adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 May 2021 11:59
33549
MƏMLƏKƏT
A- A+

Məzuniyyətə çıxa bilənlərdənsinizmi?..- ARAŞDIRMA

Özəl sektorda çalışanların çox az qismi ödənişli məzuniyyət hüququndan istifadə edə bilir

 

Araşdırmalar göstərir ki, istirahət etmədən, bir ildən artıq işləyənlərin əmək məhsuldarlığı təxminən 20-25 faiz azalır. Nəticədə isə belə işçilərin çalışdığı müəssisələrdə görülən işin keyfiyyəti aşağı düşür. Bu hesablamanın nəticələrinə inansaq, hazırda Azərbaycandakı əksər müəssisələrdə çalışanların məhsuldarlıq göstəricisindən heç danışmağa dəyməz. Çünki ölkədəki özəl müəssisələrin çoxunda illərlə çalışan işçilərə istirahət vermək müəssisə rəhbərlərinin yadına düşmür. İşçilər isə çətinliklə tapdıqları iş yerini itirməmək üçün məzuniyyət hüquqularının təmin olunmasını tələb etmirlər. Belə fasiləsiz iş rejimi ya işçilərin səhhətinə zərbə vurur, ya da onlar üzərlərinə düşən işi lazımi şəkildə yerinə yetirmirlər.

Avtobus sürücüsü 59 yaşlı Aslan Məmmədov bizimlə söhbətində bildirdi ki, sonuncu dəfə Sovet dövründə məzuniyyətdə olub: "Oğul, Sovet hakimiyyətini pisləyirlər. Amma vaxtlı-vaxtında məzuniyyətə çıxırdıq, 13-cü maaş verirdilər. Avtobus sürücüsünün işi ağır olduğu üçün növbəli sistemdə işləyirdik. Amma indi səhər obaşdandan 6-da işə çıxırıq, bir də gecə saat 2-də qayıdırıq. Elə vaxt olur ki, planı verə bilmirik. Hə məzuniyyət, nə istirahət, oğul, plan dərdindəyik." 

Çörək sexində çalışan 46 yaşlı Lalə Mirzəyeva isə məzuniyyət sözünü unutduğunu bildirdi: "Sizin "nə vaxt məzuniyyət olmusunuz?" sualınız məni çaşdırdı, elə bildim analıq məzuniyyətini deyirsiniz. Sonuncu dəfə məzuniyyətdə olmağım yadıma gəlmir. Ümumiyyətlə, indi məgər işçilərə məzuniyyət verirlər ki? Babat pul versinlər, məzuniyyətləri özlərinə qalsın..."

Yeri gəlmişkən, Əmək Məcəlləsinə görə, əmək şəraiti və əmək müqaviləsininin müddətindən asılı olmayaraq bütün işçilərə məzuniyyət verilməlidir. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və orta aylıq əmək haqqı saxlanılır. İşçilərə əsas məzuniyyət 21 təqvim günü müddətində verilir. Rəhbər işçilərə 30, pedaqoji işçilərə isə 56 günlük məzuniyyət müəyyən olunub. Uşaqlı qadınlara əsas məzuniyyətdən başqa əlavə məzuniyyət də düşür. 14 yaşına qədər 2 uşağı olan qadınlara 2 gün, bu yaşda 3 və daha çox uşağı olanlara və yaxud 16 yaşınadək əlil uşağı olanlara isə 5 günlük əlavə məzuniyyət verilməlidir. Amma arzu edənlər öz hesabına məzuniyyət də götürə bilərlər. İşçilərə qohumluq borcunun yerinə yetirilməsi, ailə-məişət problemlərinin həlli, təhsil almaq, yaradıcı, elmi işlə əlaqədar işdən ayrılma zərurəti yarananda ödənişsiz məzuniyyətə çıxmağa icazə verilir.

Yeni işə başlayan şəxslər isə yalnız 6 ay çalışandan sonra məzuniyyət hüququndan istifadə edə bilərlər. Ştatda olmayan, müqavilə yolu ilə çalışan işçilərin müəssisə ilə bağladıqları müqavilədə də mütləq məzuniyyət müddəti göstərilməlidir.

Bundan başqa, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər, Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər də bu kateqoriyalara aiddir.

Amma əksər hallarda işəgötürənlər işçilərinin nəinki qanunda nəzərdə tutulduğu kimi 21 gün, heç bircə həftə də istirahət etmələrinə şərait yaratmırlar. Sosioloq Ruslan Amaşovun sözlərinə görə, bu sahəyə nəzarət zəif olduğundan, indi yalnız dövlət sektorunda işləyənlər məzuniyyətə çıxa bilir. Özəl sektorda işləyənlərin isə əksər hallarda məzuniyyət hüququ tanınmır.

R.Amaşov deyir ki, işəgötürənlərin işçilərə məzuniyyət verməməkdən ötrü cürbəcür üsullara əl atır: "Əksər təşkilatlar qeyri-qanuni olaraq müvəqqəti müqavilə sisteminə keçib. Məsələn, işçilərlə bir illik kontrakt bağlayıb, onlara bildirirlər ki, işə müvəqqəti götürüldüyünüzə görə, sizə məzuniyyət düşmür. Halbuki müqavilə müvəqqəti bağlansa belə, yenə də işçilərin məzuniyyətə çıxmaq hüququ var. Və yaxud, ticarət şəbəkəsində işçilərin qeydiyyatı aparılmır. Bu yaxınlarda bir gülünc rəqəmlə qarşılaşdım. Guya, Azərbaycanda restoran və şadlıq evlərində işləyənlərin ümumi sayı 6 min nəfərdir. Bu hesabla, Azərbaycanda gərək cəmi 10-15 restoran olsun. Halbuki ən xırda kafedə azı 6-7 nəfər işləyir. Böyük restoranların isə 400-500 işçisi var. Amma bu müəssisələrdə rəsmi işçi kimi neçə nəfərin qeydiyyat olduğu ilə maraqlansaq, məlum olar ki, yalnız 5-6 belə işçi var. Qalan işçilər isə qeyri-rəsmi çalışır. Aydın məsələdir ki, bu halda məzuniyyətdən söhbət gedə bilməz".  

Sosioloq bildirir ki, işəgötürənlər məcəlləyə sözügedən dəyişikliklərdən sui-istifadə edərək, işləyənlərin məzuniyyət hüququnu bir az da məhdudlaşdıra bilərlər.

Onun sözlərinə görə, dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var: "Əmək  qanunvericiliyinə görə, işləyənlərin məzuniyyət müddəti bir ildən o biri ilə müstəsna hallarda keçə bilər. O da yalnız bir dəfə. Amma bizdə illərlə məzuniyyət götürməyən işçilər var. Deməli, qanunvericiliyin bu hissəsi praktikada özünü doğrultmur. Ona görə də bu problemi hər hansı bir qaydada həll etmək zərurəti ortaya çıxmışdı. Bunun yeganə yolu isə məzuniyyətin pul əvəzninin verilməsi idi. Məsələnin mənfi tərəfi ondan ibarətdir ki, hər bir işçi gündəlik, həftəlik və illik istirahət hüququna malikdir. Bu işçilərin sağlamlığı və əmək məhsuldarlığı baxımından çox vacibdir. Ona görə də məzuniyyətin pulla əvəzlənməsi yalnız müstəsna hal kimi nəzərdə tutulmalı, qaydaya çevrilməməlidir. Çünki insan uzun müddət istirahət etmədən çalışsa, sağlamlığını itirə bilər. İşəgötürənlər bu dəyişiklikləri əlllərində əsas götürüb, işçiləri məzuniyyətə göndərməyəcəklər. Digər tərəfdən, işçilər özləri sağlamlıqlarını 2-ci plana keçirib, daha çox pul qazanmaq üçün məzuniyyətə çıxmaq istəməyəcəklər. Məsələn, mənim tanıdığım həkimlərin hamısı məzuniyyət dövründə işdə olurlar. Çünki onların iş vaxtı maaşdan əlavə qazancları da olur. Belə iş yerləri çoxdur". 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, beynəlxalq konvensiyaların tələblərinə görə, hər bir halda işçiyə faktiki məzuniyyət verilməlidir:

"Bəzi işçilər əmək məzuniyyətini öz istəklərinə uyğun şəkildə, əlverişli saydıqları vaxt götürə bilərlər. Bunlar 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlar, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyn və ya qəyyumlar, hərbi qulluqçunun xanımları (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş  şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı, təhsil alan şəxslərdir", - deyə nazirlikdən bildirdilər.

 

İLTİFAT