adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 May 2021 15:52
92213
SİYASƏT
A- A+

Sülhməramlıların xəritə, şəhərcik, humanitar yardım, zəvvar oyunları: MƏQSƏD...

Yazıma başlamamışdan əvvəl qeyd edim ki, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasına heç də razılıqla qarşılamayıb. Haqlı olduğu da zaman keçdikcə təsdiqləndi. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinRusiya sülhməramlılarının Qarabağa yerləşdiyi ilk gündən pozulmağa başladı.

 

Xəritə oyunu

 

Deməli, noyabr ayının 26-da Xocavənd rayonunun Sur kəndində xidmət aparan əsgərlərimizə qarşı təxribat törədildi. Ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralandı.

Növbəti terror hücumu isə dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı edildi. Bu zaman da 1 hərbi qulluqçumuz şəhid oldu, “Azercell” şirkətinin əməkdaşı isə ağır yaralandı. Bu terrorçuların dərhal ərazidən çıxarılması tələbinə cavab verilmədiyi üçün 11 dekabrda DTX anti-terror əməliyyatı həyata keçirərək, Köhnə Tağlar və Çaylaqqala kəndlərini nəzarət altına götürdü, daha sonra isə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi istiqamətindəki terrorçulara xəbərdarlıq etdi.

Rusiya Müdafiə Nazirliyinin insidentdən dərhal sonra – 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması artıq Bəyanata da, sülhməramlı missiyasına da, ümumiyyətlə, rus ordusunun burda mövcudluğunun səbəbinə də həddən artıq böyük şübhə yaratdı. 11 dekabrda baş verən insident niyə 10 noyabrdan üzü bəri qeydə alınan ilk atəşkəs pozuntusu sayıldı-deyə düşünərkən digər suallar da qarşımıza çıxdı:Rus sühməramlıları bu təxribatları və terror hücumlarını niyə “qeydə” almayıb və adekvat davranmayıb? Kim ixtiyar verib Rusiya sülhməramlılarına ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafına qədər “sərhədləri” çəksinlər? Axı, bəyanatda konkret yerlər göstərilib və “rayonların qaytarılması” da Azərbaycanın qanunları ilə tənzimlənməlidir!?

Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev “Facebook” hesabında” Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil”-deyə məsələyə etirazını bildirdi.

Beləliklə, məlum bəyanatın hüdudlarını aşan yeni xəritə təqdim edilməsi dəfələrlə baş verdi və bu Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurdusa da, qarşısı alındı.

 

Şəhərcik oyunu

 

Davranışından belə görünür ki, Rusiya Qarabağa yeni hərbi qüvvə yerləşdirməyi planlaşdırır. Bunun üçün hazırlıq işləri də artıq görülür.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. Nazir qeyd edib ki, 2021-ci il aprelin 1-dək daha 32 modul şəhərciyin salınmasını nəzərdə tutublar. Bu isə rusiyalı hərbçilərin sayının 5 dəfə artırılacağı deməkdir. Xatırladaq ki, bəyanata əsasən, Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarət olmalıdır. Ancaq Rusiyanın bölgəyə pilotsuz uçuş aparatı belə yerləşdirdiyinə dair məlumatlar da yayıldı.

Rusiya və erməni mediasından davamlı bildirilir ki, Xankəndi, Getavan, Karakend, Xaçmaç, Martuni, Askeranda 12 blok-modul tipli şəhərcik tikilib istifadəyə verilib. Yaxın gələcəkdə bu cür şəhərciklər Sisian-2, Çartar, Laçin, Sos, Canyataq, Karmir Şuka (Qırmızı Bazar), Martakert, Zarışlı, Şuşi, Zabux, Cebraberd, Kırıkaxada da tikiləcək. RF Müdafiə nazirinin müavini Dmitri Bulqakov 250 hərbçi üçün nəzərdə tutulmuş modul tipli şəhərciyin açılışında iştirak edərkən deyib ki, bu gün 25 belə şəhərciyin avadanlıqlarını tamamlayıblar, istismara vermə işləri davam edir və aprelin 5-dək istismara veriləcək.

Gürcüstan sərhədində Rusiyadan Ermənistana göndərilən zirehli (gülləkeçirməz) gödəkçələr tutulub. Ötən ilin avqust ayında isə Rusiyadan Ermənistana təyyarələrlə qanunsuz yollarla silah daşınırdı. İndi də Ermənistana hərbi “bronjiletlər”in göndərilməsi bir daha təsdiq edir ki, Rusiya öz işindədir, Ermənistana hər cür hərbi dəstək verməkdə davam edir. Belə iddialar da səslənir ki, Rusiyada müəyyən dairələr Ermənistanı yeni müharibəyə hazırlayır.

 

Humanitar yardım oyunu

 

Sülhməramlılar Qarabağa ermənilərlə yanaşı, hərbi texnika və humanitar yardım adı altında yük daşıyırlar. Rusiya Qarabağda hərbi baza yaradırmı –sualı insanın beyninə hakim kəsilir. Təkcə dekabrın 11-dən 23-dək Rusiya Azərbaycanın bu bölgəsinə 54 vaqon yük daşındığını bildirib. Bunların 1 200 tonluq humanitar yük olduğu iddia olunur və “humanitar yardımlar” bu günə qədər intensiv davam etməkdədir. Fevral ayının açıqlamasına görə,atəşkəs elan olunandan sonra Rusiya Qarabağa 200 tondan artıq humanitar yardım göndərib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır.

Təkcə fevral ayında Rusiyanın Fövqəladə Hallar Nazirliyi Xankəndiyə 6 yük avtomobili ilə 50 tondan artıq yükü daşıyıb. Aprelin 26-da Rusiya Müdafiə Nazirliyinin saytında "Dağlıq Qarabağın Şaumyan rayonunun Aknaberd yaşayış məntəqəsində humanitar-tibbi aksiya” keçirilməsi barədə məlumat yerləşdirilib ("Turan”). Bu məlumat Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurub. Çünki Dağlıq Qarabağda Şaumyan rayonu yoxdur.

 

Separatçılar Kəlbəcərin adını Şaumyan rayonu olaraq dəyişdirmişdilər

 

Maraqlı bir prosesdən də söhbət açaq:Baxmayaraq ki, Prezident İlham Əliyev də açıqlamasında Qarabağda cəmi 60 min civarında erməni yaşadığını bildirib və göstərilən 139 min rəqəmini təkzib edib, amma... Rusiya MN-in yaydığı rəsmi açıqlamanı tam iki dəfə şişirtməkdə məqsəd Qarabağda erməni əhalisinin sayını artırma cəhdidir. Sonuncu erməni sayı 70 mini keçmişdir və Azərbaycan hüquq-mühafizə orqanları artıq prosesə mütləq nəzarət etməlidir.

Daha bir həssas nüans:Rusiya sülhməramlıları Amaras (Xocavənd), Gəncəsər (Kəlbəcər) və Xudavəng (Kəlbəcər)və digər monastırlara erməni zəvvarıdaşımaqda maraqlıdırlar. İndiki halda bunun qıcıqlandırıcı hal olduğunu nəzərə almırlar. Mayın 2-də isə adıgedən monastırlara 96 erməni zəvvar apardılar.

 

Rusiya sülhməramlılarından nə vaxt qurtulacağıq?

 

Rusiya qoşunları sülh üçün deyil, Ermənistanın gələcək intiqamına və ya heç olmasa, bunu etmək cəhdlərinə şərait yaratmaq üçün gətirildi. Əslində, bunu Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin aydın şəkildə deyir: “Çox güman ki, bununla bağlı bir siyasət olacaq:” Artsax faktiki olaraq mövcud olacaq, eyni zamanda bir müddət tanınmayacaq. Və bəlkə də, uzun müddət. Bütün bunlardan sonra Dağlıq Qarabağın statusu məsələsinin qaldırılacağını və erməni tərəfinin razı qalacağı şəkildə həll ediləcəyini düşünmək indi qəribə olardı. Hər şeydən əvvəl məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra istədiyiniz Dağlıq Qarabağ statusunu necə əldə edəcəyimizi düşünə bilərik. Bu səbəbdən də sülhməramlıların qalma müddəti heç bir texniki cəhət deyil, çox vacib bir siyasi və hətta geostrateji bir cəhətdir. Moskvada bunu gizlətmirlər.

Rusiyanın “Nezavisimaya Gazeta”sı açıq şəkildə bildirir ki, “Rusiya sülhməramlılarını hansısa bölgəyə gətirirsə, həmin ərazini ancaq Kremlin qərarı ilə tərk edirlər”. Və bu “heç vaxt” anlamına gətirib çıxarır.

 

Əntiqə Rəşid