adalet.az header logo
  • Bakı 13°C
17 Aprel 2021 09:52
34186
MÜSAHİBƏ
A- A+

"Toni Adamsı “Qəbələ”yə gətirdilər, heç altılığa düşə bilmədilər" - MÜSAHİBƏ

Cavanşir Novruzov “Qarabağ”ın veteranlarındandır. O, 1980-90 illərdə Ağdam klubunda çıxış edib. Bu yaxınlarda Əməkdar məşqçi fəxri adı alan C.Novruzov “Ədalət” qəzetinə sabiq komandası ilə bağlı xatirələrindən, futbolumuzun bugünkü durumundan danışdı.

- Futbola marağım uşaqlıqdan olub. Evimiz “İmarət” stadionuna yaxın idi. Uşaqlığım “İmarət”də keçib. Rəhmətlik Adil Nadirov gəzirdi, istedadlı uşaqlar axtarırdı. 6-cı sinifdə oxuyanda məktəbin həyətində futbol oynayırdıq. Yaxınlaşdı, dedi, futbol oynamaq istəyirsən? Dedim, əlbəttə ki istəyirəm. Və o, məni öz idman məktəbinə dəvət etdi. Futbol həyatım oradan başladı.

1979-cu ildə Almaniyada hərbi xidmətə yollandım, orada da futbol fəaliyyətimə davam etdim. QSVG-də oynayırdım. Üstəgələ, alman komandalarının birində də çıxış edirdim. Amma o gizlin idi. Qayıdanda Ağdamda çempionat gedirdi. Təklif etdilər ki, mən də qoşulum oyunlara. 3 ay oynadım, özümü yaxşı göstərdim. Oyunuma baxıb bəyəndilər. Mingəçevirin “Avtomobilnsk” klubuna çağırdılar. Baş məqçi Şamil Heydərov idi. 1981-ci ildə o klubda oynamağa başladım. 1 il davam etdim. Bakıda Neftçi ilə yoldaşlıq oyununda Neftçinin baş məşqçisi Kazbek Duayev oyunumu bəyənib komandasına dəvət etdi. 1883-cü ildən Neftçidə oynamağa davam etdim.

Əksərən əvəzedici heyətdə qaldığıma görə etiraz edib qayıtdım Mingəçevirə. Fuad Musayev vardı, Bakı Şəhər Komitəsinin birinci katibi idi. Futbol ona həvalə olunmuşdu. Mingəçevirə gəlmişdi. Məni və Nazim Süleymanovu qonaq evinə çağırtdırdı. Getdik. Dedi, sabah saat 9-da Neftçi bazada olun. Yoxsa futbolla birdəfəlik qurtaracaqsan. Sözündən çıxa bilmədim.

Sonralar Xankəndinin komandasında da oynadım. 1985-ci il idi, ermənilərlə birlikdə oynayırdım. Mən o komandada oynadığıma görə stadionun yarısı ağdamlılar olurdu. Daha sonra Kəpəzə dəvət etdilər. Qrupun çempionu olduq. Rəhmətlik Əli Rəhmanovun dəvətilə Naxçıvanda oynadım, bombarder oldum.

1988-də aranın qarışan vaxt Ağdama gəldim, həmin il respublika çempionu olduq, 1989-da Rəşid Özbəyovun rəhbərliyi altında SSRİ çempionatında çıxış etdik. Stadion dağılırdı bizim oyunlarımızda. 23 qolvurdum. 1991-ci ildə də çempion olduq. Beləcə Bakıya gəlib çıxdıq. Sumqayıta gəldik. Məcburi köçkünlərin, qaçqınların yerləşdiyi şəhərcik vardı. Bir müddət orada qaldıq. Ev oyunlarımızı orada oynayırdıq. 1993-də və 1997-də də çempion olduq.

- Məşqçi kimi nə vaxt fəaliyyətə başladınız?

- Ağasəlim Mircavadım 1997-ci ildə məni köməkçi məşqçi kimi dəvət etdi. 2001-ci ilə kimi işlədim. Ondan sonra komandanı “Azərsun”a verdilər. İşdən çıxdım. Hardasa 5 il başqa sahədə işlədim. 2007-ci ildə “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov dəvət etdi, getdim, yaxşı da işlədik. Bizim qələbələrimizə Kəmaləddin müəllim çox sevinirdi.

- Qəbələnin ən uğurlu çıxış etdiyi vaxtlar idi.

- Bəli, altılığa düşən vaxtları. Qəbələnin prezidenti Taleh Heydərovun iddiası daha böyük futbola getmək idi. İngiltərədən Toni Adamsı dəvət etdilər. Elə o vaxtlar biz kənarlaşdıq, klubdan ayrıldıq. Futbol Akademiyasında müəllimliyə davam etdim. 2010-cu ildən 2019-cu ilə kimi seleksioner məşqçi kimi çalışdım. Bütün bu fəaliyyətimi nəzərə alıb sənədlərimi nazirliyə təqdim etdim. Bu ilin martın 5-də “Əməkdar məşqçi” adına layiq görüldüm. 1991-ci ildə SSRİ idman ustası adına da layiq görülmüşdüm.

- Kumiriniz kim olub?

- Maradona. Onun kimi futbolçu tanımıram. Düzdür, indi Messini “yadplanetli” filan adlandırırlar. Amma Messi Maradona olan deyil. İndiki zamanda Ronaldonu bəyənirəm.

- Ən klişe suallardan olsa da, Messi, yoxsa Ronaldo?

- Təbii ki Ronaldo. Onun iki ayağı da işləyir. Hava ilə gələn toplara kəlləsini yaxşı işlədə bilir. Sürətlidir. Hansı xəttə qoysan oynayası futbolçudur. Messi arxadan oyunu qursa da, bəzən özü sona çatdırsa da, bir çox şeylərdə Ronaldodan geri qalır. Həm də Ronaldoya etdiyi yaxşılıqlara görə simpatiyam var.

- Cavanşir bəy, “Qəbələ”nin ən yaxşı vaxtlarında işləmisiniz. Sonra nə oldu ki, bu klub közərib yox oldu. Təkcə Qəbələ yox, Bakı, İnter, Xəzər-Lənkəran, Sumqayıt. Üstəgəl, çempionatda komanda azdır. İndisə hamı gözünü “Qarabağ”a dikib. Bircə odur sanki. Bu işin mətbəxini bilirsiniz. Sizcə nə baş verdi?

- Prezident İlham Əliyev tərəfindən 2005-2015-ci il arası futbola milyarda yaxın pul ayrılmışdı. Bu on il ərzində əgər düzgün iş aparılsaydı, 10 yaşında uşaq böyüyüb 20 yaşında gözəl, gənc futbolçu olmuşdu. Düzdür, istedadlı uşaqlar var, amma onlara gərək öz balan kimi yanaşasan, qayğısına qalasan. Düşünürəm ki, indiki zamada yaşlı, təcrübəli məşqçilərdən istifadə etmək lazımdır. Vaqif Sadıqovdan, Ağasəlim Mircavadovdan, Əsgər Abdullayevdən, Şakir Qəribovdan və s. Bu insanlar uşaqlara necə yanaşmağın lazım olduğunu daha yaxşı bilirlər. Bu gün futbolumuzun inkişafı çox aşağı səviyyədədir. Fuad Musayevin vaxtında Azərbaycan Çempionatı 24 komandadan ibarət idi. Həmin respublikayıq da. Kənddən-kəsəkdən istedadlı uşaqlar çıxırdı. Onları gedib axtarıb tapmaq lazımdır. İndi bunu edən yoxdur. Gərək hər rayonun komandası olsun. Azərbaycanın özünəxas futbol üslubu vardı.

Toni Adamsı “Qəbələ”yə gətirdilər. Dedi, iki ilə komandanı Çempionların Liqasının qrup mərhələsinə aparacam. İki ilə heç altılığıa düşə bilmədilər. Belə şey olarmı? Ona sərf olunan maddiyyat özümüzkülərə sərf olunsaydı, min dəfə keyfiyyətli olardı. Düzdür, Taleh müəllim və digərləri Akademiyanı yaxşı yaratdılar. Yaxşı uşaqlar yetişdi. Milli Yığmanı təmsil edən uşaqların çoxsusu Qəbələnin yetirməsi idi. Bir vaxtlar Bakı klubundan yaxşı uşaqlar yetişirdi.

- Sizin futbol oynadığınız dövrlə indiki dövrü necə müqayisə edirsiniz?

- Mən əsasən Sovet dövründə oynamışam. O vaxt puldan çox, oynamağa həvəs vardı. O vaxt Rəşid Özbəyov məni Qazaxa dəvət edəndə soruşmuşdu ki, nə qədər pul istəyirsən? Demişdim, əvvəlcə oynayım, özümü göstərim, sonra oyunuma görə qiymət verərsiz. Mat qalmışdılar ki, başqasasını dəvət edəndə o dəqqiqə pul söhbəti edir. Həmişə istəmişəm ki, əziyyətimə görə pul qazanım. İndi futbol sürətlidir, bizdə isə sürət yoxdur. “Qarabağ”ın oyunu müdafiədən başlayır. Bir balaca sürətli futbol göstərmək istəyən “Neftçi” dir. O da belə. “Neftçi” elə bir komandadır ki, ona adlı-sanlı, reytinqi olan məşqçi lazımdır.

- Cavanşir bəy, məsələn, ingilislərin futboluna baxırıq, ötürmələr cəld, sürətli, dəqiq, bizimkilərə isə baxırıq, ötürmələr ölü, ürkək, qeyri-dəqiq. Bəzən adam deyir ki, top bu dəqiqə ya oyunçuya çatmayacaq, ya da digər oyunçu qəbul edə bilməyəcək, top inciyib çıxacaq meydandan. Amma yaxşı da maaş alırlar, qidaları yerli-yerində.

- Futbolçuların hazırlıq dövrü var. Sovet dövründə 3 ay olurdu. Biz hazırlıq dövründə gündə üç dəfə məşq edirdik. O üç dəfə məşq də elə-belə proqram deyildi. Ukraynalı Lobonovski, Beskovun proqramları idi. Bayaq adını sadaladığım məşqçilər bizi belə hazırlaşdırırdılar. Çempionat apreldə başlayırdı, noyabrın axırında qurtarırdı. Bizdə dözümlülük vardı. Həftədə iki oyun oynayırdıq. İndiki uşaqlara üç dəfə məşq versən, deyərlər, başı xarabdır.

- Cavanşir bəy, biz futbolumuza baxıb nə vaxt ürəkdən, qorxmadan sevinə biləcəyik?

- Regionlarda futbol inkişaf etməsə, çətin. 7-8 komandamız var, onun da yarısını SOCAR maliyyələşdirir. Niyə? Başqaları yoxdur? Bizdə biraz da özündənrazılıq var. O vaxt Qara Qarayevi Lokomativ Moskva istəyirdi. Qara yaxşı futbolçudur, getmədi, bəlkə də getsəydi, daha yaxşı yerlərə əli çatardı. Öz üzərində çalışan oğlandır. Allah əsgərlərimizə, Prezidentimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin, torpaqlarımız azad olunub. Bərpa işləri gedir. Ağdama qayıdıb uşaq futbolu ilə işləmək istəyərəm. Yaxşı uşaqlar yetişdirmək istəyərəm.

 

Söhbətləşdi: Eminquey