adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Mart 2021 10:20
54079
MÜSAHİBƏ
A- A+

"Mirzə Cəlilin yazdıqlarından görünür ki, sosial demokratdır" - MÜSAHİBƏ

Yazıçı Nicat Həşimzadə Adalet.az-a müsahibə verib.

- Nicat, yeni kitabın çıxır. Görünən odur ki, məhsuldarsan. Bir çox gənc yazarlara nisbətən, kitabların tez-tez çıxır. Amma həm də, narazısan kitabın satış məsələlərində. Belə olduğu halda, bəlkə çıxartmayasan, gözləyəsən bir qədər?

- Bu gün feysbukda yazmışam ki, ön satışda 46 kitab satılıb. Əslində, təqribən 10 günlük zaman üçün məncə, pis nəticə deyil, əsasən də pandemiya dövründə. "Boşluqdan qaçış" kitabımın 2 gün ərzində 90-ı satılmışdı. Təqdimat günü və növbəti gün ərzində olan satışı nəzərdə tuturam. Kitablarım 300 tirajla çıxır. 50 kitab özüm üçün saxlayıram. Qalan kitabları satışa verirəm. Ancaq bilirəm ki, 1000 tiraj sata bilmərəm. Reallığı qəbul etmək lazımdır. Bir portala kitablarımın pdf versiyasını yükləmişəm. 1000 nəfərdən çox yükləyib. Ancaq kitablar 200-300 civarında satılır. Belə bir vəziyyət var.

- Bəs, bu qədər narazı olduğun halda yenə də yazmağa nə vadar edir? Dediklərin də bütün hallarda azdır. Adətən, yazıçılar deyir ki, nə olur olsun, bu, mənim ehtiyacımdır, yazmaq ehtiyacı. Səndə də belədir? Yoxsa, bir gün betseller olmaq ümidi ilə yazırsan?

- Əslində, gözləmək istəyirdim. Ancaq dostlarım məni həvəsə saldı. 2020-ci ildə kitab çap etdirə bilmədim. İstədim ki, heç olmasa 2021-ci ildə kitab çap edə bilim. Ona görə dostların dəstəyi və ön satış sayəsində belə bir istək həyata keçmək üzrədir. Yazıçılıq əslində, elə narazılıqdan yaranır. Əgər heç bir narazılığın yoxdursa, cəmiyyətdə olan bütün hadisələr səni qane edirsə, nədən yazasan? Bir müddət yazmamağa çalışdım. Təxminən, 6 ay heç nə yazmadım. Gördüm ki, psixoloji vəziyyətim daha da gərginləşir, darıxıram, özümü heç yerdə tapa bilmirəm. Bəlkə də ehtiyacdır. Betseller olmağa isə inan ki, ümidim də, həvəsim də yoxdur. Özün də ciddi kitabları, ciddi mətnləri oxuyan adamsan. Hansı əsərlərin betseller olduğunu görürük. O tərzdə əsərlər yazmaq mənim üçün çox çətin görünür. Məsələn, mən detektiv əsər yaza bilmərəm. Yazanları da qınamıram. Hər kəsin öz yolu, öz tərzi var, öz oxucusu var. 4-cü kitabımı kağız kitab kimi çıxarmadım. Pdf versiyada oxuculara təqdim etdim. Min nəfərdən çox adam yüklədi. Məncə, Azərbaycan reallığında pis göstərici deyil. Əhali sayına baxanda azdır, amma oxucu sayını da bilirik də. Bilirsən, Orxan, bunlar dəyişkən vəziyyətdir e. Bəzən narazı olursan, bəzən razı. Bəzən əsəbi olursan, bəzən sakit. İnsanın ruh halı dəyişkəndir də.

- Nicat, səni ədəbi mühitdən də narazı görürük... Konkret olaraq niyə, nədən narazısan? Yaxud da kimlərdən?

