adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Ruhun şad olsun, hərbi jurnalistikanın xanı, Çingizi! - Eminquey yazır

EMİNQUEY AKİF
77670 | 2020-11-23 13:40

Necə ki atamın yaşlı halını görmədim və görməyi çox istəyərdim, eləcə də Çingiz Mustafayevin.

O uzun saçları ağarmış, üzünə qırış düşmüş, səs tonu biraz da tündləşmiş, 60 yaşlı Çingiz.

Alır kamerasını çiyninə, yenə cəbhəyə yollanır. Bu dəfə əsəbiləşmir, bu dəfə "Şuşanı təkcə dirilər yox, ölülər də tərk edir" demir, nə Laçından əsgər çıxır, nə də o əsgərlərə "Hamınız qorxasuz, arvadsuz" demir, Milli Məclisdə əsəbiləşmir, Xocalıdan meyitlər daşınanda "üzünü qaldır, üzünü" demir.

Ya da yox...

Bütün bunlarsız sən Çingiz olmayacaqdın.

Sənin o emosionallığın, çılğınlığın, kadrlara baxan adamların iç səsini dilə gətirməyin, güllədən, mərmidən qorxmamağın və sonda öz ölümünü belə özünün lentə almağın olmasaydı...

Sən Çingiz olmayacaqdın.

Sən Çingiz olmasaydın, biz Qarabağın ağrılarını yeni nəsil kimi bəlkə də bir o qədər də dərindən duymayacaqdıq. Bu gün sənin və Vətənin qisasını alanlar elə sənin çəkdiyin o kadrlarla böyümüş adamlardır.

Sən sağ olsaydın, illər sonra "Şuşa geri alındı" xəbərini sən verəcəkdin bizə!

Ruhun şad olsun, hərbi jurnalistikanın xanı, Çingizi!

TƏQVİM / ARXİV