adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: UZUN NÖVBƏLƏR

FAİQ QİSMƏTOĞLU
53264 | 2020-12-09 10:55

Bizim millət növbə gözləməkdə səriştəli deyil. Yəni biz növbəyə durub nəyisə gözləmək sarıdan bir o qədər də yüksək keyfiyyətə malik deyilik. Sadəcə olaraq, növbə olanda istər-istəməz nəyəsə tələsirik və ona cəhd eləyirik ki, bizim işimiz tez düzəlsin. Ancaq fikirləşmirik ki, bu növbədə də duran insanlar var, bu növbədə gözləyən adamlar var. Təəssüf ki, biz bu məsələləri bir o qədər də diqqətdə saxlamırıq. Sözümüzün canı o deyil ki, biz növbələrə əməl etməyən millətik. Yox, bizim millət çox yaxşı millətdi. Sadəcə olaraq, səbrimizi basıb müəyyən mənada növbə gözləmək istəmirik. Uzun-uzadı növbələr yarananda bu və ya digər dərəcədə çox narahat olur, var-gəl edir və iki daşın arasında növbənin bizə çatmasını gözləyirik.

Bu yaxınlarda bir yerdən qayıdırdım, yolda maşın dayandı və həmin maşının sahibi məni avtomobilə dəvət etdi. Yolboyu biz müxtəlif fikirlər irəli sürdük, fikir mübadiləsi apardıq və ortaq məxrəcə gəldik ki, doğrudan da bu gün ölkəmizdə müəyyən növbələr var və o növbələrdə duran insanlar çox əziyyət çəkirlər. Yol-yoldaşım olan ziyalı, gözəl insan Rövşən İsmayılov həm məni, həm də camaatı çox narahat edən bu məsələyə öz

münasibətini bildirdi. Dedi ki, müəllim, bu növbələrdə insanlar çox əziyyət çəkirlər. Xüsusən də dövlət tərəfindən verilən xəstəliklə bağlı müavinətləri, yardımları alarkən insanlar çox əziyyət çəkirlər. Bəzən saatlarla, bəzən günlərlə bankların qarşısında növbə gözləyirlər və onlar vaxt itirməklə yanaşı, həm də əsəbləri tarıma çəkilir. Dostumuz Rövşən müəllim dedi ki, imkanın olsa, bu məsələləri mətbuatda işıqlandırarsan. İctimailəşdirərsən ki, qoy camaatın çiynindən bu ağır yük götürülsün. Axı insanlara hər hansı pul, məvacib verilərkən onlar çox əziyyət çəkirlər. Hansı bankın qarşısına gedirsən, orda insan əlindən tərpənmək mümkün deyil. Bəzən günlərlə kimsə gedib ordan ona ayrılan vəsaiti almaq üçün olmazın müsibət və çətinliklə üzləşirlər. Təbii ki, dostumuz Rövşən müəllimin qaldırdığı məsələni biz də həmişə görmüşük, şahidi olmuşuq və həqiqətən də bilmişik ki, Bakı şəhərinin özündə hər hansı növbədə pul verilərkən insanlar çox əziyyətlə üzləşirlər. Xüsusən də koronavirus yayılandan sonra insanlara verilən 190 manat civarında pulu alarkən onların hansı əziyyətlə, hansı sıxıntıyla, hansı çətinliklə üzləşdiyini təsəvvür etmək çətin deyil. Əlbəttə, bu çətinlikləri həmin növbələrdə saatlarla, günlərlə vaxt itirən, əsəbləri tarıma çəkilən, sıxıntılı anlar yaşayan insanlar daha çox bilir və görürlər.

Bu yaxınlarda “Yeni Müsavat”da bu mövzuyla bağlı Zamin Hacının maraqlı yazısını da oxudum. Zamin Hacı bankların qarşısında yaranan uzun növbələrdən, bu növbələr zamanı insanların hansı çətinliklər yaşadığını,

hansı sıxıntılarla üzləşdiyini qələmə almışdı. Və təsvir etmişdi ki, hətta onun özü də çox böyük çətinliklə növbə gözləyir. Həmin növbə ona gəlib çatana qədər iş işdən keçir, bank sahibləri yola sala bilmir, gözlə deyir və nəticədə əsəblər tarıma çəkilir. Ona görə də bir daha bizim dostumuz Rövşən İsmayılovun qaldırdığı məsələni gündəmə gətirməklə, biz bu nöqtəyə xüsusi diqqət yetirərək problemin həlli yollarını göstərməyə çalışacağıq.

Sirr deyil ki, doğurdan da bu gün ölkədə əhaliyə koronavirusla bağlı yardımların verilməsi zamanı 190 manat alınarkən insanlar çox böyük əziyyətlə, əzabla üzləşirlər. Üstəlik, digər məvaciblərin, digər müavinətlərin, digər əmək haqqların verilməsi zamanı bu və ya digər dərəcədə problemlər yaşanır. Ona görə də indiki situasiyada ölkəmizdə bu məsələləri həll etmək, növbələri aradan qaldırmaq üçün müəyyən tədbirlər görülməlidir. Həmin məsələlərin gündəmdə olması təbii ki, əsas vəzifələrdən biridir. Təklif olunur ki, bu növbələrin, bu insan axınının qarşısını almaq üçün yeni fikirlər, təkliflər səslənsin. Bu da ondan ibarətdir ki, uzun növbələrdə insanların vaxt itirməsi ilə yanaşı, həm də onların koronavirusa yoluxma ehtimalları daha çoxdur.

Sirr deyil ki, insanlar ara məsafəsi saxlamır, bir-birinə gigiyenik-sanitar qaydalarına əməl eləmir. Bu da istər-istəməz bu xəstəliyin tüğyan eləməsinə münbit şərait yaradır. Birmənalı olaraq bu təhlükənin aradan qaldırılıması üçün cəmiyyətdə çox maraqlı fikirlər

səslənir. O fikirlərdən biri bundan ibarətdir ki, o növbələrin qarşısnı almaq üçün, yəni bankların qarşısındakı insan axının qarşısını almaq üçün o məvacibləri, o yardımları ayrı-ayrı Nazirliklərin əməkdaşları – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, eləcə də Mənzil İstismar İdarəsinin əməkdaşları, könüllülər evlərdə aparıb o pulu sahiblərinə verə bilər. Bununla həm xəstəliyin qarşısını almaq olar, həm də ki, vaxt itkisinin yaranmasına imkan vermək olmaz.

Aydındır ki, bu addımların atılması, yəni o məvaciblərin, o pulların paylanması, əhaliyə çatdırılması çox çətin bir məsələdir. Amma indiki situasiyada o pulların bu təklif olunan variant üzrə insanlara verilməsi daha məqsədəuyğun, daha səmərəli və daha yaxşı bir çıxış yoludur. Əlbəttə, bütün bunlar son anda insanların sağlamlığına, onların əsəb sisteminin korlanmasının qarşısının alınmasına və eyni zamanda, vaxt itkisinin aradan qaldırılmasına yönəldilib. Əlbəttə, təkliflərin səslədirilməsi, ideyaların irəli sürülməsi, müəyyən versiyaların qabardılması insanların gələcəkdə daha yaxşı, daha normal və daha rahat fəaliyyətinə xidmət etməlidir. Təbii ki, ölkələrdə bu gün koronavirusa qarşı ciddi mübarizə aparılır. Bu, hamya bəllidir. Bizim fikrimizcə, əhalinin bu dönəmdə təhlükədən xilas etməyin ən yaxşı yolu mövcud növbələrin, kütləvi yığıncaqların, yas mərasimlərinin olmasına imkan verməmək və eyni zamanda, əhalini həmin yerlərdən təcrid eləməkdi. Yəni biz əhalini həmin yerlərdən təcrid eləyə bilsək, istər-istəmız müsbət nəticə əldə edə bilərik.

Fakt faktlığında qalır ki, bu gün pandemiya şəraitində insanların həyatı yaşayışı və rifah halında müəyyən çətinliklər mövcuddur. Əgər həmin pulların ərzaq şəklində, və yaxud digər formada alınaraq insanlara verilməsi daha məqsədəuyğundur. Hər halda, bütün bu deyilənlər və qaldırılan məsələlər insanların rahatlığına, onların normal yaşayışına və mövcud təhlükədən xilas olmasına yönəldilib. Bütün bunlar onu deməyə əsas verir ki, atılan addımlar, həyata keçirilən hər hansı bir yenilik sonda insan faktorunun, insan amilinin daha da formalaşmasına, onların rahat və normal yaşam fəaliyyətinə xidmət edəcəkdir

TƏQVİM / ARXİV