adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Avqust 2020 13:00
75045
MÜSAHİBƏ
A- A+

Kənd müəllimi: Jurnalistika mənimçün hobbi olub - MÜSAHİBƏ

Həmsöhbətimiz Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin azərbaycan dili və ədəbiyyat fənn müəllimi Aynur İbrahimovadır.

-Vaxti ilə mediada çalışırdınız. Mediadan pedaqoji fəaliyyətə sizi hansı maraq gətirdi?

-Bəli, əslində jurnalistika peşəsinə hər zaman marağım olub. Uşaq olarkən ayna qarşısına keçib özümü xəbər aparıcısı kimi hiss etməyim, danışmağım çox olurdu. Universitetdə təhsil aldığım müddətdə Tələbə Gənclər Təşkilatının sədri idim. Bununla əlaqəli tez-tez televiziya verlişlərinə qonaq dəvət olunurdum. Orda nitqim bəyənilmişdi və orda işləmək üçün təklif almışdım. Universiteti bitirib bu təklifi dəyərləndirərək bir müddət televiziya kanalında Xəbərlər Departamentində işlədim. Sonradan anlayırdım ki, bu iş mənim üçün bir hobbi olub. Mən müəllim olmaq üçün bu dünyaya gəlmişəm. Televiziyada işləyərkən ixtisasım üzrə magistratura pilləsinə qəbul oldum. Artıq bir məqsəd var idi qarşımda: Mən müəllim olacağam. Özü də çox fərqli müəllim. Elə yay ayları idi. Heç hazırlaşmadan Müəllimlərin İşə Qəbul imtahanında iştirak etdim.İşləyəcəyim məktəb seçimlərini isə ailəmlə məsləhətləşmədən etmişdim. Çünki seçdiyim məktəblər ucqar kənd məktəbləri və fərqli-fərqli rayonlar idi. Nəticələr açıqlananda Ucar rayonun ən uzaq kəndlərindən birinə qəbul olduğumu öyrəndik.

Soyuqda, yağışda saatlarla yollarda qalırdıq

-Hər gün Göyçaydan 80 km məsafəyə, kənd yerinə -məktəbə getmək. Kəndlərə adətən gedib gəlməklə bağlı marşrut problemi olur.

-İşə qəbul oldum. Ən böyük arzum-müəllim kimi işləməyim artıq reallaşmışdı. Ancaq ən böyük problem məni gözləyirdi. Hər gün yaşadığım rayondan başqa bir rayonun kənd məktəbinə ümumilikdə 80 km bir məsafəni qət etmək çətin olacaqdı. İşlədiyim kənddə qala bilməzdim. Çünki 4 il bakalavr təhsilim,1 il telekanalda işləməyim məni uzun müddət ailəmdən ayrı salmışdı.Həm də mən işə qəbul olan il bacım da məktəbə qəbul olmuşdu. Atamı kiçik yaşlarından itirdiyim üçün anam indi tək qalmalı olacaqdı.Onun üçün ailəmin yanında olmaq istəyirdim. Nəhayət öyrəndik ki, işə qəbul olduğum rayonun kənd məktəblərinə müəllimləri işə aparıb-gətirən şəxsi nəqliyyat vasitəsi var. Buna çox sevinmişdim. Hər gün səhər saat 05:00-da oyanıb 06:00-da nəqliyyat vasitəsi ilk məni götürürdü. Sonra hər yerdən,hər kənddən olan müəllimləri götürüb yola düşürdük. Biz işə gedəndə hava hələ açılmırdı. . Ən sonda mənim iş yerim idi. Evə gəlib çatanda isə axşam saat 18:00 olurdu. Məndən əlavə də işlədiyim məktəbə mənimlə gedən həmkarlarım var idi. Tək fərq- onların Ucardan, mənim isə Göyçaydan getməyim idi. Dəfələrlə olub ki, yolda bizi aparan nəqliyyat vasitəsi xarab olub. Qışda soyuqda saatlarla yolda qalmışıq. Elə olurdu heç maşın olmurdu. Günlərlə bir gün müddətində iş yerinə gedib çatanadək 3,4 maşın dəyişirdik. Ən sonda isə artıq bizi işə aparmağa bütün sürücülər imtina edirdi. Yollar narahat, məsafə uzaq, vaxt itkisi çox olduğu üçün buna səbəbləri də əsaslı idi. Düşündüm ki, mənə mütləq şəxşi avtomobil lazım olacaq. Bu il-işlədiyim müddətin 7-ci ili bunu reallaşdıra bildim. Tam öyrənib sürücülük vəsiqəmi də ala biləndən sonra artıq bu ildən həmkarlarımı da götürüb işə gedirəm.

-Azərbaycan dili və ədəbiyyat müəlliməsisiniz. Dərslikləri bilirik, bu öz yerində. Bəs, ədəbiyyat dərslərində, dərsdənkənar məşğələlərdə dərslikdən kənar çağdaş Azərbaycan şair və yazıçıları haqqında danışır və ya müzakirə aparırsınız?

-Əlbəttə. Bu mənim ən sevimli işimdir. Şagirdlərimdə o qədər ədəbiyyata, poeziyaya həvəs və sevgi yaratmışam ki,dərs dediyim siniflərdə ali məktəbə sənəd verən şagirdlər də III qrupu seçirlər. Tez-tez tədbirlər təşkil edirəm.Şairlərin yaradıcılığına xüsusi önəm verirəm. Şeir müsabiqələri, ədəbiyyat gecələri təşkil edirəm. Dəfələrlə şagirdlərim rayon üzrə keçirilən bədii-qiraət müsabiqələrində 1-ci yeri qazanıblar.

-Kimləri müzakirə edirsiniz və hansı səpkidə?

-Həmişə düşünmüşəm ki,klassik şair və yazıçılarımız haqqında,yaradıcılığı haqqında orta məktəb dərsliklərində xeyli məlumat verilir. Belə mövzuların tədrisini də fərqli metodla aparmışam: gah rollar üzrə səhnələşdirərək,gah şeir və əsərlərin müəyyən ifası və süjet xəttinin qurulması ilə. Ona görə də, təşkil etdiyim ədəbiyyat gecələrində daha çox dərsliklərə salınmayan , yaxud az öyrənilən yazıçı və şairlərin yaradıcılığına üstünlük vermişəm. Xüsusi ilə də son dövrün şairlərinin yaradıcılığı üstünlük təşkil edib. Şagirdlərimi yazıçıların ev muzeylərinə aparmışam. Elə olub dərslərimi də muzeydə keçmişəm.

-Yaşadığınız yerə bir qədər uzaqdı işlədiyiniz məktəb. Nə əcəb indiyə kimi dəyişmək istəməmisiniz. Bu ilsə onsuz da hazırda işləyən müəllimlərin miq imtahanında iştirak etməsinə icazə verilmədi.

-Bu il artıq 8-ci il olacaq ki,həmin kənd məktəbində işləyəcəyəm. Keçən ilə qədər heç vaxt yerdəyişmə haqqında düşünməmişəm. Çünki bu məktəbdə görəcəyim işlər çox idi. İşə qəbul olandan 1 il sonra 6-cı sinfin sinif rəhbəri olmuşdum. O sinifdə çox çətin şəraitdə təhsil alan şagirdlərim var idi. Onlarla bir ailə olmuşduq. Onların həm müəllimi, həm valideyni həm də dostuna çevrilmişdim. Bayramları belə bir yerdə keçirmişik.Elə olub ki, şagirdlərimdən bəzisini bayramlarda öz evimizə gətirmişəm. Sinif şagirdlərimə söz vermişdim ki, onlar 11-ci sinfi bitirənə qədər mən onları qoyub getməyəcəyəm. Heç digər sinif şagirdləri də bunu istəmirdilər. Beləcə heç yerdəyişmək haqqında düşünmədim,yerdəyişmə imtahanlarında iştirak etmədim. Bu il sinif şagirdlərim məzun oldu. Amma yenə o məktəbdə işimə davam edəcəyəm.

-Ola biməz ki, həmin kənd məktəbində maraqlı əhvalatlar başınıza gəlməsin.

-Yalnız pozitiv olayları qeyd etmək istəyirəm:

Bir dəfə biz müəllimləri işə aparan nəqliyyat vasitəsinin sürücüsü işdən sonra hamını götürüb məni işdə unutmuşdu. Müəllimlər də heç bilməmişdi ki, mən maşında deyiləm. Ən son mən bitirirdim dərsi deyə, yaddan çıxıb qalmışdım sinifdə.

Mən işlədiyim kənddə əvvəllər qız uşaqlarının çoxunu təhsilini davam etdirməyə qoymayan valideynlərlə problem yaşayırdım. Məni "kəndə yeni dəb gətirən müəllimə” kimi qeyd edirdilər.Qurduğum yeni dərs metodu,dərsdə mahnılar,oyunlar, açıq səma altında dərs keçməyim çoxunu narazı salmışdı. Dərs dediyim ilk il idi. Fənnimi tədris etdiyim 11-ci sinifdə qız şagirdlərinin evinə yollandım. Bir şagirdimin ailəsi onu məktəbdən azad edib nişanlamaq istəyirdi. Onların evinə gedib bu mövzu haqda söhbət aparmaq istəyirdim.Təxminən 2 saat yağışın altında şagirdin anası ilə danışdıqdan sonra qızın anası dedi ki: "Müəllimə Aytənin atasının,qardaşlarının işdən gələn vaxtıdır. Tez gedin,gəlib sizi görməsinlər. Qırğın ola bilər. Evə qayıdandan sonra 3 gün xəstə yatmışdım.

Dərs bitəndən sonra həmişə şagirdlərimi yığıb(Qarabağ qazilərinin övladları, valideynini itirən ,yaxud ehtiyaclı ailələrin övladları üçün keçdiyim təmənnasız dərslər) əlavə məşğələlər keçərkən onların evdən gətirdiyi isti təndir çörəyi, kənd şoru,pendiri iştahla yeməyimiz və bir yerdə həvəslə mövzuları mənimsəməyimiz yaddan çıxmayan günlərdəndir

-STEM+D layihəsi nədir və sizin buradakı işiniz nədən ibarətdir?

-Türkiyə müəllimləri ilə ortaq projedir. Ölkəmizdə ilk nümayəndələri sırasında olmaq həm xoş, həm də məsuliyyətli bir işdir. Layihə əsnasında dərslərin yeni metodda-daha əyləcəli, oyunlar üzrə qurulması, maraqlı və rəngarəng təşkil edilməsi əsas məqsədlərdən biridir. İki ölkə müəllimləri bu sahədə öz təcrübələrini bölüşərək ortaya maraqlı və faydalı bir iş qoymağa çalışacaqlar. Hazırda biz özümüz də yeni təcrübəni öyrənirik. Virtual dərslərdə iştirak edirik. Layihənin ökləmizdə ədəbiyyat fənni üzrə kordinatorlarından biri olaraq təhsilimizə faydalı olacağıma inanıram.

- İşlədiyiniz yerdə qızların erkən nikaha girməsi kimi problemləri görmüsünüz. Bu həm qanun pozuntusudur, həm də həmin qızları təhsildən yayındırır. Bu kimi hallarda bir müəllimə kimi hansı fəaliyyətiniz olub?

-Bəli, bu haqda əvvəldə də qeyd etmişdim. İşlədiyim kənd məktəbində əvvəllər qızların təhsildən yayındırma halları və erkən nikaha cəlb olunması faktları çoxluq təşkil edirdi. Təşkil edilən valideyn iclasları da elə bir nəticə vermirdi. Sonda qərara aldım ki, həmin şagirdlərin bir-bir ailəsi ilə fərdi söhbət etmək üçün evlərinə gedim. Belə də etdim. Məktəbdən yayınan şagirdlərin evlərinə getdim. Ailələrindən bu mövzuya müsbət reaksiya verən də, mənfi də qarşılayan da oldu. Ancaq istədiyimə nail ola bildim. Hətta sinfimdə təhsil alan, atası tərəfindən məktəbdən uzaqlaşdırılmaq istəyən qız şagirdim təhsilini davam etdirdi. Bir neçə gün əvvəl keçirilən qəbul imtahanında da iştirak edərək istədiyi ixtisasın balını topladı. İndi qalıb sonuncu mübarizə: həmin qızın ali təhsil almasına atasının tam razılığını almaq. Çünki bu şagirdim 3 fənn üzrə hazırlaşa bilirdi. İki fənni Azərbaycan dili və ədəbiyyat fənni üzrə mən hazırlaşdırırdım, tarix fənnini isə digər həmkarım. 3 fənn üzrə yığdığı balla ödənişli təhsil ala biləcək.Ümid edirəm, onun üçün hər şey yaxşı olacaq və təhsil ala biləcək.


Onlayn təhsil bəzi problemlər səbəbindən tam keyfiyyətli olmur

-Karantin dövründə onlayn təhsilin hər hansı bir effekti oldu? Etiraf edək ki, şəhər yerində belə internet problemləri yaşanırsa, şagirdləri dərsə elə də cəlb etmək olmursa, bunu kənd şagirdləri ilə internet üzərindən bacarmaq bir qədər inandırıcı görünmür. Olsa da çox az şagird və cəlbetmələrlə...

-Tamamilə razıyam. Onlayn dərslərin keyfiyyəti ilə məktəbdə tədris olunan dərslərin keyfiyyəti arasında çox fərq var. Nəzərə alsaq ki, ucqar kəndlərdə internet problemi var, o zaman aydındır ki, bütün şagirdlər virtual dərslərə qoşula bilmir. Mən də şagirdlərimlə eyni problemi yaşamalı oldum. Çox ailə internet paketlərini əldə etməyə imkanı olmurdu. Nəticədə çox şagirdlərim dərslərdən kənarda qalmağa məcbur oldu. Bu, çox üzücü durum idi. Karantin müddətində şagirdlərin evlərinə yollanıb test və kitablar çatdırsaq da, bu problemi həll edə bilmədi.


-Yeni tədris mövsümündə məktəblərin açılması hələ sual altındadır. Əgər açılmazsa yeni mövsümdə hansı yenilikləri tətbiq etməyi düşünür və planlamısınız?

-Onlayn dərs keçmək üçün hər zaman hazıram. Dərslərimi daha da maraqlı edib şagirdlərimə motivasiya verəcəyimə də inanıram. Ancaq hazırkı problem dərs keçməkdə deyil, şagirdlərimin-uzaq kənd məktəbində təhsil alanların maddi imkan və əlaqə vasitələrinin olmaması baxımından bu dərslərdən geri qalmasıdır. İnanıram ki, əgər məktəblər açılmasa, bu problemleri aradan qaldırmaq üçün addımlar atılacaq. Ucqar kənd məkətbi şagirdləri ödənişsiz internet paketi və heç olmasa planşetlərlə təmin olunacaqlar. Əks təqdirdə müəyyən problemlər yaranacaq.

Söhbətləşdi: Emin Piri