Sülhə aparan yol və İrəvanın əsassız reaksiyası
11-12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionun müharibədən sonrakı reallıqlarının beynəlxalq ictimaiyyətin nümayəndələrinə yerində nümayiş etdirilməsi baxımından mühüm hadisə oldu. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndə iştirak edib. Diplomatik nümayəndələr Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, nəqliyyat obyektləri, habelə tarixi-mədəni irsin vəziyyəti və onun qorunması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar. Bu, 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə təşkil olunan 22-ci səfəri olub.
Bu səfərin mahiyyətini düzgün anlamaq üçün ilk növbədə bir fundamental hüquqi həqiqət nəzərə alınmalıdır: Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir. Məsələ Azərbaycanın siyasi baxışından, yaxud hansısa daxili interpretasiyadan ibarət deyil. Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Azərbaycan ərazisi olması beynəlxalq münasibətlər sistemində uzun müddət ərzində qəbul edilmiş hüquqi-siyasi reallıqdır. Azərbaycanın haqq işi məhz burada başlayır: Azərbaycan başqa dövlətin ərazisinə iddia etmir, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz suverenliyini həyata keçirir. Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsasını təşkil edən prinsip budur.
Diplomatik səfər Azərbaycanın suveren hüququdur
Xarici diplomatların Azərbaycanın ərazisinə səfər etməsi özlüyündə beynəlxalq hüquqa zidd hərəkət kimi təqdim oluna bilməz. Əksinə, dövlət öz suverenliyi altında olan ərazidə xarici diplomatik nümayəndələri qəbul etmək, onları ölkənin müxtəlif bölgələri ilə tanış etmək, sosial-iqtisadi inkişaf, bərpa-quruculuq və mədəni irsin qorunması barədə məlumatlandırmaq hüququna malikdir. Sentyabr səfərinin proqramı da bunu açıq şəkildə göstərir. Diplomatik korpus nümayəndələri Xankəndidə dəmir yolu və avtobus terminalı kompleksi, Zəfər parkı, Qarabağ Universiteti, tikiş fabriki, Şuşanın tarixi-mədəni obyektləri, daha sonra Ağdərə və Kəlbəcərdəki layihələrlə tanış olublar. Bu mənzərə qarşısında ortaya mühüm sual çıxır: Azərbaycanın suveren ərazisində Azərbaycan dövlətinin təşkil etdiyi səfərə üçüncü dövlətin və ya həmin dövlətin ictimai-siyasi dairələrinin etiraz etməsi hansı hüquqi əsasla izah edilə bilər? Əlbəttə, istənilən dövlət xarici siyasət məsələləri ilə bağlı siyasi mövqeyini ifadə edə bilər. Lakin siyasi narazılıqla digər dövlətin suveren hüquqlarına müdaxilə arasında prinsipial fərq var. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda xarici diplomatları qəbul etməsi onun suverenlik hüququnun həyata keçirilməsidir.
Beynəlxalq hüququn əsas prinsipləri Azərbaycanın mövqeyini gücləndirir
Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsində ən mühüm sənədlərdən biri 8 avqust 2025-ci ildə tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmış “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnidir. Sazişin I maddəsində tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıdıqlarını və bunlara hörmət edəcəklərini təsdiqləyiblər. II maddədə isə tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər. Həmin maddə digər tərəfin ərazi bütövlüyünün və siyasi birliyinin tam və ya qismən pozulmasına yönələn hərəkətlərin planlaşdırılması, hazırlanması, təşviqi və dəstəklənməsindən çəkinməyi də nəzərdə tutur. Bu müddəalar fonunda Qarabağla bağlı köhnə siyasi ritorikanın yenidən dövriyyəyə buraxılması xüsusi həssaslıq yaradır. Çünki sülhün mahiyyəti yalnız atəş səslərinin kəsilməsindən ibarət deyil. Sülh qarşı tərəfin ərazi bütövlüyünü və suverenliyini siyasi praktikada qəbul etməyi də tələb edir. Əgər Azərbaycan öz ərazisində diplomatik səfər təşkil edirsə, həmin səfəri “işğal olunmuş əraziyə səfər” kimi təqdim etmək, yaxud Azərbaycanın suveren ərazisində xarici diplomatların səfərinə qarşı təzyiq kampaniyası aparmaq sülhün ruhu ilə ziddiyyət təşkil edən siyasi ritorika yaradır.
Ermənistan cəmiyyətində səslənən reaksiyalar nəyi göstərir?
Səfərdən sonra Ermənistanın müxtəlif ictimai-siyasi və media dairələrində kəskin reaksiyalar meydana çıxıb. Məsələn, “Artsakh Union” səfəri Azərbaycan tərəfindən təşkil edilmiş “təbliğat” kimi təqdim edib və Qarabağın erməni kimliyinin silinməsinə yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu iddia edib. Erməni media resurslarında səfərə qarşı digər tənqidi mövqelər də yayılıb. CivilNet-in məlumatına görə, keçmiş Qarabağ rəsmiləri, erməni alimlər və vətəndaş cəmiyyəti nümayəndələri səfəri tənqid ediblər. Eyni mənbə Ermənistan hökumətinin, Xarici İşlər Nazirliyinin və dövlət akademik qurumlarının səfərlə bağlı həmin tarixədək ayrıca rəsmi mövqe açıqlamadığını yazıb. Bu məqam mühüm fərqləndirmə tələb edir.Ermənistan cəmiyyətinin bütün üzvlərinin eyni mövqedə olduğunu iddia etmək düzgün olmaz. İctimaiyyət çoxsaylı siyasi və sosial qruplardan ibarətdir. Lakin konkret təşkilatların və ictimai-siyasi dairələrin səsləndirdiyi fikirlər də ictimai-siyasi mühitin müəyyən hissəsində mövcud olan yanaşmaları göstərir. Əsas problem isə həmin reaksiyaların məzmunundadır. Çünki tənqid yalnız Azərbaycanın hansısa siyasi qərarına etiraz səviyyəsində qalmır. Bəzi reaksiyalarda Azərbaycanın Qarabağ üzərində suverenliyi ümumiyyətlə qəbul edilməyən terminologiyadan istifadə olunur. Bu isə artıq sadəcə tarixi mübahisə yox, suverenlik məsələsidir.
Qarabağla bağlı “Artsax” ifadəsinin siyasi kontekstdə istifadəsi ayrıca əhəmiyyət daşıyır. Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsində əsas məsələ keçmiş münaqişənin hüquqi-siyasi çərçivəsini arxada qoymaqdır. Azərbaycan və Ermənistan 2025-ci ildə sülh sazişinin mətnini paraflayaraq münasibətləri qarşılıqlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qurmaq niyyətlərini təsdiqləyiblər. Buna görə keçmiş separatçı qurumun siyasi subyekt kimi təqdim edilməsi və Qarabağın Azərbaycan ərazisi statusunun şübhə altına alınması regionda formalaşmaqda olan yeni hüquqi-siyasi reallıqla uyğunlaşmır. Azərbaycanın mövqeyi bu baxımdan prinsipialdır: Qarabağ məsələsi artıq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmuş məsələdir. Bu yanaşmanın hüquqi əsasını Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipləri təşkil edir. Azərbaycanın haqq işi hansı əsaslara söykənir? “Haqq işi” ifadəsi yalnız milli emosiyanın ifadəsi kimi başa düşülməməlidir. Azərbaycan məsələyə hüquqi müstəvidən yanaşdıqda öz mövqeyini bir neçə fundamental prinsip üzərində qurur. Birincisi, suverenlik prinsipi. Dövlət öz beynəlxalq səviyyədə tanınmış ərazisində ali hakimiyyət həyata keçirir. İkincisi, ərazi bütövlüyü prinsipi. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsiplərindəndir. Üçüncüsü, sərhədlərin toxunulmazlığı prinsipi. Azərbaycan-Ermənistan sülh sazişinin paraflanmış mətnində tərəflər keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və qarşılıqlı şəkildə tanındığını təsdiqləyirlər.
Dördüncüsü, ərazi iddialarından imtina prinsipi. Eyni Sazişin II maddəsi tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini nəzərdə tutur. Beşincisi, güc tətbiqindən və onun təhdidindən çəkinmə prinsipi. Saziş tərəflərin digər tərəfin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinməsini nəzərdə tutur. Bu prinsiplər bir yerdə Azərbaycanın mövqeyinin mahiyyətini göstərir: Azərbaycanın məqsədi başqa dövlətin ərazisini əldə etmək deyil, öz beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini təmin etməkdir.
Qarabağın Azərbaycanın suveren ərazisi olması mübahisəli siyasi tezis kimi təqdim edilə bilməz
Azərbaycanın Qarabağ üzərində suverenliyi məsələsini hansısa yeni siyasi iddia kimi təqdim etmək tarixi və hüquqi reallığın təhrif olunmasına gətirib çıxarır.
Azərbaycan Xarici İşlər Nazirliyi də 2026-cı ilin iyulunda Qarabağ məsələsi ilə bağlı açıqlamasında beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini beynəlxalq hüquqa uyğun şəkildə bərpa etdiyini bildirib. Bu baxımdan diplomatik korpusun səfərinin əhəmiyyəti yalnız Azərbaycanın xarici qonaqlara öz ərazilərində görülən işləri göstərməsi ilə məhdudlaşmır. Səfər eyni zamanda yeni regional reallığın nümayişidir: Azərbaycanın dövlət bayrağının dalğalandığı, Azərbaycan dövlət qurumlarının fəaliyyət göstərdiyi, Azərbaycan qanunlarının tətbiq edildiyi ərazilərə xarici diplomatlar səfər edir. Bu, postmüharibə dövrünün faktiki reallığıdır. Ermənistanın daxili siyasi reaksiyası Azərbaycan diplomatiyasının hədəfinə çevrilməməlidir Burada Ermənistanın daxili siyasi prosesləri ilə Azərbaycanın suveren hüquqlarını bir-birindən ayırmaq lazımdır. Ermənistanda müxtəlif siyasi qüvvələrin Qarabağ məsələsinə münasibəti Ermənistanın daxili siyasi mübarizəsinin elementi ola bilər. Lakin Ermənistan daxilində müəyyən siyasi qüvvələrin mövqeyi Azərbaycanın suveren ərazisində hansı tədbirləri keçirə biləcəyini müəyyən edən hüquqi meyar ola bilməz. Başqa sözlə, Azərbaycanın Xankəndidə nə edəcəyinə İrəvan qərar vermir. Azərbaycanın Şuşada, Xankəndidə, Ağdərədə və Kəlbəcərdə hansı diplomatik tədbirləri keçirəcəyinə Azərbaycan dövləti qərar verir.
