SON DƏQİQƏ:

"BAĞIŞLA" DEYƏ BİLMƏDİM

  30869   |  
Şriftin ölçüsü  
Mən sözün bütün mənalarında həmişə gerçəyin yanında olmuşam. Özü də o gerçəyin ki, o başqasının haqqını tapdalamır, başqasını özündən, dünyasından incik salmır. Üstəlik də dünyada mövcud olan bütün gerçəkliklərin nisbi olduğunu bilə-bilə mən bu yola, bu istəyə könül vermişəm. İstər orta məktəbdə, istər həyat dərslərində öyrənmişəm, mənə göstəriblər, başa salıblar ki, bütün gerçəkliklər nisbidir. Sənin üçün gerçək olan, başqa birinə tamam fərqli seçim ola bilər. Amma neyləyim ki, mən nisbiliyin özündəki gerçəyi dana bilmirəm, ondan vaz keçmək fikrim yoxdu...
Dünyanın, daha doğrusu, mənim dünyamın ən işıqlı, ən dəyərli və könüldən bağlandığım söz adamlarından biri rəhmətlik Nüsrət Kəsəmənli idi. Onun özünü və yaxud həyatını təkcə sözbəsöz öyrənmirdim... mən onun poeziyasını sözbəsöz özümə köçürürdüm. Nədənsə o poeziyanın içərisində mənim bir gerçək rahatlığım var idi. Xüsusilə onun "Etiraf" şeiri yaddaşımdan silinməyib, əksinə, məni dəfələrlə əlimdən tutub etiraf ayağına aparırdı. Elə indinin özündə də aparır. Ağlıma gəlmişkən bir məqama da toxunum. Mən kilsələrə də baş çəkmişəm. Təbii ki, bura da Allah evidi. Ancaq mən kilsələri ziyarət etməyə yox, seyr etməyə, içini görməyə üstünlük vermişəm. Hər dəfə də bu kilsələrdəki etiraf otağını görməyə maraq göstərmişəm. Bu da mənim gördüyüm filmlərdən keçən bir istəkdi, təsirdi. Amma neyləyim ki, kilsələrdə olduğum vaxtlarda kiminsə etirafa, tövbəyə gəldiyini izləmək qismətim olmayıb. Elə ona görə də Nüsrət Kəsəmənlinin "Etiraf"ı mənim daxilimdə kök atıb, köklü-köməcli nəhəng bir çinara çevrilib, gövdəsinə qol dolanmayan bir çinara...
Adətən ilin, fəslin bu çağlarında insanı sərin güşələr, yaylaqlar, bulaq başı çəkir. Görünür, bu Allahın bizim içimizdə əkdiyi bir duyğudu, bir instinkdi, məqamı çatanda özü dilə gəlir, özü danışdırır, özü havalandırır insanı. Bugünlərdə havalanıb bir təbiət guşəsinə getdim. Gözdən-könüldən bir az uzaq ağacların arasında bir neçə saat fələkdən məqam oğruladım. Qazancım olan bu vaxtın içərisində bir az ağaclarla danışdım, bir az yarpaqlarıyla, bir az meyvələriylə, bir az ağacın kök atdığı torpağıyla, bir az da bu ağacın yaxasına əl uzatdığı göy üzüylə... Düşünməyin ki, bu bir şairanə söz oyunudu, fikirləri bir-birinə calayıb nəyi isə obrazlı ifadə etmək istəyi idi. Xeyr, bu sadəcə bir gerçəkdi. Bakının boz sifətindən baş götürüb getdiyim həmin o guşədə həyat rəngarəng idi. Ona görə də gözüm yorulmadı, könlüm sıxılmadı, heç qan təzyiqimin də mövcud olduğunu yadıma salmadı. Və mən dostların sayəsində bu talada, bu guşədə bir rahatlıq qazandım. Bax onda ağlıma gəldi ki, əsl etirafın məqamıdı. Özü də elə-belə yox, könüldən, bütün varlıqdan gələn bir etirafın yeri. Mən də həmin o etirafı etmək üçün qazandığım bu fürsəti elə ordaca hamının yanında pıçıldamağa başladım.

Güllələnmiş ürəklə
Getmək olmaz sabaha...
Ürəyimi güllələ -
Canım qurtarsın daha...

