adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dünyaya bir dəfə gələsən, onda da Əli Mirəliyev olasan - Orxan Saffari yazır

Orxan Saffari
42457 | 2021-02-24 16:59

İncəsənət elə bir şeydir ki, onunla məşğul olan hər bir kəsin mütləq şəkildə maraqlı bir tərəfi olur. Hər sahənin özünün ayrı. Məsələn, musiqi sahəsi. 2000-lərin əvvəlində bir çox qadın sənətçilər cəmiyyətin əksinə gedərək, qıcıq edərək tanına bildilər. Dövr dəyişdi, ortada yanlız sənəti olanlar qaldı. 

Ancaq burda bir nəfər istisnadır. Bəlkə də onun da maraqlı tərəfi elə buradır, amma necə deyərlər, Allah kəssin belə marağı.  

Söhbət, bizim əziz olmayan, mahnıları heç kim tərəfindən sevilməyən, böyükdən kiçiyə heç kimin hörmət qoymadığı, uşaqla uşaq, böyüklə də böyük kimi davranmağı bacarmayan, həyatı boyu qarşısındakı adama hörmət etməyən, daim yaddaşlarda səs-küyü, üzr istəyirəm, çığırtısı ilə qalan Əli Mirəliyevdən gedir. 

Zarafatsız, hərdən düşünürəm, bu adam niyə var ki? Varsa da eybi yox, amma niyə belədir ki? Ümumiyyətlə, neyləmək lazımdır ki, əgər bir də bu dünyaya gələsi olsaq, Əli Mirəliyev olmayaq? Dünyaya bir dəfə gələsən, onda da Əli Mirəliyev olasan. Vallah, ağır dərddir.

Vaxtı ilə Əli Mirəliyevlə yaşıd, eyni nəsil sənətçilər var idi ki, sevilmirdilər, mahnıları dinlənimirdi, zaman keçdi, hamısı sevildi. Həm mahnılara görə, həm də özlərinə görə. Bircə Əli Mirəliyev oldu ki, çığıra-çığıra qaldı. İnsafən, yaxşı mahnılar da oxuyub, amma yenə də obraz imkan verməyib ki, verməyib. Mən özünü Əli Mirəliyevdən yaxşı biabır edən adam tanımıram şəxsən. 

Elə bir dünyada yaşayırıq ki, indi Nadir Qafarzadəni də toya çağırırlar, MirYusif xalq artistidir, hətta Sevil və Sevinc bacılarını da bir-birindən seçmək olur. Amma Əli Mirəliyevi anlamaq olmur ki, olmur. 

Maraqlıdır, görəsən, Əli Mirəliyevi toya çağıran var? Yəni, kimsə balasının şad günündə qanını bu şəkildə qaraldırmı? Özü də, son dəfə onu nə vaxt oxuyan görmüsünüz? Amma bütün verilişlərin bəzəyidir. Evlilik verilişi olur, Əli müəllim orda keçmiş ailə dəyərləri haqqında çıgırır, sonra da çıgırtmasını bişirir, yemək proqramı olur, Əli müəllim biz o vaxt nehrə yeyirdik deyib, yenə  çıgırır, bir sözlə, harda aş, orda da Əliş dayı. 

Bircə sənətdən başqa. Harda sənət yoxdursa, orda Əli Mirəliyev var. 

Allaha and olsun ki, mən bu adama baxıb kədərlənirəm. Bilmirəm, o xoşbəxtdi, yoxsa yox. Qıraqdan özü görürmü, heç ona kimsə deyibmi ki, Əli müəllim, bəlkə İrana müalicəyə gedəsiniz? 

Heç nəyi bəyənməyən, ortada heç nəyi olmayan, ömrü boyu ağsaqqal ədası ilə hər veriliş çığıran, amma uzun illərdi buna da diqqət ala bilməyən Əli Mirəliyev.

Zarafatsız, böyük dərddi. Müəyyən bir həyat yaşayasan, yol gələsən, gəlib, özünü belə gözəl şəkildə biabır edəsən. Əslində, Əli Mirəliyevlər hər yerdə, hər sahədə var. Sadəcə, sənət bir az qabarıq göstərir deyə, təəsüf ki, o da üzdə görsənir. 

Əli Mirəliyevin içindən bir qram sənət varsa, dəysim şəxsən mənim bu təpəmə. Vaxtında oxumasa, orta klassik Azərbaycan kişisindən-yəni, bütün günü kafedə domino çırpıb, axşam evə gəlib arvada "azz, çay gətir" deyib, heç nəyi bəyənməyən bir adamdan fərqi yoxdur. 

Allah qoymasa, guya deyirik ki, sənət adamları fərqlidir. Əli Mirəliyevin fərqliliyi də dəysin mənim bu başıma. 

Bu cür adamların cəmiyyəti əhatə etməsi böyük təhlükəlidir. Bunlar özləri həyat yaşaya bilməyib, heç bir şəkildə cüzi də olsa azadlıqları olmayıb deyə, indi bu cür olanları, hətta sənəti belə azad görənləri qısqanırlar. Ona görə də əllərinə fürsət düşən kimi təhqir edir, aşağılayır, ancaq "mən" deyir. Sən kimsən, axı? Əli müəllim, vallah, siz olduqca qeyri-ciddi adamsınız. 

İndi niyə bunları deyirəm? Əli Mirəliyevin dəyərini sağlığında vermək üçün. Qorxuram, dünyasını dəyişəndən sonra Əli Mirəliyevi sənətkar hesab edərlər, yüksək dəyərləndirərlər. Qurban olum, etməyin. Adətən, bizdə belə olur. Amma gəlin, Əli müəllimi həmişə pis xatırlayaq. 

TƏQVİM / ARXİV