- Mən həmişə istəmişəm ki, səmimi münasibətlər olsun, yazarlar biri-birilərinə dəstək olsunlar. Görünür ki, səhv etmişəm. Azər Qismət "Çuğullar" kimi roman yazdı, ədəbi mühit susdu. Mən bu ədəbi mühitdən necə razı olum? Ümumiyyətlə, yazı adamı gərək mühitlərdən qaçsın. Vaxt itkisinə yol verməsin. İndi mənim heç kimdən, heç bir gözləntim yoxdur. Ədəbi mühitdən də, mediadan da heç bir gözləntim yoxdur. Gözlənti ilə yaşamaq insanı məğlubiyyətə aparır. Konkret elə adamlar yoxdur. İstəyirəm ki, səmimi bir ədəbi müsabiqə olsun. Müstəqil jurnal olsun. Bunları görməyəndə də insan narazı olur da.

- Belə çıxır ki, "ədəbi kruq"ları nəzərdə tutursan sən də, hə? Əksər yazıçılar deyir ki, ədəbiyyatda qruplaşma var, hərə öz qrupunu tərifləyir. Razısan?

- Orxan, sən bilirsən ki, mən həmişə səmimi danışıram. İnan ki, maraqlanmıram. Kim-kimi tərifləyir, kim hansı kruqdadır. Kimin məqsədi nədir. Vallah, maraqlanmıram. Belə şeylərə vaxt tapa bilmirəm. Bayaq özün dedin ki, məhsuldarsan. Məhsuldar olmağın birinci şərti belə hadisələrdən uzaq olmaqdır. Mənə elə gəlir ki, yazıçı öz işi ilə məşğul olmalıdır. Son 3 ildir ki, belə şeyləri izləmirəm. Xeyli oxunulası kitablarım var, üzərində işlədiyim mövzular var. Belə şeylərə vaxt tapa bilmirəm. Kimin hansı kruqda olması elə də vacib deyil. Əsas odur ki, ədəbiyyatımız inkişaf etsin. Heç olmasa, qardaş ölkə Türkiyədə bizim yeni dövr ədəbiyyatımızı tanısınlar, oxusunlar.

- Amma onu deyim ki, bu ifadə elə sənin haqqında da işlədilib. Sizin də bir neçə yazarla birlikdə "kruq" olduğunuz deyilir..

- Bilirəm nəyi nəzərdə tutursan. Mən iki ildən çoxdur ki, heç bir "kruq"-da yoxam. Dediyin "kruq"-da da yoxam. Belə şeylər məni yorur e. Hamı ilə münasibətimi qoruyub saxlamağa çalışıram. Amma ədəbi qruplardan, ədəbi mühitlərdən qaçıram. Selincerin bir fikri var; Deyir ki, yazıçının düşməni digər yazıçıdır. Dostluq edirlər, başları qarışır söhbətə, vaxt gedir, heç nə də yaza bilmirlər.

- Axı, bu kruqlardan xarici yazarlarda da olub. Onlar da oturub söhbətləşib, dostluq ediblər. Belə çıxır, onlar bacarır, biz yox? Həqiqətən pisdir ki, yazarların dostluğu, bir birini oxuyub tərifləməyi, irəli çəkmək istəyi və.s

- Mən pisdir demirəm ki. Ola bilər ki, yaxşıdır, hətta vacibdir. Sadəcə, məni yorur, Kruqlarda enerjimi itirirəm. Avropada bəli, belə kruqlar olub. Amma onların kruqlarının əsasında ideya dayanırdı. Məsələn, sağçıların ayrı kafesi, ayrı kruqu vardı, solçuların ayrı kafesi, ayrı kruqu vardı. Nəticədə iki tərəf arasında ciddi rəqabət gedirdi və gözəl əsərlər yazılırdı. Bizdə belə deyil axı. Bizim kruqları hansı ideya birləşdirir ki.

