SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: MƏN ŞEİR YAZANDA SƏNİ TAPIRAM

  49088   |  
Şriftin ölçüsü  

Əslində səni tapmaq elə özümü tapmaqdı

 

Hər bir söz adamı tanrı dərgahında  sözünə görə  bir yer sahibi olur. Çünki söz Tanrı pıçıltısıdı və onu da hər adam duyub, fəhm edib öz sözünə, öz ruhunun ifadəsinə çevirə bilmir. Əgər kimsə bunu edirsə, deməli, o Allahın sevdiyi bəndələrdəndi və heç də təsadüfi deyil ki, şairlərin olduğu yerin tanrı dərgahı olduğunu hər kəs yaxşı bilir...

Mən onun sözünü özündən əvvəl tanımışam. Bir yazı-pozu adamı olaraq sovet dönəmindən üzü bəri gəldiyim yolda, oxuduğum, dinlədiyim sözlərin sırasında onun sözlərini görmüşəm.  Hər görüşümüz də yadıma, yaddaşıma yazılıb. Çünki həmsöhbət olduğum bu halal söz özü ilə birlikdə ruhuma rahatlıq gətirib. Elə bilmişəm ki, o sözü mən demişəm, mənə məxsusdu. Deməli, yaşadığım zaman kəsiyində həyatda təmasda olduğum ən çox Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub şeirləri ilə baş-başa qalanda mənə elə gəlir ki, onlar bütün şeirklıərini mənə yazırlar. Və mən də bu şeirlərin hamısının özümə aid olduğuna daxilən inana-inana həmin şairlərin sözlərinin az qala pərvanəsinə çevrilmişəm. Təbii ki, həyat inkişaf etdikcə, həyat dəyişdikcə, zaman keçdikcə doğmalaşdığım ruh dostlarımın sırası da yenilənir, artır, onların arasında bir ad da, bir imza da var. O adın sahibi yolun bitmədiyini bəyan edən Barat Vüsaldı. Bu  bəyanatın arxasında dayanan Barat Vüsal deyir ki:

 

Yer üzünə haqqın göylər üzündən

Salamını yetirməyə gəlmişəm.

Bölüşdürüb günahını Adəmin,

Ilim-ilim itirməyə gəlmişəm.

 

Torpağına, havasına vurulub,

Torpağıyla, havasıyla bir olub.

Bir kasıbın komasına vurulub,

Öz köksümü ötürməyə gəlmişəm.

 

Adam bilib adamlara qarışdım,

Adamlarla mən də küsüb barışdım.

Yollar çoxdu, yol hardadı? – soruşdum,

Bu sualı bitiməyə gəlmişəm.

 

Adam var ki, bayaq gəlib dünyaya,

Adam deyil, ayaq gəlib dünyaya,

Qəlbim məndən qabaq gəlib dünyaya,

Ayaq altdan götürməyə gəlmişəm.

 

Bəli, bax, dünyaya niyə gəldiyini açıq-aşkar bilən və hər kəsə də açıq-aşkar söyləyən Barat Vüsal 70 il bundan öncə söz havasıyla, söz işığıyla, qədəm qoydu dünyamıza. Gəldi ki, sözə çiyin versin, sözün nizamını bir az da ovxarlasın, bir az da tumarlasın, sözün işığına bir az da işıq qatsın. 

Elə bu istəklə, bu arzuyla da Məmməd Araz demiş, göyərtdi karandaşını. Qələmini ürəyinin həm dinləyicisi etdi, həm də xidmətçisi. Ürək deyəni, ruh səsləndirdiyini qələm öncə dinlədi, sonra kağıza köçürdü. Və beləcə, Qazaxın bir guşəsindən Azərbaycan adlı məmləkətə Barat Vüsal sözü yayılmağa başladı. O sözü ki, oxucu birnəfəsə dinləməyə artıq hazır idi.

 

Bir də dönüm başına,

Gözünə döndüyüm söz!

Ay çiçəkdən qoxlayıb,

Ağacdan dərdiyim söz!

 

Məni tutdun, atmadın,
Üstümə qayıtmadın.

Zəndimi yanıltmadın,

Sağ ol, düz gördüyüm söz!

 

Ölsün öldüyü halda,

Məni gözləyən gor da!

Məni gözləyir yolda

Mənim söz verdiyim söz!

