adalet.az header logo
  • Bakı 18°C
28 Aprel 2021 13:21
35372
MÜSAHİBƏ
A- A+

Zemfira Məhərrəmli: Qəşəm Nəcəfzadə müharibəni hiss etdiyi kimi yazır 

Çevrəsində, ətrafında baş verən olaylara, ictimai-siyasi hadisələrə fərqli prizmadan yanaşmaq Qəşəm Nəcəfzadənin şeirlərinin səciyyəvi cəhətlərindəndir. Yaradıcılığının erkən dövründə də belə olub, indi də belədir. Tanınmış şair-publisist, AYB-nin “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə çoxsaylı şeir, esse, hekayə və elmi-publisistik kitabların müəllifidir. Əsərləri türk, rus, ingilis, alman, polyak, fars, gürcü və özbək dillərinə tərcümə edilib. Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son dövr yaradıcılığında epik, modern və metafizik şeirlər də üstünlük təşkil edir.

Onun yaradıcılığı barədə ədəbiyyatşünas alimlər, tənqidçilər müxtəlif vaxtlarda fikirlər söyləmişlər. Tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusiflinin şərhlərindən birində oxuyuruq: “Q.Nəcəfzadənin bir şair kimi özünəməxsusluğundan söz gedərsə, bunu qeyd etməyi vacib bilirik ki, hər bir şairi başqa bir şairdən ayıran, fərqləndirən, məxsusilik qazandıran cəhətlər olur. Fikrimizcə, Qəşəmin özünəməxsusluğunu onun bu bənzətmələr sərgisini xatırladan və assosiativ təfəkkürdən doğan bəzi şeirləri ilə yanaşı, “Ay Vətən!”, “Öləndə, öləsən...”, “Adam az qalır...”, “Kəndə qayıdanda”, “Qorxma” şeirlərini də xatırlatmaq lazım gəlir... Deməli, bənzətmələr müəyyən bir obrazın tam və dolğun təcəssümünə xidmət edirsə, o zaman şeirdə konkret bir fikir də hasil olur.”

Əvvəldə qeyd etdiyimiz kimi, müəllifin mövzu və problematikaya münasibəti fərqlidir, şeirləri və yaratdığı obrazlar bir-birinə oxşamır. Şair uğursuzluğa, yol verdiyimiz yanlışlara, qüsurlara bəzən tənqidi münasibət bəsləyir, baş verənlər üçün özümüzdə də günah, suç axtarır. “Ay Vətən!” şeiri bu baxımdan fikrimizə sübutdur:

Təndir çörəyini kökə elədik,

Torpağını seçdik, bölgə elədik.

Böldük səni tikə-tikə elədik,

Bacın ölsün, anan ölsün, ay Vətən!

 

Göründüyü kimi, şair milli-mənəvi dəyərlərimizə, qədim adət-ənənəmizə biganə münasibətlə, məmləkətin yad əllərlə zaman-zaman bölgələrə bölünməsi, hissə-hissə, parça-tikə edilməsi, “Göyçə gölün Sevan gölünə çevrilməsi” ilə heç cür barışa bilmir:

 

 

Mən bilmirəm, axşam nədi, gün nədi?

Qız-gəlinin əsir-yesir gündədi.

Şuşam getdi, bir balam var, dinmədim,

Mənim kimi balan ölsün, ay Vətən!

 

Birinci Qarabağ savaşında erməni canilərin ələ keçirdiyi yurd yerlərimizin dağıdılması, viran edilməsi, mülki əhalinin, qız-gəlinin əsir-girov götürülməsi, Qarabağın incisi Şuşanın və digər şəhərlərimizin işğal olunması müəllifin yaralı misraları ilə izhar edilir. Şair Vətən oğullarını ayağa qalxmağa, düşmənə dərsini verməyə, haqsızı öz qanlı əməlinə görə cəzalandırmağa səsləyir:

 

 

Al qılıncı, vur düşməni, böl iki,

Bu düşmənlər səni elə bölüb ki...

İnnən belə şeir vaxtı deyil ki,

Bu şeiri yazan ölsün, ay Vətən!

