adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Fevral 2021 11:49
43111
MÜSAHİBƏ
A- A+

"Mən varam" deyə- o kağız parçalarına ehtiyac duyulur - MÜSAHİBƏ

Müsahibimiz gənc yazar Allahşükür Ağadır.

-Nə vaxt baxıram gileyli statuslar yazırsan.

-Maraqlı,həm də həyat kimi çətin sualdır. Maraqlısı ondan ibarətdir ki, status(söz) yazmaq düşüncənin məhsuludur.Sənin nə cür düşünməyindən asılı olmayaraq insan beyni daim hərəkətdədir. Aktivdir. Çətinliyi odur ki, gileylənmək sözünü hər bir fərd, cəmiyyət eyni cür başa düşmür. Düşmək də istəmir.Təəccüblənmirəm də. Çünki haqqın olanı tələb etmək, onun uğurunda mübarizəyə sinə gərmək adi bir məsələ deyil.

 

Diplomla böyük yazıçı, şair olmur.

 

-Hə, o qədər kağız diplomu nə edirsən?Qıraqdan elə təsəvvür yaranır ki, diplom, fəxri fərman aclığı var səndə.

-Elə düşünməzdim. Şair,yazıçı üçün həvəsləndirici mükafat əla stimuldur. Bəzən unudulmamaqçün "mən varam", deyə- o kağız parçalarına ehtiyac duyulur.Düzdür, diplomla da böyük yazıçı,şair olmur. Hardasa təsəllidir.

-Müəllim həyatın var.

-Müəllimlik sənətini sevərək seçmişəm. Müəllim olduğum gündən öz məsuliyyətimi də dərk etmişəm. Bu sənəti seçməyimlə həm də atamı sevindirmişəm.Ona görə ki, atamın ən böyük arzusu mənim müəllim olmağım idi.

Fotolar insanın özündən sonrakı varisidir

-O qədər Bakıyla bağlı fotolar görürəm ki, elə bilirdim Bakıda yaşayırsan. Tez-tez Bakıya gətirən səbəb nədir? Doğrudanmı ədəbiyyat Bakıda yaranır və sənsə bu paydan uzaq düşmək istəmirsən.

-Məncə, belə düşünək: İnsan fotolarda xatirələrə səfər etmək və orada yaşamaq istəyir. Özü də həmişəlik. Həm də fotolar insanın özündən sonrakı varisidir.Yaradıcı dostların,qohumların yaddaşında xatırlanırsan. Unudulmursan. Bakıya tez-tez gəlişim,ancaq bu səmimiyyətin ifadəsidir. Bir də ki, şair üçün əyalət və şəhər anlayışı yoxdur.Müdriklərin sözünə qüvvət:Əsl istedad toxum kimidir. Harda əksən, orda cücərəcək.

-Yaşadığın rayonda ədəbi mühitin durumu nə vəziyyətdədir?

-Kifayət qədər yaradıcı gənclər var. Gözəl şeirlər, maraqlı esselər yazırlar.Çoxusunu dinləmişəm və bəyənmişəm. Sadəcə yaradıcı adamlar üçün bir dərnək, ədəbi məcis olmalıdır.Bu saydıqlarım rayonlarda,demək olar ki,yox dərəcəsindədir.

-Ayaq izlərimiz bizdən tökülürsə bəlkə bizdən beziblər? Ayaqları bir günlüyə olsa da onların öz ixtiyarına buraxaq. Bəlkə ayaqlarımızın azadlığından qorxuruq?

-Mənə görə ayaq izlərimiz bizim yaddaş kodumuzdur. Biz nə vaxtsa uzaq mənzildən geri qayıdanda həmin kodu xatırlayırıq.Və sevinirik. Emin,ayaqlarımızın azadlığına gəlincə, bəzən töhmət, nifrət, bəzən də hörmət qazandırır. Elə ayaqlarımız öz ixtiyarımız da olsa yaxşıdır. Ağılla ayağın qoşa getməkdən başqa çarəsi yoxdur.

 

Qələmimə "sağ ol"deyirəm.

 

-Poeziyamızda bənzətmələr üst səviyyədədir. Nəyi görürük şeirə gətirib poeziya edirik. Hətta durna qatarını da şeirdə vergül edirik. Bizə gözəl görünür. Amma bütün canlıları poeziya adıyla şeir adlı qəfəsə salırıq-bəzən düşünürəm.

-Şair demişkən:"Az-az uydururam yeri gələndə". Bilirsən, poeziya real olmaqla yanaşı, həm də uydurmadır. Fantaziyadır. Şair görünən tərəfləri deyil, görünməyən aləmi qələmə alır.Ayın o biri üzü, insanın daxili aləmi və b. Bu baxımdan təbiətdəki bütün canlılar və cansızlar poeziyaya çevrilə bilir. Yeri gəlmişkən, Durna qatarını şeirdə vergülə bənzətmək özün bilirsən ki, uğurlu bənzətmədir. Bu anda qələmimə "sağ ol"deyirəm.

-Niyə poeziyamızda saf, məsum bir nəsnələri qıza bənzədirlər. Məsələn, təmiz qarı qıza bənzətmək kimi. Kişilər bu qədər xislətli və çirkindi?

-Bu bənzətməyə hər şair müxtəlif aspektdən yanaşır. Düşünürəm ki, qar və qız anlayışları məsumdur,təmizdir,müqəddəsdir.Tanrı həyatımızın çirkli tərəflərini onların vasitəsiylə təmizləyir və saflaşdırır. Hər ikisi yenicə doğulub bu həyata. Həyatın şirinliyini yenicə dadıb və bir-birini seviblər. Lakin kişilər haqqında eyni cür düşünmək olmur.Kişilər haqqında fikirləşəndə Habil və Qabil qardaşları gözümün qabağına gəlir.Və bir anlıq susuram...

 

Söhbətləşdi: Emin Piri