adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Aprel 2020 16:52
47585
LAYİHƏ
A- A+

"MƏNƏ İRANDA ŞİRİN OĞLU MƏHƏMMƏD, QARABAĞDA QAZANPAPAQ MƏHƏMMƏD DEYƏRLƏR..."

O, başına Rusiyanın Kazan şəhərindən gətirilmiş Qaragül dərisindən tikilmiş, heç kimdə olmayan papaq qoyardı. Ona görə eldə-obada ona Q(K)azanpapaq Məhəmməd deyərdilər. Əvvəl Qarabağda, sonra Azərbaycanda məşhur qaçaq kimi tanınan Qazanpapaq Məhəmməd - Məhəmməd Şirin oğlu 1885-ci ildə Yelizavetpol quberniyası, Cavanşir qəzasının (indi Goranboy) Zeyvə kəndinin Şəbbəli ərazisində anadan olub. Molla yanında təhsil alıb.

***

Çoxuşaqlı ailədə böyüyən Məhəmmədin atası Şirin kişi dövrünün tanınmış tacirlərindən idi. İranın Xudafərin kəndində Çanaxçı məhəlləsində dünyaya göz açmışdı. Ğənclik illərində alış-veriş üçün tez-tez Qarabağa, Bərdəyə gəlib-gedərdi. Bərdənin Boyəhmədli kəndində Alı kişinin qızı Xeyransa ilə evlənəndə İranda da ailəsi var idi. Həyat yoldaşı Gülü, oğlu Əbülhəsən, qızı Pərzad Xudafərində yaşayırdılar. Tacirliklə məşğul olan Şirinin Alpoudda böyük təsərrüfatı, əkin-biçin yeri, mal-qarası da var idi. Özü alış-verişlə məşğul olduğundan ev qayğılarının ağırlığı həyat yoldaşı Xeyransa ilə qızı Tükəzbanın, mal-qara işlərinin çətinliyi isə xalası oğlu Balaədə ilə əmisi oğlu Əsədin üzərinə düşürdü. Ailə az sonra köçür Cavanşir qəzasının (indi Göranboy) Zeyvə kəndinə. Elə Məhəmməd də həmin il dünyaya gəlir. On altı ilə yaxın burada yaşayırlar. Yaxşı var-dövlət sahibi olan tacir Şirinin evinə bir gün gecə basqın olur və quldurlar onu öldürürlər. Başsız qalan ailə məcburiyyət qarşısında qalıb 1900-cü ildə yenidən Boyəhmədliyə öz köhnə yurdlarına qayıdır.

Ailə qısa vaxtda yaxşı əkin-biçin yeri əmələ gətirir, xeyli qoyun-quzu artırır. Məhəmməd 1905-ci ildə, Alpoud kəndinin sakini Mehdi kişinin qızı Mina ilə ailə qurur. Bu evlilikdən onun üç övladı - Cəfər, Kamil (uşaq ikən ölüb), Xeyransa olub. 1910 -1912-ci illərdə dünyanın qarmaqarışıq vaxtı Arazın o tayından oğrular gecələr gəlib Alpouddan, ona qonşu Boyəhmədli kəndindən sürü-sürü mal-qara və qoyun-quzu aparırdılar. Oğurluq Alpoudda son bir ildə iki dəfə təkrar olunmuşdu. Məhəmməd soyğunçuluğun qarşısını almaq üçün kəndin təəssübkeş cavanlarından dəstə toplayır, sözü bir yerə qoyub oğruların növbəti gəlişini gözləyirlər. Aradan üç ay keçmiş, gecənin bir aləmi Məhəmmədə xəbər çatır ki, şahsevənlilər qonşu Alpoud kəndini çalıb-çapıb üz tutublar Boyəhmədliyə.

Dərhal dəstə üzvləri şərtləşdikləri kimi, nəzərdə tutduqları mövqelərdə gizlənirlər... Oğrular kəndin girəcəyindəki evlərə hücum edib tövlələrdən mal-qaranı yola çıxaranda, dəstə şahsevənlilərin qabağını kəsir, oğrular tövlədən çıxardıqları qoyun-quzunu Alpouddan oğurladıqları sürüyə qatıb aradan çıxmağa çalışırlar. Lakin Məhəmməd onlara belə "əlidolu" getməyə macal vermir. Dəstə üzvləri ilə birlikdə yol boyu onları təqib edərək oğurlanan qoyunları hissə-hissə alıb üzünü kəndə sarı çevirirlər. Oğrulardan bir neçəsi öldürülür, qalanlarını isə Arazı keçənə kimi qovurlar. Heyvanları kəndə gətirir və sahiblərinə qaytarırlar. Ondan sonra şahsevənlilər bir də Boyəhmədli tərəflərə ayaq basmırlar. Məhəmmədin xalası oğlu Balaədə camaata başa salır ki, çar hökumətinin Gəncə quberniya mərkəzindən nümayəndələri gəlib vergi yığanda, deyin ki, Şahsevən oğruları gəlib çaldılar-çapdılar, qoyun-quzumuzu apardılar, vergi verməyə imkanımız yoxdur.