- Bəs, ədəbi qurumlar necə, onlar nəsə edə bilirmi ədəbiyyata? Ən başlıca qurum AYB-dir. Onun tərkibində qəzet və jurnallar var. Razısanmı ? Fəaliyyətlərdən, ədəbiyyat üçün edilənlərdən nə deyə bilərsən?

- Ədəbiyyat qəzeti əvvəllər 16 səhifə idi. Azər Turanın gəlişindən sonra 32 səhifə oldu. Həm də, AYB üzvü olmayan müəlliflər də qəzetdə çap olundu. Məsələn, mən AYB üzvü deyiləm, ancaq "Ədəbiyyat" qəzetində dəfələrlə çap olunmuşam. "Ulduz" jurnalında da Qulu Ağsəsin əməyi sayəsində yeniliklər var. Jurnal çıxır, növbəti ay çıxan jurnalda keçən ayın yazıları təhlil olunur, tənqidlər yazılır. Əlbəttə, əgər iş varsa nöqsanlar da olacaq. "Ulduz" jurnalını və "Ədəbiyyat" qəzetini izləyirəm. "Ədəbiyyat" qəzetinin saytını da izləyirəm. Çox maraqlı mətnlər görürəm. "Azərbaycan" jurnalını mütəmadi izləmədiyim üçün dəqiq fikir deyə bilmərəm. Qulu Ağsəs bir neçə gəncin kitabını da çap etdi. Məncə, AYB ilə davaya enerji sərf etmək də doğru deyil, daha ciddi, daha maraqlı işlərlə məşğul olmaq lazımdır. Filankəs təqaüd aldı, mən niyə almadım, filankəs mükafat aldı, mən niyə almadım, bütün bunlar indi mənim üçün çox mənasız görünür. Mən kitab yazmaq, oxumaq, maraqlı hesab etdiyim mövzularda ciddi araşdırmalar etmək istəyirəm. Ədəbi kruqlar, ədəbi davalar indi mənə maraqlı deyil. Zamanıma və enerjimə heyfim gəlir.

- Maraqsız görsənməyin səbəbi AYB ilə dava etməyin nəticəsiz qalacağıdır, ya necə? Təqaüdü haqqı olan hər bir yazar almalıdır. Ümumi olaraq isə AYB-yə ayrılan pulların ədəbiyyata tam xərcləndiyini düşünürsənmi? Bəzi həmkarların bunun əksini iddia edir.

- Nəticəsiz qalmağı başa düşüləndir. Çünki AYB-yə alternativ müstəqil, ciddi ədəbi qurum yoxdur. Mən AYB üzvü deyiləm. Üzvü olsaydım, haqqım ola-ola təqaüd almasaydım, o zaman etiraz edərdim, müraciət edər, sual verər, maraqlanardım.  Əgər 2021-ci ildə 10 yazıçı birləşib bir qurum yaradıb ciddi işlər görə bilmirsə, əlbəttə təklikdə mübarizə aparan adamlar uduzacaq. İndi mən desəm ki, AYB- yə ayrılan pulların hamısı ədəbiyyata xərclənmir, gərək əlimdə dəqiq sübut ola ki, sonra bu fikrimin arxasında dayana bilim. AYB-də aid olan ərazini gecə klubuna icarəyə vermişdilər, sənəddə də Çingiz Abdullayevin imzası var idi. AYB -yə aid olan ərazi gecə klubuna icarəyə verilirsə, yəqin ki, AYB- yə ayrılan pullar da hamısı ədəbiyyat naminə xərclənməz. Həmin hadisə zamanı Anar müəllim açıqlama verdi ki, milyonları yeyən adamları 8 min manat niyə qıcıqlandırır? Bu məntiqdən belə çıxır ki, kimdə 50 min manat rüşvət alırsa demək ki, mən də 500 manat rüşvət ala bilərəm. İkincisi də ki, 1992-ci ildə müharibə olan zaman Anar müəllim Türkiyəyə getmişdi. Ancaq 2020-ci ildə ikinci Qarabağ savaşında 80 yaşlı Anar müəllim dedi ki, döyüşməyə hazıram. AYB-də həqiqətən də intellektual, mütərrəqi addımlar ata biləcək insanlar var. Ancaq mühit, o mühit deyil. Bir qurum düşün ki, onun rəhbəri Elina faciəsində Elinaya əxlaqsız deyən bir direktoru müdafiə edən İcra Başçısını müdafiə edir. 14 yaşlı qız intihar edib. Sənsə, hələ də vəzifə haqqında və vəzifəli insanlarla münasibətini pozmamaq haqqında düşündüyün üçün, Elinaya əxlaqsız deyən direktoru dəstəkləyən İcra başçısını müdafə edəsən. Belə adamın rəhbərlik etdiyi qurumdan da mənim heç bir gözləntim yoxdur.

