SON DƏQİQƏ:

Ulucay Akif: Fəhlə əllərindən başlayan məmləkətim! - FOTOREPORTAJ

  83910   |  
Şriftin ölçüsü  

Internetdə "Bakı" adını yazıb axtarış verəndə qarşımıza çıxan şəkillərə baxıram. Hündür mərtəbəli binalar, "Flame Towers", "Hilton" oteli, "Qız qalası", Bulvar, Xəzər dənizi, şəhərin yanan qırmızı, yaşıl, sarı işıqları.

Amma hamımız bilirik ki, Bakı sadəcə bu 3-5 görüntüdən ibarət deyil. Onun koloritini əks etdirə biləcək daha təvazökar, daha real mənzərələri də var.

Məsələn, elə mənim yaşadığım ərazi - Bayıl!

O şəhərin mərkəzindəki dəbdəbəli hündür binaların arxasında biz yaşayırıq.

Badü-Kubə ocağı elə buradı. Bakı elə buradan Bakı olmağa başlayıb.

Bunu niyə belə əminliklə deyirəm?

Çünki bizim ən böyük maddi sərvətimiz olan nefti ilk elə burada tapmışıq. Bibiheybətdə.



Bu neft buruqları, neft quyuları da mənə elə insanımızı xatırladır. Gecə-gündüz dayanmadan çalışan adamları.



***

Bayıl ərazisində yaşayan adamların böyük hissəsi neftçilər, neft quyularında çalışan fəhlələrdi. Siz onları üst-başlarının toz-torpağından, qabar olmuş əllərinin mazutundan, alınlarının qırışından tanıya bilərsiniz.



O toz-torpaq bu adamların bu məmləkətin insanı olduğuna dair ən böyük sənəddir.

O qabar, o qırışlar ki, düşmən üçün ən böyük sərhəddir.

Bayılın "20-ci sahə” adlanan ərazisində bir park var idi. Pensiyaya çıxmış dayıların nərd oynadığı, nənələrin nəvələrini gəzdirdiyi balaca bir park.

Təzəlikcə təmir etdilər o parkı və gözəl bir ad da qoydular: "Fəhlə əlləri”.

Elə Vətən də fəhlə əllərindən başlayır axı...



***

Burada yaşayan adamlar məmləkətimizin bütün digər zəhmətkeş adamları kimi hər səhər Günəşdən əvvəl oyanıb işinin dalıyca yollanır. Bu məmləkətin zəhmətkeş adamları hər gün Günəşdən sonra qayıdır evinə.



Yorğun, amma məğrur,

yorğun, amma qürurlu,

yorğun, amma ümidli…

Və kiçik zənbilindəki çörəyi də günəşdən böyük, sap-sarı bir Günəşə bənzəyir.




***

Məhəlləmizə aid yazdığım "Gizlənqaç” şeiri yadıma düşür. Yazının bu məqamında o şeirimə yer vermək istəyirəm.

"Ucuz ətin şorbası ilə bayram keçirən ailələr

şükr etməyi öyrətdi uşaqlara

bizim balaca məhəllənin

kiçik evlərində...

o uşaqları

nə atalar sözləri aldada bildi,

nə də qorxuda bildi kapitalizmin qəddar marşları...

və beləcə kasıb ailələrin uşaqları da

yavaş-yavaş böyüməyə başladı...

o uşaqlar ki,

küçə davalarında nə döyülənə lağ etdi,

nə də döyəni alqışladı,

kin saxlamadı ürəyində.

o uşaqlar ki,

düzəltdiyi ilk oyuncaq

taxtadan silahlar oldu.

müharibənin nəfəsini hiss etdi kürəyində...

o uşaqlar ki,

"bacı”, "qardaş” sözlərinin

qan bağı ilə yaranmadığını bildi.

dost dediklərimiz də ən az ailəmiz qədər bizdəndi.

və biz

qizlənqaç oynayanda da

dostlarımızın tapa biləcəyi yerdə gizləndik”.

Hərdən mənə elə gəlir ki, bütün dünya elə bizim məhəlləmizdən ibarətdi. Bir vaxtlar sevdiyim qız, onun üçün üstünə "Səni sevirəm!” yazdığım divar. Yenə bir şeirim yadıma düşür.

"Bu səhər məhlənizdən keçəndə fikir verdim,

Boya ilə adını yazdığım divarı da

Söküblər, çox üzüldüm...

O zaman cəsarətin ən böyüyü idi bu,

Hayqırmaq məhəbbəti

Məktəbdə partalara, küçədə divarlara.

Elə bu gün öyrəndim, evlənmisən,

Bir də ki, uşağın olub - oğlan.

Mənsə elə bilirdim səni hələ ötürür

Məktəbindən evinə 17 yaşlı oğlan”...

Bu mənzərəyə baxın.

Zivələrdən asılan rəngli paltarlar. İnsanları qədər yorğun, amma ümidli görünən paltarlar. Bu məmləkətin insanları Günəşdən paltarlarını qurutmaq, tozlu keçmişi yuyub unutmaq üçün də istifadə edir.


Və mən hər gün bu paltarların altından keçirəm ki, günüm uğurlu olsun.


Hərdən bu paltarlar mənə bayraqları xatırladır. Hər dəfə bu paltarların altından keçəndə elə bilirəm hansısa qəbilənin döyüşçüsüyəm və qəbilə camaatı məni bayraqların altından keçirərək döyüşə yola salır - HƏYATLA VURUŞMAĞA!


Ulucay Akif

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK