Allah qapınızı açsınmı? - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
163764 | 2021-01-15 12:58

Tələbəlik vaxtlarım idi. Necə deyərlər, çılğın, qaynayan vaxtlarım. Söhbətimin tarixi təxminən 1995-96-cı illəri göstərir. Təhsil aldığım universitet 8-ci mikrorayonda yerləşirdi. Universitetin böyük həyəti var idi. O vaxtları Gənclik metrostansiyasından bura 189 saylı avtobusla gedib gəlirdim. Avtobusun dayanacağı universitetin arxa tərəfinə düşürdü. Sökülmüş “Oazis” restoranının qarşısına. Buradan universitetə gedib çıxmaq üçün bir xeyli fırlanmaq lazım idi. Arada cavanlığıma salıb universitetin arxa divarı alçaq olduğundan elə ordan tullanıb həyətə daxil olurdum. Qayıdanda bu hal təkrarlanırdı. Bir dəfə bu divarın üstündən tullanıb dayanacağa getmək istərkən polis məni “yaxaladı”. Və bildirdi ki, getməliyik polis şöbəsinə. Üz tutduq Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə.  Birinci dəfə idi ki, polis bölməsinə aparırdılar məni. Çox həyəcanlı idim. Bölməyə çatan kimi şou başladı. Necə şou qurdularsa, dedim, vəssalam, məni bir 2 il həbs edəcəklər. Ağzından süd iyi təzə-təzə çəkilməyə start verən bir gənc bu qoca oyunbazların içərisində nə fikirləşə bilərdi ki? Təxminən 2-3 saat  polis bölməsində saxladılar. Bu müddət ərzində həbs olunacağımı düşünərək nə hisslər keçirmədim ki?.. Mənə elə gəlirdi ki, nəslim-köküm sıralama mənim üzümə tüpürəcək ki, sən niyə divardan tullanmısan. Sonra televiziyaya çıxarıb məni ala itdən məşhur edəcəklər. Türmədə başıma nələr gələcək və s. Ən əsası məni tək başına böyüdən anam nələr çəkəcək, onun gözünə necə baxacam?  Bu “şounun” axırı yaxşı bitdi. Bir xeyli sıxma-boğmaya salandan sonra mənə telefon zəngi üçün şərait yaratdılar. Zəngdən sonra görülən tədbirlər nəticəsində “azad olundum”. Və özümə söz verdim ki, bir daha belə bir vəziyyətə düşməmək üçün diqqətli olacam. Şükürlər olsun ki, hələ ki təkrar belə hadisə baş verməyib.

Bu misalı çəkməyim elə belə sözgəlişi deyil.

Son dövrlər elə bir zamana gəlmişik  ki, demək olar, hər ay bir neçə dövlət məmuru, səlahiyyət sahibi həbs olunur. Hər kəsin də cinayətləri bir-birinə oxşar. Dövlətin büdcəsini yeyib-dağıdırlar, vəzifələrindən sui-istifadə edib insanların cibinə girirlər, dövlətə və dövlətçiliyə xəyanət edirlər. Bir icra başçısı tutulur, üç gün keçir o birisi də tutulur. Bir ay keçir yenə bir icra başçısı tutulur. Sonra şirkət rəhbəri tutulur, sonra fond rəhbəri tutulur (Bu arada hüquq-mühafizə orqanlarına təşəkkürlər düşür). Bir belə tuthatutla bu məmurlar, vəzifəlilər, səlahiyyətlilər ağıllanmır, tamahlarını cilovlamır. Birinin tutulmağı digərinə dərs olmur. Dərsdən əlavə insan bir atasını, anasını, bacısını, qardaşını, övladını düşünməzmi? İnsan  dövlətini düşünməzmi? İnsan azadlığını düşünməzmi? İnsan zindanı düşünməzmi? İnsan o dünyasını, bu dünyasını düşünməzmi? Doğrudanmı, hər şeyi, bütün varlığı pula dəyişmək olar? Bir ömrü pula, tamaha, xəyanətə görə zindanda çürütməyə dəyərmi?

Yeri gəlmişkən, bu zindan məsələsi də mənə bir az qaranlıq gəlir. Deyirəm bəlkə onların üzünə orda yaxşı baxırlar, yaxşı bəsləyirlər ki, onlar ora getməkdən  qorxmurlar.  Bir zindan qorxusu bunların içində olana oxşamır. Məşhur və mənasız bir fikir var - içəri də çöl kimidi. Doğrudanmı, bunlara  içəri də çöl kimidir?

Bütün qanunsuzluqların sonu zindanda bitdiyi kimi bu köşənin də sonunu zindanla bağlayım.

Bir gün türmələrdən birində hansısa tədbirdə idim. Bir qrup adam idik. Yanımdakılar kimi görürdülər “Allah qapınızı açsın” deyirdilər. Axırda biri sakitcə qulağıma pıçıldadı - arada sən də bir “Allah qapınızı açsın” de. Dedim - Niyə? Kimsə 13 yaşlı bir qızı zorlayıb gəlib düşəcək bura, mən də Allahdan yapışacam ki, bunun qapısını aç? Ya kimsə hallanıb qəza törədib iki nəfərin həyatına son qoyacaq, mən də ölənlərin yox, tutulanın hayına qalacam?

İndi bu yeyib-dağıdanların, dövlətimizə xəyanət edənlərin qapısını vaxtında Allah açıb bunlara bu gözəl həyatı bəxş eləmişdi. Qədrini biləydilər. Bunlar naşükürdü deyə mən niyə Allahdan qapı xahişi etməliyəm ki?  

TƏQVİM / ARXİV