Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış məqaləmi Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/has_the_boss_lost-94690/
***
Növbəti iki ildə ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin ciddi şəkildə məhdudlaşacağı gözlənilir. Buna səbəb 3 noyabr 2026-cı ildə ABŞ-da keçirilən aralıq seçkilərinin ölkənin siyasi xəritəsini kökündən dəyişərək Demokratlar Partiyasının tarixi və böyük qələbəsi ilə, başqa sözlə, “sunami” ilə nəticələnməsidir.
Seçkilər barədə geniş yazmağa ehtiyac görmürəm. Bu mövzuda mətbuatda kifayət qədər yazılıb və danışılıb. Məni daha çox düşündürən sual budur: nəticələrin belə olmasında Trampın rolu nə qədərdir?
Tramp Fox News-a açıqlamasında Demokratların yaxşı iş gördüyünü etiraf edib və immiqrasiya məsələlərində onlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Lakin öz sosial şəbəkə hesabında məğlubiyyətin səbəbini adının seçki bülletenində olmaması ilə əlaqələndirib: “Əgər mən bülletendə olsaydım, böyük fərqlə qalib gələrdim”.
İspaniyanın 2004-cü ildən 2011-ci ilədək baş naziri olmuş Xose Luis Rodriges Sapatero çıxışlarının birində belə demişdi: “İctimaiyyətin təsəvvüründə hər şeyə qərar verən liderlər var. Lakin hadisələrin pərdəarxasına nəzər salanda əslində proseslərin necə baş verdiyini görürsünüz. Bəli, qərarları liderlər verirlər, amma onlar həmişə “Financial Times”ın nə deyəcəyini və maliyyə bazarlarının buna necə reaksiya göstərəcəyini nəzərə alırlar”.
Bu fikrin Alan Fridmanın “Mənim yolum: Berluskoninin həyatı öz dilindən” kitabında yer aldığını xatırlayıram. Məncə, Sapatero haqlı idi. Prezident Tramp isə bu amilləri nəzərə almadı və nəticə Respublikaçılar Partiyası üçün göz qabağındadır.
Fikrimcə, İranla müharibə və enerji xərclərinin artması Respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri oldu. Fevral ayında başlayan ABŞ ilə İran arasındakı hərbi münaqişə və Hörmüz boğazında yaranan fasilələr qlobal enerji qiymətlərinin, eləcə də ABŞ-da yanacağın qiymətinin kəskin artmasına səbəb oldu. Seçicilər ABŞ-ın bu xarici siyasət addımını gündəlik yaşayış xərclərinin artması ilə birbaşa əlaqələndirdilər.
Mənim fikrimcə, İranla müharibə bir tərəfdən İran rejiminin ömrünü uzatdı, digər tərəfdən isə son seçkilərdə Respublikaçıların məğlubiyyətinə səbəb oldu. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, İranla müharibədən əvvəl ölkədə (İranda) rejimə qarşı vaxtaşırı etiraz aksiyaları keçirilirdi. Bu etirazlar özündən əvvəlkilərdən xeyli fərqlənirdi. Müharibə başlayandan sonra isə narazı insanlar da rejimlə eyni mövqedə dayandılar və necə deyərlər, ümumi düşmənə qarşı birləşdilər. Buna görə də məni bir sual düşündürür: bu müharibə əslində kimin xeyrinə oldu?
Trampın mənə, eləcə də düşünürəm ki, bir çoxlarına qəribə görünən addımları və davranışları təkcə İranla bağlı deyil. Bu sıraya onun Venesuelada atdığı addımları, Qrenlandiya ilə bağlı iddialarını, Rusiya ilə Ukrayna arasındakı müharibədə tutduğu mövqeyi və digər məsələləri də daxil etmək olar.
Bir sözlə, Tramp özü haqqında nə qədər yüksək fikirdə olsa da, məncə, məhz onun atdığı addımlar Demokratların qələbəsinə gətirib çıxardı. Bəs qarşıdakı dövrdə Tramp qəribə hesab edilən addımlarını davam etdirərsə, Demokratlar onun impiçmentini tələb edə bilərlərmi? Bildiyimə görə, qanunvericilik buna imkan verir. Konqresin hər iki palatasında, həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğa sahib olduqları üçün onlar bu prosesi rəsmi şəkildə başlatmaq imkanına malikdirlər. Bəs bunu edəcəklərmi? Düşünürəm ki, əgər onlar dünyanın yeni arxitekturaya ehtiyacı olduğu qənaətinə gəlsələr, belə bir addım ata bilərlər.
Bir dəfə haradasa belə bir fikir oxumuşdum: “Uğur və şöhrət sinonim deyil”. Prezident Tramp şöhrəti sevən insandır. Onun bu ilin iyun ayında Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitində “I'm the boss” dediyini kim unuda bilər ki? Məncə, heç kim.
“Boss” isə məğlubiyyətlərdən məğlubiyyətlərə doğru gedir. Çox arzuladığı Nobel Sülh Mükafatını da əldə edə bilmədi. Bu məsələdə də uduzdu. Əgər bu mükafatı almadan prezidentlikdən getsə, hər halda, bu, onun üçün partiyasının seçkilərdəki məğlubiyyətindən daha ağır bir məğlubiyyət olacaq.
Vüqar Abbasov
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı
[email protected]


Bakı -°C
