adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şeyma Subaşı, milyonlar… Dünya dağılır - Eminquey yazır

EMİNQUEY AKİF
54829 | 2021-04-21 13:59

Əminəm ki, günümüzdə olduğu kimi ta min il öncə də “dünya dağılır” ifadəsi olub.

Qabil Habili öldürəndə...

Hz. Hüseyn və döyüş yoldaşları şəhid ediləndə.

Bir nəfər xain dağ cığırı ilə iranlıları Fermopil keçidinə aparanda.

Alkmeonidlər bütün yunanlara xəyanət edəndə.

Ermənilər Osmanlıya xəyanət edəndə.

Zəncilər Amerikada qətl ediləndə, dışlananda.

Holokostda.

31 martda.

20 yanvarda.

Xocalıda.

Tarixin bütün dövrlərində.

Amma nə zaman o zamandır, nə də dünya o dünya.

Bir vaxtlar Magellan, Kolumb bu dünyanı kəşf etmək üçün uzun-uzun səfərlərə çıxırdısa, indi dünyanı görmək üçün səfərə ehtiyac qalmayıb.

Bir vaxtlar Yerin sahəsi 510.100.000 km² idisə, indi iki barmaq arası qədərdir.

İndi telefona toxunub bir qarışlıq ekranda bütün dünyanı gəzə bilirsən.

Bir vaxtlar insanlar bir-birinə xəbər vermək üçün günlərlə vaxt, kilometrlərlə yol sərf edirdilər.

Bir vaxtlar şahlar çapar yollayardılar, o çapar başqa şahlara xəbər aparardılar, ya yarı yolda ölərdilər, xəbər çatmazdı, ya da xəbər çatdırdıqları şahlar başlarını üzdürərdi.

İndi telefona toxunursan, ölümsüz-itimsiz xəbərini verirsən, xəbərini alırsan.

İndi dünya ovcumuzun içi qədərdir.

Və yenə də dünya dağılır.

Amma bu dağılmaq o dağılmaqdan deyil axı.

Dünya ovcumuza sığandan bəri dünyanın istənilən nöqtəsində baş verən hadisələrdən xəbərdar oluruq.

Sahildə səssiz-kirimiş uzanan ölü körpədən.

Avstraliyada meşə yanğınında qırılan onlarla heyvandan.

İntihar edən insanlardan.

Aclıqdan ölənlərdən.

Dünyanın dağılmasına hər gün yeni bir səbəb.

Nəhəng bir təyyarədə təkbaşına səfərə çıxan Şeyma Subaşı.

İnsan yalnız bu qədər qiymətli ola bilər.

Kimin sayəsində?

Misirli sevgilisinin.

Dediyim nəhəng sərnişin təyyarəsinin bütün biletlərini alıb sevgilisi Şeyma üçün.

Dünyanın dağılmasının səbəblərinin hansı miqyasda, hansı tərzdə dəyişdiyinin fərqindəsiniz?

“Biri yeyər, birisə baxar, qiyamət də buna görə qopar” – deyiblər.

Kənardan sevgi üçün fədakarlıq kimi görünür, amma...

Milyonlarla ac-yalavacı olan bu dünyada milyonların havaya sovrulduğu bu zamanda qiyamət niyə qopmasın?

“Ah” da bir enerjidir, elə deyilmi?

Milyonların ahı silkələməzmi bu dünyanı?

 

TƏQVİM / ARXİV