Bir nəfər belə dəyişə bilər fikri... - İradə Tuncay   yazır

İRADƏ TUNCAY
217043 | 2021-02-24 14:20

Və həmin şəxs polisdirsə?..

 

İki il əvvəlin söhbətidir. Xahiş elədi oğlum – bəzi mətbuat səhifələri bizim gördüyümüz işləri işıqlandırsın. Tamam dedim və mən də onlardan təvəqqe etdim. Dedim eybi yox - xeyirli bir işlə məşğuldurlar, bu zəhərin yayılmasının profilaktikası çoox vacibdi. Söhbət narkotiklərlə mübarizədən gedirsə hamı çalışmalıdı. Həə, davam edim ki, mətbuat səhifəsindən başqa həm də polislərin görüş ünvanını da təmin etmək lazım idi. Və bunu da biz etdik - yəni elm ocaqlarıdı, onların güc strukturlarından nə asılılığı? Güc deyəndə (bizdə belə hala gətirilib), yəni özünü hər yerin ağası sayan. Rəis!!! Rəisin rəisi. Amma “ rəislər rəisinə” əhəmiyyət vermədi alimlər – yazıçının sözünü eşitdilər. Eşitdilər və tədbir baş tutdu. Əvvəl elə-belə quş qoymaq üçün, mədəniyyət xətrinə, dinləməyə başlayandan sonra isə “bəzən bir adam da böyük bir təşkilat haqqında fikirləri dəyişə bilər” dedilər. Təsəvvür edirsiz? Mədəniyyət anlayışı da var insan düşüncəsində, “fikir dəyişmə” sözü də var... Fikir dəyişmə yalnız dubinka və işgəncəylə olmur ki... Öz fikrinin dürüstlüyünə inanan adamlar olub tarixdə - tonqala gediblər bunun naminə. Yüksək materiyalardan danışdım? Həə, olur da belə şeylər. İndi bəlkə üzünüzdə kinayə filan da yarandı? Yooox, inanın var belə anlayışlar - həmişə zorla olmur. Həm də inam lazımdı.

İndi xatırladım bəlkə on il keçib üstündən – bir toy məclisindəydim. Gördüm mənim yazılarımdam danışır - baxdım üzünə ...Rəis imiş, polis rəisi. Böyük rayonlardan birinin rəisi... Heyrətləndim - var imiş belə rəislər də. Əmim uzun illər rəis işləmişdi sovet dövründə. O qədər geniş dünyagörüşlü, o qədər mədəni, o qədər prinsipial, o qədər də dərinləri bilən əməliyyatçı... Var imiş...

Əhaliynən ən yaxın təması olan üç sahə var. Polis, təhsil, səhiyyə... Və əhali də ən çətin anlarında 102 və 103 nömrələrini yığır. Haqlı-haqsız narazılıq da var təbii. Hamı doğru danışmır ki... Polis kosmonavt, atom fizikləri, ya da sənətkarlarla işləmir ki... Əksər hallarda cinayətkarlarla üzbəüz qalır. Və indi isə elə durum yaradılıb ki, polisin özündən qorunmağa çalışır vətəndaş. Yəni bu vəziyyət yaranıb.

                                                                                        ***
Məzuniyyət törəninə getmişdim Ankaraya. İndi yox, 2004-cü ildə. Və o zaman bizdə də belə bir sistemin olacağına inanmışam və o inancda da qalıram. Bəlkə eyforik düşünürəm?! Onlar da bizi - Azərbaycandan gəlmiş yazarları Türkiyə adına çooox böyük hörmətlə qarşıladılar. Hörmətli səfirimiz Həsən Zeynalov da iştirak edirdi ziyafətdə. Ankara Polis Akademisi başkanı, general Tuncay Yılmaz hətta anasını da bizimlə görüşə gətirmişdi. Sayın Başkan dedi ki, belə zəngin süfrə mədəniyyətini Azərbaycanda görmüşəm və anama da demişəm. Anası isə şəxsən özü ev yeməkləri hazırlamışdı bizə. Sonradan Tuncay Yılmaz gəldi bizlərə qonaq və Qarabağa getmək arzusunu bildirdi. Aqil Abbas da apardı. Və zəngin təəssüratla da qayıtdı vətənə. Və bizim Qarabağdakı qələbəmiz zamanı ilk təbrik edənlərdən oldu. Facebook şəbəkəsində də dostluq edirik. Hər zaman bizi izləyir.

Maraqlı izlənimlərim oldu o zaman. Birincisi, intizam məsələsi, ikincisi, öz əməkdaşlarına münasibət. Sevgi, qürur, vəzifə borcu...

Hətta söhbət arası “Hülya Afşarın da babası polis!” dedilər... Yəni fəxrlə... Biz də belə arzulayırdıq... Gecəsi-gündüzü olmayan, bayramı-seyranı olmayan, hər zaman ağır zəhmət çəkən polis anası kimi arzulayırdım. Amma şəhərin paqonlu şefi rişxəndlə “yazsın da” deyir... Təbii, yazacam. İşim budur... Və belə düşüncə şəhərin yiyəsindən gəlirsə, şəxsi heyətdən nə gözləməliyik??? Olanlar olur... Və dövlətə olur, hər birimizə olur... Yazdıqlarımdan (çoxdan yazdıqlarımdan) bəzi hissələri paylaşıram... Ordakı polis və bizim durum... Mən də “polis” deyəndə qürur hissi yaşamaq istəyirəm. Və əgər aranızda kimsə qürur, vəzifə borcu, mədəniyyət sözündən anlayırsa həmin adamı düşmən etməyə çalışmayın, düşməni dost edin... Yazdım da... Hələlik xatirələrimi ...

