SON DƏQİQƏ:

Quzanlı-tarixin yaşıdı

  45596   |  
Şriftin ölçüsü  

Qədim türk tayfalarından biri olan quzanlı tayfasının adı bir sıra tarixi mənbələrdə çəkilir. Araşdırmalar sübut edir ki, Quzanlı oykonimi qədim türk mənşəli quzan (kuzan) tayfasının adını özündə əks etdirir.  Vİ əsrdə türk tayfaları cənub-qərb sərhədləri Dərbəndə qədər uzanan  və tarixdə Qərbi Türk xaqanlığı adı ilə məlum olan bir imperiya yaratmışdılar. Mənbələrdə həmin tayfaların arasında aza, quzan, turkeş, tulus, şatı, çalxan və s. adlar qeyd olunur. Azərbaycanda isə hazırda Aza, Quzanlı, Tərkeş, Tulus, Şadılı, Çalqan, Çalxanqala adlı kəndlər vardır. Göründüyü kimi quzanlar Altaydan Cənubi Avropaya qədər geniş ərazini əhatə edən Qərbi Türk xaqanlığının əsasını qoyan tayfalardandır. Mənbələrdə onların adları kuzen kimi də qeyd olunur.

Vİ-Vİİ əsrlərdə quzanlar cənub-qərb sərhəddi Dərbəndə qədər uzanan Qərbi Türk xaqanlığı ərazilərində yaşamışlar. Dağlıq Altayda tuba tayfasının bir qolu indi də kuzən adlanır.

Tarixçilər Xİİİ yüzildə Mil düzündə, Beyləqan şəhəri yaxınlığında adı çəkilən Kizan qalasının adını da kuzan tayfası ilə əlaqələndirirlər. Məlumdur ki, "Kitabi Dədə-Qorqud" ədəbi abidəsində də Quzan (Qazan) şəxs adı kimi verilmişdir.

Əksər  tədqiqatçılar quzan toponiminin birinci hissəsini oğuz-türk tayfasının adını əks etdirən quz etnonimi ilə əlaqələndirirlər. Ərəb dilində oğuz etnonimi quz (ğuz) formasında işlənir. Quzanlı sözündəki -an  şəkilçisi cəmlik (Səfəvilər dövrünün fars ədəbiyyatında isə -an şəxs şəkilçisi kimi qeyd olunur), -lı şəkilçisi isə mənsubluq ifadə edir. Bütövlükdə Quzanlı-qədim türk tayfasının məskunlaşdığı yer mənasındadır.

Osmanlıların 1593-cü ildə tərtib etdikləri "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi kitabında Quzanlı tayfasının adı çəkilir. Orada göstərilir ki, Quzanlı tayfası Bərdə mahalının Sir nayihəsində yaşamışlar.

Quzanlı  kəndinin adı Osmanlıların 1727-ci ildə tərtib etdikləri "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı sənəddə (Bakı, "Şuşa" nəşriyyatı, 2000, səh.328) Bərdə livasına tabe olan kənd  kimi  qeyd olunur. Orada yazılır: Bərdə livasına tabe olan Sir nahiyəsi Püstənkəran kəndi. Quzanlı adı ilə tanınır. Heç kimin yaşamadığı bu kənd Tərtər çayının kənarında yerləşir.

Dənli bitkilərdən və digər məhsulların üşründən, əkin yeri üçün tapudan əldə edilən gəlir: 14.400 ağça

1728-ci ilin siyahıyaalınmasında İrəvan əyalətinin Karbi nahiyəsində Quzanlı  kəndinin də adı çəkilir. Qars əyalətinin Kağızman dairəsində Kozan mahalı da mövcuddur.

Tarixi məlumatlardan aydın olur ki, quzanlı türk tayfası Qarabağda uzun əsrlərdir ki, məskunlaşmışlar. Vaxtı ilə Tiflis quberniyasının Borçalı qəzasında (indiki Şəmsəddil rayonu) Quzan qışlağı möcud idi.

