adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 21:30
39
SİYASƏT
A- A+

Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır

Hələ Rusiya-Ukrayna müharibəsinin başlanğıcından qeyd edirdim ki, müharibələrin coğrafiyası genişlənəcək. Çünki bütün dövlətlər hərbi xərclərini artırır, yeni və böyük həcimli silah anlaşmaları imzalayırdılar. Rusiya-Ukrayna müharibəsinin ilk dönəmində müharibənin Avropaya sıçrama ehtimalları müzakirə olunsa da, bunun işartıları görünmürdü. Faktiki olaraq, ABŞ və Qərb ölkələri var gücü ilə Ukraynanı dəstəkləyir, Rusiyanı elə Ukrayna bataqlığında boğmaq istəyirdilər. Müharibə uzandıqca bunun mümkün olmadığı aydın oldu.

Bundan əlavə, Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin də strateji maraqlarında ciddi dəyişikliklər ortaya çıxdı. Bayden administrasiyasından fərqli olaraq, Tramp artıq Ukraynaya yardımlar etmək əvəzinə, silahların pulunu Avropa ölkələrindən alaraq Ukraynaya təhvil verirdi. Trampın Qrenlandiya gedişi isə Avropa ilə ABŞ arasında üzdə görünən ilk əsas fikir ayrılığı kimi ortaya çıxdı. 10 il əvvəl Fransa tərəfindən Avropa ordusunun qurulması təklifi elə Avropa ölkələri tərəfindən linc olunurdusa, artıq bu fikir Avropa ölkələrində daha çox müzakirə olunmağa başladı. Ancaq Avropa ölkələri arasında da vahid mövqe sərgilənmədi və beləcə, Avropa ölkələri özləri öz ordularını qurmaq xəttini seçdilər.

Faktiki olaraq, Avropa ölkələrinin hamısı ordu quruculuğuna daha çox önəm verir. Polşa, Almaniya, Fransa təkcə ordu quruculuğuna önəm vermir, həm də Rusiya ilə ola biləcək təhlükəni önləmək üçün addımlar atırlar. Digər tərəfdən isə ABŞ və Avropa İttifaqı uzun illər sonra Arktikanı da silahlandırmağa başlayıblar. Artıq Rusiya ilə Avropanın bütün sərhədləri istiqamətində silahlanma işləri aparılır.

HƏMAS-ın İsrailə hücumu ilə başlayan Qəzzadakı müharibə daha sonra genişlənərək Suriya və Livan ərazisinə keçdi. HƏMAS-ın başladığı hücum artıq İsrail mətbuatında da — xüsusilə “Haaretz” kimi nüfuzlu qəzetlərin səhifələrində ciddi müzakirələrə səbəb olub. İsrail mətbuatı açıq şəkildə qeyd edir ki, HƏMAS-ın bu miqyaslı hücumundan İsrail dövlətinin kəşfiyyat vasitəsilə xəbəri olub. Yəni, bu hücum İsrail üçün uzunmüddətli planlar üçün bir bəhanə idi. Ümumiyyətlə, "Böyük İsrail" layihəsi üçün Ərəb Liqasının bütün dövlətləri bir-bir sıradan çıxarıldı. İsrailin böyümək siyasətinə sözdə Türkiyə, əməldə isə yalnız İran qarşı çıxırdı. İran da fərqində idi ki, bir gün ona da növbə çatacaq.

Ona görə də İran uzun illərdir ki, hazırda aparılan müharibəyə hazırlaşırdı. İsraillə İran arasındakı ilk 12 günlük toqquşmada İran müharibənin coğrafiyasını genişləndirmədi. Buna səbəb toqquşmada ABŞ, Böyük Britaniya və İordaniyanın İsrailin müdafiə olunmasında fəal iştirak etməsi, lakin hücumda yalnız İsrailin iştirak etməsi idi. Buna görə də İran yalnız İsrailə zərbələr endirməklə kifayətlənirdi. Yalnız 12 günlük toqquşmanın son günü ABŞ İran ərazisindəki nüvə obyektlərini bombaladı. Bu, onu deməyə əsas verirdi ki, bundan sonrakı mərhələdə müharibənin coğrafiyası istər-istəməz genişlənəcək. İran faktiki olaraq 40 günlük müharibə zamanı "etmək olmaz", "edilməz" deyilən hər şeyi etdi. İran Körfəz ölkələrinin ərazisindəki bütün ABŞ hərbi bazalarını, hərbçilərin və kəşfiyyatçıların gizləndiyi otelləri, villaları hədəfə aldı.

