adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Fevral 2021 12:49
632838
LAYİHƏ
A- A+

"QARABAĞIN  STALİNQRADI" - TƏRTƏR

Azərbaycan Respublikası regionların inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu günədək regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proaramlarında, regionların kommunal xidmətlərinin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni iş yerlərinin açılmasına təkan vermişdir.

Erməni terrorçularının 30 ilə yaxın işğal altında saxladığı və bu müddət ərzində tamamilə dağıdılaraq demək olar ki, xarabalığa çevirdiyi, artıq işğaldan azad edilmiş rayonlarımızda regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq müvafiq infrastrukturların yaradılması, müasir tələblərə cavab verən rayon və kəndlərimizin yenidən qurulması planları hazırlanıb və həyata keçirilməkdədir.

Erməni vandallarının viran qoyduğu ərazilərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidənqurma istiqamətində infrastruktur layihəsinin təməlinin qoyulması, o cümlədən prezidentin müharibədən keçən iki ay müddətində ilk obyektin istifadəyə verilməsi, regionların sosial-iqtisadi inkişaf proqramının bu ərazilərdə də həyata keçirilməsinə başlanması deməkdir.

Bundan başqa, müharibə zamanı düşmənin atdığı raket-artilleriya mərmiləri nəticəsində cəbhə bölgəsində yerləşən bir çox rayonların infrastruktur sahələrinə də ciddi ziyan dəyib. Ən çox ziyan çəkən rayonlardan biri də qəhrəman Tərtər rayonudur. 44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi, Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik. Tərtər rayon icra hakimiyyəti olaraq bu qəbildən olan insanların evlərində görüşlər keçirilir, qayğıları ilə maraqlanıb, problemlərinin həllinə köməklik göstərirlər. Bundan sonra da bütün şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən qayğı mütəmadi olaraq davam etdiriləcəkdir.

Minlərlə raket zərbələrimə məriz qalan Tərtər rayonunun şəhər mərkəzi və demək olar ki, bütün kəndləri, sanki İkinci dünya müharibəsindən sonrakı Stalinqradı xatırladırdı. Ağır artilleriya zərbələrindən sonra ümumilikdə rayonun 5965 infrastrukturunun böyük bir hissəsi tamamilə dağıdılmış, bir hissəsi isə yararsız vəziyyətə düşmüşdür.

Bunlardan 77 bina, 1664 mənzil, 3662 yaşayış evi, 184 sahibkarlıq subyekti, 47 sosial obyekt, 30 inzibati bina, 301 qeyri-yaşayış sahəsi dağılmışdır.

Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi Regional idarəsinin birgə yaratdığı komissiya artıq dəyən ziyanı müəyyənləşdirib və sürətlə bərpa işlərinə başlanılıb.

Yararsız vəziyyətə düşmüş evlərin, binaların, mənzillərin, inzibati binaların, infrastruktur sahələrinin bir çoxu bərpa olunub. Bir sözlə, rayon əvvəlki vəziyyətinə qaytarılır. Birinci Qarabağ müharibəsindən ötən illər ərzində Regionların sosial- iqtisadi inkişafı proqramına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda çox işlər görülmüş, rayon mərkəzi müasir qaydalara uyğun olaraq yenidən qurulmuş, yeni parklar, istirahət mərkəzləri salınmış, əhalinin iş yerləri ilə təmin olunması üçün yeni sahələr yaradılmış, rayonun infrastrukturu demək olar ki, tamamilə yenidən qurulmuşdur.

Tərtər yenidən öz həyatına qayıdır. Kənd təssərüfatının inkişafı rayon iqtisadiyyatının əsasını təşkil edir. Rayonun bir vaxtlar təhlükəli cəbhə xəttində yerləşən əkin sahələri artıq istifadəyə verilib.

Kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaranır ki, bu da kənd əhalisinin məşğulluq problemlərinin aradan qaldırılmasına geniş imkanlar yaradır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən hazırlanmış dövlət proqramlarının həyata keçirilməsi yolunda Tərtər rayonunda da aqrar sektorun inkişafına geniş diqqət ayrılır. Bu sahədə köklü dəyişikliklər, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşdırılır.

Normativ hüquqi baza getdikcə təkmilləşdirilir. Müharibə ərəfəsində kənd təsərrüfatına, sosial infrastrukturuna böyük ziyan dəymiş "Qarabağın Stalinqradı" Tərtər rayonu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük zəfər qələbəsindən sonra yenidən ayağa qalxır.

Kənd yerlərində sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər davam etdirilir, eləcə də infrastrukturun və sosial xidmətin daha da yaxşılaşdırılması, rayonda yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi yolunda, yeni dövrün ahənginə uyğun səviyyəyə çatmaq üçün çalışılır.

İnanırıq ki, qədim tarixə malik Tərtər rayonunda bundan sonra da Prezident İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun göstərişlərinin yerinə yetirilməsi üçün işlər davam etdiriləcək.

 

Rüstəm Hacıyev