 

“Qarabağ şikəstəsi” şeirində isə müəllif düşmən tapdağında olan, nisgilli qürbət ömrü yaşayan Şuşamızın adının yeri gəldi-gəlmədi, müxtəlif iaşə müəssisələrinə, kafe-restoranlara verilməsi ilə heç cür razılaşmır, bunu bir aşağılama hesab edir. Vaxtilə “şahları diz çökdürən”, kafirlərə təslim olmayan məğrur, vüqarlı, havası can dərmanı, büllurtək təmiz, şüşətək şəffaf Şuşamızın indi bu durumda qalması şairin ürəyini didib-parçalayır:

 

Mənim Şuşamı hər şeyə bənzətməyin,

Mənim Şuşamı bu qədər kiçiltməyin.

Qoyun Şuşam qalsın Şuşalığında,

Qoyun Şuşam qalsın şüşəliyində.

 

Zorla düçar olduğumuz qanlı savaşın həyatımıza gətirdiyi fəlakətlər, üzüntülər, insanların taleyinə vurulan zərbələr, sağlamlığını itirib şikəst olmuş insanların faciəsi şairi daim düşündürüb, bu ağrılı fikirlərini şeirlərində məharətlə poetikləşdirib. “Əlil arabası” şeiri fikrimizə sübutdur:

 

Əlil arabası ilə uşaq kolyaskası

Yanaşı addımlayır...

İndi təkər ayaqlar.

 

Qəşəm Nəcəfzadə “Tapşırıq” adlı şeirində isə Vətən oğluna xitabən itkilərimizin əvəzini çıxmaq, yurd yerlərimizi işğaldan azad etmək, müharibənin vurduğu yaraları sağaltmaq üçün məhz bu gün qətiyyətli addım atmağı tövsiyə edir. Şairin qanlı savaşları yenmək, “müharibə” sözünü Yer üzündən silmək üçün oğullarımıza verdiyi nəsihət qürurvericidir:

 

Bu döyüşdə Qırat yox,

Dürat yox.

Tankı sürməyi öyrən, oğlum,

Tankı sürməyi öyrən!..

Bu döyüşdü, silahına uyuş bir,

Düşmən çoxdu, silah birdi, qayış bir.

Avtomatın tətiyinə yığış bir,

Dərə dilini öyrən, oğlum,

Dərə dilini öyrən!

 

Şair illərdən bəri həsrət qaldığımız, zəbt edilmiş yurd yerlərimizin xiffətini, yamyaşıl, gül-çiçəkli kövşənində otladığı doğma kəndinə tamarzı qalan, sahibinə vəfalı atın timsalında belə çatdırır:

 

Ağbulaqlı Tahirin atı

Gecənin birində

Dönüb küləyə,

Getdi ön cəbhəyə...

Kimi dedi

At doğulduğu kəndi görübmüş

Yuxusunda.

At qayıtmadı,

Yerinə bir şeir qayıtdı...

 

Qəşəm Nəcəfzadə Vətən mövzusunda, müharibə qurbanları haqqında bəsit, cılız, alınma sözlər doldurulmuş əndrəbadi şeirlər yazan şairciklərə üzünü tutub “Vətənimizi belə şeirlərlə kiçiltməyin, ya da qələminizi sındırın” deyir. Ana yurdumuzu belə bəsit şeirlərdən xilas etməyə, ağılla düşünüb yazmağa, uşaqlara həyatımızı zəhərləyən bu qanlı münaqişənin əsl mahiyyətini erkən yaşlardan doğru-dürüst anlatmağa çağırır:

 

Ayağınızla yox,

Gözlərinizlə yeriyin...

Uşaqlara “düşmən” sözünü

düşünmək kimi anladın.

 

Dünyada gedən bütün münaqişələrə nifrət etdiyini, bu hərb qovğalarının Yer üzündən silinəcəyi, həmişəlik bitəcəyi, insanların ölüm saçan müharibə kabusu ilə bir daha üzləşməyəcəyi günü arzuladığını dilə gətirən misraları da var Q.Nəcəfzadənin:

 

 

Mənə silah verməyin, satıb kitab alacam...

Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacan.

Məni müharibəyə aparmayın...

Müharibəni oyuncağa çevirəcəm...

 

 

Q.Nəcəfzadənin “Bir gecənin işi” adlı şeirini siyasi lirikanın dəyərli nümunəsi saymaq olar. Atəşkəs əldə olunsa belə, buna heç vaxt düzgün riayət edilməyən dövrə, münaqişənin qan-qada, hərbi qovğa mərhələsindən soyuq müharibə müstəvisinə keçdiyi bir zamana həsr edilmiş bu şeirdə Qarabağ dərdimizin çözülməsi ilə bağlı yaşanan çətinliklərdən söz açılır:

 

Biz Qarabağı öz əlimizlə aparıb

ATƏT-ə nahaq verdik.