Mən xəyallar qururam
Oyuncağa çevrilir...
Xəyaldakı şahlığım-
Göz qırpımı devrilir...

Nə xəyalım, nə gercək
Su səpmir ürəyimə...
Son gülləni öndən yox-
Çaxarsan kürəyimə...

Onda gözlərimdəki
Anların mənlə qalar...
Gözlərin su çiləyib-
Məndən halallıq alar...

***
Etiraf təkcə özünün özünə yox, həm də ətrafına edilməlidir ki, o qəbul olunsun, bağışlanılsın və yaxud da təsəlli verəcək bir ipucu sənə doğru uzadılsın. Bax, bu mənada mən həmin o guşədə pıçıldadığım şeirin havasında Qarabağın meşələrindən, bulaqlarından, çəmənliklərindən bağışlanmağımı xahiş etdim. Boynuma aldım ki, mən də əlibaltalı o meşələrdə ağac kəsmişəm. Çubuq doğramışam... mən də hansısa bulağın kənarında yeyib-içəndən sonra yır-yığış etməyi unutmuşam... mən də hansısa talada, çəməndə gözüm ayağımın altını seçmədən havalı gəzəndə gül-çiçəyi tapdamışam... Deyə bilərsiniz ki, uşaq olmusan, cavan olmusan, bilməmisən, qanmamısan... (bu yerdə yadıma "Axırıncı aşırım" filmi düşür. Orada Kərbəlayi üzünü tutub deyir... Ə.M.) Yox, bunun uşaqlığa heç bir dəxli yoxdur. Sadəcə, bu firavanlıqdan, bu gözəllikdən, özümüz özümüzdən o qədər doyub, razı qalmışdıq ki, onu itirəcəyimiz heç ağlımıza da gəlmirdi, heç yuxumuza da girmirdi. Elə bilirdik ki, həmişə məhz bu cür də olacaq və biz də ağlımız, ürəyimiz istəyən kimi bu təbiətlə, bu yerlə, bu göylə, bu Qarabağla məzələnəcəyik! Bağışla, bağışla ki, məzələndik səninlə. Ona görə də xatirələri yazmaq da, danışmaq da günbəgün çətinləşir. Təkcə qəhərə görə yox, təkcə göz yaşlarına görə yox, həm də səni nə vaxtsa itirəcəyimizi fəhm edə bilmədiyimizə görə... sabahı görə bilmədiyimizə görə... sənsiz qalacağımıza dair hansısa bir hissi içimizdə tərpədib oyada bilməldiyimizə görə...
Hə, etirafdan danışırdım axı. Mən bütün bu illər ərzində, yəni 1988-ci ilin fevralından bu günə kimi eyni sulaı təkrar-təkrar özümə ünvanlayıram və təkrar-təkrar da həmin sualın qarşısında aciz qalıram:
- Biz niyə beləyik?
Doğrudan da bilən varmı bu sualın cavabını? Ümumiyyətlə, bu sualın cavabını kimsə, harasa yazıbmı? Və nəhayət bu sualdan nə vaxtsa xilas ola biləcəyikmi?
Çox çətindi. Özü də içində olan, ürəyindən, ağlından keçəni milyon dəfələrlə ələyib, ələkdən keçirib, sonra nəyisə etiraf etməyin özü də çətindi. Görünür, elə xristianlar bu çətinlikdən bir az gizlənmək üçün həmin o bağlı, heç kimin görmədiyi otağı kilsələrdə tikiblər və keşişə, onun üzünü görmədən öz etiraflarını edirlər... Dünya etirafın möhtacıdır. Biz insanlar dünyanı etiraf etməyə də qoymuruq. İmkan vermirik ki, heç kimin olmayan bu dünya heç kimin olmadığını etiraf etsin. Desin, göstərsin ki, İNSAN olun... İNSAN kimi yaşayın... Allahı unutmayın!
Bəli, indinin özündə də mən fikirlərimi bilgisayara diktə etdikcə elə bilirəm ki, içimdə nə isə yüngülləşəcək, nə isə bir yükdən qismən də olsa, xilas ola biləcəm. Amma görürəm ki, yox, hər şey əksinə baş verir. Bu yük də, ağırlıq da bir az da artır.
Görünür, Allah etirafımı qəbul etmir, ya da bu etiraflar gedib ona çatmır. Ona görə də dolmuş buludun bir göz qırpımı necə boşaldığını xatırlayıb ona da həsəd aparıram. Hardansa yadıma bu həzin misralarım düşür.