İran bununla da yekunlaşmadı, İraq ərazisindəki hərbi bazalara, kürd qruplaşmalarına, İordaniyadakı hərbi bazalara aramsız zərbələr endirdi. İranın nüvə və mülki obyektlərə endirilən zərbələrə cavab olaraq İsrail ərazisindəki Dimonaya endirdiyi zərbə isə rəsmi Təl-Əvivin bir qədər reallıq hissini özünə qaytardı. Əslində, bundan sonra müharibə səngimə mərhələsinə qədəm qoydu. Müharibənin gedişində Hizbullahın fəaliyyəti, daha sonra isə husilərlə İranın koordinasiyalı şəkildə endirdiyi zərbələr müharibələrin coğrafiyasının bir qədər də genişlənəcəyini göstərirdi. Faktiki olaraq Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanı yanına aldıqdan sonra cəsarətlənərək Yəmənin paytaxtı Sənadakı hava limanına zərbələr endirdi. Bununla da husilər aktivləşdi və hazırda Hörmüzdən sonra Babül-Məndəb boğazı da ABŞ-nin müttəfiqləri üçün iflic olub.

Hazırda dünyada ən asan şey İranı, Rusiyanı, Çini tənqid və ittiham etməkdir. ABŞ İrana hücum etməsə idi, Hörmüzə nəzarət sevdasına düşməsə idi, Hörmüz boğazı bağlana, minalana bilərdimi? Artıq dünya elə bir səviyyəyə gəlib çatıb ki, ABŞ-nin harasa demokratiya gətirməsinə heç kim inanmır. Özləri də etiraf edirlər ki, ABŞ yalnız iqtisadi maraqlarını təmin etmək üçün müdaxilələr edib. ABŞ-nin demokratiya gətirdiyi hər ölkə parça-parça olub, neft-qazı isə ABŞ şirkətlərinin malına çevrilib. Əslində, bütün bunlara görə Trampa xüsusi təşəkkür düşür. Əvvəl bunları yazanda, deyəndə adama dəli kimi baxırdılar, o özü bunu açıq şəkildə dilə gətirəndən sonra hər kəs böyük dövlətlərin və böyük siyasətin mahiyyətini anladı. Heç bir ölkə xalqları düşünmür. İnsanların canı cəhənnəmə, önəmli olan təbii sərvətlərə və logistikaya nəzarət etməkdir.

İrana qarşı ABŞ və İsrailin təcavüzündən sonra bir şey də gün üzünə çıxdı: hərbi bazalar ölkələri xilas etmir. Azərbaycanda bir çoxları deyirdi ki, Azərbaycanda Türkiyənin və ya başqa ölkənin hərbi bazası yerləşdirilsin. Son müharibələr göstərdi ki, hərbi baza təhlükədən qoruyan yox, təhlükə yaradandır.

Tramp da, Netanyahu da, eləcə də Azərbaycanda bir çox siyasətçilər deyirlər ki, İran nüvə silahı əldə etməməlidir. Ancaq biri də sual vermir ki, İsrailin nüvə silahı olduğu halda Nüvə Silahının Yayılmasının Qarşısının Alınması Haqqında Müqaviləyə (NPT) qoşulmayıb. Sənin varsa, başqasının niyə olmamalıdır? Ümumiyyətlə, bir çoxları unudur ki, İranda atom proqramının və nüvə infrastrukturunun təməlinin əsası məhz ABŞ və şah rejimi (Məhəmməd Rza Pəhləvi) tərəfindən qoyulub. Ən qəribəsi bilirsiniz nədir? Uranın zənginləşdirilməsinin ən yüksək faizi də elə o vaxt olub. Sənin nəzarətində olanda atom, nüvə yaxşı şeydir, nəzarətindən çıxanda pis şey olur?

Burdan elə anlaşılmasın ki, İranın, yaxud başqa bir ölkənin nüvə silahı əldə etməsinin tərəfdarıyam. Qətiyyən! Hətta süni intellektin müharibələrdə tətbiqinə belə şəxsən qarşıyam. Bunun fəsadlarını bütün dünya gələcəkdə iliyinə qədər hiss edəcək.

Rusiya ətrafında baş verən proseslər də onu göstərir ki, müharibələrin coğrafiyası bir qədər də genişlənə bilər. Polşa, Baltikyanı ölkələr və Suvalki dəhlizi növbəti münaqişə zonasına çevrilə bilər.

Hazırda dünya ölkələrinin bir çoxu avantürist, acgöz, siyasi mədəniyyəti olmayan liderlərin, o liderlərin də bir çoxu silah sənayesinin kuklasına çevriliblər. Ona görə də müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil, əksinə, baş verənləri daha böyük müharibəyə hazırlıq mərhələsi kimi səciyyələndirmək olar.