İndi erməni verər, ATƏT verməz.

BMT-yə nahaq dedik “dur bizə gəl”,

“gey təzə gəl...”

 

Bu şeirdə uzun illərdən bəri Dağlıq Qarabağ probleminin həllinə laqeyd yanaşan, birtərəfli mövqe tutan, bizi dolaşığa salan, azdıran yollar göstərməklə otuz il vaxt qazanan ATƏT-in Minsk Qrupunun məlum münaqişənin həlli ilə bağlı qətiyyətli addım atmadığı, BMT-nin dörd mühüm qətnaməsinin yerinə yetirilməsi üçün heç bir səy göstərmədiyi satirik dillə, kəskin sarkazmla nəzərə çatdırılır. Şair onu narahat edən, düşündürən “Avropa bizim üçün nə iş gördü ki?” sualına qeyzlə, rişxəndlə belə cavab verir:

 

Nə oldu, Avropa əlimizə güllə verdi, nədi?

Yoxsa yaxamızdan medal asdı?!

Dünyaya hay-haray saldıq,

Qarabağı aparıb dünyanın ovcuna qoyduq...

Dünya hələ də düşünür...

Deyirəm:

Aparıb necə müşkülə çevirdik

bir gecənin işini...

 

Həmin vaxtlarda Vətən müharibəmizin, 44 günlük möhtəşəm Zəfər savaşımızın dağlar, dəryalar boyda sevinci hələ yaşanmamışdı. Əgər belə olsaydı, Qəşəm Nəcəfzadə bir neçə sətir öncə misal gətirdiyimiz şeirinin son misrasındakı “bir gecənin işi” yerinə, yəqin ki, “44 günün işi” ifadəsini yazardı.

Zəfər savaşımızın səsi-sorağı dünyaya yayılan günlərdə, hamının Qarabağ cəbhəsindən gələn xəbərlərə diqqət kəsildiyi bir vaxtda şairin Artkaspi.az saytında “Müharibə ətirli şeirlər” adlı yazısı dərc edilmişdi. Müəllif qeyd edirdi ki, “ordumuzun qazandığı Qələbə, hər şeydən əvvəl, düşmənə bir əxlaq dərsidir. Torpaqlarımızı azad etməyin məramında böyük bir mədəniyyət və əxlaq yaşayır. Döyüş taktikamızın sivil, ən müasir savaş texnologiyaları əsasında aparılması dünyaya nümunə kimi göstərilir. Mülki əhaliyə atəş açmadan irəliləyən döyüşçülərimiz düşmənin yalnız silah-sursat anbarlarını, döyüş teknikasını məhv edir. Döyüş əxlaqımız insanpərvərliyə, minillik mənəvi-əxlaqi dəyərlərimizə, haqq uğrunda mübarizəmizə, gücümüz isə iqtisadiyyatımıza və dünyada apardığımız məqsədyönlü siyasətimizə söykənir.”

Q. Nəcəfzadənin fikrincə, bu gün Zəfər şeirləri yazmaq vaxtıdır. Müharibə şeiri kampaniya xarakterli olmamalıdır.Birinci Qarabağ savaşı zamanı bu qəbildən olan şeirlərimizdə kədər notu güclü idisə, ikinci müharibədə Qələbə əzmi üstündür və bu üstünlük müharibə şeirimizin canlı, orjinal yaranmasına xidmət edir. Çünki buradakı paralellik şeirdəki əzmkarlıqla, ordu coşqusu ilə üst-üstə düşür... Müharibə şeiri yazmaq üçün səngərin barıt qoxusunu udmaq lazımdır, torpağın qoxusu burnuna dəyməlidir və sən səngərdə əsgərlə birgə “olum” və "ölüm” həyəcanını yaşamalısan. Bax, onda şeirlərindən müharibə ətri gələcəkdir.

Şair söyləyir ki, “bu gün ordumuz nəinki Qarabağı, bütövlükdə Qafqazı müharibədən xilas edir. Hətta ermənini də. Ermənini erməniliyindən xilas etməyin zamanı gəlib. Müharibəni necə hiss edirsənsə, eləcə, heç nə əlavə etmədən, artırmadan, olduğu kimi yaz. İstər pafoslu olsun, istərsə pıçıltılı, fərq etməz. Olduğu kimi, hiss etdiyin kimi yaz. Gözəl alınacaq.”

Zemfira Məhərrəmli

yazıçı-publisist