SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR KƏNDİN ƏTRİ

  65818   |  
Şriftin ölçüsü  

... Yurddan, böyüyüb boya-başa çatdığın ocaqdan doğma heç nə ola bilməz. Bu yurd, bu ocaq həmişə səni özünə çəkib və özünə də çəkəcək. Oğul odur ki, böyüdüyü, boya-başa çatdığı kəndi, yurdu, eli-obanı dünyaya tanıtdırsın. Xoşum gəlməsə də deyəcəm; Rəsul Həmzətov “Mənim Dağıstanım” əsəri ilə bu balaca aulu, bu balaca ocağı, bu balaca oymağı dünyaya tanıtdırdı və dünyaya sevdirdi. O, istedadı ilə bir daha sübut elədi ki, böyük torpaq, kiçik torpaq anlamı yoxdur. Sadəcə, onu tanıtdırmaq, sevdirmək bacarığı var. Və Rəsul Həmzətov da bu istedadından istifadə edərək əsərilə yurdunu dünyaya tanıtdırdı...

Yazıçı-publisist və jurnalist Nizami Rəhmanlı da “Kəndimizin adamları” kitabını qələmə almaqla qədim Şabranın Əmirxanlı kəndini bizi tanıtdırmağa və sevdirməyə çalışıb. Və o kəndin oymaqları, evləri, ocaqları, yolları, ağacları, gülləri, çiçəkləri sanki bizə gəl-gəl deyir. Nizami həm də böyüyüb boya-başa çatdığı və yeddi arxa dönəninin uyuduğu Əmirxanlını sevə-sevə, əzizləyə-əzizləyə vəsf edir. Çünki bu kəndin yollarında, küçələrində və məhəllələrində onun babasının, atasının və özünün ayaq izləri qalıb. Ən çox da bu günün gözəlliklərini, incəliklərini və zərifliklərini oxucuya çatdırmaq istəyir. Kitabın redaktoru Elşən Əliyev, ön sözü isə Əməkdar jurnalist, “Media açarı” və “Qızıl kəlmə” müsabiqələrinin qalibi, şair-publisist Əbülfət Mədətoğludur. Onun “Özü özünü yazmağın nümunəsi” yazısından oxuyuruq: “... Və onu da etiraf edirəm ki, üslubu, mövzusu, xüsusilə mövzuların rəngarəngliyi bu kitabın diqqətçəkən tərəfidir. Oxucu olaraq mən kitabdakı hər bir məqamı sanki görürəm. Mövzunun içərisinə daxil olub onu yaşayıram. Bu da ondan irəli gəlir ki, Nizami Rəhmanlı pafosdan uzaq, reallığı olduğu kimi qələmə almağı bacarıb. Onun qəhrəmanlarının dili də, həyatı da, hətta cəmiyyətə, bütövlükdə dünyaya baxışı da gerçəklikdi... səmimidi, qəbul olunandı”.

Göründüyü kimi, kitabda Nizami Rəhmanlı 8 portret- oçerki toplanıb. Və o oçerklərin hər biri orijinallığı, dil-üslub xüsusiyyəti ilə seçilir. “Qızıl taxıl dənəsidir yaxşılıq” portret-oçerkində respublikanın hərbi komissarı işləmiş və Əmirxanlıda böyüyüb boya-başa çatmış Faiq Bağırovun keçimişindən, bu günündən və sabahından söhbət açır. O nəslin, o ocağın necə ağayanə bir  insanlar olduğunu oxuculara çatdırır. “Ömrün müdirklik zirvəsində” yazısında isə kəndin tanınmış ziyalılarından olan Arif Ağayevin həyatı, fəaliyyəti və insanlara olan böyük sevgisindən söhbət açılır. Digər bir yazıda - “Uğurlar təsadüfi olmur” portret-oçerkində isə böyük alim və professor Mübariz Əmirovdan və onun elmi fəaliyyətindən danışılır. Müəllif bir daha göstərir ki, bu ocaqda, bu eldə bir-birindən böyük, bir-birindən istedadlı ziyalılar olub.

“Gəl, məni eldən soruş” portret-oçerki də öz oxunaqlığı ilə diqqəti çəkir. Bu oçerkdə Nizami Rəhmanlı uzun müddət Təhsil Nazirliyində məsul vəzifədə işləmiş və indi Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru olan Faiq Şahbazlının həyat yoluna işıq tutur. Onun bu mövqeyə gəlib çıxmasından, keçdiyi enişli-yoxuşlu yollardan ürək açıqlığı ilə, oxucuyla söhbətləşir.  Kitabda diqqətimi cəlb edən başqa bir yazı isə mənim tələbə yoldaşım olmuş, istedadlı yazıçı-publisist Ağalar Mirzə ilə bağlıdır. “Dağlar dağımdır mənim” portret-oçerkində Ağalar Mirzənin istedadı, savadı və yaradıcılığı ilə bağlı çox səmimi və yaddaqalan orijinal fikirlər səsləndirilib. Ağalar Mirzə bizim qrupda ən istedadlı yazarlardan idi. O, vaxtından tez Allahın dərgahına qovuşdu. Allah o dünyasını versin. Bu yazılarla yanaşı, “Bizim adamlar”, “Doğma insanlar: hər kəsin öz sözü, öz əməli”, “Gülüstani-İrəm torpağının unudulmaz ziyalısı” portret-oçerkləri də çox səmimiyyətlə və orijinal bir dildə qələmə alınıb.

Kitabda Nizami Rəhmanlının “Hələ yaz gəlməmişdi”, “Biçənək”, “Bayrama oxşayan yaz səhəri”, “Tənha armud ağacının hekayəti” hekayələri də çox istedadla və şirin bir dildə qələmə alınıb. Onun nəvələrinə həsr etdiyi şeirləri isə bir dünya sevgi, bir dünya sevincdir...

Nizaminin hekayələri mənim ürəyimin “sarı siminə” toxundu. Xüsusən də “Hələ yaz gəlməmişdi...”  hekayəsi mənə çox təsir elədi. Hətta öz kəndimizi, elimizi, obamızı və ordakı insanları xatırlatdı. Nizaminin hekayədə təsvir etdiyi bu səhnə mənim yaddaşıma əbədi həkk olundu: “... Qəfil başlanan qar neçə gün idi ki, ara vermirdi. Qar gah aram-aram yağır, gah da iri buz dənələri kimi tökülürdü. Bu qar yağandan bəri dayanmayan acı külək Əmirbəylinin çöl-çökəyini elə düzənləmişdi ki, tapdanmış cığırdan beş addım kənara çıxan sinəsinə kimi düşürdü girvəyə. Göz işlədikcə hər tərəf ağappaq idi. Kənd həmişəki kəndə heç oxşamırdı. Elə bil kəndin görkəmi, yöndəmi də dəyişmişdi. Daxmaların bacalarından qalxan boğuq, qara tüstü halqaları xeyli vaxt göydən asılı qalırdı. Hərdənbir həyətlərdən itlərin vahiməli hürüşü, ulaşması eşidilirdi...”

İndiki dövrdə, kitab bolluğunda oxucunu təəccübləndirmək və yazdıqlarını oxutdurmaq elə də asan məsələ deyil. Amma mən  inanıram ki, kimsə istedadlı yazıçı-publisist Nizami Rəhmanlının “Kəndimizin adamları” kitabından bir səhifə oxusa, onu yarımçıq qoymayacaq və axıra qədər başa vuracaq. Ən azından ona görə ki, elə mənim özümü də kitabın bir vərəqini oxuyandan sonra bir-birindən maraqlı portret-oçerklər və hekayələr diqqətimi çəkdi və bir neçə gündə oxuyub sona çatdırdım...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-22
2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK