adalet.az header logo
  • Bakı 7°C
16 Yanvar 2021 10:24
14997
MƏMLƏKƏT
A- A+

Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar verdi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2021-ci ilin yanvar ayının ilk 15 günü ərzində qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, ilk 15 gün ərzində qəbul edilmiş qərarlardan biri “Naxçıvan Muxtar Respublikasının ərazisində neft məhsullarının pərakəndə satış qiymətləri”nin təsdiq edilməsi haqqındadır. Nazirlər Kabinetinin 7 yanvar tarixli 3 nömrəli Qərarına əsasən Şərur rayonunun Qaraburc kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsi haqqında Qərar qəbul olunub.

Eyni zamanda, Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi, Komitənin Naxçıvan Şəhər İdarəsinə birləşdirilir. Həmin Qərara əsasən, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin əmlakı, hüquq və öhdəlikləri Komitənin Naxçıvan Şəhər İdarəsinə verilir.

Bundan başqa, 7 yanvar tarixli 4 nömrəli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri” nin təsdiq olunması ilə bağlı Qərar qəbul edilib. Eləcə də, “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar qəbul edilib. Dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə aylıq vəzifə maaşının 2 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məğul olan laboratoriya işçilərinə aylıq vəzifə maaşının 3 misli məbləğində əməkhaqqı verilməsi mart ayının 31-dək uzadılır.

Nazirlər Kabinetinin 13 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin reabiltasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında” Qərar qəbul olunub. Adıçəkilən Qərarda müəyyən edilir ki, şəxs qanunvericiliyə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmış olduğu hallarda, bu Qaydaya uyğun olaraq dövlət büdcəsi hesabına təmin edilən reabiltasiya vasitələri istisna olmaqla, digər reabiltasiya vasitələri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilir. Həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabiltasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.