adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Talibləri inklüviz hökumət qurmağa nə vadar edir? - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
1872 | 2021-08-23 14:11

Fərari prezident Əşrəf Qəninin biabırcasına ölkədən qaçışının arxasınca Taliban döyüşçülərinin Kabilə girməsi Əfqanıstanı yenidən xaos girdabına yuvarladı. İndi sözün birbaşa mənasında burda it yiyəsin tanımır, necə deyərlər, ara qarışıb məzhəb(!) itib.  ABŞ-ın 20 illik işğalının fiaskoya uğramasına baxmayaraq, Sovet işğalıyla başlayıb taliblərin birinci hakimiyyətinin devrildiyi vaxta kimi keçən 22 illik dövrdən fərqli olaraq bu işğal illərində ən azından ölkənin iri şəhərlərinin sakinlərinin normal yaşayış vərdişlərinə yiyələnməsi üçün xeyli işlər görüldüyünü və müsbət nəticələr əldə edildiyini də danmaq insafdan deyil.  


Əslində, bu gün Əfqanıstanda baş verənlər qeyri-adi sosial hadisə deyil, hətta ən mədəni ölkələrin belə postişğal və postinqilab dövrləri üçün xarakterik olan haldı. Belə qarışıq vaxtlarda ictimai proseslər siyasi qərarlar və addımlardan daha çox (dez)informasiya ilə idarə olunduğundan bəzən təhrif olunmuş və yaxud situasiyanın ruhuna uyğun uydurulmuş  hər hansı hadisə, yalan olmasın,  bir ordunun bacarmadığı işi görməyə kifayət edir. Yalanla həqiqətin sərhədləri o dərəcədə şəffaflaşır ki, prosesləri  yönəldənlərin özləri belə çaş-baş qalır, daha çox şayiələrin əsirinə çevrilirlər. Şayiə “dili” daha yüyrəkdi, axı. Çaparlar dövründə də belə olub, internet əsrində də belədi.


Bugünkü Əfqanıstan basabası hətta dünyanın ən nüfuzlu mətbuat orqanları və xəbər portallarını da aciz duruma salıb, öz mötəbər eksklüziv mənbələrinə çıxış imkanlarını xeyli daraldıb. Odur ki, onlar da çox vaxt  ölkəni tərk etmiş və yaxud təhlükəsizlik ücbatından hadisələrin episentrindən kənarda daldalanmağa məcbur qalmış bəzi fəalların ikinci, üçüncü əldən aldıqları məlumatları paylaşmağa məcburdular.


Məlumatlarsa televizor ekranında qadın aparıcının görünməsindən  tutmuş, taliblər üçün hazırladığı yeməyi dadsız çıxan 15 yaşlı qızın diri-diri yandırılmasına qədər təzadlı, Rəşid Dostumun Əhməd Məsuda kömək üçün 10 min döyüşçü göndərməsi qədər ziddiyyətlidi. Bir neçə gün əvvəl yayılan bu sonuncu informasiyanın davamı gəlmədiyinə görə hələ ki onun nə həqiqət, nə də cəmi on-on beş gün əvvəl Məzari-Şərifi taliblər üçün məzarlığa çevirəcəyi barədə iddialı bəyanat verdikdən vur-tut bir gün sonra dabanına tüpürüb Özbəkistana qaçan “marşal”ın öz personasının vacibliyini qabartmaq üşün ortaya atdığı növbəti avantüra olduğunu dəqiq bilən bir kimsə var. 
Hazırda ölkədə yaranmış hörümçək toruna bənzər dolaşıq, qatmaqarışıq situasiyada proseslərin iki əsas ağırlıq mərkəzi mövcuddu. Birincisi, Əhməd Məsudun sonadək müqavimət göstərəcəyi ilə bağlı iddialı açıqlamaları və atdığı bir neçə uğurlu addım, ikincisisə, Taliban hərəkatının siyasi qanadının uzun illər məcburi mühacirətdən sonra Kabilə qayıtmış rəhbəri Əbdül Qəni Bəradərin inklüziv hökumət yaratmaq niyyətini bəyan eləməsi. Qalanlar, sadəcə, epizodlardı və bu cür epizodik vurnuxmalar hələ illərlə bu ölkənin ictimai-siyasi gündəminin aynası olaraq qalacaq. 


Əhməd Məsud uzunluğu 70 kilometr olan Pəncşir dərəsində məskunlaşıb və Talibanla sonadək mübarizə aparacağı barədə çox iddialı bəyanatlar verir. Bir neçə uğurlu əməliyyatla təxminən üç bölgəni taliblərdən təmizləməyə də nail olub. İngiltərədə təhsil alıb, ABŞ-da yaşayıb, bir sözlə, Qərb mədəniyyətinin tərbiyəsini görüb. Atası Əhməd şah Məsud vaxtilə, daha dəqiqi, 2001-ci ildə Talibanın sonunu gətirən 11 sentyabr terror aktından vur-tut iki gün əvvəl taliblərin reportyor kimi müsahibə almaq üçün göndərdiyi terrorçu-kamikadze tərəfindən  öldürülmüşdü. Yəni, ortada Əfqanıstanın sosial münasibətlər sisteminin çox mühüm komponenti olan qan düşmənçiliyi amili də var. 
Bu günlərdə The Washington Post qəzeti Əhməd Məsudun çox iddialı bir məktubunu dərc edib. O öz məktubunda Talibanı təkcə Əfqanıstan yox, bütün dünya üçün təhlükə sayır və bildirir ki, taliblərin hakimiyyəti ölkəni bütün dünyada demokratiyanı təhdid edən islam terrorizminin yuvasına çevirəcək. Gənc lider daha sonra yazır: “İstənilən halda biz mücahidlər azad Əfqanıstanın sonuncu dayağı olan Pəncşiri müdafiə edəcəyik. Bizim ruhumuz sarsılmazdı. Bizi nəyin gözlədiyini təcrübədən bilirik. Bizə yalnız daha çox silah-sursat və hərbi ləvazimatlar lazımdı”.


Bax, bütün problem də məhz bu sonuncu cümlənin başındadı. İndi onun istədiklərini göndərməyə ABŞ-ın nə həvəsi, nə də iradəsi var. Bu isə Əhməd Məsudun gec-tez məğlubiyyətə düçar olacağını qaçılmaz edir.
Taliblər də bu reallığı dərk etdiklərinə görə hələlik üsyançılara qarşı dözümlü davranırlar. Pəncşir hər tərəfdən onların mühasirəsindədi, kənardan heç bir dəstək yoxdu,  odur ki, bir müddətdən sonra, onsuz da, təbii şəkildə yox olacaq müqavimət ocağını söndürməyə əlavə güc və qüvvə sərf eləməyin bir anlamı olmadığının fərqindədirlər.


Düzdür, hazırda Əfqanıstanın vitse prezidenti, hələ ki ölkənin rəsmi dövlət başçısı sayılan Əmrulla Saleh də Pəncşir rayonuna aid olan Pərvanda taliblərə qarşı döyüşür. Onun rəhbərliyi altında əsasən nizami ordu hissələrinin dağınıq qrupları vuruşur. Ə.Saleh özü də etnik tacik olduğundan şübhəsiz ətrafına toplaşanlar da tacik mənşəli əsgərlərdi. Odur ki, onun prosesə qoşulması Əhməd Məsudun gücünə həlledici güc qatmayacaq, bu  müqavimətin ölkə miqyasında böyüməsinə gətirib çıxarmayacaq. Rəşid Dostumun 10 minlik ordusundan isə hələ ki səs-soraq yoxdu.    


Taliblər indi Pəncşir dərəsi istiqamətdən ciddi təhlükə hiss etməsələr də onun münaqişə ocağı kimi qalmasında da maraqlı deyillər. Odur ki onları uzun müddət küncə sıxılmış vəziyyətdə lokallaşdırıb saxlamayacaqlar. İndi  Əbdül Qəni Bəradərin əsas hədəfi özünün də dediyi kimi tezliklə inklüziv, yəni, bütün real qüvvələrin iştirakıyla hökumət formalaşdırmaqdı. Təbii ki, “real qüvvələr” deyəndə heç də siyasi palitra nəzərdə tutulmur, çünki bu ölkədə belə bir palitra, sadəcə, mövcud deyil. Artıq dağılıb demorolizə olmuş hökumət partiyası var ki, o da siyasi orqanizmdən daha çox adminstrativ qurum idi. Yeganə siyasi təşkilat radikal islamçı ideologiyanın daşıyıcısı olan Taliblərin özüdü ki, onların da sıraları 90-cı illərdəki kimi yekcins deyil. 20 il ərzində hökumətdən küsdüklərinə, sosial ədalətsizliklərdən əziyyət çəkdiklərinə, lap elə hansısa digər ciddi və ya banal səbəblərə görə hakimiyyətdən incik düşüb mövcud rejimə yeganə alternativ saydıqları bu təşkilatın sıralarına qoşulanlar bəlkə də indi “sort” talibçilərin özündən daha çoxdu və  bıçaq sümüyə dirənəndə onlar orta əsr qanunlarının tətbiqinə qarşı çıxacaq ən real qüvvəyə çevrilə bilərlər. Ancaq bu hələ gələcəyin işidi, indiki məqamda inklüziv hökumətin əsas subyektləri etnik qruplardı. Bu ölkədə həmişə etnik millətçiliyin vətənpərvərlikdən, yeri gələndə hətta dini hisslərdən daha üstün olmasını kim bilməsə də taliblər yaxşı bilirlər.  


Elə inklüziv hökumət zərurəti də bu təşnəni söndürmək üçün onlara lazımdı. Bu isə ən fəal və təşkilatlanmış qüvvə olan taciklərsiz mümkün deyil. Odur ki, gənc tacik lideri yaxşı bilir ki, onunla danışıqlar gec-tez labüd olacaq və bu nə qədər çətin başa gəlsə o qədər çox imtiyaz əldə etmək mümkündü. 
Bəs hazırkı mərhələdə inklüziv hökumət yaradılmasını qaçılmaz edən səbəblər hansılardı? 90-cı illərin acı təcrübəsindən çıxarılan dərsmi? Təklənmək qorxusumu?  İnanılası deyil. 90-cı illərdəki birqütblü dünya indi xeyli dəyişib, təklənmək xofu geridə qalıb. Həmin vaxt dünyanın geopolitik durunu fərqliydi, əfqan bataqlığından təzə çıxmış Rusiyanın yenidən ora qayıtmağa nə həvəsi, nə də potensialı var idi. Çin hələ indiki kimi super güc, bu gün Türkiyə başda olmaqla taliblərlə əməkdaşlığa hazır olduqlarını bəyan eləyən bir çox ölkələr isə dünya siyasətində söz sahibi deyildilər. Yəni, dəstək almaq üçün alternativ xarici güc qıtlığı mövcud deyil. Odur ki, taliblər daha çox hazırkı daxili hərcmərcliyə son qoymaq üçün koalisiya hökuməti qurmaqda maraqlıdılar. Hərçənd, bu ölkənin elə öz yaxın tarixi təcrübəsi də göstərir ki, dayanıqsız rejimlər üçün ən böyük təhlükə çox vaxt məhz koalisiya ortaqlarının özündən gəlir. 


Qısası, 90-cı illərdə mütəşəkkil bir qüvvə olaraq hakimiyyətə yiyələnmiş Taliban indi daha çox daxili təlatümlərdən ehtiyat edir. Təşkilatın özü də yuxarıda dediyimiz kimi əvvəlki tək yekcins  deyil. Üstəlik, hakimiyyətə belə asanlıqla yiyələnəcəklərini, onun az qala, göydən zənbillə ovuclarına düşəcəyini ağıllarına belə gətirmirdilər. Bundan əlavə, ABŞ-ın burda yaratdığı və kritik məqamda müqavimətsiz təslim olmuş, indi kabus kimi ölkədə dolaşan 350 minlik ordu  da potensial təhlükə mənbəyidi. Bu əsgərlərin dövlət üçün vuruşmadıqlarına baxmayın, hər an alovlana biləcək yeni vətəndaş müharibəsində öz etnik ordularının tərkibində can-başla döyüşəcəklər.
Bir sözlə, qozbeli qəbir düzəldər, inklüziv hökumət oyunu vaxt udmaqdan başqa bir şey deyil. Özü də bu formul hələ ki, qurumun siyasi qanadının rəhbəri, yeni hökumətin başçısı olacağı şübhə doğurmayan Əbdül Qəni Bəradər tərəfindən səslənib. Təşkilatın əsl lideri Heybətulla Axundzadəsə müdrik susqunluğunu davam etdirə-etdirə Vəzirstandan prosesi izləməklə məşğuldu. Son sözü ilk taliban hökuməti vaxtında dövlətin baş cəlladı funksiyasını yerinə yetirmiş bu zatın söyləcəyinə heç kimin şübhəi olmasın. Sadəcə, geci-tezi var. 
 

 

TƏQVİM / ARXİV