yağışın
yuduğu ləçəklər
yanaqların kimi
alışıb yanır...
gözlərim
dan üzü
öpdüyü o yanaqların
lalə ləçəkləri
olduğuna inanır...
ürəyim isə...
unudub özünü
və nədənsə
gördüklərini yuxu sanır!
incimə...
və heç kimə
sadəcə heç nə demə
çünki
bu təzad deyil-
həyat lövhəsidi...
o da əsl sevginin
məncə bəsidi!..

***
Bir az pərən-pərən olan fikirlərimin içərisində etiraf etməyə çalışdığım elə məqamlar var ki, onu yazmaq da, bağıra-bağıra demək də, hətta dırnaqlarınla daşa-divara yazmaq da heç nəyi dəyişmir. Bu etirafın bircə dəyişən məqamı, bircə qəbul olunan anı var. O da səmimiyyətdən və qandan keçir! O da inamdan və inancdan keçir! İnsanın özünün özündən əl çəkməsindən keçir!
Bunu isə hər kəs bacarmır, ya da bacarmaq istəmir. Çünki içdəki xılt, içdəki hərislik, içdəki mənəm-mənəmlik və bir də başqasının çörəyinə zəhər qatmaq, o çörəyi qazanmasına imkan verməmək əsl etirafı gecikdirir, ləngidir, yubadır, ta məhşər gününə qədər...
İndi mən də etiraflarımı o gün gəlməmişdən öncə yazmaq, demək istəyirəm. Hər halda yazılan qalır! - deyiblər... Etiraf etmək istəyirəm ki, uğrunda ölə bilmədiyim üçün məni bağışla! Çağıranda, ürəyim istəyəndə yanına gələ bilmədiyim üçün məni bağışla! Səni olduğun kimi bilə bilmədiyim üçün məni bağışla!
Mən bunları yazdım. Amma əslində mən yazmaq istəyirdim ki, mən bütün bunlar üçün "bağışla!" deyə bilmədim! Çünki mən o vaxtı qazanmamışam!!!
Ömrümün ağrılı-acılı, bir az şirin, bir az duzsuz məqamlarında elə bilmişəm ki, nə isə etmişəm, nəyinsə qulpundan, kiminsə qolundan tuta bilmişəm. Amma indi baxıb görürəm ki, o mənim xülyam olub. Əslində isə mən nəyinsə istədiyim nöqtəyə çatmağıma əngəl olmasına da qalib gələ bilməmişəm. Çünki hər şeyə, hər kəsə ürəyimdən baxmışam və düşünmüşəm ki, qarşımda olanların da ürəyi var, onlar da mənə ürəklərindən baxacaq. Deyəsən, elə ən böyük səhvim də, ən böyük günahım da bu olubdu. Və mən ürəyimin qurbanına çevrilib, ürəyimin güdazına getmişəm:

istəyim güc gəldi
istəyimi
gizlədə bilmədim
istəyim ürəyimi dindirdi
ürəyimi
gözlədə bilmədim-
bağışla...
gözlərim alışdı
gözlərindən
gizlədə bilmədim
gözlərim
gözlərinlə danışdı
və bir-birinə qarışdı
gözlərini
gözlədə bilmədim-
bağışla...

əllərim yarpaq tək əsdi
barmaqlarımı
gizlədə bilmədim
dözmək məni sıxdı
nəfəsimi kəsdi
dözümsüzlüyümə
söz deyə bilmədim-
bağışla!

Hə, bütün bunları etiraf kimi də qəbul edə bilərsiniz, əgər istəsəniz. Etməmək haqqı da sizindi. Mən sadəcə, bütün insanların, xüsusilə, az-çox duyğusal olanların həmişə ürəklərinə görə əziyyət çəkdiklərini diqqətə çəkmək istədim. Çalışdım ki, bu etirafımla gücsüzlüyümü bir balaca pərdələyim. Bilmirəm, çalışmağıma dəydi yoxsa yox, amma siz çalışın ürəyinizi qoruyun, ona çox da meydan verməyin. Axı ürək yaman şeydi!!!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK