adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Iyul 2020 08:26
81287
MÜSAHİBƏ
A- A+

Aqil Abbas: "Azərbaycan torpağının işğalı ilə heç vaxt razılaşmayacaq" - MÜSAHİBƏ

Adalet.az Milli Məclisin deputatı Aqil Abbasın İctimai kanala müsahibəsini təqdim edir:

- Xoş gəlmisiniz, Aqil müəllim! Gecə saatlarında paytaxtın müxtəlif ərazilərində dövlətə, orduya dəstək məqsədilə yürüş təşkil olundu. On minlərlə insan bir araya gəldi. Yaşından asılı olmayaraq bu insanları səmimi hisslərlə küçələrə axışmağa sizcə nə vadar etmişdi?

- Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yerləri behiştdi. Valideynlərinə başsağlığı verirəm və xalqımıza səbr diləyirəm! Səbəbini deyim. Birincisi sərhəddə törədilən təxribata ordumuzun layiqli cavab verməsi. Baxmısınız, ordumuz düşmən mövqelərini necə darmadağın etdi. Şəhid isə olacaq. Bu döyüşdü. İstər əsgər olsun, istərsə də general. İkincisi isə möhtərəm prezidentin, ali baş komandanın keçirtdiyi Təhlükəsizlik Şurasındakı çıxışı, nitqi, kəskin və xalqın ürəyindən keçən sözləri deməsi. Prezident onsuz da çıxışları həmişə belə olur. Bu çıxış xalqa ruh yüksəkliyi verdi, xalqın içində yenidən bir təpər oyandı. Necə ki 2016-cı ildə aprel döyüşlərində olmuşdu, bu dəfə də elə. Özü də təkcə Bakıda yox, Sumqayıtda, Tovuzdə və digər rayonlarda, şəhərlərdə xalq dövlətlə, orduyla bir olmağını sübut etmək üçün meydanlara, küçələrə çıxdılar. Xalq "Qarabağ bizimdir, bizim olacaq!”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Ali baş komandan silah ver bizə” şüarlarını səsləndirib öz dəstəyini göstərdi və həm də bunu bütün dünya gördü. Dünya gördü ki, Azərbaycan xalqı heç vaxt atəşkəslə, torpağın işğalı ilə heç vaxt razılaşmayacaq. Bu xalq elə -belə xalq deyil.

- Aqil müəllim, əslində görüş qeyri-qanuni təşkil olunmuşdu. Amma bu məqamda polisin davranışı da təqdir qazandı. Çünk ionlar heç bir müdaxilə etmədilər, əksinə yürüşçüləri müşayiət etdilər.

- Bəli, polis də bu xalqın övladıdı. Müharibənin ilk illərində ən gözəl nizam-intizamla vuruşan polislər olub. Və bu gün də nə qədər polis şəhidimiz var. Yadımda qalmayıb, səhv etmirəmsə 67 nəfər qəhrəman da var. Bu yürüşə qeyri-qanuni deməyək. Bu, xalqın ürəyindən gəldi, polis də mane ola bilərdi, amma gördü ki, xalq niyə ora çıxıb. Ona görə də polis xalqı müşayiət etdi və hətta onların təhlükəsizliyini belə təmin etdi. Polis böyük bir əxlaq, böyük bir səbr nümayiş etdirdi. Xalq da polisi ilə birlikdədir. Polis kimdir ki? Sənin qardaşındır, mənim balamdı, xalqın övladıdır da.

- Aqil müəllim, biz doğrudan da ötən gecə əsl qürur yaşadıq və təəssüf ki bu birliyə kölgə salmağa çalışanlar da oldu. Bilirsiniz ki, aksiya iştirakçılarının çoxusu dağılışandan sonra bir qrup insan Şəhidlər Xiyabanının qarşısında qaldı və Milli Məclisə daxil olub avadanlıqlara ciddi ziyan vurdu. Necə düşünürsünüz? Qarabağa gedən yolun Milli Məclisdən keçdiyini düşünənlərin məqsədi nə idi?

- Qarabağa gedən yol təbii ki Milli Məclisdən keçmir. Amma başqa mənada keçə bilər. Əgər savaş başlasa Milli Məclisdə həmin savaşla bağlı qərar qəbul edilə bilər. Ancaq sizin dediyiniz o hadisədə tamam başqa məqsəd vardı. Siz də, biz də bunu bilirik ki, V kalon anlayışı var, Azərbaycanda ara qarışdırmaq istəyən, iğtişaş törətmək istəyən xarici agentura var, möhtərəm prezidentin və dövlətin qətiyyətli addımları təbii ki, ermənilərin arxasında duranların xoşuna gəlmir. Onlar nəsə axtarır ki, çevriliş eləsinlər. O V kalon deyilən adamlar da var ki, müəyyən adamları yönləndirirlər. Məsələn, tutalım Milli Məclisə 200 adam girdi, onların əllisi provakatrlardı, qalanı küyə, eyforiyaya uymuş cahil uşaqlardı. Bu yalnız və yalnız həmin hərəkatı gözdən salmaq üçün qabaqcadan təşkil olunan bir provakasiya idi. Adətən, onlar hər şeydə belə hazırlıqlı olurlar. Öz adamlarını din adından "Allahu Əkbər” dedirdib saldılar o izdihamın içinə. Kişi qarğış eləməz, amma elə o "Allahu Əkbər” deyən adama Allah Əkbər özü qənim olsun. Allah böyükdür, biz də "Allahu Əkbər” deyirik, amma sən onu başqa məqsədə yönləndirirsənsə, bu elə özü dinə hörmətsizlikdi. "Azadlıq” şüarı səsləndirənlər var, düzdü, onlar sonra səslərini kəsdilər. Xalq onlara imkan vermədi ki, provakasiya eləsinlər. Fikir verin, xalq azalandan sonra hərəkətə keçdilər. Çünki xalq orda olduğu zaman etsəydilər, linç olunardılar. Polis dəstəyini axıra kimi göstərdi. Amma sən bunu başqa məqsədə, başqa yönə çevirəcəksənsə, polisin vəzifəsi bu dövlətin, bu millətin əsayişini qorumaqdır. Təbii ki, polis də öz gücünü göstərəcək və necə ki göstərdi. Məsələnin başqa tərəfi də var. Hadisələri orada olan kameralar çəkib. İstər Milli Məclisin kameraları, istər kanalların.

- Hətta bizim TV-nin əməkdaşları da xəsarət alıb.

- Gördüm. Xüsusi Xidmət Orqanları onların hamısını araşdıracaq. Onları tapıb cəzalandıracaq. Bu öz yerində. Əsas məsələ onların kimlərin yönləndirməsidir. Bir nüansa toxunum. Bu dəfə ən radikalından tutmuş ən müxalifinə kimi bütün partiyalar bəyant verdi ki, dövlətin yanındayıq və biz də gedib döyüşməyə hazırıq.

- Bəli, ümumilikdə 43 partiya bəyanat verdi.

- Bu da çoxlarının ürəyinə bıçaq kimi sancıldı. Sizə bir şey deyim, mən o vaxt universiteti bitirəndən sonra o vaxt ona "zbor” deyirdilər, rütbəmizi artırmaq üçün bir aylıq təlimlərə çağırırdılar. Bu gün də bu var. İndi o hərəkəti edənlərin bəzilərini cəzalandırmaq lazımdır, bu öz yerində, bəzilərini isə həmin o təlimlərə aparmaq lazımdı. Həmin o bilmədən cahillik edib provakasiyaçılara qoşulanlar etsinlər, iki ay Mehdiabadda əsgərliyin, Vətənin nə demək olduğunu anlasınlar. Özü də orada elan olunub ki, kim istəyirsə, gəlsinlər hərbi səfərbərlik idarələrinə, qeydiyyatdan keçsinlər.

- Aqil müəllim, biz eyni ssenarini ötən əsrin 92-93-cü illərində də görmüşdük. Sizcə bizi yenə o illərə sürükləmək istəyənlər kimlərdir?

- Bayaq dedim, Azərbaycanın müstəqilliyini gözü götürməyənlər. İstəyirsiniz bir-ikisinin adını da çəkə bilərəm. Mənim ələyim ələnib, xəlbirim göydə fırlanıb. Çəkinəcəyim yoxdur. O vaxt ki hərəkatı başqa yerə yönləndirdilər, Şuşanl itirdik və başqa nələr oldu hamısını bilirsiniz. O vaxt dövlət zəif idi, ordu yerində deyildi. Polislər, əsas qüvvələr döyüşdə idilər. Axı indi elə deyil. Polis də qüdrətlidir, dövlət də qüdrətlidir, Müdafiə Nazirliyi də qüdrətlidir. Yəni kimsə artıq o illərdəki hərəkətləri edə bilməz, mümkün də deyil. Bu gün həmin dövlət deyil, həmin zaman deyil. Üstündən 28 il keçib. Orada provokativ sual verən bəzi internet tv-lərin işçilərini elə xalqın özü onalrın istədikləri cavabı vermədi.

- Aqil müəllim, yeri gəlmişkən, bu erməniyə xidmət deyildimi?

- Xanım, parlamentdə də bu söhbət olur, ciddi saytlarda, qəzetlərdə yazırlar. Birincisi ermənilər bizim adla sayt açırlar. Dünən eşitdim ki, bizim ermənilər də "azxəbər” adlı bir sayt açıblar. Bizdə də belə bir sayt var, özü çox yaxşı saytdır. Təbii ki, bizdə də xaricə qulluq edən saytlar da var, internet televiziyalar var. Xaricdən qonorar alıb işləyirlər. Dövlət belə şeylərdə ciddi olmalıdır. Məsələn, sosial şəbəkələr. Adətən, Xüsusi Xidmət Orqanları görürlər ki, orda müəyyən qruplar var. Onları tapıb cəzalandırmalıdırlar. Xaricdən işləyirlərsə, blok qoymaq lazımdır.

Bir məsələni də deyim, canlı yayımdı, kəsə də bilməyəcəksiniz. Əgər bu İctimai TV Rusiyanın, Fransanın, Almaniyanın əleyhinə nəsə bir söz desə, sujet versə, burdakı səfriliklər yapışarlar adamın yaxasından, məhkəməyə verərlər sizi, bizi. Xaricdə, Almaniyada, Fransada oturub Azərbaycanın əleyhinə verilişlər verirlər. Bəs bizim oradakı səfirliklər nə ilə məşğuldur? Sən niyə yaxısını cırmırsan? Sənin ölkəndə oturub mənim dövlətimi, prezidentimi, xalqımı təhqir edirlər. Sən niyə bunlarla məşğul olmursan? Bax ordakı səfirliklərimiz, biraz imkanını varsa, ayrı işlərlə məşğul olmayın. Necə ki indi belə hadisələr Xarici İşlər Nazirliyində başlayır.

- Aqil müəllim, növbəti sualıma keçməzdən öncə xatırladım ki, İctimai TV hər zaman lazım olan informasiyanı ötürür və sözləri kəsmir.

- Bilirəm, mən o mənada demədim.

- Aqil müəllim, hazırda cəbhədə gərginlikdir. Hər an oradan gələn xoş xəbəri gözləyirik. Belə bir zamanda bu cür təxribat nəyə lazımdı .

- Təəssüf ki, xalqı, əsgəri ruhdan salmaq üçün. Ermənistan deyir ki, guya biz onların dinc əhalisini vururuq. Siz də indicə xəbər vermisiniz ki, ermənilər Cenevrə konvensiyasını pozublar. Biraz gülməli xəbərdir e bu, qızım. Guya erməni hansı qanuna tabedir ki? BMT-nin çıxartdığı 4 qətnaməyəmi əməl edir? Avropa Birliyinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü haqqında çıxarılan qərarlaramı əməl edir? Mən Qarabağ müharibəsində iştirak etmiş adamam. Əlimə avtomat alıb vuruşmamışam, amma bir ziyalı kimi, jurnalist kim iştirak etmişəm. Heç vaxt Azərbaycan əsgəri dinc erməniyə güllə atmayıb. Biz belə baxırıq, insani davranırıq. Amma onlar dinc əhalini hər yerdə qırdılar və bu gün də kənddəki dinc əhaliyə atırlar.

İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir reaksiya verdi Eyni zamanda BMT var. Görün nə deyirlər? Tərəflər atəşkəs rejiminə riayət eləsin, qarşıdurmanı dayandırsın. Heç biri demir ki, ay Ermənistan, Azərbaycannın sərhəddinə atəş açırsan, bəs eləmir kəndlərdə yaşayan dinc əhalini vurursan. Mən qarşıdurma yaratmışam? Burda mən artıq qarşıdurma yaradan tərəf deyiləm. Hamısı ikiüzlü siyasət aparır.

- Aqil müəllim, dünənki yaşanan təxribatlardan ermənilər də istifadə etdilər, erməni mətbuatları bunu başqa cür qələmə verdi. Bu təxribatçılar bunu düşünməmişdilərmi?

- Qızım, düşünmüşdülər. Bəs onu düşünüblər ki, həm təxribat törətsinlər, həm erməni, həm də dünya hadisələrdən istifadə etsin. O hərəkətləri edən adam azərbaycanlı deyil .Ondan siz vətənpoərvərlik, vətəndaşlıq gözləyirsiz? Polisin üstünə hücum eləsinlər, polisin nüfuzunu aşağı salsınlar. Polis nüfuzdan düşərsə, dövlət məhv olar. Dövləti saxlayan, qoruyan polisdir. Yəni ölkənin ictimai əsayişini qoruyan onlardır. Bu, bütün dünyada belədir. Amma mən yenə deyirəm, çox möhtəşəm hərəkat oldu, o xırda-para qruplar Milli Məclisə girməklə bu hərəkatı gözdən sala bilməz. O adamlar ora təxribat üçün göndərilmişdilər və cəzalarını da alacaqlar.

- Ötən gecəki hadisələr, ümumiyyətlə, bu yürüş, aksiya, sizcə Azərbaycanın imicinə necə təsir göstərdi?

- Dünya, o cümlədən Ermənistan və erməni anaları gördü ki, Azərbaycan xalqı bir qarış torpağından belə keçməyəcək. Əlbəttə ki, imicimizə çox müsbət təsir etdi. Sizə bir şey deyim. Tovuzda da döyüşmək üçün müraciət edənlər vardı. Təbii ki ordunun hələ buna ehtiyacı yoxdur ki, kimsə gəlib əlinə silah alsın. Azərbaycanın nizami ordusu var və hələ səfərbərlik də elan olunmayıb. 2016-cı il aprel hadisələrində mən Ağdamda idim. Və nə qədər insan, bir ayağaı olmayan qazisi belə gəlmişdilər ki, qoyun gedək biz də döyüşək. Əslən Qubadlıdan olan hərbi komissarlıqda işləyən iki zabit maşına minib gəlirlər döyüş bölgəsinə ki biz də vuruşmaq istəyirik. Təbii ki onları qoymurlar, axırda görürlər ki, əl çəkmirlər, deyirlər, onda yaralıları siz daşıyın. Və onlar yaralıları daşıyanda ermənilər pulemyotla maşını vurmuşdular, həmin iki zabit də şəhid olmuşdu. Onlar da evdəc oturub hansısa şouya baxa bilərdilər, amma ürəkləri dözməyib vuruşmağa gəlmişdilər. Həmişə hər çıxışda bunu deyirəm, indi keçmiş zaman deyil, 92-93-cü illərdə niyə camaat kəndini tərk edirdi? Ordu qaçırdı, camaat da görürdü ki ordu qaçır, onlar da kəndi tərk edirdilər. Əliyalın dayan bilməzdilər axı. İndi isə atışma gedən bölgələrdə camaat öz evində oturub. O cümlədən aprel döyüşlərində heç kəs evini tərk etməmişdi. Niyə? Bir səbəb var – indi o dinc əhali bilir ki, əsgər orda şəhid olacaq, general orda şəhid olacaq, amma bir addım da geri çəkilməyəcək ki, erməni girib camaatı qırsın. Mənim nənəmgilin evi erməni səngərindən 1 km aralıda yerləşir. Hətta ermənilər atdılar, nənəmgilin evi də dağıldı. Bu xalq ordusuna bu qədər inanır. Görürsünüz, heç Tovuzda da heç kim evini tərk eləmir. Amma mənə qalsa qadınlar, uşaqlar təxliyə olunmalıdır. Özüm zabitəm, az-çox hərbidən anlayışım var. Aprel döyüşlərində də 50 yüksək rütbəli zabit və gizir şəhid oldu. İndi keçmiş deyil, indi general ön cəbhədədir, polkovnik ön cəbhədədir. Əsgər görür ki, yanında generalı var. Allah ölən yüksək rütbəli zabitlərimizə rəhmət eləsin! Bir xasiyyətim var, deyəcəm, başqa yerə yozacaqlar, mən heç vaxt sevdiyim adamlara "Allah rəhmət eləsin!” demirəm. Çünki onlar ölməyiblər. Nizami Gəncəvi ölüb ki? Füzuli ölüb ki? Ya Bəxtiyar Vahabzadə? Ya o generallar? Ya Polad Həşimov? Ya İlqar Mirzəyev ölüb ki? Ölməyiblər! Onlar Allahın dərgahındadırlar.

- Aqil müəllim, bugünlərdə həm də dezinformasiyalar çatdırılır. Məsələn, ötən gecə hansısa hərbi hissəmizin ermənilər tərəfindən vurulması ilə yayılan səs yazıları, və yaxud şəhid olan generalımızın koordinatlarının yüksək rütbəli hərbçilər tərəfindən qarşı tərəfə ötürülməsi ilı bağlı iddialar. Sizcə bax bütün bu təxribatçı addımlar planın bir hissəsi ola bilərmi?

- Əlbəttə ki elədir. Həm bu o deməkdir ki, xalqa desinlər ki, orduda xəyanət var. Bu da bir plandı. Hamı bir-birndən şübhələnəcək . Əsgər zabitindən, zabit əsgərindən şübhələnə bilər. Amma bunun da qarşısını almağa gücümüz var ki, əslində bu erməni idi, bu filankəs idi. Yəni onlar nə qədər dezinformasiya yaysalar da, bizim ciddi qəzetlərimiz, ciddi saytalarımız, kanallarımız xalqı maarifləndirir, əsgər də bunu eşidir və maarifləmnir ki, zabiti onu heç vaxt satmaz.

Bilirsiniz, bir dəfə bir səhv elədik və onun da altını çəkdik. Sonra məlum oldu ki, aprel hadisələrində bir qrup hərbçini həbs elədilər ki, siz xəyanət eləmisiniz. Hətta bunları xalq qəbiristanlığına da buraxmırdılar. Sonra onların hamısı bəraət aldı. İstintaq zamanı sübut olundu ki, xəyanətkar deyillər. Onu təşkil edənlər isə hələ də cəzalanmayıblar.