 

Bəli, zənnimcə, bu sözü dinləməyə, bu verilən sözün işığına yığışmağa həm dəyər, həm də heç kimdə tərəddüd ola bilməz. Elə bu sözün ətəyindən yapışıb xatırlatmaq istəyirəm ki, torpaq nisgilimiz başlayandan sonra Barat Vüsalla şəxsi tanışlığımız və dostluğumuz da reallaşdı. Bakıda qarşılaşdıq, dərdləşdik, bu raşılaşma da çevrildi körpüyə - dostluq körpüsünə. Mən Barat Vüsalın dövri mətbuatda çıxan bütün şeirlərini, məqalələrini demək olar ki, oxumuşam. Bunu ona görə deyirəm ki, oxucu birmənalı şəkildə əmin olsun ki, Barat Vüsalın söhbəti də şeirdi, hətta yazdığı məqaləsi də. Allahın verdiyi istedad onu yaxşı mənada sözün danışan dilinə çevirib. Içindəki od, alov danışmağa başlayanda sözə çevrilir. Əgər efirdən, ekrandan və yaxud da üzbəüz təmasdan onu dinləmisinizsə, sinəsinin necə atlandığını, səsinin şeir üstdə necə kökləndiyini və ən vacibi şeir dedikcə  elə bil yerdən qopub ayrıldığını yəqin ki, hiss etmisiniz. Mənim gözümdə bu belədi. Yəni Barat Vüsal şeir söyləyəndə o, hər kəsdən ayrılır. Onun səsi göyün yeddinci qatından gəlir. O yazır ki:

 

Mənə elə-belə yaşamaq olmaz,

Içdiyim bu zəhər qəndə oxşayır.

Bir ayağım üstdə dayanmışam mən,

Qəlbim həm yaşamır, həm də yaşayır.

 

Bəlalar dolanır bu dərdli başda,

Mənə nə görürəm, dərddi bu yaşda.

Ağlasam qorxuram, hər damla yaş da,

Verilən şəhərə, kəndə oxşayır!

 

Demirəm bu boyda göy də mənimdi,

Deyirəm bu yer də, göy də mənimdi!

Sərhəddi olmağa növbə mənimdi,

Bu vətən bu saat məndə yaşayır!

 

Həqiqətən gözəl şeirdi. Fikir yükü də, məna çalarları da, söz düzümü də, şair yanğısı da... Bir sözlə, bütöv, kamil və həm də arzu olunan şeir.

Mən şair dostum, qardaşım Barat Vüsalın şeirlərinin yaşıl ormanında gəzib-dolaşdıqca hər gülü öz görkəmində görsəm də, amma o güllərin hər birində təzə bir ətir, təzə bir qoxu hiss edirəm. Sanki Baratın şeirləri vəsf etdiyi gözəllikləri hətta dağın, daşın da ətrinə ətir qatır. Onun nəqqaş kimi qulluğunda dayanır. Və beləcə, yanağı xallı lalə də, boynubükük bənövşə də öz görkəminin işığında bir az fərqli bir qoxuyla danışır adamla. Bu söhbəti dinləyə-dinləyə mən onun misralarının avazında fərqli bir dünyanın adamına çevrilirəm. Çünki günün təqdimatı, günün ifadəsi Barat qələmiylə yazılır.

 

Hələ belə gözəl gün görməmişik,

Hələ belə belə gülüb-güldürməmişik.

Hələ ölməmişik... öldürməmişik,

Hələ görməmişik bir-birimizi!

 

... Ötüb keçən aya, ilə baxmışıq,

Bu görüşdən ötrü çox darıxmışıq.

Əl-ələ vermişik, yola çıxmışıq,

Hələ görməmişik bir-birimizi.

 

Bir parçasını təqdim etdiyim bu şeirdəki sevən insanın mənzərəsi şairin qələmində dipdiri olduğu qədər də insana can köynəyi qədər yaxın, öz sevgisi qədər də doğmadı. Çünki hələ xəyalında yaşatdığın, xəyalında özünlə hər yerə aparıb gəzdirib gətirdiyin, amma üzünü görmədiyin sevgi mələyinin təsviri sözün imkanlarından da çıxaraq məhz şairin öz imkanları çərçivəsində misralanıb, şeirə çevrilib. Ona görə də müəlliflə onun yaratdığı şeirin bir-birini tamamlaması şəxsən məni sevindirir. Bu, təkcə Barat Vüsalın deyil, həm də poeziyanın uğurudu. Ona görə də əgər Barat Vüsal deyirsə ki, “mən şeir yazanda səni tapıram”. Deməli, onun poeziyasına bələd olan, onun sözünün işığını görən hər kəs buna inanmalıdı. Bilməlidi ki, bu şair sözü olmaqla yanaşı, həm də Barat Vüsalın sözüdü, onun kredosudu.

 

Bu nədi, böyüyüb şair ollam ki,

Şer göndərəsən elə sən mənə.

Qorxuram axırda yarım, deməyib,

Aldadıb sən şair deyəsən mənə.

Yanılıb fürsəti fövtə vermədim,

Nə dedin, hamısını mən bir-bir yazdım.

Bu gün də üzünü görə bilmədim,

Bu gün də aldanıb bir şeir yazdım.

 

Gözümdə bir xallı qızın surəti,

Nələr çəkdirirsən, nələr çəkirsən.

Görünür məhəbbət adlı nemətin,

Bir şer forması,

sən söz şəklisən.

 

Şirindir söhbətin, sözün görürəm,

Söhbət ev dustağı Leylidən düşüb.

Mənim şeirlərim özüm görürəm,

Məcnunun çırpılmış cibindən düşüb.

 

Mən şeir yazanda səni tapıram,

Özümü itirib candan oluram.

Mən şeir yazanda səni öpürəm,

Imandan oluram, dindən oluram!

 

Hər gün bir söz qalır ürəyimizdə,

Hər gün sayı artır şeirlərimin.

Bizim ömrümüzdə, taleyimizdə,

Vüsal dedikləri şermiş yəqin?

 

... Bu nədir, deyəsən şair oldum ki,

Şer göndərirsən elə sən, mənə.

Qorxuram axırda yarım, deməyim,

Aldadıb, sən şair deyəsən mənə!

 

Bütünlüklə, özü də bilərəkdən təqdim etdiyim bu şeir mənə görə həm də sevgi monoloqudu. Bunu öz-özünlə tək qalanda ad, yol gedındə də, görüş yerində də, hətta səsli mesaj kimi də pıçıldaya bilərsən. Çünki buradakı fikirlərin, hisslərin həniri də, səmimiyyəti də sevgidi. Və bu sevgi yalnız Sənə aiddi! – deyib qərar verməyə tələsməmək şərtiyl. Çünki sevgi  sevənlərə aiddi. Deməli, bu şeir də bütün sevgisi olanlar üçün yazılıb Barat Vüsalın qələmiylə.

Bir şair, bir söz adamı kimi Barat Vüsal Azərbaycanın təbiətindən, coğrafiyasından, tarixindən bəhs edən şeirlərində də şəhidlərimizin ruhuna pıçıltılarında da, sevgisində də, yaşadığmız həyat gerçəklərinin ifadəsində də öz səmimiyyəti ilə seçilir. Həmin şeirlərində həyat təkcə görünmür, duyulmur, həm də yaşanır. Mənə görə Barat Vüsal poeziyasındakı sufi damarının da varlığından irəli gəlir. Çünki Barat Vüsal göylərlə, Tanrıyla danışmağı zaman-zaman haqq etmiş və onun göyəzən dağının zirvəsindən bütün Türk dünyasına tərəf bir Bozqurd hayqırtısıyla səslənməsi elə-belə şeir xatirinə çağırış deyil. Bu onun iç dünyasının səsidi. Barat yazır ki:

 

Öz göyüm, qanadım var,

Uçmağa inadım var.

Öz uçmaq saatım var,

Uçuram ürəyimə.

 

Gəlsin dərd, gələn gəlib,

Gülsün dərd, gülən gülüb.

Dərdi – dərd bilən bilib,

Açıram ürəyimə.

 

Bəndədən bəndə qorxur,

Yoxuş – bələndə qorxur...

Adam görəndə, qorxur,

Qaçıram ürəyimə.

 

Bəli, bu dünyada qorxmalı, ehtiyatlanmalı həqiqətən müəyyən məqanlar, müəyyən hadisələr var. Amma Barat Vüsalın dediyi “adam görəndə, qorxur” misrası yozumu ilə çox mətləblərdən xəbər verir. Xüsusilə adam cilidlilər adamın gözünün önünə gəlir.  Düşünürsən ki, onlardan qorxmaq müəyyən mənada lazımdı. Ən azından ona görə ki, milçək ürək bulandırır.  Və nəhayət...

Mən Barat Vüsalın yublieyi ilə bağlı içimdən gəlib keçən bu beş-altı sözü onun öz sözünün ətəyindən tutub yazdım. Yəni Barat Vüsalın sözü sözümün sarvanı oldu. Bir də gördüm ki, dostumun qalayıb əlini isitdiyi ocağın istisi mənə də vurur. Onun başında olduğu ocaq ulu şairlərimizin, böyük ustadlarımızın qaladığı ocaqmış. Və Barat Vüsal da bu ocağın oduna həm isinib, həm də kösöv adıbdı. Yəni oda od qatıb. Ona görə də haqlı olaraq deyir ki:

 

Kimi dindirirəm, rəhmət oxuyur,

Kimi dindirirəm, pir deyir sənə.

Bağrının başında bir ağrı duyur,

Ölümü heç rəva bilməyir sənə.

 

...Bir evin kərpisi – daşındayam ki,

Cığır ot basıb, izi qaralmaz.

Elə bir ocağın başındayam ki,

Alovu səngiməz, közü qaralmaz!

 

Bəli, qardaş, bu, təkcə sənin qənaəti yox, həm də çıxardığın ədalətli hökmdü. Sənin SÖZ ocağın öz alovuyla, öz oduyla hələ başına çox söz xridarları, söz həvəskarları yığacaq. Çünki bu, haqdan yanan ocaqdı. Ocağın odlu-alovlu, ömrün uzun olsun, qardaş! Doğum günün mübarək!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK