adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Avqust 2020 16:49
362806
LAYİHƏ
A- A+

NƏSİMİ YARADICILIĞINDA SUFİ, HÜRUFİ, İSLAMİ GÖRÜŞLƏR

Nəsimi yaradıcılığı Azərbaycan xalqının çoxəsrlik tarixə malik ədəbiyyatının bədii və fəlsəfi fikrinin formalaşmasında dərin iz qoymaqla bahəm, müasir gündə də bu zəngin irs insanların mənəvi kamilləşməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. İmadəddin Nəsiminin adı fikir azadlığı yolunda qəhrəmanlıq rəmzi kimi əbədiləşərək, əsrlərdən bəri dünya xalqlarının yaddaşında yaşamaqdadır.

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, anadilli poeziyamızda fəlsəfi şeirin əsasını qoyan dahi mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin (1369, Şamaxı -1417, Hələb) anadan olmasının 650 illik yubileyi münasibətilə ötən ilin "Nəsimi ili" elan olunması  ilə əlaqədar təşkil edilən tədbirlər, geniş oxucu kütləsi üçün Nəsimi yaradıcılığını əks etdirən silsilə yazılar, aparılan yeni-yeni araşdırmalar öz töhfəsini verməkdədir.

Nəsimi əsərlərinin Azərbaycanda ilk nəşrinin üstündən artıq 48 il keçir. Bu zaman kəsiyində araşdırmalar nəticəsində şairin yeni əlyazmaları üzə çıxmışdır.

 Əqidəsi yolunda şəhidlik zirvəsinə ucalan, əbədiyaşar Nəsimi yaradıcılığı coşqun lirikası və aktuallığına görə bütün dövrlərlə səsləşdiyindən hər zaman öz müasirliyini qoruyub saxlayıb. Bu baxımdan Nəsimi yaradıcılığına hər dəfə yeni yanaşma və yeni interpretasiya tələb olunduğundan  bu mədəni irsin mütəmadi olaraq tədqiqat obyektinə çevrilməsinə lüzum görülür.

 Sovet dönəmində Nəsimi irsinin tədqiqinə dair yazılmış monoqrafik əsərlər çoxluq təşkil etmir. Mirzağa Quluzadənin Nəsimiyə həsr olunmuş "Böyük ideallar şairi" adlı  kiçikhəcmli kitabçası həmin dövrün ideologiyasına xas şəkildə yazilmışdır. Belə ki, Nəsimi ateist və Allahı danan bir şair kimi qələmə verilmişdir.

Halbuki bu yanlış bir fikirdir. Bildiyimiz kimi sovet kommunist sinfi cəmiyyəti onların siyasi ideologiyasını, dini görüşlərini əks etdirməyən pantürkizm ideyalarının daşıyıcılarına və mütərəqqi əsaslara söykənən İslam dininə qarşı hər zaman  müxalif mövqedə olmuşdur. Qüdrətli şairimizin cəmiyyət arasında dinsiz kimi qələmə verilməsi isə dini- siyasi motiv daşımışdır.

Həmçinin, bu baxımdan rus ideologiyası yüz minlərlə tərəfdarı olan Babəkin başçılıq etdiyi xalq hərəkatına da bu mövqedən yanaşaraq, dinimizin qüdrətinə kölgə salmaq məqsədilə onun xilafətə - ərəb işğalçılarına qarşı deyil, İslama qarşı üsyankar kimi qəbul olunmasına dair geniş təbliğat aparmışlar.

Şairin qəzəllərində Allahı, "Quran"ı danmaq kimi fikirlərə heç zaman rast gəlinməyib. Əksinə, Allah kainatın, bəşər övladının yaradıcısı, "Quran" isə bəşər sirlərinin açarı hesab edilib:

 

Bildim, tanıdım elmdə məbudu yəqin ki,

Şöylə bilirəm kim, anı Quran bilir ancaq.

 

Həmin dönəmlərdə bir sıra sovet tədqiqatçıları Nəsiminin "həq mənəm" kəlməsini təhrif edərək, Allahı inkar etdiyi iddiasını irəli sürmüşlər. Bu qənaətə gəlişin əsas səbəbi tərcümanlıqda edilən səhvdən irəli gəlir. Şərqşünas alimlər və elmi-publisistik sahədə çalışan mütəxəssislər də bu ifadənin iki mənada - "Allah mənəm" və "həqiqət mənəm" - kimi  anlamlarda işləndiyini vurğulayırlar. Müasir dövrün tədqiqatçıları bu frazanın açılışına daha düzgün səmtdən yanaşaraq, Nəsiminin onu Allahın adından, sadəcə, şeir dilində nəzmə çəkdiyini qeyd edirlər:

 

Bulmuşam həqqi, ənəlhəq söylərəm,

Həq mənəm, həq məndədir, həq söylərəm!

 

Beytin təfsirində görürük: "Quran"ın "Sad" surəsinin 84-cü ayəsinin tərcüməsində deyilir: "Allah buyurdu: Haqq Məndədir və Mən haqq söylərəm".

Bu baxımdan şairin bu və digər qəzəllərində "ənəlhəq" ifadəsinin Allahın dilindən söylənmiş olduğu aydın sezilir.

Ümumiyyətlə, Nəsimi yaradıcılığında Allahın adı ilə bağlı hər hansı bir ibarəyə rast gəldikdə, açıb baxırsan ki,  bu, "Qurani-Kərim"də də mövcuddur və Ona istinadən yazılıb.

 Şair özü də şeirlərindən birində obrazlı şəkildə fikirlərinin çoxmənalı və qəliz olduğunu bu və ya digər qəzəllərində belə ifadə edir:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

 Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

 

Və ya:

 

Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün,

Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?!

 

Buradan aydın görünür ki, Nəsimi şeriyyətində mətn altında gizlənən mənaya varmaq üçün təsəvvüf, hürufi simvollarına və İslam bilgilərinə dərindən vaqif olmaq gərəkli şərtdir.

Nəsiminin bir sıra qəzəllərində onun Allaha tapınması, ondan yardım diləməsi aydın rast gəlinir:

 

Yarəb, nə səbəbdəndir olur taqətimiz taq,

Çoxdan bəridir, çeşmimiz ol çeşminə müştaq.

Allah ilə ol imdi, niyaz eylə, Nəsimi,

Başəd ki, suçundan keçə lütf eyləyə müştaq.

 

Zamanın tələbindən irəli gələrək, Nəsiminin yaşadığı dövrdə mükəmməl təhsilə sahib olmayanlar belə, "Quran"ı, ərəb və fars dillərini bilirdilər. Mükəmməl mədrəsə təhsili almış Nəsimi isə "Quran"ın ayə və surələrini əzbərdən bilmiş, açılışına dərindən bələd olmuşdur:

 

Surətin lövhində endirdi kəlamı Cəbrəil,

Ey camalın həq kitabı, innəhü-şeyün-əcib.

 

Misal gətirilən beytlərdən də aydın görünür ki, yaradıcı qüvvə olan İlahi və İslam əxlaqı Nəsimi yaradıcılığında mühüm yer tutur. "Quran" oxuyan insanı allahsızlıqda ittiham etmək isə çox böyük ədalətsizlikdir.

Bildiyimiz kimi "ənəlhəq" kəlməsini ilk dəfə XIII əsrdə yaşamış Şərq dünyasının məşhur sufi şeyxi Hüseyn Mənsur Həllac işlətmişdir. İslamın sufi cərəyanının təbliğ etdiyi ümumi bərabərlik haqqında fikirlərinə görə Bağdadda edam edilmişdir. Nəsimi onun fəlsəfi görüşlərinə böyük rəğbət bəslədiyindən, gənclik çağlarında bir sıra qəzəllərini "Hüseyni", "Seyid Hüseyni, "Seyid" təxəllüsləri ilə yazmışdır.

Yarı fəlsəfi, yarı dini-mistik cərəyan olan sufizmin qaynağı "Quran" və hədislərdir.

Sufi şeyxləri maddi aləmdən uzaqlaşıb mənəvi cəhətdən yüksəlmək, nəfsə qalib gəlmək, ruhun halları, onun yetkinləşməsi yolundakı mərhələlər haqqında mistik baxışlar irəli sürmüşlər.

Bu cərəyan İslamın bəşəriyyət və ilkin yaranış haqqında irəli sürdüyü müddəaları qəbul etsə də,  islamiyyətin bir sıra qanun-qaydalarına müxalif ruhda idi. Belə ki, İslam dininin bir sıra şəriət və qaydalarını, mərasimlərini qəbul etmir, ruhanilərə tənqidi münasibət bəsləyirdilər. Onlar əsl ibadəti qəlbin ibadətində görürdülər. Buna görə də İslam ruhaniləri sufiləri təqib edir, ölümlərinə  fitva verirdilər. Sufilər İslam dinindən fərqli olaraq, şeiri və musiqini yüksək qiymətləndirərək onları təbliğ edir, real varlığı inkar etməyə çalışmaqla insanları tərkidünyalığa səsləyirdilər.  Onlar cənnət və cəhənnəm kimi şəriət təlimini rədd edir, Allaha olan məhəbbəti əsas götürərək, ruhun bədəndən ayrılib Allaha qovuşmasına inanırdılar. Bu təlimdə panteizm vəhdəti-vücud fəlsəfəsi inkişaf etmişdir.

Onlara görə yalnız bir varlıq - Allah vardır. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisidir və hər bir şeydə Tanrının təzahürü vardır. Sufilər həyat tərzlərini az yatmaqla, az yeməklə günün çox hissəsini ibadətdə keçirərdilər.

Ölüm anını böyük sevinclə qarşılayar, həyatın mənasını Allaha qovuşmaqda görərdilər. Hürufilər isə ağıla üstünlük verir və sufilərdən fərqli olaraq dini ideoloji dövlət qurmaqdan ötrü hakimiyyətə can atırdılar. Misir hökuməti şəriətə üstünlük verdiyi halda hürufilər elmə üstünlük verirdilər. Nəsimi hesab edirdi ki, özünü dərk edən kamil insan yer üzünün əşrəfidir və yalnız elmlə ucalan insan Allaha qovuşa bilər.

(ardı növbəti sayımızda)

 

VƏFA GÖVHƏR,

Bakı Xoreoqrafiya

Akademiyasının mətbuat katibi

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.​​​​​​​