adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Noyabr 2020 15:38
55588
LAYİHƏ
A- A+

RUHUN ŞADDIR, DAHİ BÜLBÜL!

Şuşamızda Qələbə bayrağı ucalır!

 

(əvvəli ötən sayımızda)

 

O vaxtlar bizim Muradxanlı kəndindən Bakıya ən çox gedib-gələn rəhmətlik Mirzəmməd kişi olardı. Hər dəfə də təzə bir xəbərlə qayıdardı: yəni Bakıda getdiyi konsertlərdən, teatrlardan, baxdığı yeni tamaşalardan, xüsusilə də "Vaqif"dən, "Koroğlu"dan, Bülbülün Qıratın belində Koroğlu kimi nərə çəkməsindən, Məcnunun Leylinin məzarı üstünə gəlib oxuyarkən tamaşaçıların ağlamasından həyəcanla danışardı və adətən axşam çağlarında qoyun-quzu qabağına çıxan, mal-qaranın örüşdən qayıtmasını gözləyən adamlar Mirzəmməd kişinin başına yığışıb, onun söhbətlərinə həvəslə qulaq asar, maraqdan yaranan bir istəklə onu sorğu-suala tutardılar.

O vaxtlar biz də bir neçə uşaq böyüklərin toplaşdığı həmin yerə gələr və bir tərəfdə dayanıb onların söhbətlərinə diqqət kəsilərdik. Mən "Koroğlu" və "Bülbül" sözlərini həmin söhbətlərdən eşitmişdim. Çünki o vaxtlar kəndimizdə tək-tük adamın radiosu var idi. Sonralar kəndimizə radio çəkildi. Bundan sonra mən adını yaşlı adamlardan eşitdiyim Bülbülün bənzərsiz səsini də eşitməyə, Bülbülün iştirak etdiyi "Koroğlu" operasından parçaları radio dalğalarından dinləməyə başaldım. Elə o vaxtlardan Bülbülün gözəl, məlahətli səsi, xüsusi bir avazla oxuduğu mahnılar canıma-qanıma, duyğularıma hopdu. Mən sözün əsl mənasında o gözəl səsin, bir-birindən gözəl mahnıların sədaları altında böyüyüb yaşa doldum. Odur ki, sənətdən söz düşəndə Bülbülün adını həmişə eyni hiss, eyni istək və məhəbbətlə çəkirəm.

Evimizdə patefon vardı. Yadımdadı, patefonda oxutmaq üçün atam ilk dəfə Bülbülün vallarını almışdı. Yəni, evimizdə gördüyüm ilk val Bülbülün valı olub. "Çoban Qara", "Neftçi Qurban", "Ölkəm", "Sürəyya", "Olmazsa olmaz", "Gülərəm gülsən", "Sənsiz", "Sevgili canan"… mahnılarını, romanslarını patefonda dönə-dönə oxudardıq.

Zaman keçdi. Bülbülün sənətini daha dərindən duymağa başladım. İnsanın varlığına, qəlbinə hakim kəsilən, ən incə, ən zərif duyuğları dilə gətirən o mahnıları indii də kövrələ-kövrələ dinləyirəm. Bülbülün böyüklüyünü, Bülbül sənətinin əzəmətini, onun qəlbimə, varlığıma necə hakim kəsildiyini ifadə etmək mənim üçün çətindir, çox çətin!

O vaxtkı ağlıma və düşüncələrimə görə 1961-ci ildən yadımda iki hadisə qalıb. Şübhəsiz ki, həmin ildə çox əhvalatlar olub. Mən isə, dediyim kimi, mənim üçün daha maraqlı olan iki əsas hadisəni xatırlayıram: Qaqarinin "göyə uçmasını" və çox sevdiyim, musiqi aləmində ideal saydığım, sənətkar kimi hamıdan uca tutduğum Bülbülün vəfat etməsini…

...Yeddinci sinifdə oxuyurdum. Zəng vuruldu. Birinci dərsimiz cəbr idi. Rza müəllim sinfə daxil oldu. O, bu gün başqa cür görünürdü. Ötəri salam verib əlindəki sinif jurnalını stolun üstünə qoydu. Əvvəlki günlərdən fərqli olaraq hazır-qayıb aparmadı. Dərsi kimin bilib-bilmədiyini də soruşmadı. İlk sözü bu oldu: Bilmirəm, eşitmisiniz, ya yox, Bülbül rəhmətə gedib...

Səsi titrəyirdi. Az qalırdı ağlasın.

Dərs dediyi cəbr kitabı kimi sərt olan Rza müəllimdən indiyədək dərsdən, deyərdim ki, danlaqdan savayı heç nə eşitməmişdik. Odur ki, ürəyinin bu qədər yumşalmasına da təəccüb edirdik. Yerişindən, duruşundan, üz-gözündən zəhm yağan, həmişə zəng vurulan kimi sinifdə müntəzir olan, hər dəqiqənin qədrini bilən, sinfə ayaq qoyar-qoymaz, elə qapının ağzındaca dərsi soruşmağa başlayan Rza müəllim həmin gün əməlli-başlı kövrəlmişdi, tanınmaz olmuşdu. İlk dəfə idi ki, dərs vaxtı kənar mövzudan danışırdı.