- Aqil müllim, bayaq da qeyd elədik ki, bu cür həssas məqamda belə təxribatlara yol vermək ən çox şəhid olanların ruhlarına hörmətsizlikdir. Siz necə düşünürsünüz?

- Bilirsiniz, yenə deyirəm, axı onlar bu millətin övladları deyillər. Övladlarıdırsa da satılmış övladlarıdır. Peyğəmbərin bir sözü var, onu Vaqif Cəbrayılzadə şeirlə yazıb. Deyir ki, basılmaz bir qarış Vətən torpağı, içindən satılmasa. Şəhidlərin ruhunu onlar təhqir edə bilməz. Allahın dərgahını təhqir etmək olar? Allahın dərgahında olan insanları onlar təhqir edə bilməz. Sadəcə milçək nədir, ürək bulandırar. Şəhid analarının ürəyi bulandırarlar.

Od düşdüyü yeri yandırır, bu heç. Yəni heç kim o şəhidlərin atasının, anasını çəkdikləri ağrını çəkə bilməz. Şəhid həm də təkcə onların deyil, şəhid eyni zamanda bu Vətənindir, bu torpağındır, bu dövlətindir. Ona görə də bizim bu ağrımızın nəticəsi dünənki hərəkat oldu. Şəhid valideynləri, aiələri bilsin ki, şəhidlər təkcə onların övladları deyil. Onların idi, indi oldu həm də bu xalqın, oldu bu tarixin. Onlar tarixin yaddaşında qalacaqlar. Babək min ildən çoxdur ki, yaşayır.

- Aqil müəllim, bu gün biz iki cəbhədə mübarizə aparırıq. Cəbhədə ermənilərlə əsgərlərimiz, zabitlərimiz üz-üzədir, daxildə koronavirusla həkim və polislərimiz. Bax onalrın əməyini heçə endirməmək üçün bizim üzərimizə hansı məsuliyyət düşür? Bu qədər insanın bir yerə gəlməsi həm də koronavirusla mübarizəyə mənfi təsir göstərir.

- Bilirsiniz, elə bir ruh yüksəkliyi yarandı ki, onlar o koronavirusdan qorxmadılar. Düzdür, bu virusun yayılmasına böyük xidmət eləmiş olur, amma necə olur, 18 yaşında biri şəhid olur, qoy mən də koronavirusan ölüm də. Heç olmasa, o əsgərə, o şəhidə dəstək olum. Təbii ki insanlar qorunmalıdır. Yoluxmaların olduğunu bir həfət, 10 gündən sonra biləcəyik. Amma inanıram ki, o ürəklə, o qeyrətlə meydanlara, küçələrə çıxan oğlanlar var ha, onlara koronavirusun gücü çatmaz, onların bədəni artıq elə güclənib ki, içlərindəki hirs, qəzəb, Vətən sevgisi onları elə cilalayıb ki, onlara heç nə olmaz. Koronavirusdan qorxmaq lazım deyil. Nazirlər Kabinetinin çıxardığı qərarlara hamımız riayət etməliyik. Qapalı yerdə maskasız gəzmək olmaz. Mən bura gələnəcən maska taxmışam. Qapıya qoymusunuz, gələnlər əlini yuyurlar, maskası olmayana maska verirsiniz. Belə pis çıxmasın, az qala qulluqçuluq eləyirsiniz. Bu xalq öz dəstəyini dövlətə, möhtərəm prezidentə göstərdi. Yeri gəlmişkən bir söz deyim, mənim sevmədiyim bir şey var, baxıram, cahil adamlar var, müdafiə nazirinə, generallara, ali baş komandana məsləhətlər verirlər ki, bunu elə elə, onu belə elə. Yadıma qrafinya De Monsoro filmi düşdü. Orda Şeko var, təlxəkdir, meşədə gedərkən Allaha deyir ki, bunu belə eləyərsən, onu belə eləyərsən, sonra da deyir ki, Allah bağışla, sənə də məsləhət verirəm.