Azərbaycan 30 ilə yaxın davam etmiş işğalın ağır nəticələrini yaşayıb. Bu dövrdə yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşüb, yaşayış məntəqələri dağıdılıb, infrastruktur sıradan çıxarılıb və geniş ərazilər minalarla çirkləndirilib. 2020-ci il müharibəsindən və 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində bərpasından sonra Qarabağda yeni mərhələ başlayıb. Bu mərhələnin əsas məzmunu müharibə yox, qayıdış, yenidənqurma, reinteqrasiya, iqtisadi inkişaf və sülh quruculuğudur. Diplomatik korpusun səfəri də məhz bu reallığı nümayiş etdirir. Xarici diplomatlar dağıdılmış ərazilərin bərpasını, yeni infrastrukturun yaradılmasını və əhalinin geri qayıtması üçün görülən işləri yerində müşahidə edirlər. Bu prosesin siyasi mahiyyəti çox aydındır: Azərbaycan Qarabağda yeni müharibə hazırlamır; Azərbaycan Qarabağda sülhün nəticələrini qurur.
Azərbaycanın Qarabağ məsələsində mövqeyi emosional qarşıdurmadan daha geniş hüquqi və tarixi çərçivəyə malikdir. Bu mövqenin mahiyyəti sadədir: Azərbaycan öz torpağında öz dövlət suverenliyini həyata keçirir. Azərbaycan öz ərazisində diplomatları qəbul edir. Azərbaycan öz ərazisində şəhərlər tikir, yollar salır, məktəblər və universitetlər yaradır. Azərbaycan öz ərazisində tarixi abidələri qoruyur və bərpa edir. Azərbaycan öz ərazisindən köçkün düşmüş vətəndaşlarının doğma yurdlarına qayıdışını təmin edir. Bütün bunlar beynəlxalq hüquqda dövlətin fundamental suverenlik hüququnun tərkib hissəsidir. Ona görə də Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərə qarşı səsləndirilən və Azərbaycanın həmin ərazilərdə suverenliyini şübhə altına alan reaksiyalar yalnız Azərbaycanı narahat edən məsələ kimi qiymətləndirilməməlidir. Belə yanaşmalar eyni zamanda yeni sülh arxitekturasının nə dərəcədə mənimsənildiyi barədə suallar doğurur.
Azərbaycanın haqq işi məhz beynəlxalq hüququn bu fundamental prinsipinə söykənir: işğala məruz qalan dövlət öz ərazi bütövlüyünü bərpa etmək, öz suveren ərazisində dövlət hakimiyyətini həyata keçirmək və həmin ərazidə dinc quruculuq aparmaq hüququna malikdir. Bu səbəbdən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasətini hansısa “siyasi kampaniya” kimi təqdim etmək cəhdləri reallığın mahiyyətini dəyişmir. Qarabağ Azərbaycandır və Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq, inkişaf və dövlət idarəçiliyi siyasəti Azərbaycanın suveren hüququdur. Əsl sülh isə bu reallığı dəyişdirməyə çalışmaqdan yox, onu qəbul edib gələcəyə baxmaqdan keçir.
Kəramət Qənbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və arxiv şöbəsinin müdiri
Digər Xəbərlər
16 Sentyabr 2026 15:04
“Bizim birliyimiz hər birimizi gücləndirəcək”
16 Sentyabr 2026 11:32
Diplomatların gözü ilə yenilənən Qarabağ: Sülhə aparan yol və İrəvanın əsassız reaksiyası
16 Sentyabr 2026 10:41
Sülh prosesinə mane olanlar....
16 Sentyabr 2026 08:50
Ermənistanın sülhpərvərliyi şübhə doğurur
16 Sentyabr 2026 08:40
Cənubi Qafqaz sülhün, əməkdaşlığın məkanına çevrilməlidir
15 Sentyabr 2026 15:26
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda
07 Sentyabr 2026 16:41
Qanla yazılan tarixə başqa boyaq olmaz! - Zaur Əhməd yazır
04 Sentyabr 2026 16:29


Bakı -°C

