adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QUYU - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
515158 | 2020-05-07 09:30

Apreli yola saldınız? İncik getməsin... Sonra deyər qonaqpərvər deyillər. Bizim haqqımızda nə fikirləşər?

***

 

Subyektiv fikirlərimdi. Sadə vətəndaşam – sadəcə bir az məlumatlı vətəndaşam deyək. Hollywood filmlərində görmüşəm (onların filmləri isə ideoloji filmlərdi) – əgər önəmli bir şəxs cinayət edirsə və bunun üstü açılırsa, onu mütləq aradan götürürlər. Amma cinayətkar kimi təqdim etmirlər cəmiyyətə. İş başında həlak oldu deyirlər. Çünki onun cinayətkar olduğunu etiraf etmək dövlətə zərbədi, nüfuzuna zərbədi. Suallar doğa bilər – əgər bu cinayətlər olunubsa dövlət hara baxırdı??? Hər yerdə yaranır bu suallar. Əslində dövlətə inam belə yaranır. Cinayət cəzasız qalmayanda... Əks halda, zəncir halqaları qırılmır. Əgər bu söhbətlər olubsa??? Ya da olmayıbsa??? Hamımız yola veririk hər şeyi... Nəysə...

Qumilyovun fikrinə görə, hər toplumun formalaşıb dünyaya öz varlığını sübut etməsi üçün içində passionar insanların yetişməsi vacib şərtdir. Hansı ölkələrdə ki bu anlayış geniş vüsət alır, ən geridə qalmış xalqlar belə inkişaf fazasına qədəm qoyurlar. Məhz bu anlayış balaca Makedoniyanı böyük İsgəndərin adı ilə dünyaya tanıtdı. Hunlara Avropanı fəth etməyə imkan yaratdı. Bədəvi ərəblərə İslamın işıq kimi neçə qitədə yayılmasına güc verdi. Kiçik bir köçəri qəbilənin Osmanlı imperiyası səviyyəsinə qalxmasına şərait yaratdı. "Passio" latın dilindən tərcümədə ehtiras deməkdir. Amma bu ehtiras şöhrətə, gücə, tarixə yönəli bir ehtirasdır. Biz kainatın bir parçasıyıq. Kosmik fəzada baş verən hər hansı bir hadisə Yer kürəsinə, insanlara təsir edib. Yəqin tariximizdə belə bir təsir heç zaman olmayıb. Yeni asteroid bu prosesi sürətləndirəcəkmi, yoxsa üzümüzü yuxarı qaldırıb yalvarmalıyıqmı? Yuxarı deyəndə elə bilməyin nazirləri nəzərdə tuturam. Nazirlərə onlara yalvaranlar dua eləsin. Mən göylərdən həmin o "passio" payımızı gözləyirəm.

Tarixçilərimiz hər zaman didişirlər - şəxsi münasibətlər zəminində bizim xələflərimiz ortaya qoyulur. Bəlkə doğrudan bizim etnos ancaq gəlmə, yad təsirlərlə formalaşıb? Bəlkə ona görə biz hər zaman güclülərin qarşısında ikiqat olmuşuq, etiraz eləmək heç ağlımıza da gəlməyib. Etnogenez böyük bir elmdi, mən bildiyimə görə bizdə bu elmlə məşğul olanlar demək olar ki, yoxdur. Amma hər halda dünyada bu elmi tədqiq eləyənlər var. Onlar da etnos anlayışının nə olduğuna birmənalı cavab verə bilmirlər. Etnos - sosial anlam deyil. Etnos - irq deyil. Etnos - populyasiya da deyil. Qumilyovun fikrinə görə, etnos coğrafi anlayışdır. Qidalandığı landşafta adaptə olunan toplum etnos adlanır. Deməli, landşaftlar müxtəlif olduğu kimi etnoslar da müxtəlifdir. Amma bu müxtəlif etnosların hər birinin özünəməxsus cizgiləri, cəhətləri var. Və bu cizgilər onu başqa etnoslardan fərqləndirir.

Gəlin bir fikirləşək, adının hələ də qeyri-müəyyən olduğu bizlərin müəyyən cizgiləri nədir? Öz yoldaşlarım arasında kiçik bir sorğu keçirdim. Bizim topluma xas olan qabarıq keyfiyyətləri sadalayın - dedim. Belə bir mənzərə alındı. Biz – yəni bu gün azərbaycanlılar dediyimiz insanlar – haqqını-hüququnu qorumaq istəməyən, assimilyasiyaya uyğunlaşan, zülmə baş əyə bilən, başqalarına qarşı tolerant, özümüzə münasibətdə dözümsüz, doğru danışmağı bacarmayan, vicdanı ilə sövdələşməyi bacaran, xırda istəklərə qane olub, böyük ideallar arxasınca getmək istəməyən... Onlar sadaladılar, gördüm başım gicəllənir. Soruşdum ki, heçmi müsbət keyfiyyətimiz yoxdur? Dedilər var, qonaqpərvərik. Fikirləşirəm ki, heç bu da bir şey deyil - qıraqdan gələn hər kəsi mindiririk boynumuza, sonra düşürdə bilmirik. Əgər cəmiyyət sarsıntı keçirirsə, heç kəs bundan kənarda qala bilməz. XX əsrin əvvəllərində dünyanı bürümüş böhran imperatorun da ailəsindən yan keçməmişdi. 1905-ci ildə Rusiyada inqilabın ilk dalğası yatırıldı. Zahiri dinclik və sakitlik yerini gizli təbliğata verdi. Rusiya imperiyasının zəifləməsi və dağılması çox qüvvələrin maraq dairəsinə daxil idi. İndiyə qədər tarixçilər ümumi bir nəticəyə gələ bilməyiblər ki, bu ölkədə dalbadal baş verən inqilablar xalqın iradəsininmi, yoxsa xarici kapitalınmı məhsulu idi?

***

... Abbas Mirzə yeniliklərə meylli şahzadə olub - vəliəhd şahzadə, amma şah olmağa qoymayıblar. Əminə Pakrəvan adlı bir müəllifin "Abbas Mirzə və Azərbaycan" adlı çox maraqlı bir kitabı var. Mən bir dəfə bu barədə yazmışam, təkrara lüzum görmürəm. Köhnələri bütə çevirənlər onun şahlığından qorxublar. Əgər köhnədən qalan hər bir nəsnə doğrudursa, müqəddəsdirsə bu da sizin üçün Abbas Mirzənin oğlunun yazdıqları: "Şah Abbas daima intriqaya, biclik və kələyə adət etmişdi. O, heç vaxt düşmənlə üz-üzə müharibə etmirdi. Həmişə düşmən qoşununun gediş-gəliş yollarını, azuqəsini kəsərək, fürsət düşdükdə hücum etməklə onları cana yığıb hiylə ilə zəfər çalırdı. Ona tabe olan İran və sair məmləkətlərin böyüklərinin çoxunu hiylə ilə aradan götürürdü. Bəzən birisinə tapşırırdı ki, məst olan zaman filan vəzifə sahibini xəncərlə vursun və bəzən də təhrik edirdi ki, keçən zaman filankəsə bir zərbə vursun. Bəzən tapşırırdı ki, filankəsi hündür imarətin üstündə dayanarkən yanları ilə vurub yerə salsınlar. Bəzən də yemək-içməyə öldürücü zəhər qatdırıb bir kimsəyə verdirirdi. Ömrünü əsasən, eyş-işrətdə keçirmiş, biçarə və bigünahların qanını tökməkdən zövq almışdı".

Tarix hər zaman olanları xatırlayır, sadəcə, tarixçilər çox zaman yalan danışırlar. İsgəndər Münşinin xələfləri bu gün də var. Biz, əlbəttə, olmuşuq - amma kimin və nəyin hesabına? Söz və fikir tariximizin. Yaxşı ki bu tarixi şairlər özləri yazıblar. Yenə o fikri təkrar edirəm ki, bizdə bütün hadisələri ədəbiyyat yönləndirib, bütün tarixləri ədəbiyyat birləşdirib. Və mən tariximizdə Nəsimidən böyük qüdrət tanımıram.

Bir qərara gəlmək lazımdı, əziz oxucu. Adlarını çəkdiyiniz və çəkmədiyiniz söz adamları ki var, onlar hər zaman həqiqəti söyləyiblər, tariximizi də olduğu kimi görüblər. Bəhmən Mirzə Qacar qardaşının qorxusundan İrandan qaçanda, rus çarına sığınanda "Şükürnameyi-Şahənşahi" adlandırdığı bir əsər yazmışdı. İran-Turan tarixindəki (qüdrətli dediyiniz) sərkərdələrin nə qədər vəhşi olduğunu söyləmişdi və əsərini rus çarına tərifnamələr yağdıraraq belə bitirmişdi: "Ey Rusiya məmləkəti əhalisi! Ümumilikdə, ey Qafqaz əhalisi, rüzgarın keçən möhnətlərini təsəvvür edin ki, sizin atalarınız qabaqkı hökmdarlardan nələr çəkmişlər?! Və bu təmiz zəmanənin intihasını görün ki, sizin hamınız əbədi olan bu dövlətin himayəsində hər halda asudə və aramsınız. İstədiyiniz vilayətdə hər cürə ticarət etmək üçün qapılar üzünüzə açıqdı, hər vilayətdə tərəqqi və tərbiyə tədarükü görünür. Ordu rüsumu vaxtında və vədəsində hazır olur, işləyənlərin maaşları vaxtında hazırlanıb verilir. Mənsəb və nişan onun-bunun vasitəçiliyi ilə deyil, xidmətə görə verilir. Heç bir kəsə ixtiyar verilməmişdir ki, başqa birisinə zülm etsin. Nə adam öldürmək var, nə birisinin əzasını kəsmək. Nə bir kəsdən cərimə almaq var, nə də bir şəxsin malını zəbt etmək. Bu, böyük nemətdir ki, Allah sizə bəxş etmişdir. Və sonsuz lütufdur ki, kəramət buyurmuşdur. Ona görə də bu nemətə şükr etməyi vacib sayın və bu əmin-amanlığı yaxşılıq kimi qəbul edin. Əlahəzrət şahənşahı - əzimin vücuduna həmişə dua edin. Allahdan dövlətin dayağının əbədi və birliyimizin davamlı olmasını arzulayın".

Bu da bizim tarix salnamələrimiz. Onlara inanma, əziz oxucu. Açarları tez-tez əl dəyişdirir. Ədəbiyyatımıza inan. Burda həqiqətin gözünə dik baxmağı bacarıblar. Həqiqəti görə bilmək bacarığı isə sizin dediyiniz kimi, gözüqıpıqlıq yaratmır. Və yenə sizin dediyiniz kimi, "milli ağlaş" psixologiyasını da ədəbiyyat yox, ziyalılar yox, yalançı tarix yaradıb. Yaddilli, yadtəfəkkürlü insanların diplomatik təşəbbüsləri nə dərəcədə inandırıcı olacaqsa… Axı diplomatiya tariximizin başında da yunan qadın durur…

 

Mən insanın həyatdakı yeri, birincilik, ikincilik davaları haqqında çox yazmışam. Sadəcə yaxın vaxtlarda ətrafımda baş verən hadisələr bu prosesə başqa rənglər qatır. Düşünürəm ki, yeni-yeni formalaşan, yazılmış qanunların hələ işlək mexanizmə çevrilmədiyi, amma yazılmamış qanunların çox nəsnələri həll etdiyi ölkələrdə ideoloji cəbhədə çalışmaq çətin işdir. Bəlkə də "çətin" sözü çox yumşaq deyilib. Hələ bu söz kütləvi informasiya vasitələrinə aiddirsə, bu qavramın nə qədər ağır çəkisi olduğunu anlamaq üçün gərək bu cəbhənin əsgəri olasan. Hələ üstəlik də bir qayda-qanun da yoxdursa, gəl işlə görüm necə işləyəcəksən. Hərənin öz həqiqətinin olduğunu bilə-bilə... Bir tərəfin hər şeyi qapqara, bir tərəfin də hər şeyi çəmçəhrayı gördüyünü bilə-bilə, bu rəng çalarlarının içində aydın, təmiz, ləkəsiz, ağ kağız üzərində söz yazıb insanları inandırmaq da müşkül məsələdir.

Nə qədər atılıb düşsək də, nə qədər özümüzü öysək də, tariximizi nə qədər çözələsək də arayıb-tapa biləcəyimiz, söykənə biləcəyimiz əməllərin, hadisələrin sayı çox azdır. Yazılmış və yazılmamış tarixin böyük faizi əsarət tarixidir. Və əgər indiyə kimi xalq dediyimiz bu insanlar özəlliyini, özünəməxsusluğunu, dilini qoruyub saxlaya bilibsə, mən bilmirəm kimə şükürlü olaq - taleyəmi, zamanın gərdişinəmi, Tanrıyamı? Hər halda, bu günə gəlib çıxmışıq. Bundan sonra nə olacağı isə məni çox düşündürür. Laqeyd ola bilmirəm - çünki mən də, övladlarım da, onların gələcək nəsli də burda yaşayacaqlar. Daş öz yerində ağırdır və bu daşı yerindən tərpədib başqa xalqların qayalarına, dağlarına yapışdırmaq cəhdi heç də uğurlu olmayacaq. Özü də anlasaq ki, anlamaq istəsək ki, dünya üçün bizim "daş"ımız çox ağırdır, bu çabalamaqların nə faydası? Dünya bizimlə beş-daş oynayır, ağlımızı işlətsək bu daşları yavaş-yavaş yığıb saxlayardıq, zamanı gələndə heç olmasa başqa silahımız yoxsa da, daşla cavab verərdik.

Deyilib qurtarılacaq dərd deyil. İndi gərək ürəyimizin üstünə daş bağlayıb gözləyək. Gözləyək ki, bizim gördüklərimizi daşların yerini müəyyən eləyən adamlar da görsün. Yadıma quyu-daş məsələsi düşdü...

Ədalət olmasa, mərhəmət olmaz…

 

 

 

 

TƏQVİM / ARXİV