Otaqda var-gəl edə-edə o, bu kədərli xəbəri bir də təkrar elədi və sözünə bir anlıq ara verib: Gözəl oxuyurdu, - deyib, dərindən köks ötürdü, - çox gözəl səsi vardı. Doğrudan da əsl bülbül idi, - dedi.

Həmin gün yas içərisində keçən cəbr dərsi Bülbüllə başlayıb, Bülbüllə də qurtardı. Biz Bülbül haqqında Rza müəllimədn çox şey öyrəndik.

Tale elə gətirdi ki, Bakıya gəldim, Universitetə daxil oldum. Bülbül həyatda yox idi. Amma tələbəlik illərimdə, ondan sonrakı vaxtlarda ürəyimdən gələn bir istəyin təsiri ilə Bülbülün iri xatirə lövhəsi vurlmuş evinin yanından tez-tez keçirdim. Hər dəfə də ayaq saxlayıb barelyefinə dönə-dönə baxırdım. Təkcə bu xatirə lövhəsi yox, bütövlükdə Bülbülün yaşamış olduğu bu bina, bu məhəllə, Bülbülün vaxtilə yeriyib gəzdiyi bu küçə mənə çox doğma və əziz görünürdü.

Sonralar dahi Bülbülün ev muzeyinin açılması isə onun sənətini sevən milyonlardan biri kimi məni də hədsiz sevindirdi.

Bülbül haqıqnda xatirə kitabının nəşrə hazırlanması mənə də Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə daha yaxından tanış olmaq imkanı verdi.

Bülbülün ev muzeyinə getdim. Dahi sənətkarın ömür-gün yoldaşı Adilə xanımla görüşdüm. Bülbül haqqında gözəl xatirələri məhz Adilə xanımın dilindən eşitmək mənim üçün son dərəcə maraqlı idi.

...Ev muzeyinə ilk qədəm qoyduğum anların sevinci, marağı və həyəcanı isə tamam başqa idi.

Budur, asta addımlarla binanın ikinci mərtəbəsinə qalxıram. Bu həzin, kövrək məqamlarda sanki mənim üçün əlçatmaz olan sehrli bir aləmə düşmüşəm. Düşünrəm: bir vaxtlar Bülbül də bax, beləcə, bu pillələrlə qalxıb-enib, qonum-qonşularla salamlaşıb, həmin bu qapını açıb evinə daxil olub. Bu evə, bu sənət ocağına Bülbülün nə qədər qonağı gəlib-gedib, nə qədər tələbəsi gəlib-gedib. Bu evdə Bülbül neçə-neçə sənət dostları ilə deyib-gülüb, duz-çörək kəsib. Ən başlıcası isə Bülbülün dünyanı heyrətə gətirən ölməz sənət əsərləri bu evdən pərvazlanıb, qol-qanad açıb. Muzeydəki eksponatların hər biri əsl sənət tarixidir. Bülbülün sənət dünyasından, sənət uğurlarından bəhs edən çoxsaylı yazılar, foto-şəkillər təltiflər, mükafatlar, təşəkkürnamələr, eləcə də Bülbülün bir vaxtlar çay içdiyi armudu stəkandan tutmuş müxtəlif əşyalar...

Bütün bunları seyr etdikcə, olub-keçənləri yada saldıqca dərin bir kədərlə köks ötürməkdən, bu fani dünyanın vəfasızlığına təəssüflə baş bulamaqdan savayı əlindən heç nə gəlmir...

Bəli, Bülbül sənəti, Bülbül şəxsiyyəti ilə bağlı hər bir şey var bu muzeydə. Amma təkcə Bülbülün içərisindən qopub gələn o canlı səsi, o canlı nəfəsi eşidə bilmirsən...

Bütün bunlar barədə düşünərkən xəyalən yenidən kəndimizə - Bülbülün adını ilk dəfə eşitdiyim, gözəl, təkrarolunmaz səsindən zövq aldığım o uşaqlıq və ilk gənclik çağlarıma qayıdıram. O çağlara ki, dahi Bülbülün yalnız səsini eşidirdim. Bu gün isə bir vaxtlar heç ağlıma belə gətirə bilməyəcəyim "əfsanəvi" bir məkana düşmüşəm - sevimli Bülbülün doğma evinə, ocağına gəlmişəm...

...Şükürlər olsun ki, bu gün Şuşa azaddır. Bu azadlığın sevincini dahi nəğməkarın ölməz ruhu ilə birlikdə yaşayırıq.

 

Tofiq Abdullayev,

jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.