adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2020 11:31
110561
MƏMLƏKƏT
A- A+

Şəhiddən daha cəsur insanlar, görünməyən qəhrəmanlar... -  ELEGİYA

26 oktyabr...Səhər saatlarıdı. Onun yarısı olardı, ya olmazdı. Yol çantamı çiynimə atıb xəbər dalınca yola düzəlirəm. QAÇ yerləşən binaya çatanda qapının qarşısında 2-3 qadından başqa ora da kimsə yox idi...Qadınlarla yenicə söhbətə başlayıram ki, insanların üç-üç, beş-beş Quzanlının mərkəzində yerləşən mədəniyyət evinə tələsdiklərini sezirəm. Binalar yaxın idi deyə diqqətimi ora tərəf tələsəyən adamlara yönəldirəm. Simalarında hüzn, əllərində böyük qərənfil dəstəsi olan gəncləri görəndə anladım.

 

Şəhid gəlir!

 

Qadınlardan aralanıb mədəniyyət evinə tərəf addımlayıram. Mən darvazaya çatar-çatmaz şəhidin cənazəsi gətirilir, həyətin ortasında sərilmiş gəbənin üstünə qoyulur. İzdihama qarışıram, Asta addımlarla qırmızı örtük salınmış masanın üstündəki, əli avtomatlı, yaraşıqlı hərbçinin fotosu nitqimi qurudur. Qeyri-ixtiyarı göz yaşlarım sel olur. Kimsə Şəhidimiz haqqında məlumat verir. Nə danışanı tanıyıram, nə dediklərini eşidə bilirəm. Sözlər elə bil başıma dəyib yerə tökülür. Heç nə anlamıram. Tanıdığım insanlara yaxınlaşıram, o yaraşıqlı,  pəhləvan cüssəli şəhidimizin kimliyi ilə maraqlanıram. Ağdam rayonu Göytəpə kənd ərazi icra nümayəndəsi Asif Əsədov ətraflı məlumat verir. Söyləyir ki, şəhidimiz tanınmış xanəndə, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı oğludu:" Yəni, şəhid İsrafil İbrahimov qazimiz Zülfüqar İbrahimovun oğludur. İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi deyə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə - 4 rayonumuzun işğaldan azad edilməsində qəhrəmanlıq göstərən igidlərdən olub. Sonuncu dəfə Laçın istiqamətində gedən döyüşlərdə silahdaşları ilə birgə ermənilərə qan uddurub.”

Susuruq. Molla avazla “Quran” oxuyur. Şəhidimiz son mənzilə uğurlanır. İnsan izdihamının içərisində Mənsum İbrahimovu görürəm. Yanındakı kişinin şəhidin atası olduğunu hiss edirəm. Üzgün görünsə də, vüqarlıydı, məğrur durmuşdu.

İnsan seli Quzanlı Şəhidlər Xiyabanına axışır. Hər tərəf maşınlar, yollar, ağaclar, darvazalar, evlər, yalnız 3 rəngdədi. Qəbiristanlıq da- Şəhidlər Xiyabanı da həmin 3 rəngə bələnib. Hamı o 3 rəngin əzəmətinin təsirindədir. Bayraqdı hər tərəf, Vətəndi hər tərəf.. həm də belə igidlərin qanı bahasına işğaldan azad olan Vətən. Adamın içini sevinc bürüyür, sevgi çağlayır gözlərindən... Milliliyinin, millətçiliyin, mənəviyyatın, dövlətçiliyin varlığını təsdiq edən uca bayrağına baxırsan, vətən üçün şəhid olan əsgərinlə, Şəhidinə ehtiram göstərən xalqınla qürur duyursan!

 

...bayrağın qoxusunu sanki ciyərlərinə çəkir...

 

İstərsiniz inanın, istəməzsiniz inanmayın! Amma, Allaha and olsun, o an insanın ən çox arzuladığı vətən yolunda şəhid olmaqdır. Ecazkar bir hissdir!Bəlkə də bu hissin ən yüksək səviyyəsini şəhidin atası yaşayırdı ki, nə gözlərindən bir damla düşmüri, nə ah-vay etmir, nə də yerə-göyə üsyan etmir...

