adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Noyabr 2020 11:27
98344
ŞOU-BİZNES
A- A+

Təranə Səmədova məşhurlara meydan oxudu: “Xəcalət çəkirəm”

“Dilimizi bəsitləşdirən müəyyən insanların qarşısına keçib Azərbaycan dilinin qrammatikasından, fonetikadan, orfoqrafiyadan, ahəng qanunundan bir az dərs keçmək istəyərdim, sonra yenə alınmasa, bir qaşıq suda boğa bilərəm də həmin taxtabaşları.

“Siz”, “biz”əvəzliklərdir və artıq cəm halında olduğunu məlumatlandırır, arxasına cəm şəkilçisi əlavə etməklə həmin müraciəti daha da hörmətə mindirmirsiniz, əksinə öz savadsızlığınızı biruzə verirsiniz və dilimizə bayağı dəyişikliklər edirsiniz, daha dəqiq desək dilimiz də mutasiyaya uğrayır. Bu tip savadsızlıqlara çox rast gəlirik, amma elə hamımız susuruq və “bizlər” də axına uyğunlaşırıq, hətta böyük şirkətlərin reklam çarxlarında “Bizlər, sizlər üçün...” kimi savadsızlıqlara şahid oluruq...

Bir də, son günlərdə ən aktual daha bir məqam da var. Şəhidlərimizə rəhmət diləyən tanınmışlar və onlardan da örnək götürən siravi vətəndaşlar, yazırlar: “Allah səni rəhmət eləsin”. Ay başınıza dönüm, cümlədə mübtəda olur, xəbər olur, təyin olur. Fikrin məntiqi odur ki, Allah dünyasını dəyişən həmin insana rəhm etsin, günahlarından keçsin, əfv etsin, “səni” əvəzliyi burda kimi təyin edir axı? Düzgünü “Allah sənə rəhmət eləsin”dir”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri tanınmış prodüsser Təranə Səmədova sosial şəbəkə hesablarında yazıb:

“Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Məqsədim kiminsə şəxsiyyətini kiçiltmək yox, üzdə olan insanların örnək olduqlarına görə evdə başa salan yoxdursa, zamanında orta məktəbdə bunları mənimsəməyiblərsə, hətta bəzilərinin övladları, müavinləri, prodüsserləri, köməkçiləri buna düzəliş etməyi bacarmayıblarsa, heç olmasa indi öyrənib səhvlərini düzəltsinlər. Pulla satmıram, xoş niyyətimdən buna düzəliş etməyə çalışıram. Bir də sonda: “Yıx məni” yox, “Yığ məni”, “Oxlan” yox, “Oğlan”, “Maraxlı” yox, “Maraqlı”, “Sağalmax”, “Saxalmaq” yox, “Sağalmaq”.

Hə, bir də məsələn “məndə” başqa məna daşıyır, “mən də” başqa. Bu (-da, -də) şəkilçilər ilə (da, də) ədatlar fərqli formada istifadə olunurlar, bəzi jurnalistlərə belə baxıram, (adlarına jurnalist yazmağıma utansam da belə) bəzən ayrı yazmaq lazım olanda bitişik yazırlar və yaxud da əksinə... Deyəsən, bir az uzun-uzadı alındı, amma inanın ki, hərdən bəzi paylaşımların altında yazılan statusları oxuyanda xəcalət çəkirəm. İmla dərsindən sonra səhvlərə düzəliş edən müəllimlər kimi gündəliklərini götürüb, cəhənnəm eyni sahəni paylaşdığımıza və tanıdığıma görə 2 yox, bir qıçıqırıq 3 yazmaq istəyirəm... Nəysə, Allah amanında, bura qədər oxumağa səbri çatan intellektual izləyicilərimə isə xüsusi təşəkkür edirəm, mənə elə siz yetərlisiniz, qısadüşüncəli və vulqarlığa meylli izləyiciləri isə vaxtıykən itirməyim məsləhətdir”.

Rövşən Tahir