Balaədə və Məhəmməd hökumət nümayəndələrinin razılığı ilə mal-qarası oğurlanan ailələrin cavan-çeviklərindən dəstə düzəldir. Bir gün dəstəni götürüb gəlir Araz çayının qırağına. Baxır ki, şahsevənlilər oğurladıqları heyvanları öz sürülərinə qatıb Arazqırağı örüşdə otarırlar. Bu zaman dəstə Arazın dayaz yerindən bir-bir gizlicə keçir o taya. Məhəmməd sürüdən aralı yovşanlıqda yerə uzanır, üstünə örtük çəkir, yoldaşları örtüyün üstünə bir neçə yerdən yovşan kolu bərkidirlər. Xeyli dayanıb məqam gözləyirlər. Mal-qara axşam örüşdən dönən vaxtı Məhəmməd yovşanlı örtüyün altında qoyun-quzunun arxasınca sürünə-sürünə kəndə tərəf gedir. Şər qarışana yaxın iki yerə ayrılan sürünün hansı qapıya, hansı yatağa döndüyünü bələdləyir. Bir azdan dəstə üzvlərindən bir neçəsi də gəlib Məhəmmədin işarə verdiyi yerdə birləşir və bir-birindən aralı kol-kosun içində gizlənib sakitliyi gözləyirlər.

Gecə yarısı, kənd itlərinin hürüşməsi tamam yavaşıyanda Məhəmməd yoldaşlarını da götürüb gedir bələdlədiyi həyətə. Qarqaradakı itə ət parçası ata-ata onu sığınacağa salır. Ev sahibinin mənzilinin qapısını çöldən bağlayır, tövlədən heyvanları çıxarıb qatır yoldaşlardan birinin qabağına. Eyni üsulla ikinci həyətdən də heyvanları götürüb səhərə yaxın Arazı keçib üz tuturlar Alpouda tərəf. Camaatın mal-qarasını özlərinə qaytarır. Bundan sonra Məhəmmədin eldə-obada, hətta hökumət adamları yanında hörməti birə-beş artır. Sonra bu kəndlərdən hökumət adamları yaxşı vergi alır.

Amma şahsevənlilərlə qan düşməni olan Məhəmməd bundan sonra qaçaq həyatı yaşamalı olur.

Ağsaqqalların söyləmələrinə görə, Balədənin və Məhəmmədin hünəri Peterburqa - çar II Nikolaya da çatdırılır. 1906-cı ildə Balədə Çar tərəfindən ordenlə təltif edilir. O isə bu mükafatın ona verilməsinə etiraz edərək deyir: "O haq-hesabda Məhəmmədin hünəri daha çox olub. Ordeni ona verin".

1917-1918-ci illərdə yaranmış qarma-qarışıqlıqdan istifadə edən bəzi yerli nadanlar onsuz da erməni təhlükəsi ilə üz-üzə qalan xalqa arxadan zərbə vururdular. Qarışıqlıqdan istifadə edən İran Şahsevənindən Qaçaq Cavadın, Gəncəbasardan Qatır Məmmədin dəstələri Qərvənd, Xoruzlu, Qaradağlı, Qaramanlı, Malbinəsi, Qoyunbinəsi kəndlərinə tez-tez hücum edir, kəndliləri qarət edirdilər. Onlara yerli bəylər, ayrı-ayrı kəndlərdə yaranan dəstələr tərəfindən cavab veriləndə, qanlar tökülürdü. Haqsızlığın və soyğunçuluğun qarşısını almaq üçün Qarxunlu Əşrəf bəyin Yevlaxda ətrafına cəm etdiyi qoçaqlar sırasında malbinəli Sarı Bəxtiyar və xaldanlı Mustafa bəylə yanaşı boyəhmədli Qazanpapaq Məhəmməd də var idi. Onların igidliyi sayəsində quldur İsmayılın, Qatır Məmmədin, şahsevənli qaçaq Cavadın soyğunçu dəstələri kəndə gəlməyə ehtiyat edirdilər. Lakin bunların heç biri erməni təhlükəsi qədər qorxulu deyildi. Nankor ermənilər kasıb və köməksiz kəndlilərə olmazın zülmünü verirdilər. Kəndə hücum edərkən salamat ev qoymur, qarşılarına çıxanları qətlə yetirilir, yaxud əsir götürürdülər. Sonra xüsusi qəddarlıqla işgəncə verib öldürürdülər.

1917-ci il payızın orta ayı idi. Daşnakların Ağdərənin Umudlu kəndini dörd bir tərəfdən mühasirəyə aldıqlarını eşidən Qazanpapaq Məhəmməd dəstəsi ilə tez həmin əraziyə gəlir, görür ki, erməni çox, hamısı da silahlı və əlverişli mövqedə. Atışmaq məğlubiyyətə səbəb ola bilər, mühasirəni yarmaq mümkünsüzdür. Qazanpapaq Məhəmməd atların üstündəki keçələri açdırıb böyük top düzəltdirir. Dəstədə hamıdan qıvraq və çevik olan bir gənci həmin keçə-topun içinə yerləşdirir. Özünə də tapşırır ki, səni o tərəfə atırıq ki, gedib öyrənəsən, mühasirənin ən zəif yerində səhər saat 5-də böyük tonqal qalayarsan. Dediklərini yazıb cibinə də qoyur. Topu dağın başından buraxırlar kəndə tərəf. Top dığırlana-dığırlana mühasirənin üstündən aşaraq gedib düşür kəndin içinə. Camaat əvvəl ehtiyat etsə də, keçəni açıb gənci huşsuz halda topun içindən çıxarırlar. Az sonra özünə gələn gənc məsələni açıb danışır. Səhərə yaxın tonqalın tüstüsü göyə qalxan istiqamətdən Qazanpapaq Məhəmmədin dəstəsi hücuma keçir. Erməni quldurların qırılanı qırılır, qırılmayanı da canını götürüb qaçır. Umudlu camaatı daşnakların növbəti qırğınından belə xilas olur.

1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qırğınlardan sonra yaranmış real təhlükəni dərk edən ağsaqqallar bir araya gələrək düşmənə qarşı özünümüdafiə tədbirləri görmək üçün könüllülərdən ibarət müdafiə dəstələri yaradırlar. Həmin dəstələri at, araba, silah-sursat və ərzaqla təmin etmək əsas məsələlərdən hesab edilirdi. Boyəhmədlidəki könüllülər dəstəsinə Qazanpapaq Məhəmməd başçılıq edirdi. Dəstədə onun etibarlı dostları Əsəd, Səməd, Namazalı, Balədə, Əli, Polad, Eyub oğlu Məhəmməd və yaxın qohumları idi. Ağsaqqalların söyləmələrinə görə, dost və qohumlardan əlavə, dəstə üzvlərinin çoxu Arazın o tayından - İrandan gəlmələr idi. Yaradılmış könüllü müdafiə dəstələri itkilər hesabına da olsa erməni azğınlığının qabağını alırdılar.

Bütün bunlara baxmayaraq erməni silahlı birləşmələri müsəlman əhalisinə göz verib-işıq vermirdilər. Bakıdan, İrəvan və Zəngəzur qəzalarından başlayan qırğının dalğası Lənkərandan, Qubadan, Şamaxıdan, Göyçaydan, Salyandan ötərək Qarabağın, Gəncəbasarın da az qala altını üstünə çevirəcəkdi. Daşnaklar kəndlərə hücum edəndə qocaya, qarıya və uşağa rəhm etmədən qılıncdan keçirir, evləri qarət edir, sağ qalanları xüsusi qəddarlıqla, işgəncələrlə qətlə yetirir, od vurub kəndləri xarabazarlığa çevirirdilər ki, müsəlmanlar qorxudan bir də bu yerlərə ayaq basmasınlar. Göyçay-Qaraməryəm istiqamətində qırğınlar törədən bolşevik-erməni ordusu tezliklə Yevlaxı işğal etməklə Dağlıq Qarabağda döyüşlər aparan erməni silahlıları ilə birləşməyə can atırdılar. Tarixi mənbələrin yazdığına görə, Tiflisdə yaradılan Qafqaz hökuməti Azərbaycan nümayəndələrinin təkidi və təşəbbüsü ilə Müsəlman ordusu adı altında birinci "Tatar süvari alayı"nın qalıqlarından yığma ikinci süvari alayı, bir gürcü piyada bölüyü və bir Gəncə topçu batareyasından ibarət kiçik bir dəstə təşkil edərək düşmən qarşısına göndərmişdi. Lakin müharibənin qayda-qanunlarına əməl etmək istəməyən könüllülərlə təpədən dırnağadək silahlanmış erməni-daşnakların qabağını almaq mümkünsüz idi. Qarabağ erməniləri azərbaycanlıları qılıncdan keçirməklə, onların yaşayış yerlərini yandırıb külə döndərməyi, bundan sonra Bakı, Şamaxı, Göyçay əhalisini qılıncdan keçirərək Gəncəbasara doğru istiqamət götürən erməni ordu hissələri ilə Yevlaxda birləşməyi qarşılarına məqsəd qoymuşdular.

Yaxşı ki, Azərbaycan hökumətinin xahişi ilə 1918-ci il mayın 24-də Nuru paşa və Mürsəl paşanın rəhbərliyi ilə türk qoşun hissələri iyulun 12-də Yevlaxa gəldı. Türkiyə ordusunu, onun komandanı Fəruq Nuru paşanı Yevlax və Gəncə də böyük sevinclə qarşıladılar. Onun gəlişinə alqışa layiq nitqlər söylədilər.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.