olar və cəmiyyətə ötürmək mümkündür. Və bir də İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizin qazanılmasında o dəli-dolu, dəcəl uşaqların əməyi az olmayıb. Heç şübhəsiz ki, Azərbaycan gəncliyi bütün dövrlərdə öz sözünü deyib və bundan sonra da deməyi bacaracaq. Şəxsən mən bir professor kimi, müəllim kimi indiki gənclərimizə böyük ümidim var və onlara güvənirəm!
Emil Faiqoğlu
Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
Digər Xəbərlər
20 Noyabr 2026 12:51
Kərkük nəğmələri Azərbaycan tələbələrinin ifasında: ortaq musiqi yaddaşına doğru
20 Noyabr 2026 09:00
HEÇ BİR ÖLKƏ 44 GÜNDƏ BELƏ MÖHTƏŞƏM QƏLƏBƏ QAZANA BİLMƏYİB
18 Noyabr 2026 09:28
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı
13 Noyabr 2026 09:00


Bakı -°C