Dünyada insana verilmiş ən gözəl nemət olan övladı öz əlinlə vətənə qurban verirsən! Məni qınamayın, şəhidlərdən daha çox qəhrəman, şəhidlərdən daha çox vətənpərvər sorağına düşərsinizsə, uzağa getməyin. Bu elə şəhidin valideynləridir. Zülfiqar bəyin təmkinli çıxışı da dediyimi təsdiq edir... və bu təmkini indiyə qədər evində qonaq olduğum bütün şəhid valideynlərində gördüm! Dəfn mərasimindən sonra hamı Zülfiqarın ata evinə - İmamqulubəyli kəndində keçiriləcək yas mərasiminə gedir. Həyətdə stollar-stullar düzülüb. Kişilər burda oturur. İzdihamın içində yeganə qadın mən olduğuma görə, qadınların yanına- evə keçirəm.

Şəhidin anası Səbinə xanıma şəhidin tabutu üzərinə sərilmiş o müqəddəs bayraq təqdim edilir. O, bayrağı alır, əvvəl burnuna yaxınlaşdırıb bayrağın qoxusunu sanki ciyərlərinə çəkir, pıçıltı ilə bircə kəlmə söyləyir:” Can bala” . Sonra bayrağı dəfələrlə öpüb gözünün üstünə qoyur. Başqa bir xanım gəlib, bayrağı alıb öpür və onu evin ən görkəmli yerindən asmağı kiməsə tapşırır.

 

“...şəhid ola bilərəm, halallıq ver...”

 

Asta-asta hər iki xanımla söhbətə başlayıram. Səbinə xanım oğlunun vətənpərvər olmasından danışır: Heç nədən qorxmurdu, heç ölümdən də...Ona görə, bu peşəni seçdi. Azərbaycan sülhməramlılarının tərkibində hərbi xidmət keçib. Gizir idi. Xüsusi təyinatlıların sırasında xidmət edirdi, heç vaxt onun işinə qarışmamışıq. Müharibəyə də könüllü yazılmışdı, bilirdi ki, onun qərarlarına qarışmayacağıq. Deyirdi, ana, torpaqlarımız işğaldan azad olunan kimi məni evləndirərsən. Sevdiyi qız vardı...Oktyabrın 16-da ad günü idi. 23 yaşı tamam oldu. Şəhadətindən bir gün əvvəl atası ilə əlaqə saxlamışdı. Danışanda demişdi ki, ata, hər gün yanımda dostlarım şəhid olur, yaralananlar var. Mən də hər an hazıram, şəhid ola bilərəm, halallıq ver. Həmin gün hamıdan hallalıq istəyib. Elə bil ürəyinə dammışdı. Amma mən onun şəhid olacağını bütün qəlbimlə duymuşdum. Hətta onu “Quran”ın altından keçirəndə dedi ki, şəhid olsam ağlama..Ağlamıram can bala!

 

Adını bilmədiyim o biri xanım asta səslə söhbətə müdaxilə edi:” Həmin gün bizə də zəng eləmişdi. Mənsum müəllimlə də danışdı. Ondan da halallıq istədi. Şəhidlik əlçatmaz zirvədir. Allah sevdiyi bəndəsini belə mükafatlandırır. “Allah yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”

İllər gəlib keçəcək, dövranlar dəyişəcək nə İsrafil, nə də digər şəhidlərimiz yaddan çıxmayacaq, unudulmayacaq! Hər zaman yaşayacaqlar. Bir də Allahın bizə yazdığı bir tale, bir qədər var. Hansı gündə doğulduğumuza qərar vermədiyimiz kimi, hansı gündə, saatda öləcəyimizi də bilmirik. İsrafilin atası və əmiləri I Qarabağ savaşın da iştirak ediblər! Amma şəhidlik İsrafilin alın yazısı oldu. Bu Allahın seçimidir, təqdiridir”.

 

Reportaj etmək, daha geniş və ətraflı yazı hazırlamaq istədim, amma yeri deyildi. Həm də iştirak etdiyim ilk dəfn mərasimi olduğu üçün nə soracağımı, nə deyəcəyimi, necə davranacağımı kəsdirə bilmirdim... Həm qürurlanmağım, həm sarsıntı keçirdiyim ilk şəhid məclisi idi...

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri