adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Yaza bilmədiyim yazı...

FAİQ QİSMƏTOĞLU
42053 | 2021-06-07 13:07

Yaxud xalq artisti Arif Quliyevin gülüşü

 

...Ən yaxın dostlarım haqqında ya yazı qələmə ala bilmirəm, ya da yazsam çox çətinliklə nəyisə deməyi bacarıram. Bilmirəm, bu nədəndi, amma bildiyim odur ki, ürəyimə, qəlbimə yaxın olan insanlar barəsində  yazı qələmə almaq, söz demək mənim üçün çox çətindi. Ən azından ona görə ki, onlarla mənim aramda olan isti münasibəti, səmimiyyəti və dostluğu sözlə ifadə etmək elə də asan deyil...

Mənim yaxın qohumum, Seyid Əli Ağanın oğlu Seyid Əbdülrəhimə bugünlərdə zəng eləmişdim. Çünki o böyük qardaş kimi həmişə mənim yanımda olub, ağrıma, acıma, dərdimə şərik çıxıb. O qədər insanlara əl tutub yaxşılıq edib ki, birini də dilinə gətirməyib. Kişinin oğlu Seyid övladıdır. Ona görə də bu ağayanalıq və mərdlik onlarda həmişə olub və olacaq. Ən azından ona görə ki, bu ocaq Bəhmənlidə bir ziyarət yeri olub və camaat bu gün də o ocağa nəzir, niyaz verir. Telefonla danışığımızda Seyid Əbdülrəhim mənə dedi ki, səndən incimişəm. Sözün açığı heç vaxt mənə belə bir söz deməyib. Kimdən incisə də, küssə də dilinə qətiyyət gətirən deyil. O, bu sözü deyəndə mən çox təəccübləndim. Dedim görəsən hansı günah eləmişəm ki, Seyidin qəlbinə dəyib. Telefonda duruxduğumu görüb elə özü də fikrini davam etdirdi. Dedi ki, hər gün yazılarını izləyirəm. Amma yaxın dostun Arif Quliyevlə bağlı yazın gözümə dəymir. Həmişə də səbirsizliklə gözləyirəm ki, o yazı nə vaxt çıxacaq. Axı sən rəhmətlik Arif Quliyevlə çox yaxın dost olmusan. Üstəlik də, xeyirdə-şərdə həmişə yanınızda olub. Elə buna görə də sözün açığı səndən incimişəm.

Təbii ki, Seyidin iradı haqlı idi. Mən əsl həqiqəti ona çatdırdım. Bildirdim ki, elə bilmə Arifin dünyasını dəyişməyi mənim qəlbimi ağrıtmayıb. Sadəcə olaraq mən dəfələrlə çalışmışam yazı qələmə alım, amma o yazını yaza bilməmişəm. Bu, birinci dəfə deyil, bir neçə dostum barəsində də yazmaq istəmişəm, alınmayıb. Hardasa illər ötəndən sonra o yazı dünyaya gəlib və mənim dostlarımı, yaxınlarımı sevindirib. Bu sözləri deyəndən sonra cəddinə qurban olduğum Seyid Əbdülrəhim mənimlə razılaşdı. Dedim ki, çalışaram tezliklə o yazını oxuculara çatdırım. Mən istəmirəm ki, hər hansı yazı çiy olsun və həmin dostun səviyyəsindən aşağıda dursun və həmişə çalışmışam ki, nə yazsam, ürəkdən yazım və qəlbimin səsini eşidim...

Mənə görə Arif Quliyev dünyanın ən təmiz, ən saf və ən böyük ürəyi olan insanlardan biri idi. Onun necə bir ürək sahibi olduğunun dəfələrlə şahidi olmuşam. Arif Quliyevlə mənim dostluğumun əsası 1975-ci ildə qoyulub. Bizi istedadlı şair, mənim qohumum Vaqif Bəhmənli tanış edib və bu tanışlıq bizim ailəvi dostluğumuza, yoldaşlığımıza təkan verib...

Vaqif Bəhmənlinin toyu idi. Heç yadımdan çıxmır. Arif Quliyev dedi ki, gərək ona bir hədiyyə alım. Şəhəri altını üstünə çevirdi. Çox orijinal bir hədiyyə tapdı. O hədiyyənin adını demirəm ki, onu bir Allah bilir, bir Arif Quliyev, bir Vaqif Bəhmənli, bir də mən. Söhbət hədiyyədən getmir ey, söhbət diqqətdən gedir. Arif Quliyev kimsəsizlər, yetim evində böyüyüb və Vaqif Bəhmənli də atasını 37 yaşında itirib. Yəni bu adam bilirdi ki, kimsəsiz, yetim olmaq nə deməkdir. Özü o dərdi, kədəri yaşadığına görə yetim uşaqların da dərdini, kədərini hamıdan yaxşı bilirdi. O yaxşı bilirdi ki, atasızlıq nə deməkdir... O yaxşı bilirdi ki, yetimçiliyin ağrı-acısı necə olur... O yaxşı bilirdi ki, yetimin saçına sığal çəkəndə, qəlbini sevindirəndə Allaha çox xoş gedir...