- Amma sənin də AYB-dən gözləntilərin var deyəsən. Bütün bunlara baxmayaraq. Məsələn, indiki dediklərinin fonunda Gənc Yazarlar məktəbinə gedirdin. Bəzi yazarlar deyir ki, nə olsun, həm tənqid edirik, həm də istifadə edirik, səndə də belədir? Belə deyilsə, Gənc Ədiblər məktəbinə niyə gedirdin?

- Gənc ədiblər məktəbinə gedirdim, haqlısan. İstəyirdim ki, yeni gənclər tanıyım, nə yazdıqlarını, necə düşündüklərini görüm. İstədiyim kimi olmadı, 2-3 dəfə gedəndən sonra daha getmədim. Mən heç zaman AYB üzvü olmamışam, təqaüd almamışam. Sadəcə, yazılarıma görə qonarar almışam. Son zamanlar da heç bir qəzetə yazı göndərmirəm, kitabım üçün toplayıram. İkincisi də ki, səmimi adam o adamdır ki, təqaüd adlığı dövrdə tənqid edir. Yoxsa, təqaüd bitəndən sonra AYB - ni tənqid etməyə nə var ki?! AYB- yə üzv olmağa da normal baxıram, hərənin bir yolu, bir seçimi var da. AYB-də dostlarımız, istedadlı yazıçılar da var. Hər kəsin öz seçimi, öz həyatı var.

- Sənə üzvlük, təqaüd təklif etsələr necə? Təqaüd almaq üçün mütləq üzv olmalısan amma...

- Təqaüd almaq üçün heç vaxt üzv olmaram. Bu halda özümü pula satılmış, pula məğlub olmuş kimi hiss edərəm və belə yaşamaq mənim üçün çox çətin olar. Amma rəhbərlik dəyişsə, həqiqətən yaradıcı mühit olsa, idarəetmədə gənc nəsilə üstünlük verilsə, haçansa bu haqda düşünə bilərəm.  AYB -də maraqlı seminarlar, diskussiyalar keçirilsə, arzuladığım yaradıcı mühit olsa, bəlkə də ola bilər. Onda da mən artıq gənc olmayacam, o təqaüd də onsuz verilməyəcək. Bir də qalacam qocalıq təqaüdünə. Ona da hələ çox var. (Gülür). AYB -yə üzv olmaq da, o təqaüdü almaq da, dövlətin yaratdığı imkanlardan istifadə etmək də hər bir istedadlı yazarın haqqıdır. O təqaüdü Anar müəllim, Çingiz Abdullayev ya başqası vermir ki. O təqaüdü dövlət verir, prezident verir. İstedadlı adamlar da kənara qaçanda istedadsızlar alacaq təqaüdü.

- Nicat, səncə, yazıçı siyasətlə məşğul olmalıdır ya yox? İnsanlar bunu tələb etməkdə haqlıdırmı?

- Mənim siyasi biliklərim azdır.  Siyasətlə bağlı çox kitablar oxusam da, özümü bu haqda danışmağa hazır hesab etmirəm. Mənə elə gəlir ki, yazıçı istəsə də, istəməsə də hansısa siyasi ideyaya xidmət edir. Əslində, bəlkə də yazıçıların çoxu əsər yazanda qətiyyən hansısa ideyaya xidmət etmilər, ancaq yazılan mətni oxuyanda təxmin edirsən ki, bu fikirlər hansı siyasi ideologiyaya uyğun gəlir. Məsələn, Mirzə Cəlilin yazdıqlarından görünür ki, sosial demokratdır. Bəlkə də Mirzə Cəlil yazanda heç bu haqda düşünməyib. Məncə, insanlar bunu tələb etməməlidir. Ancaq yazıçı özü istəyirsə əlbəttə siyasətlə məşğul ola bilər. Son parlament seçkilərində də bir neçə yazıçı namizədliyini irəli sürmüşdü. Həm də indi sovet dövrü deyil ki, yazıçıdan kommunizmə xidmət edən əsərlər tələb etsinlər. Mənə elə gəlir ki, Hüqo da "Səfillər"-i yazanda nə onun hansı ədəbi cərəyana aid olması, nə də hansı siyasi ideologiyaya uyğun olması haqqında düşünüb. Çox zaman yazıçı sadəcə əsər haqqında düşünür. Sonra təhlillər, tənqidlər zamanı digər məsələlərə aydınlıq gətirirlər.

- Onda ölkədə olan siyasi proseslərə mütləq qoşulmalı, fikir bildirməlidir yazıçı ? Adətən, yazıçılar susanda belə yaltaqlıqla, qorxaqlıqda ittiham olunurlar ki, ziyalı mütləq danışmalıdır...

- Bizim cəmiyyət belədir də. Yazarını dar ağacında, çörək imtahanında tək qoyur. Ancaq  yazıçıdan tələb edir ki, Rusiya Sülhməramlı qoşununu Qarabağdan çıxart, Navalninin həbsinə mane ol, ölkədə tam demokratik mühit yarat. Bilirsən, mənə nə maraqlı gəlir? Yazıçının kitabına pul verib almaq istəmir, müğənniyə 15-20 min manat pul xərcləyir, sonra yenə gəlib yapışır yazarın boğazından ki, hakimiyyətdən tələb elə ki, restoranlar açılsın, toylar başlasın. Belə adamlara nə deyəsən, nə edəsən axı? Adama deyirlər ki, yazıçılar yaltaqdır, cəsarətləri çatmır. Mən də cavab verirəm ki, ölkədə Əlisa Nicat kimi cəsarətli ziyalı var. Hansı əsərini oxumusan? Məlum olur ki, heç birini oxumayıb. Qəzəbli kütləyə qurban lazımdır. Qəzəbli kütlə sənin kimi, mənim kimi adamları qurban vermək istəyir. Mən indi Mirzə Cəlili tənqid edən status yazsam, kütlə məni söyəcək, ancaq mən bilirəm axı, Mirzə Cəlili sevən adamlar kütlə kimi düşünə bilməz. Belə mənasız zehnyyətlə yaşaya bilməz. Çox çətin mövzudur, e, bu. Mən demək olar ki, bir çox proseslərə münasibət bildirirəm. Yaxın qohumumun əməlliyatı üçün Heydər Əliyev fonduna müraciət etmişdim. Kasıb ailədir. Qadının əri də iki ay öncə virus səbəbindən vəfat etdi. Qadın da ürək xəstəsi idi, əməliyyat olunması üçün Heydər Əliyev fondunda müraciət etdim. Xəstəmiz əməliyyat olundu. Mən də feysbukda Heydər Əliyev fonduna və rəhbərliyinə təşəkkür etdim. 2-3 nəfər rəy yazdı ki, müəllim, siz də hökümətə yaltaqlanırsız. Belə adamlara nə deyəsən, nə edəsən? Mən sevinirəm ki, qohumum ölümdən qayıdıb, təşəkkür edirəm fonda ki, ağır günümüzdə tez reaksiya verdilər, bizə yardım etdilər, 2-3 nəfərsə belə rəy yazır, bu tipdə olan adamlarla nə danışasan, necə izah edəsən fikrini? Sən tənqid yazanda görmürlər, amma təşəkkür yazanda dərhal görürlər.

