adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2020 16:41
50128
LAYİHƏ
A- A+

DAŞDAN DAŞA DƏYDİ BU XALQIN BAŞI

(Əqidəsindən dönməyən Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə)

 

( əvvəli ötən sayımızda)

 

Təxminən 70-cı illərdən sonra şairə ünvanlanan oxucu məktublarından onu nə qədər sevən, yaradıcılığına yüksək qiymət verən insanların olduğunu görürük. Bəxtiyara ünvanlanan məktubların içərisində məktəblisindən-tələbəsinə, qocasından-cavanına, xəstəsindən-sağlamına, fəhləsindən-kolxozçusuna qədər yüzlərlə, bəlkə də minlərlə məktub, bəzisi bir səhifə, bəzisi üç-dörd bəlkə də daha çox. Ən önəmli olanı isə, o böyük ürək sahibinin bir-bir, cümləbə-cümlə hər bir məktubu oxuyaraq, hər kəsin dərdi-sevinci ilə yaşayaraq və hər ünvanın sahibinə cavab məktubu yazması idi. Və bu şairin böyüklüyüdür ki, kimsənin gözünü yolda qoymayıb "Böyük şairimiz mənim məktubuma cavab yazıb" sevincini yaşatmaq idi. Xalq onu sevirdi, özlərini onun qəhrəmanlarına bənzətməyə çalışırdılar. Şairdən yeni çap olunan kitabını istəyirdilər-o göndərirdi, şerlərinin oxuyub fikir bildirməyini isdəyirdilər - şair fikirini bildirir, çap olunmasına köməklik istəyirdilər - əlindən gələn köməkliyi edirdi. Bəlkə də yorulurdu, ağrıyırdı, zamanı olmurdu, ancaq hər kəsin səsinə səs verirdi şair.

80-cı illərin oxucu məktubu: "...əziz şairimiz Sizin  barənizdə hər yerdə xoş sözlər eşidirik. Çox şadıq ki, Siz əbədi olaraq xalqımız arasında yaşayacaqsınız. Bəzi üzdən iraq yaltaq şairlər kimi 1 əsr yox, klassiklərimiz olan  Nizami, Füzuli, Xətai kimi neçə-neçə əsrlər yaşayacaqsınız. Və əlbəttə bu xidmətə layiqsiniz. Siz xalqa xidməti xalqla qaynayıb-qarışmaqda görüsünüz. Kaş başqa şairlərimiz də Sizə layiq olsun. Şöhrət, ad-san naminə yox, xalq, millət və onun bu günü, gələcəyi barədə düşünsün. Haqdan yaranmısınız, onun üçün haqqı öz dilimiz, öz elimiz, öz küməmiz kimi əzizləyirsiniz, sevirsiniz. İstərdik bundan sonrakı bütün ömrünüzü də Odlar yurdum naminə, sadə ana-dilimiz naminə, saf millətim naminə, bizə yaxın, bizdən uzaq Təbrizli qardaş-bacılarımız naminə yazasınız, yaradısınız". 

Budur hər yerdə dillər əzbəri olub müdrik kəlamlarınız:

 

Nə sən, sənsən, nə də ki, mən mənəm,

Sən sən olsaydın, mən də mən olardım.

 

Leyla Mədətova "İstiqlaliyyət soraqlı Bəxtiyar Vahabzadə poeziyası" məqaləsində qeyd edir ki: "Bəxtiyar Vahabzadənin poetik yaradıcılıqdakı əsas məqsədi öz millətini və dünyanın əsarətdə qalmış digər xalqlarını istiqlaliyyətə, bu yoldakı çətinliklərə mətanətlə sinə gərməyə səsləmək idi. Yazıb-yaratdığı saysız-hesabsız bədii nümunələr göstərir ki, poeziyada azadlıq carçısı kimi ali mərtəbəyə yüksələn böyük şairimiz bu ülvi məqsədinə uğurla nail olub".

"20 yanvar" faciəsinə indiyədək cox əsərlər, məqalələr, şeirlər yazılıb. Lakin bu faciəyə yüksək səviyyədə həqiqi və siyasi qiyməti öz qələmiylə Bəxtiyar Vahabzadə verib. Şairin "Şəhidlər" kitabında gedən "Nə istəyir bu millət?", "Təzadlar içində", "Eşq olsun sizə", "Matəm mərasimi", "Xəcalət", "İlham-Fərizə", "İki gün sonra", "Şəhidlər", "Son" kimi xalqın agrı-acılarını göstərən şeirlər şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.

"Şəhidlər" şeirində o yazır:

 

Qatil gülləsinə qurban gedərkən,      

Gözünü sabaha dikdi şəhidlər.

Üç rəngli bayragı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər. 

 

Xalq şairi Zəlimxan Yaqub: "Böyük şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər" poeması "20 Yanvar" mövzusunda  yazılan əsərlərin ən kamili və bədii sənətkarlıq baxımından ən mükəmməlidir. Birincisi; bu poema təkcə həcminə görə deyil, həm də mövzunu tam əhatə etdiyinə görə seçilir. Müəllif "Gülüstan" poemasındakı vətənpərvərlik ideyasını daha parlaq şəkildə davam etdirir, bu faciənin yaranması səbəblərini təhlil edir, faciənin günahkarlarını ittiham edir. İkincisi; poema lirik səpgidə başlasa da tezliklə epik xətdə ona qoşulur".

Bəxtiyar Vahabzadə bir vətandaş kimi öz duygularını, millətinin bu acı anlarını şeirlərində əks etdirir, xalqı ilə bərabər "qara yanvarı" yaşayır.

Leyla xanım məqaləsində onu da qeyd edir ki: "Narahat şair" ünvanı ona müasirləri, həmkarları tərəfindən heç də təsadüfi verilməmişdi. Xalqın dərd-sərini öz dərdi, millətin mənəviyyatı keşiyində durmağı vətəndaşlıq borcu hesab edən şair daim narahat idi. Millətin mənəviyyatına vurulan buxovları sındırmaq, azadlıq adlı nemətə qovuşması yolunda bəzən fiziki varlığını da təhlükə altında qoymaqdan çəkinməyən üsyankar şairin pərəstiş etdiyi dahi Füzuli məhəbbət əzablarından ilham aldığı kimi, o da ən çox vətən məhəbbətindən qidalanıb, millət eşqilə ilhama gəlib":

 

Çox əyilən görmüşəm, əyiməyən başları.

Sular duruldu, gördük dibindəki daşları.

Ünvanmı dəyişdi dünənin alqışları:

Niyə də dəyişməsin, axı, dünya fırlanır...

 

Allahverdi Eminov "Bəxtiyar Vahabzadə fenomenliyi" məqaləsində: "Bəxtiyar Vahabzadə Dünyanın məhvərindən çıxıb hey fırlandığının fəlsəfəsini duyan, yazan və nəticə çıxaran şairdir, daha doğrusu, mücərrəd fəlsəfə yox - "cəsarət fəlsəfəsi"ni poeziyaya gətirəndir. Eyni zamanda bu qorxmazlığını ən böhranlı vaxtlarda da, müstəqilliyimiz uğrunda mübarizədə də əyaniləşdirdi. O zaman da başını qoltuğuna vurub ölkəni tərk edən, evində oturub xəbərlər gözləyən, ovqatını kök-ləyən yaradıcı adamlar da vardı. O isə "siyasət dumanında" həqiqəti görürdü və tribunalarda qorxunu ayaqları altına alıb, həqiqətin səsini səsinə qatdı"ğını yazır:

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

 

Xalqın dərdinə şərik olan şair hər zaman millətin azadlığı, istiqlalı ugrunda qələmi ilə mübarizə aparmış, şeirlərində türk xalqının qanı bahasına olsa belə heç vaxt məglub olmayacagını hər bir misrasında səsləndirir:

 

Nə qədər istəyirsə, min o qədər fırlana,

Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.

Çərxi-fələk istəyir lap dolana tərsinə,

Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

 

Çingiz Aytmatov dediyi kimi: "Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda da, bir neçə kəlmə ilə "Həyat nədir?" sualına cavab axtaranda da yalnız sözü fikirdən, obrazlardan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir.

Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir."

Yazılan sözlər, kitablar bu dahi şair üçün çox azdır. Bəxtiyarın yaradıcılığı, düşüncələri, xalqı üçün etdiklərini indi yox, bəlkə də zaman-zaman anlamaq çətin olacaq. Bəlkə də Sovet dönəmində yaşadıqları, qorxuları Bəxtiyar Vahabzadə üçün  "37" idi. Xalqın gözü həmişə tərəzi olub və olacaq da. 80-cı illərin oxucu məktublarından: "Çox yaxşı olar ki, yaxşılarımızı diriliyində tərifləyək. Öləndən sonra lap o pislərin də qəbrinin üstündə yaxşı sözlər deyirik.

Mən B.Vahabzadənin cəmi iki kitabı ilə tanışam. Özüm də, olsa-olsa adi bir oxucuyam və kommentari yazmaq ustası deyiləm. Lakin oxuduqlarım mənə haqq verir deyim ki, Bəxtiyar Vahabzadə hazırda yazıb-yaradan şairlərimizin ən yaxşılarından biridir. Bəxtiyarın şeirlərini oxuduqca gülürəm, güldükcə gözlərimdən yaş parlayıb tökülür. Gülə-gülə anlayıram, anlaya-anlaya gülürəm. Hadisələrin, əşyaların mahiyyətinin necə dəqiq, dürüst açıldığına, sadə, qəlbə yatan, başa düşülən sözlərlə bizə çatdırıldığına valeh oluruq. Bəxtiyar poeziyası çox qüdrətlidir. Bəxtiyarın şeirləri çox dərindir, hikmətlərlə, mənalarla, düşüncələrlə, kədər-sevinclə, fəlsəfə ilə doludur. Bəxtiyar şeirləri layiqdirlər ki, onların üzərində elmi dərəcələr almaq üçün, çoxlu-çoxlu təqdiqat əsərləri yazılsın. Bəxtiyar-mübarizədir. Mübarizə-inqilabdır. İnqilab-inkişafdır, inkişafa çağırışdır. Adicə çağırış yox, arxadan qıy vurmaq yox; öndə, lap ondə.

Bəxtiyar, "dəymə mənə, dəymərəm sənə", "azacıq aşım, ağrımaz başım" devizi ilə yazan və yaşayanlardan deyil.

Ədalət namınə demək lazımdır ki, Bəxtiyarın kitabını ələ götürdükdə yerə qoymaq olmur. Oxuyub qurtarandan sonra təəssüflənirsən ki, nə tez qurtardı. Yaxşı əsərlər və onların yazıları bizim sərvətimizdir."

 

Göyərçin Mustafayeva

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.