adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Yaşasın müharibə! - Emin PİRİ yazır

Emin Piri
152264 | 2020-09-27 14:10

Atatürk "Yurdda sülh, cahanda sülh” deyərək savaşdı, yurduna savaşla barış gətirdi. Yadelliləri qovdu. Içində millət, dövət sevgisi olan kimsə qınamır ki, barış hara, o savaşlar hara. Türk xalqının barışı üçün lazım idi o deviz də, o döyüşlər də.

1974-ci 20 iyul. Sol lideri Bülənt Ecevit Kıbrısa türk ordusunu yeridərkən "biz Kıbrısa savaş üçün deyil, barış üçün gedirik” dedi. Nəinki solçular, bu günün səmimi millətçi türkləri də Kıbrıs azadlıq hərəkatından ağızdolusu danışır.

2019-cu il. AKP höküməti "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək "adıyla "Barış Pınarı” hərəkatını başlatdı. Yenə barışı türk ordusunun savaşıyla qazanmaq.

Bütün sülhlərin yolu müharibələrdən keçir. Bu gün Azərbaycanda sülhdən danışarkən bunu təslimçilik deyil, terroristlərin zərərsizləşdirilməsi, ərazi bütövlüyünün bərpası kimi alqılamalıyıq. Nədənsə bəziləri sülh istərkən düşmən tərəfinin mövqeyini daha çox ifadə etmiş olur. Yəni, yuxarıda misal gətirdiyimiz türk barış-savaşı kimi deyil.( Halbuki qalib gələn bütün dövlətlər müharibələrinə hansısa sülh adını pərçimləyib. Hətta bəzi müharibələrdə haqsız olsalar da)

Müharibə arzulamaq hər zaman ədalətsizlik deyil. Heç insanlıqdan kənar bir şey də deyil. O müharibə insanlıqdan çıxmış əməllərə qarşı aparılırsa. Bu müharibələr elə ən insani əməldir. Xüsusən, haqsızlığa məruz qalan tərəfdən. Əksinə, mübarizə istəməmək, müharibədən hər vəchlə yayınmaq şeytanın gələcək haqsızlığına, əməllərinə şərait yaratmaqdır.

Müharibə sözü sizi qorxutmasın. Müharibə mübarizədir. Hər mübarizəninsə özünə uyğun üslubu, arealı var.

Meydanlarda müharibə hayqıran kütlə arzuladığı müharibələrdə məğlub olsa belə əvvəlkindən daha böyük geridönüş manevrini yaşaya bilib. Çünki ruhda yatan mübarizlik genetikası hər hansı fövqəladə vəziyyətdə üzə çıxır. Almaniyanın müxtəlif bölgələrində milyonlarla insanın "müharibə, müharibə” hayqırışları, İspaniyanın dünya qlobal ideoloji poliqonuna çevrilməsi zamanı yüz minlərin hər iki tərəfdən müharibə çağırışı, ABŞ-da istiqlaliyyət və vətəndaş müharibəsi zamanı müharibə lehinə mitinqər və.s Yüzlərlə belə müharibə səslənişləri sadalaya bilərəm. Söhbət hakimiyyətdə təmsil olunanların deyil, kütlənin meydanlara axaraq mübarizə istəməsindən, özünün alınmış haqlarının müharibə yoluyla geri qaytarmaq istəyindən gedir.

Heç də müharibələr təkcə səngərdə həll olunmur. Nə də müasir silahlarla. Elə olsaydı sovet təbliğat makinası Bakısından Orta Asiyasına kimi faşizmin məhviylə bağlı şüarlar səsləndirilən nümayişlər təşkil etməzdi. Meydanlar arxa səngərdi, əzizlərim! Hə mənada. Meydan gücdü, düşmən üçün təhlükəli silahdır!

Tovuzdakı iyul hadisələri zamanı təkcə evində, sosial şəbəkələrdə deyil, meydanlarda on minlərin şəhidinə sahib çıxması, bir çoxunun müharibə çağırışları qorxulu deyil, mübarizlik əzminin artmasına, genetikasında alınmış haqlarını savaşla qaytarmaq simptonlarını yaradır.

Mesajdır həm də, sekulyar hakimiyyət hər zaman xalqın istəyini sizə görə saxlaya bilməz, Tovuzdan sonra koronadan öncə səngərin ikinci dalğası başlaya bilər.

Türkiyənin yanında olmalı, yoxsa Rusiyanın?

Hər nə qədər Ermənistan-Türkiyə sərhədində türk şahinlərinin manevrlərini Azərbaycana görə havalandığını desək də ondan öncə Rusiya qırıcı və Pua-ları o sərhəddə əzələ nümayiş etdirmişdi. Ini bu qırıcı havlanmalarının nə olduğunu anladınız.

Bu münaqişənin Rusiya-Türkiyə münasibətləri ilə əlaqədar olmasının, hər iksinin Qafqazda möhkəmlənmək cəhdinin yaratdığı gərginliyə çevrilməsini öncəki yazımda da qeyd etmişəm. Fərqi yoxdur, istər Rusiyanın Qafqazda gücünü artırmaq istəyi, istər Trükiyənin bu bölgəni enerji və siyasi baxımdan "ələ keçirmək” istəyi. Əsas odur ki, bu mübarizə Qafqazda gedir.

Hər iki ölkədən nə vaz keçməli, nə də düşmən olmaq lazımdır. Rusiya düşmənçiliyi isə öz əlinlə özünə quyu qazmaqdır. Lori dillə izah etsək Türkiyə ana tərəfin qohumlarıdırsa, Rusiya arvad tərəfin qohumlarıdır. Biriylə aranı pozsan o ailənin huzuru qalmayacaq. Biz isə bu iki ölkə arasında körpü rolunu oynayaraq maraqlarımızı, bütövlüyümüzü təmin etməliyik. Ən azından tarixdən məlum olan "körpü haqqı” kimi...Coğrafi ərazi bəzi xalqlara bədbəxtlik gətirsə də, çevik manevrlər sərvət, nüfuz da qazandırda bilər.

Paşinyanın həmişə qərbyönlü olması(ən azından bunu nümayiş etdirməsi), müxalif dövründə anti-Rusiya bəyənatları onun qərbə meyllənməsi ilə bir növ Rusiyaya qarşı "quş buraxması” yla cəbhə bölgəsində böyük qardaşı tərəfindən cəzalandırılacağı ümidiylə də yaşamaq lazım deyil. Düzdü, Sarkisyanın "quşu” hər nə qədər onun cəbhə bölgəsində cəzalanmasına səbəb olsa da. Biz bu "quşlar”ı gözləmədən öz körpümüzü qurmalıyıq.

Heç zaman dünya ölkələrində azərbaycanlıların bu qədər yekdil, birlik nümayişləri olmamışdı. Bu ayaqlanmalar bəzi hallarda həmin dünya ölkələrinin kiçicik də olsa huzurunu pozmasın deyə o kütlənin istəklərinə "hə” dedirdə bilər. Necə ki, yuxarıda qeyd etdiyim kimi qərb ölkələrində kütlənin müharibə çağırışlarına həmin ölkə rəhbərlərinin biganə olmadığını nəzərə alsaq. Elə Rusiyada bazar və.s yerlərdə ermənilərin cəzalanması da tək bizim istəyimizlə deyil. Iznli cəzalandırmalara da kölgə salmamalı, bu fəaliyyəti alqışlamalı və...Demək ki, körpünün bünövrəsini ata bilirik.

Demək, koronodan öncə iyulun ikinci dalğasını dada bilərik. Mümkündür...

Yadıma düşmüşkən müharibələrdə bəzən canlı ət divarı da rol oyanaya bilir. Dünya üzrə, Azərbaycada və.s əhali statistikasına hərdən nəzər yetirmək lazımdır. "Canlı divarlar” da müharibələrin önəmli strategiyasıdır. Heç də Stalin təkcə hər gün əsgərinə yüz qram verməklə, kartofla müharibəni udmamışdı. Say üstünlüyünün yaratdığı canlı ətlər...

Yaşasın müharibə. Yaşasın sülh naminə müharibə!

 

 

TƏQVİM / ARXİV