- Tənqiddən söz düşmüşkən, ədəbi tənqidlərdə də eyni durumdur, deyəsən. Narazılıq çoxdur. Məsələn, əsərlərə tənqidçilərin belə reaksiya verməməsi halları. Yaxud da, veriləndə də müəyyən adamlara verilməsi, pul alıb yazmaq kimi.  Nə dərəcədə şəffaf görürsən bunu? Tənqid sahəsinin belə olmasını nədə görürsən?

- Repressiya dövründə tənqid böyük təhlükə idi, tənqid olunan adam düşünürdü ki, ya güllələnəcəm, ya da sürgün edəcəklər məni. Bu travma hələ canımızdan çıxmayıb. Bəlkə də ona görə bizdə bu sahə inkişaf etmədi. Tənqidi də tərif kimi yazırlar. Bir ölkədə ki, tənqidçilər bir qonaqlığa, 50-100 manata tərif yazırsa o ölkədə ədəbi tənqiddən nəsə gözləməyə dəyməz. Pul vermək normal haldır. Xarici ölkələrdə belə nümunələr var. Nüfuzlu bir tənqidçiyə 2 min - 3 min dollar verirlər ki, mənim kitabımı tənqid elə. Oxucular görsün ki, sənin kimi nüfuzlu tənqidçi mənim kitabımı oxuyub, tənqid edib. Bizdə belə hal yoxdur, bizdə pul verirlər ki, məni təriflə. Həyat şərtləri o qədər çətindir ki, heç kimi qınamaq olmur e. Hamı yaşamaq istəyir, hamı ailəsini dolandırmaq istəyir. Bilmirsən, güləsən, qınayasan, tənqid edəsən. Çətindir. 2 min - 3 min dolları şərti olaraq deyirəm.

- Məsələn, ad çəkə bilərsən? Həm yaxşı tənqidçilərimizdən, həm də dediyin cür tərif yağdıranlardan?

- İstəmirəm ad çəkim. Çünki dedim axı, həyat qayğıları, sosial problemlər insanları məcbur edir. Onsuz da problemlər insanları əzir, bir də mənim ad çəkib kimisə əzməyim etik olmaz axı.
Elə şeylər var ki, onu sən də bilirsən, mən də bilirəm, ancaq əldə dəqiq sübut yoxdursa, kimisə konkret olaraq ittiham etmək düzgün olmaz.

- Nicat, bir dəfə roman yazacağının da anonsunu vermişdin, amma səndən heç bir kitabda roman görmədik. Yaza bilmədin, yoxsa yazacaqsan? Daha çox, esseist-publisist kimi tanınırsan hazırda da.

- "Boşluqdan qaçış"ı yazdım, amma bir neçə nəfər dedi ki bu, roman deyil. Mən də dedim ki, müasir romanlar belə yazılır. O məntiqlə baxsaq, onda Kunderanın "Mənasızlığın təntənəsi"-də gərək bədii əsər sayılmasın. Əslində, kitabın üzərinə anti-roman yazmaq istəyirdim. Düzdür, sonra romanı təkrar oxuyanda bəzi qüsurları özüm də gördüm. Hər halda yazırıq, öyrənirik, növbəti işlər yəqin ki, daha uğurlu olar. Bəlkə də, yaxın 3-4 il ərzində başqa roman da olacaq. Universitet dərsləri, elmi iş imkan versə.

- Müsahibə üçün təşəkkür edirik, Nicat.

- Mən təşəkkür edirəm, Orxan,  maraqlı suallar üçün.

Söhbətləşdi; Orxan Saffari