1823-cü ildə Gürcüstanın baş komandanı general Yermolovun sərəncamına əsasən həqiqi mülki müşavir Mogilyevski və polkovnik ikinci Yermolov tərəfndən tərtib olunan "Qarabağın statistik təsviri" adlı kitabda göstərilir ki, Qarabağ əyalətində Xanın familiyasını daşıyan ailələrinə məxsus torpaqlarda qərarlaşan Quzanlı kənd sakinlərindən 13 tüstü (ev) vergi ödəyir. Vergi ödəmirlər; Hüseyn bəyə bağlı olan rəncbərlər və bağbanlar-6 ev, Səfi bəy-5 ev, Şəfi bəy-1 ev. Quzanlı kənd sakinləri və bu kəndin tərəkəmə vətəndaşları həmişə Hüseyn bəyin iştirakı ilə bölgüyə əsasən 3 çervon vergi ödəyirlər.

Yaşayış məntəqəsinin keçmiş tam adı Sarıcalı Quzanlı olmuşdur. Toponim Sarıcalı yaxınlığındakı Quzanlı anlamındadır. Əvvəllər XİX yüzilin İİ yarısı və XX əsrin birinci rübünə qədərki mənbələrdə Şuşa qəzasında bir neçə Quzanlı kəndi qeydə alınmışdır. Bu yaşayış məntəqələrini  biri-birindən fərqləndirmək üçün Birinci Quzanlı, İkinci Quzanlı, Çaylı Quzanlı, Tərəkəmə-4 Çaylı Quzanlı, Tərəkəmə-5 Çaylı Quzanlı,Sarıcalı Quzanlı və s. adlandırılmışdır.

1910-cu ildə Şuşa qəzasında 4 barışdırıcı hakim bölməsi fəaliyyət göstərirdi.  İİİ bölmə Ağdam, Şelli, Qiyaslı, Göytəpə, Şıxlar, Qərvənd, Zəngişalı, Qaraxanlı, Sarıcalı-Quzanlı, Ləmbəran hissəsi (Qaravəlli kəndi) Xanabad Novruzlu sahələrini, İV bölmə isə Hindarx, Arasparlı, Mərzili, Minəxorlu, Hüsülü, Xələfərəddin, Qaradolaq, Novruzlu, Xocavənd, Ləmbəran hissəsi (İlahilər və Ləmbəran) sahələrini əhatə edirdi.

1910-cu ildə Yelizavetpol quberniyası Şuşa qəzasının kəndlərində və icmalarında 16 hərbi-atçılıq sahəsi olmuşdur.Sarıcalı-Quzanlı, İ Sarıcalı və Ləmbəran kəndləri İ Sarıcalı icmasına daxil idi. İcmanın toplanma məntəqəsi İ Sarıcalı kəndi idi.

1910-cu ildə Şuşa qəzasına daxil olan kəndlərin və yaşayış məntəqələrinin icmalar üzrə əhalisinin sayı qeyd edilmişdir. Sarıcalı-Quzanlı icmasına bağlı olan kəndlərin statistik təsviri belə idi: Sarıcalı-Quzanlı kəndi 26 ev (65 kişi və 62 qadın), Sarıcalı-2 kəndi 20 ev (53 kişi və 61 qadın), Sarıcalı-3-cü kəndi 15 ev (42 kişi və 37 qadın), Tərəkəmə-4 Sarıcalı-Quzanlı kəndi 7 ev (18 kişi və 14 qadın), Tərəkəmə-5 Sarıcalı-Quzanlı kəndi 6 ev (15 kişi və 12 qadın), Quzanlı birinci kəndi 16 ev (45 kişi və 54 qadın), Quzanlı ikinci kəndi 18 ev (49 kişi və 43 qadın), Sofulu kəndi 11 ev (25 kişi və 17 qadın), Eyvazlı kəndi 8 ev (19 kişi və 13 qadın), Çaylı Quzanlı kəndi 11 ev (20 kişi və 16 qadın), Mirzə Cəfərli kəndi 23 ev (61 kişi və 65 qadın), Qiyamadınlı Səfərəlibəy kəndi 212 ev (645 kişi və 627 qadın), Polad Məmmədli kəndi 48 ev (165 kişi və 174 qadın), Kələbədin kəndi 12 ev (39 kişi və 33 qadın), Baharlı-ikinci kəndi 38 ev (116 kişi və 108 qadın). Sarıcalı-Quzanlı icmasına bağlı cəmi 471 ev olmuşdur ki, burada da 1377 kişi, 1327 qadın yaşayırdı.

Xatırladırıq ki, bu illərdə Ağdam məhkəməsinin hakimi Rüstəm bəy Xozalanski, icraçı müavin Həsən bəy Abbas Əli bəy oğlu Qələndərbəyov idi. Cinayətkarlar Ağdam türməsinə aparılırdı. Lap qati cinayətkarlar Şuşa həbsxanasına göndərilirdi.

Hazırda  Ağdam rayonunun Quzanlı kəndində Allahverənli, Məmmədli, Dəlləkoğlu, Mollahüseynli, Sudhallaclı tayfa və tirələri vardır.   

 

Axund Mehdi

 

Quzanlı kəndində çöldə biləyi, eldə çörəyi ilə tanınan, savadlı, alicənab kişilər dövran sürmüşlər. Onlardan biri də Axund Mehdi Məşədi İskəndər oğlu Həsənzadə Quzanlı- Sarıcalinski olub. O, 1868-ci ildə Şuşa qəzasının Quzanlı olasında dünyaya gəlib. İbtidai təhsilini Axund Molla Hüseynin yanında alaraq ərəb, fars dillərində yazıb-oxumağı öyrənib və 1884-cü ildə Hindarx kəndində açılmış məktəbdə təhsil alb. Elmə təhsilə marağını nəzərə alaraq kənd bəyləri onu Təbriz Ali Ruhani Məktəbinə oxumağa göndərib. O, burada mükəmməl dünyəvi təhsil alıb. Təhsilini başa vurduqdan sonra İranın Qum, Məşhəd, İraqın Nəcəfül-Əşrəf, Misirin İsgəndəriyyə şəhərlərindəki ali ruhani məktəblərində, Bağdad, İstambul, Qahirə, Tehran şəhər kitabxanalarında olan zəngin ədəbiyyatla tanış olub. Vətəni Qarabağa-doğma kəndi Quzanlıya qayıdaraq ata evində bir otaq ayırıb kənd uşaqlarına ana dilində türk dili, ədəbiyyat, tarix, və hesabdan dərs deyib.

Cənubi Qafqazın Şeyxülislamı Axund Əbdülsəlim AxundzadəMehdinin savadını və qabiliyyətini nəzərə alaraq onu Tiflisə dəvət etmiş, qısa müsahibədən sonra 27 yaşlı Mehdiyə Axund adı və diplomunu vermişdir.

Axund Mehdi Sarıcalı Şuşa-rus-Azərbaycan məktəbində iyirmi ilə yaxın fəaliyyət göstərmiş,  bu müddət ərzində Üzeyir bəy, Zülfüqar bəy, və Ceyhun bəy Hacıbəyov qardaşları, Y.V.Çəmənzəminli, Bahadur bəy Vəlibəyov, Mehdi bəy Həyatov, Hüsü Hacıyev, Həmid bəy Ağayev, Mirzə Vəli bəy İsmayılov, Müseyib İlyasov, Zülfüqar İlyasov, Müseyib Varaşov, Həbib Rzayev... ondan dərs almışlar. Hətta onların bir neçəsinin təhsilinə maddi yardım göstərmişdir. Dünyəvi elmlərlə yanaşı dini təhsil sahəsində də fəaliyyət göstərmiş, o dövrün tanınmış din adamlarından Mir Məhəmmədağa Mir Qədir oğlu (Ağcabədi bölgəsi, Rəncbərlər kəndi), Molla Hüseynqulu, Molla Məhəmməd (Ağdam bölgəsi, Quzanlı və Bala Quzanlı kəndləri), Hacı Molla Şükür, Hacı Molla Kazım (hər ikisi Laçın bölgəsindən), Şeyx Hüseyni (əsl adı Kərbəlayı Dadaşdır, Şuşa şəhərindəndir) Axund Mehdinin sinfində dini elmlərə vaqif olmuşlar.Şuşada çalışan türk-azərbaycanlı ziyalıar təqib olunduğu üçün o, 1917-ci ildə Şuşa şəhərindən doğma yurdu Ağdam rayonunun Quzanlı kəndinə köçmüş, burada Ağdam, Ağcabədi, Bərdə, Tərtər bölgələrinin axundu vəzifəsində çalışmışdır.

Axund Mehdi 1918-1920-ci illərdə daşnakların təcavüzü zamanı islam və Müsavat ordusunun təşkil olunmasında, Əsgəran strateji məntəqəsinin saxlanılmasında xidmət göstərmiş, Şuşa və Laçın əhalisinə ərzaq və sursatın daşınmasını Qarabağın imkanlı şəxslərinə (Cavanşir, Kəbirli və Gələbədin bəylərinə) məsləhət görmüşdür. Tədqiqatçı Ə.Çingizoğlu yazır ki, Axund Mehdi Məşədi İskəndər oğlu Həsənzadə Quzanlı və Şuşa Yuxarı Gövhər ağa məscidinin baş axundu Böyük Məhəmməd ağa Mücdəhitzadənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürülmüş min nəfərə yaxın azyaşlı körpə uşaq Zəngəzur qəzası uğrunda fəal mübarizə aparan Sultan bəy Paşa bəy oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ türk-müsəlman əhalisindən təşkil olunmuş silahlı dəstələrin köməkliyi ilə Şuşa şəhərinə gətirilmiş və Şuşa, Ağdam, Ağcabədi, Qaryagin (Füzuli) bölgələrinin yerli əhalisi tərəfindən himayəyə götürülmüşdür.

1920-ci il 28 Aprel çevrilişindən sonra yeni hökumət Axund Mehdinin dörd kəl arabası həcmində olan kitabxanasının çox hissəsini, eləcə də dünya tarixi və ədəbiyatına bağlı əlyazmalarını müsadirə edərək yandırmışdır.

Axund Mehdi 1928-ci ildə Bakıya köçmüş, köhnə tanışları olan Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əbdürəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli, Bəhlul Behcət Əfəndi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliabbas Müznib, Salman Mümtaz ilə tez-tez təmasda olmuşdur.

Üzeyir Hacıbəylinin vasitəçiliyi ilə heykəltaraş-rəssam Fuad Əbdürəhmanbəyov Axund Mehdinin sifət cizgiləri əsasında Nizaminin heykıəlini yaratmışdır. Bununla da Axund Mehdi Sarıcalı-Quzanlının üz cizgiləri əsasında yaradılmış Nizam heykəlləri Bakı, Gəncə, Təbriz, Daşkənd, Moskva, Peterburq, Lüksemburq və Çeboksarı şəhərlə\rində ucaldılmışdır.

Axund Mehdi Əsmər xanım Kərbəlayi Abdulla ağa qızı ilə ailə qurmuşdu. Onların beş övladı olmuşdu.

Axund Mehdi 1942-ci ilin əvvəlində ağır xəstələnir və oğlu Əlişdən onu doğma kəndi Quzanlıya aparmasını istəmişdir. O, öz doğma kəndinə gətirilmiş və bir neçə gün sonra, 1942-ci il mart ayının 13-də vəfat etmişdir.

 Əli bəy Sarıcalinski

Əli bəy Səlif bəy oğlu 1823-cü ildə Qarabağ əyalətinin Cavanşir mahalının Sarıcalı-Quzanlı kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardı.

Əli bəyin Salah bəy, Camal bəy adlı oğulları, Səkinə xanım və Zabitə xanım adlı qızları vardı.

Cavanşir elinin Sarıcalı oymağı Qarabağda xanlığın qurulmasında önəmli rol oynamışdır.

Hazırda Quzanlı Ağdam rayonunda  inzibatı ərazi vahidində kənddir. Rayon mərkəzindən 34 km şimal-şərqdə, Xaçın çayından 3 km aralıda, Ağcabədi-Tərtər avtomobil yolunun kənarına, Qarabağ düzündədir. Əhalisi heyvandarlıq, əkinçilik, baramaçılıq, bağçılıqla məşğul olur.

1993-cü ildə təcavüzkar Ermənistanın və onların havadarlarının köməkliyi ilə Ağdam şəhəri işğal olunduqdan sonra rayon icra hakimiyyətinin aparatı bu kənddə yerləşmişdir.

 

P.S. Bu yazını "Qarabağ" qəzetinin məsul katibi, əslən Quzanlı kənd sakini olan əziz dostum Samir Məmmədovun xahişi ilə yazılmışdır.

Faiq Şükürbəyli,

tədqiqatçı-etnoqraf

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK