adalet.az header logo
  • Bakı -°C
26 Mart 2026 16:00
77
HADİSƏ
A- A+

Ağdamda kişi minaya düşdü, ayağı amputasiya olundu - YENİLƏNİB

"Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Adalet.az xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.

***14:42

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.

***14:12

Ağdamda mina hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Adalet.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.