adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Zəfər dastanı"barədə bir neçə söz - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
36460 | 2021-06-10 10:09

Azərbaycan oxucusu, eləcə də ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını yaxşı tanıyır. Poeziyamızda, publisistikamızda, eləcə də ədəbiyyatşünaslığımızın özünü kifayət qədər tanıtmış, imzasını təsdiq etmiş Rafiq Yusifoğlu sözün böyük mənasında yazıb-yaratmaqdan yorulmayan, özünün bütün həyatını sözə həsr edən yaradıcı insanlarımızdan biridir. Mən onun az qala bütün söz dünyasına bələdəm. Demək olar ki, əksər kitablarını, məqalələrini oxumuşam və hər kitabında da bir oxucu olaraq mən Rafiq Yusifoğludan yeni məziyyətlər, yeni yanaşmalar və sözün yeni çalarlarını görüb, oxuyub öyrənmişəm. Bu da o deməkdir ki, Rafiq Yusifoğlu ömrünü həsr etdiyi sözlə nəfəs alır. Belə olan məqamda şairin ürək çırpıntısını, xəyal dünyasını, söz məkanını hiss etməmək   az-çox sözə bələd olan insan üçün yolverilməz bir səhv olardı, hətta mən buna günah deyərdim. Axı sözün qibləsini bilən yaradıcı insanın özünün də müəyyən mənada qibləsi elə söz olub. Ona görə də üzünü qibləyə tutmaq, o sözdən yararlanmaq mənim zənnimcə ən böyük savablardan biridir.

Bax elə «Zəfər dastanı» kitabı da müəllifin həmin o böyük sözə verdiyi könlünün yurdumuzla, ordumuzla, savaşımızla bağlı bəzən kövrək, bəzən də sərt yanaşmaları, pıçıltıları, hayqırtılarıdı. Şair yazır ki:

 

Məndən əsirgəmə mehri, ülfəti,

Göstərdiyin yoldan dönmərəm qəti.

Axır ki, dərk etdim bu həqiqəti:

Düşmənim özüməm, dostum Allahın...
 

Zənnimcə, bu şeirlə başlayan kitabın axıra qədər oxunmaması mümkünsüzdü. Çünki şair düşmənini də tanıyır, dostunu da. Dostunu, düşmənini tanımadan yol yoldaşı olmaq bir az obrazlı desəm, həm təhlükəsizdi, həm də maraqlıdı. Bax elə Rafiq Yusifoğlu da bu şeirində marağa, sevgiyə, gözəlliyə, comərdliyə daha böyük meydan açıbdı. O meydanda istər-istəməz şairin könül pıçıltıları oxucunun qəlbini oxşayır. Şair yazır ki:

 

Qalıb gözümüzdə arzu-kamımız,

Bayquş səsi gəlir ulu torpaqdan.

Qəflət yuxusuna getdik hamımız,

Seçə də bilmirik qaranı ağdan...…

 

Hamı öz işində, öz dərd-sərində,

Öküzün gümanı alafa qalıb...

Göylərə baş çəkən evlər yerində,

Üfunət qoxulu kalafa qalıb...

 

Bir söz var dilimdə, desəm qan olar,

Biçmədi, həmişə ölçdü babalar.

Qəlbində yurd dərdi, öldü analar,

Qəlbində yurd dağı köçdü babalar.

 

Bir parçasını təqdim etdiyim bu şeir şairin Qubadlı həsrətinin tüğyan etdiyi 2020-ci ilin aprelində qələmə alınıb. Həmin zaman kəsiyində biz də bu ağrı-acının nə vaxt bitəcəyini min cür suallarla vaxt öldürürdük. Deməli, bu şair fəhmi, içindəki inancı göyərmək üzrə imiş. Ona görə də sözə, misriyə çevrilibdi və elə həmin 2020-ci ilin sentyabrında da çiçəklənməyə, gül açmağa başladı. Onda şair yazdı ki:

Qarabağ savaşı

Sönmüş ocaqlarımıza

şəhid yarasından,

qazi təbəssümündən

qızıl-qızıl köz ələdim...

Qarabağ savaşı

yaralı xəritəmizi sağaltdı,

ruhumuzu təzələdi...

Qarabağ savaşı

zəfər bayrağımızı

düşmənləri

gözünə sancılan

biz elədi

Qarabağ savaşı

on milyon «mən»i

birləşdirib

«Biz» elədim...

 

Bax, bu iki şeirin arasındakı yazılma tarixi, yazılma zamanı barmaqla hesablansa da, amma ruhla çox az məsafəni, az qala bir kiprik boyda olacaq ölçünü qoyur  ortaya. Deməli, şairin hadisələri duyması və izləyib ortaya mükəmməl əbədi bir nümunə qoyması onun həm poetik qüdrətindən, həm də bir yurd sevdalısının duyğuları sözə çevirmək məharətini göstərir.  Adi bir oxucu olaraq mən bu iki şeir arasında bağlılıqdan, əlaqədən çıxartdığım nəticə sözlə-söz arasındakı, şeirlə-şeir arasındakı canlı bağlantıdır. O canlı bağlantının körpüsü də şairin ruhudur.

«Zəfər dastanı» kitabında müəllif şeirləri təkcə  fəsillər üzrə yox, həm də zaman baxımından ardıcıl düzübdü. Öncə işğala qədərki nisgil, həsrət, doğma torpaqlara qayıdış arzusu, o yerlərlə bağlı xatirələr qələmə alınıb. Daha sonra isə 44 günlük müharibəmizin zəfər dastanı şeirləşib. Rafiq Yusifoğlu sıravi əsgərdən ali baş komandana qədər hər kəsə öz şair sevgisi ilə yanaşı vətəndaş minnətdarlığını, qaçqın bir insanın böyük təşəkkürünü də şeirləşdiribdi. Şair yazır ki:

 

Vətəndən böyük

sərvətimiz yoxdu

Gözümüz

nə var dövlətdə

nə altundadı...

Düşmən alayının

böyük bayrağı

Azərbaycan ordusunu

Ayaqları altındadı...

Və yaxud:
 

Şükür sənə ilahi,

Bu həsrətin nisgillidi

axırına daş atdın...

Qələbə sevincini

Xalqımıza yaşatdın!

 

Mən poeziyasını sevə-sevə izlədiyim, hər sözündə doğma Azərbaycanımızın tərənnümünü gördüyüm Rafiq Yusifoğlunun bu kitabı barəsində yazdığım bu bir neçə cümləlik yazını onun özünü «Bəxtim ayaq üstə imiş» şeiri ilə bitirmək istəyirəm.

 

...Ötür gözüm önündən ömrün ötən çağları,

Bəxtim ayaq üstə imiş durdum o ucalıqda.

Fövqündə dayanmışam sinəmdəki dağların, -

Nə gözəl görünürmüş yurdum o ucalıqdan.

 

Bəli, Azərbaycan özünün bütövlüyü ilə və bu bütövlük yolunda yazdığı zəfər dastanı ilə bütün dünyaya göstərdi ki, o, şəhid qanı ilə əldə etdiyi ucalığa layiqdir. Bu ucalığın sözlə tərənnümünü oxucuya çatdıran Rafiq Yusifoğlu da öz poeziyası ilə yəni, «Zəfər dastanı» ilə hər kəsə pıçıldadı ki, o ucalıq sözümüzün də, ədəbiyyatımızın da canına-qanına hopubdur. Yeni kitabınız mübarək, Rafiq müəllim.

TƏQVİM / ARXİV