                                                                                         ***
Çox hörmətli Bakı polisinin rəisinə! Çox hörmətli Rəis, keçən həftə gündəmi polis əməkdaşının vətəndaşa qarşı sərt və qanunsuz hərəkəti zəbt elədi. Sosial şəbəkələrdə xalqı dövlətdən narazı salmaq cəhdləri kimi başa düşülən bu addım, bu dəfə tək sosialda yox, həm də İTV və ARB kimi nüfuzlu TV kanallarının geniş araşdırması və sərt tənqidinə məruz qaldı. İzlədik, narahat olduq... Düşünmək olar ki,bütün dünyada polis-vətəndaş arasında belə hallar yaşana bilər, amma iğtişaş olarsa. İyunda Yasamalda baş verən hadisədən aylar keçmişkən yenidən belə hadisənin gündəmə gəlməsi artıq həyəcan siqnalının ilkin əlamətlərini göstərir. Keçən dəfə polisi ən çox “Ədalət” qəzeti müdafiə etmişdi. Biz polisi müdafiəni inandığımız dəyərlər sisteminin bir parçası olaraq görürük, siz isə bizim borcumuz kimi. Yəqin görüşlərimiz fərqlidi. Nəzərə alın ki, artıq polisi xaricdən maliyyələşən bir qrup yox, nüfuzlu televiziya kanalları tənqid edər hala gəlibsə bizə borc yada salmaq yox, nələr etməli olduğunuz barədə də düşünün. Və tabeliyinizdə işləyən əzizlərimizi hədələmək cəhdinə də çalışmaq lazım deyil. İstiqlal ordenli şairin, Xalq şairinin ailəsi Dövlətin, Dövlətin başında duran şəxslərin qarantiyası altındadır. Polis dövlətin simasıdır, rəhbərlik isə dəyişir zaman-zaman... Yazılanlar isə hər zaman qalır. Necə ki, əvvəl yazdıqlarımdan bir hissəni yenə paylaşıram burda - qalıb. Türkiyədə olan vəziyyət. Türkiyə deyəndə Vətən müharibəsində olan dəstəyi unutmayaq və bu da bir təcrübədir ...

 

2009-cu ildə yazdığım yazıdan:
 

Pasport işləmləri tamamlanandan sonra o tərəfdə komissar, oğlumun devrə arkadaşı bizə əl edir. Bu cavan oğlanın belə şəstlə, arın-arxayın gəzməsi, əynindəki uniforma, çiynindəki paqon, belindəki tapança ilə bağlıdır. Türkiyədə polisin hörməti çoxdur. Makam arabasında bizi yerləşəcəyimiz "Polis Evi"nə aparırlar. (Məlumat üçün deyim ki, Türkiyədə dövlət işində xidmət edən bütün məmurların öz kafeləri, otelləri, pansionatları və s. var. Onlar burdan yarıbayarı, ucuz qiymətə yararlana bilirlər). Yolboyu İstanbuldakı yenilikləri seyr edirəm.

- Polis Evi nerdə?

- Sarıyerdə, abla.

- Sarıyer lüks mekan...

- Əvət.


... Polis Evinin restoranında axşamlar musiqi, əyləncə də var. Devrə arkadaşı xanımı ilə bizi burda ağırlayır (yəni qonaq edir):

- Baküyü, televizyonu hep seyr ederim Tuncayı görürüm diye.

- Dilimizden anlıyormusun?

- Öyrendim, abla.

- Ya sen? - deyib Filizə tərəf dönürəm. Filiz devrə arkadaşının xanımıdı.

- Yoo, ben anlamam, hiç anlamam.

- Çaba göstər, zatən burda zor olan bir şey yok ki. Siz "geliyorum" diyorsunuz, biz "gəlirəm".

- O da olacak, abla.

- İnşallah! - deyirəm, amma fikirləşirəm ki, buna da uzun illər lazım, o da qoysalar.

Filiz xırım-xırda bir köy cocuğudu. Boy-buxunlu, yaraşıqlı devrə arkadaşı ilə uyğunlaşmırlar. Tuncay mənə əvvəldən izahat verib ki, Türkiyədə qızlar çox halda polis eşi olmağa razılıq verməzlər. Həyat şərtləri ağırdı. İlbəil məmləkətin bütün vilayətlərini dolaşmaq lazım gələcək. Hələ bir "Şark" görəvi də var ki, məcburidi. "Şark" yəni şərq, Güneydoğu Anadolu, terror bölgəsi. Hər il bu bölgələrdə nə qədər polis həlak olur.

- Sizdə Şark görəvi yokmu, abla?

- Yok, bizim məmləkət çox kiçik.

İzahatım bura qədər, xırdalamaq istəmirəm.

 

TƏQVİM / ARXİV