Arif Quliyevin nə dayısı olmuşdu, nə əmisi olmuşdu, nə də arxalı qohum-əqrəbası. Və Arif Quliyev o zirvəyə öz istedadı, zəhməti, alın təri ilə yüksəlmişdi. O zirvəyə yüksəldikcə bir qədər də sadələşir, bir qədər də adiləşir, bir qədər də səmimi olurdu. Mən inanmıram ki, onun kimdənsə ayrı sirri olsun. O istəsəydi 5-6 evi-eşiyi, neçə maşını, varı-dövləti olardı. Amma bunların heç birini arzulamırdı. 70-ci illərdə Yasamalda aldığı 3 otaqlı mənzildə yaşayırdı. Elə o 3 otaqlı mənzildən də Allahın dərgahına yola düşdü, haqqa qovuşdu...

...Dünyanın yaxşı vaxtında Arif Quliyev Zaqatalaya, Qaxa gedərdi. Aydındır ki, Zaqatalada da, Qaxda da yaxşı qoz-fındıq olardı. Onun maşınının yük yerinə 2-3 kisə qoz-fındıq qoyurdular. Kim olsaydı bu payın hamısını evinə-eşiyinə aparardı. Mən gördüyümün şahidiyəm. O qozun, fındığın çoxunu aktyor dostlarına, imkansız və ehtiyacı olan adamlara paylayırdı və axırda özünə də 2-3 kilo saxlayardı. Bunu elə bilirsiz hər adam edər? Bunu ancaq ürəyi dünya boyda olan insanlar edər. Allah-Təala Arif Quliyevə böyük istedadla yanaşı, böyük ürək bəxş etmişdi.

Mən onda «28 Aprel» kinoteatrın arxasında kirayəşin qalırdım. Bir də görürdüm ki, Arif Quliyev həyat yoldaşı Gülzar xanımla bizə gəlib. Özü də əli dolu. Gəlib həyətdə oturardı, qonşular yığışardı onun başına. Arif də o ki var qonşularımı güldürərdi, hamı uğunub gedərdi, heç bizdə çörək də yeməzdi. Bir stəkan çay içərdi və çıxıb gedərdi. Hətta mən tələbə olanda beşmərtəbənin yanında bir Durna xala var idi. Gəlib məni tapar, götürüb aparardı onlara ki, tələbə adamsan, dur, gedək Durna xalagilə, yaxşı plov dəmləyib. Gedirdik Durna xalagilə, o dadlı plovu yeyirdik. Sonra da Durna xalaya deyirdi ki, bir pay da düzəlt aparsın evə. Tələbə adamdı, bir də belə plovu harda görəcək. Durna xala da təzədən böyük bir qaba plov çəkər və mənə verərdi. Mən də gətirib otaq yoldaşım, əslən Masallıdan olan Xanoğlanla plovu doyunca yeyərdik.

O dostluğa, çörəyə, yoldaşlığa çox sadiq adam idi. Allah ölənlərinizə rəhmət eləsin, atam 1986-cı il sentyabrın 25-də rəhmətə getmişdi. Gözlədiyim dostlarım və xeyirinə-şərinə yaradığım adamlar o yasa gəlmədi, amma bir də gördüm Arif Quliyev Füzuli rayonunun hakimi, mənim qohumum Məmməd Kərimovla və bir aktrisa xanım ilə bizə gəldilər. Maşından düşüb boynumu qucaqladı və hönkür-hönkür ağladı. Onun gəlişi elə bil mənim dağ boyda dərdimi balacalaşdırdı və bir anlıq o dərdi hiss eləmədim. Bax, Arif Quliyev  dostluğa, yoldaşlığa belə sədaqətli insan olub.

Bir hadisə də rəhmətlik qardaşım xəstəxanada olarkən baş verib. O, «Ədalət» qəzetinə gəlib məni soruşub. Deyiblər ki, qardaşı ağır xəstədi. «Kasparda» bu gün əməliyyat olunur.  Bütün qohum-əqrəba dəhlizdə durub əməliyyatın nəticəsini gözləyirdi. Hələ qardaşım əməliyyata girməmişdi. Bir də gördüm ki, Arif Quliyev gəldi. Mənlə öpüşdü, görüşdü, sonra qardaşımı ziyarət elədi. Orda elə bir aura yaratdı ki, heç narkoz belə qardaşımı sakitləşdirməmişdi. Qardaşım gülə-gülə əməliyyata girdi və gülə-gülə də çıxdı. Arif Quliyev mənim qohum-əqrəbamla bir yerdə əməliyyatın nəticəsini gözləyib sonra getdi. Bax, o belə bir dost idi, o belə bir insan idi. Heç bu cür insanı unutmaqmı olar. Mənim fikrimcə, onun İnsanlığı, Adamlığı sənətindən də yüksək idi. Bunu yəqin onu tanıyanlar daha yaxşı bilir. Çünki Arif sonuncu tikəsini də hamı ilə bölməyi bacarırdı.

Ötən əsrin 70-ci illərində onun qədər ancaq Siyavuş Aslan, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuriyev sevilirdi. Arif Quliyev bu sənətkarlardan sonra milyonların məhəbbətini qazanan bir gülüş ustası idi. Elə onu görən adam uğunub özündən gedərdi. Hələ danışmağını, obraza girməyini demirəm. Bizim rejissorlar Arif Quliyevdən istifadə edə bilmədilər. Xüsusən də, kino rejissorları onun istedadını üzə çıxarmağı bacarmadı. Bu paxıllıqdan idimi, ya səhlənkarlıqdan deyə bilmərəm. Bildiyim odur ki, o çox böyük gülüş ustası idi. Aktyoru yetişdirən dramaturq və rejissordur. Bizdə də son vaxtlar bu sahədə bir axsama var. Və bu axsama da istər-istəməz istedadlı sənət adamlarının kölgədə qalmasına gətirib çıxarır. Bir dəfə istedadlı yazıçı Arif Quliyevə irad tutdu ki, yaxşı rollar oynamırsan. O da dedi  ki, istedadlı yazıçısan, bir tamaşa yaz, ssenani yaz, çəkilim. Tənbəllik edib yazmaq istəmirsiz. Bəs onda biz aktyorlar quru yurdda nə edə bilərik? Arif Quliyev tamamilə haqlı idi. Yaxşı dramaturji material, yaxşı rejissor olmadan heç vaxt istedadlı aktyor yetişməz. Amma Arif Quliyev istedadlı aktyor idi və öz istedadı ilə də Azərbaycan teatr və kino sənətində iz qoymağı bacardı.

Elə bilirsiz ki, Arif Quliyev kimi aktyoru zaman həmişə yetişdirəcək. Xeyr! Bu cür aktyorlar çox nadir halda sənətə gəlir. Amma sadəcə olaraq bu nadir aktyorların qədri bilinmədiyinə görə onların istedadı tamamilə üzə  çıxmır. Mən də düşünürəm ki, Arif Quliyev Azərbaycan teatr sənətinə və eləcə də kinosuna çox obrazlar bəxş edə bilərdi. Amma bu obrazlar rejissorlar tərəfindən ona verilmədi və o da istedadını götürüb apardı Allahın dərgahına.

Onun ürəyində elə bir dərd, kədər var idi ki, üzü gülsə də qəlbi heç vaxt gülmürdü. Bu dərd atasızlıq idi, anasızlıq idi. Və ən nəhayət kimsəsizlik idi. Sonra da oğul itkisi. Arif Quliyev bu dərdi heç kimə bildirməzdi. O dərdini bölüşməyən adam idi. Ancaq sevincini heç kimdən əsirgəməzdi. Özünü elə aparardı ki, guya dünyanın ən dərdsiz, ən xoşbəxt adamı idi. Üzdən belə görünürdü ha! Amma ürəyinə yaxın olanda ondan böyük dərdli adam yox idi. Ancaq bu dərdli adam bir dəfə də olsun kiməsə bir kəlmə dərdindən danışmadı. Elə sal qaya kimi, uca dağ kimi o dərdin qarşısında durdu, sevə-sevə yaşadı və sevə-sevə də apardı Ulu  Yaradanın yanına. 

Bir dəfə 5 mərtəbənin qarşısında Arif Quliyevlə və xalq artisti Əliağa Ağayevlə rastlaşdıq. Əliağa Ağayev ona baxdı və dedi ki, elə bildim urus balasısan. Axı Arif Quliyevin gözləri göy idi. O göy gözlər mavi dənizə bənzəyirdi. O mavi dəniz ki, heç vaxt ucu-bucağı görünmür və baxdıqca gözün ənginliklərdə itir. Bax, Arif Quliyev də belə bir istedad sahibi, belə bir insan idi. Mavi dəniz kimi baxdıqca, tamaşa etdikcə elə hey bizdən uzaqlaşırdı. Bizdən uzaqlaşan Arif Quliyev Allahın dərgahındadı. Allah o dünyasını versin!...

TƏQVİM / ARXİV